Məhkəmə qərarları › İş №2(106)-642/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-642/2023

26.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-642/2023 26.04.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Gülüşov İsmayıl Cəbrayıl oğlunun katibliyi, iddiaçının nümayəndəsi Vəkil, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 (üçüncü şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X14 İdarəsinə) qarşı “alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və avtomobil üzərində payların müəyyən edilməsi tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Masallı Rayon Məhkəməsinin 19 dekabr 2022ci il tarixli, 2(050)-3124/2022 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, həmçinin üçüncü şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X14 İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Mercedes-Benz C180” markalı, **-DZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin alğı-satqısına dair 10 fevral 2022-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, həmin avtomobil üzərində Cavabdeh1 ilə iddiaçının hər birinin ½ hissədə pay hüququnun olmasının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh1lə 2018-ci ilin yanvar ayında faktiki ailə həyatı qurmuş, nikahlarını həmin ilin oktyabr ayının 11-də Masallı Regional “ASAN Xidmət” Mərkəzindəki Qeydiyyat şöbəsində rəsmi qeyd etdirmişlər. Birgə yaşadıqları dövrdə 04 yanvar 2019-cu il təvəllüdlü Ayxan Abdullayev adlı uşaqları doğulmuşdur. Birgə yaşadıqları dövrdə bəzi əmlaklar, o cümlədən 11 dekabr 2019-cu il tarixdə “Mercedes-Benz C180” markalı, **-DZ-*** dövlət qeydiyyat nişanlı avtomobil əldə etmişlər. Sonradan aralarında narazılıqlar yarandığından ayrılmalı olmuşlar və bir müddətdir ki, iddiaçı valideynlərinin evində yaşayır. Baş X14 İdarəsinin məktubundan və ona əlavə edilmiş sənədlərdən aydın olur ki, Cavabdeh1 birgə nikah dövründə əldə edilmiş qeyd edilən avtomobili 10 fevral 2022-ci il tarixində atası Cavabdeh2 satmış, həmin tarixdə öz adına avtomobilə dair etibarnamə almışdır. Halbuki, həmin ərəfədə aralarında narazılıqlar olduğundan faktiki ayrılmışlar. Avtomobilin faktiki olaraq Cavabdeh1 istifadəsində olması da göstərir ki, həmin alğı-satqı formal xarakter daşımışdır. Məqsəd birgə nikah dövründə əldə edilmiş əmlakda olan payından iddiaçını məhrum etmək olmuşdur. Nəticədə qeyd olunan avtomobil birgə nikah dövründə əldə edilməsinə baxmayaraq, iddiaçının razılığı olmadan onun üzərində sərəncam verilməklə həmin avtomobilə dair hüquqları pozulmuşdur. İddiaçı hesab edir ki, rəsmi reyestrdə qeydə alınmalı əmlak olan “Mercedes-Benz C180” markalı, **-DZ-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh1lə birgə nikahları dövründə əldə olunan əmlak kimi qiymətləndirilərək həmin avtomobilin alğı-satqısına dair müqavilənin bağlanması zamanı iddiaçının razılığının alınmaması müqavilənin etibarsızlığına səbəb olmalıdır. Sonradan iddiaçı əlavə cavabdehin cəlb edilməsi və iddia tələbinin həcminin artırılmasına dair ərizə verərək, Cavabdeh3 iş üzrə əlavə cavabdeh qismində cəlb edilməsini və “Mercedes-Benz C180” markalı, **-LZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin alğı-satqısına dair 10 fevral 2022-ci il tarixli müqavilə ilə yanaşı, 26 oktyabr 2022-ci il tarixli müqavilənin də etibarsız hesab edilməsi, həmin avtomobil üzərində Cavabdeh1 ilə iddiaçının hər birinin ½ hissədə pay hüququnun olmasının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, iddia qaldırmasında əsas birgə yaşadıqları dövrdə aldıqları avtomobilin razılığı olmadan, formal həyata keçirilmiş alğısatqısı ilə bağlı olmuşdur. Məhkəmənin hazırlıq iclası xx.xx.2022-ci il tarixə təyin edilməklə bu barədə bildiriş xx.xx.2022-ci il tarixdə tərəf kimi ona və cavabdehlərə göndərilmişdir. Cavabdehlər isə dərhal mübahisə predmeti olan avtomobili həmkəndlisi Cavabdeh3 adına xx.xx.2022-ci il tarixli alğı-satqı müqaviləsi əsasında sənədləşdirməklə hazırda da həmin avtomobildən istifadə edirlər. Bu isə onların sözügedən avtomobillə bağlı birinci əməliyyatının iddiaçının həmin avtomobildə payından məhrum edilməsinə yönəlməsini, ikinci əməliyyatın isə bununla yanaşı öz pozulmuş hüququnun məhkəmədə bərpasına mane olmaq xarakteri daşımışdır. İddiaçı mübahisəli avtomobillə bağlı nə Cavabdeh3 adı, nə də onunla bağlanmış müqavilədən xəbərdar olmamış, bu barədə məlumatı yalnız təsadüf nəticəsində eşitmişdir. Masallı Rayon Məhkəməsinin 19 dekabr 2022-ci il tarixli, 2(050)-3124/2022 saylı qətnaməsi ilə (sədrlik edən hakim Ceyhun Quliyev) iddia təmin edilməmiş, iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilmişdir. Qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində Masallı Rayon Məhkəməsinin 19 dekabr 2022-ci il tarixli, 2(050)-3124/2022 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin dəlilləri və onunla əsaslandırmışdır ki, məhkəmə daşınar əşyalarla bağlı alğı-satqı zamanı ər (arvadın) razılığının olmasının ehtimal edilməsini, sonuncu alıcının vicdanlı sahib olmasını qeyd etmiş, lakin avtomobilin birinci alğı-satqı zamanı Cavabdeh1 adına etibarnamə verilməklə həyətlərində olmasını, bu səbəbdən iddiaçının da həmin alğı-satqıdan məlumatının olmasının mümkün olmamasını, bu alğı-satqının formal olmasını məhkəmənin əvvəlki iclaslarında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 özlərinin də etiraf etmələrini, sonuncu alıcının isə onların qohumu olmaqla, iş məhkəmədə olan dövrdə avtomobili almasını və tərəflərin arasında olan məhkəmə işi barədə məlumatının olmasını bildirməsini nəzərə almayaraq, iddianı təmin etməməklə bir sıra maddi və prosessual hüquq normalarının tələblərinin və mülkiyyət hüququnun pozulmasına səbəb olan, düzgün olmayan qətnamə qəbul etmişdir. Məhkəmənin əvvəlki iclaslarında Cavabdeh1 və Cavabdeh2 mübahisəli avtomobillə bağlı aralarında olan müqavilədə avtomobilin dəyərinin nə qədər göstərilməsi, həmin avtomobili oğulun ataya neçəyə satması ilə bağlı suallar verilərkən, müqavilədə hansı məbləğin yazılmasından xəbərləri olmamasını, əslində aralarında heç bir pul məsələsinin olmamasını, müqavilədə məbləğin formal yazılmasını bildirmişlər. Halbuki, həmin müqavilədə avtomobilin 2000 manata satılması qeyd olunmuşdur. Bu isə həmin alğı-satqının əslində real deyil, görünüş üçün bağlandığını göstərir. Qanunvericiliyin tələbinə əsasən isə belə alğı-satqı uydurma əqd olmaqla əhəmiyyətsizdir və bağlandığı andan etibarsızdır. Sonuncu alıcı da məhz həmin əqd əsasında Ehtibarın adına olan qeydiyyat üzrə avtomobili ondan almış və Ehtibarın qohumu olmaqla həmin avtomobil barədə mübahisənin olmasından məlumatlı olmuş (bunu özü də etiraf etmişdir) və məhkəmənin bildirişi tərəflərə getdikdən sonra bunu etmişdir. Burada da məqsəd avtomobil üzərində olan payından iddiaçını məhrum etmək olmuşdur ki, sonuncu alğısatqıda iştirak etmiş tərəflərin də niyyəti məhz bu olmuşdur. Bu isə sonuncunun heç də vicdanlı alıcı olmamasını, məhkəmə prosesinin nəticəsinə təsir etmək üçün hazırkı addımı atmasını və yuxarıda göstərilən əsasla bu əqdin də qanunsuz olmasını göstərir. Ancaq işə baxan hakim bunları nəzərə almamaqla Mülki Məcəllənin 337.1, 337.4, 340.1 və 340.2-ci maddələrinin tələblərini pozmuşdur. Rəsmi reyestrdə qeydə alınmalı əmlak olan “Mercedes-Benz C180” markalı, **-LZ-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh1lə birgə nikah dövründə əldə olunan əmlak kimi qiymətləndirilərək, həmin avtomobilin alğısatqısına dair müqavilənin bağlanması zamanı iddiaçının razılığının alınmaması müqavilənin etibarsızlığına səbəb olmalıdır. Lakin işə baxan hakim bu barədə iddianı təmin etməməklə Ailə Məcəlləsinin 32 və 33-cü, Mülki Məcəllənin 225 və 650-cı maddələrinin tələblərini pozmuşdur. İddia tələbinin bir hissəsi nikah dövründə əldə edilmiş əmlakdakı payın müəyyən edilməsi ilə bağlı olsa da, işə baxan hakim bununla bağlı iddianı təmin etməməklə Ailə Məcəlləsinin 36.1, 36.3 və 37.1-ci maddələrinin tələblərini pozmuşdur. Mübahisəli avtomobil birgə nikah dövründə əldə edilsə də, həmin avtomobilə dair iki dəfə formal alğı-satqı müqaviləsi tərtib edilməklə, avtomobil üzərində olan mülkiyyət hüquqları pozulmuş, birinci instansiya məhkəməsi bununla bağlı iddianı təmin etməməklə, iddiaçının mülkiyyətində olan avtomobildən məhrum edilməsinə şərait və haqq qazandırmış, bununla da İnsan Hüquqları haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinin tələblərini pozmuşdur. İddia tələbinin əsasını nikah dövründə əldə edilən avtomobilin iddiaçının xəbəri və razılığı olmadan formal alğı-satqı müqaviləsi ilə ərinin adından çıxarılması təşkil edir. İş materiallarında olan alğı-satqı müqavilələri və Baş X14 İdarəsinin məktubundan, kompüter çıxarışından görünür ki, mübahisəli avtomobil nikah dövründə, yəni xx.xx.2019-cu il tarixdə Cavabdeh1 adına qeydə alınmış, xx.xx.2022-ci il tarixdə atası Cavabdeh2 2000 manata satılmış, həmin tarixdə Cavabdeh1 adına etibarnamə verməklə avtomobil Vüqarın istifadəsində olmuş, xx.xx.2022-ci il tarixində isə qohumları Cavabdeh3 4000 manata satılmışdır. Məhkəmə iclaslarında Vüqarla Ehtibar aralarında bağlanmış müqavilənin formal olmaqla Ehtibarın Vüqara hər hansı məbləğdə pul verməməsini etiraf etdiklərindən və həmin gün Vüqara etibarnamə verməklə avtomobilin onun faktiki istifadəsində olması həmin əqdin uydurma əqd olmasını göstərir. Cavabdeh3 isə cavabdehlərin qohumu olmaqla məhkəmə mübahisəsindən məlumatlı olduğundan (bunu özü də etiraf etmişdir) və məhkəmə ilk iclası barədə 04 oktyabr 2022-ci il tarixli bildirişin cavabdehlərə getməsindən sonra bu alğısatqını reallaşdırmaları və alğı-satqıdakı məbləğlə bağlı izahatlarında göstərdikləri rəqəmin müqavilədən və reallıqdan fərqli olması bir daha bu müqavilənin sırf avtomobil üzərində iddiaçının hüquqlarından məhrum edilməsinə yönəldiyini göstərir. Lakin işə baxan hakim bütün bunları nəzərə almamış, qeyd olunan sübutlara, eləcə də cavabdehlərin izahatında olan tələbin təmin edilməsinə əsas verən məqamlara düzgün qiymət verməmiş, nəticədə iddiaçının hüquqlarının pozulmasına səbəb olmaqla düzgün olmayan qətnamə qəbul etmişdir. Birinci instansiya məhkəməsi mübahisələndirilən alğısatqıların qanunamüvafiq olması qənaətinə gəlmişdir. Halbuki, iş materialları bunun tam əksini göstərir. Təkcə cavabdehlərin öz izahatlarında aralarında hər hansı pul məsələsinin olmamasını, müqavilədə pulun formal olaraq yazılmasını bildirmələri kifayətdir ki, həmin müqavilənin uydurma əqd olması nəticəsinə gəlinsin. Bu isə həmin xüsusat üzrə məhkəmənin gəldiyi nəticənin işin hallarına uyğun olmamasını göstərir. Cavabdeh2 iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə yazılı qaydada etiraz etmiş, etirazda apellyasiya şikayətinin təmin olunmamasını və Masallı Rayon Məhkəməsinin 19 dekabr 2022-ci il tarixli, 2(050)-3124/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Apellyasiya məhkəməsinin iclasında iddiaçının nümayəndəsi Vəkil apellyasiya şikayətini müdafiə etdiyini bildirdi və qeyd etdi ki, mübahisə predmeti olan avtomobil birgə nikah dövründə alınmışdır. 2022-ci ilin fevral ayının 10-da Cavabdeh1 avtomobili atası Cavabdeh2 satmış, həmin gün sonuncu Cavabdeh1 avtomobil üçün etibarnamə vermişdir. Lakin iddiaçının bundan xəbəri olmamış, ona heç bir məlumat verilməmişdir. Birinci instansiya məhkəməsində ilk iclas 31 oktyabr 2022-ci il tarixə təyin olunmuş, məhkəmə bildirişini cavabdehlər 18 oktyabrda əldə etmiş, 26 oktyabrda isə yeni alğı-satqı müqaviləsi bağlanmışdır. 8 gün ərzində belə bir müqavilənin bağlanmasında əsas məqsəd iddiaçının həmin əmlakdan pay almaq hüququnun qarşısını almaq olmuşdur. Müqavilədə də reallığa uyğun olmayan məbləğdə alğı-satqının həyata keçirildiyi görünür. Belə nəticəyə gəlmək olar ki, müqavilə etibarsız hesab olunmalıdır. Birinci instansiya məhkəməsi isə bu hala düzgün qiymət verməmişdir. BDYPİ-nin sistemindən əldə edilən çıxarışa görə də avtomobil iddiaçının həmin evdə 1 ildən artıq gəlin olduğu müddətdə alınmışdır. Birinci instansiya məhkəməsinə müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizə ilə müraciət etsələr də, məhkəmə onu təmin etməmişdir. O, verilmiş suallara cavab olaraq bildirdi ki, Cavabdeh1lə İddiaçı hazırda rəsmi olaraq boşanmışlar. Mübahisə predmeti olan avtomobil təxminən 11500 manata alınmışdır. Avtomobilin alınması prosesində iddiaçı iştirak etməmiş, lakin ödəniş Cavabdeh1 birgə nikah dövründə qazandığı vəsaiti hesabına edilmişdir. Cavabdeh1 mebel mağazasında qeyri-rəsmi işləyir, lakin qazancını bilmir. O, apellyasiya şikayətinin təmin edilməsini, Masallı Rayon Məhkəməsinin 19 dekabr 2022-ci il tarixli, 2(050)-3124/2022 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Apellyasiya məhkəməsinin iclasında Cavabdeh1 apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, onun maaşı o qədər çox olmamışdır ki, öz vəsaiti ilə avtomobil ala bilsin. Avtomobil atası Cavabdeh2 vəsaiti hesabına alınmış, sadəcə olaraq onun adına rəsmiləşdirilmişdir. O, verilmiş suallara cavab olaraq bildirdi ki, mebel sexində qeyri-rəsmi fəhlə işləyir və aylıq qazancı təxminən 300-400 manat arasında olur. O, apellyasiya şikayətinin təmin edilməməsini və Masallı Rayon Məhkəməsinin 19 dekabr 2022-ci il tarixli, 2(050)-3124/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Apellyasiya məhkəməsinin iclasında Cavabdeh2 apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, mübahisəli avtomobili o, öz vəsaiti hesabına, Cavabdeh1lə İddiaçı toyu olmazdan əvvəl almışdır. O, avtomobili əvvəlcə etibarnamə əsasında əldə etsə də, sonradan oğlu Cavabdeh1 adına rəsmiləşdirmişdir. Həmin nəqliyyat vasitəsini oğlu Cavabdeh1 almamışdır. O, nəqliyyat vasitəsini oğlunun adına rəsmiləşdirdikdən sonra öz adına etibarnamə almış, sonradan avtomobili alğı-satqı qaydasında öz mülkiyyətinə keçirmişdir. 25 oktyabr 2022-ci il tarixində də avtomobili Cavabdeh3 satmış, sonuncunun isə ümumiyyətlə avtomobilin nə vaxtsa oğlu Cavabdeh1 adına olmasından xəbəri olmamışdır. O, apellyasiya şikayətinin təmin edilməməsini və Masallı Rayon Məhkəməsinin 19 dekabr 2022-ci il tarixli, 2(050)-3124/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Apellyasiya məhkəməsinin iclasında Cavabdeh3 apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, digər cavabdehlər Cavabdeh2 və Cavabdeh1 onun həmkəndlisi və uzaq qohumlarıdır. Onun Cavabdeh1 ailəsində olan mübahisələrdən xəbəri olsa da, mübahisə predmeti olan avtomobilin nə vaxtsa Cavabdeh1 adına qeydə alınması barədə hər hansı məlumatı olmamışdır. Belə ki, həmin avtomobil kənddə həmişə Cavabdeh2 tərəfindən istifadə olunmuş, avtomobili alarkən də avtomobilin Cavabdeh2 adına qeydə alındığı müəyyən olunmuşdur. Avtomobilin alınması zamanı onun üzərində hər hansı məhdudiyyətin də olmaması səbəbindən onda hər hansı şübhə yaranmamışdır. Həmçinin, o, avtomobili aldıqdan sonra bir müddət istifadə etmiş, bir sıra çatışmazlıqlarını aradan qaldırıb təmir etdirməklə rəsmi alğı-satqı qaydasında başqa şəxsə satmışdır. O, apellyasiya şikayətinin təmin edilməməsini və Masallı Rayon Məhkəməsinin 19 dekabr 2022-ci il tarixli, 2(050)-3124/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılmasına baxmayaraq, üçüncü şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X14 İdarəsi məhkəmə iclasında nümayəndə ilə təmsil olunmamışdır. Məhkəmə kollegiyası işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı iş üzrə iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Odur ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılmasını və hüquqi qiymət verilməsini düzgün hesab edir. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini, habelə iş matiallarını araşdırıb və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. X10 “ASAN Xidmət” Mərkəzində Qeydiyyat şöbəsi tərəfindən verilmiş 28 iyul 2022-ci il tarixli, 05/501-69 saylı arayışdan görünür ki, Cavabdeh1 və X5 nikahı haqqında 11 oktyabr 2018-ci il tarixində 586 nömrəli akt qeydi tərtib olunmuşdur. Nikah bağlandıqdan sonra ərə Abdullayev, arvada Abdullayeva soyadı verilmişdir. İşdəki Masallı rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 28 iyul 2022-ci il tarixli, 643 nömrəli arayışdan görünür ki, 04 yanvar 2019-cu il təvəllüdlü X3 atası Cavabdeh1, anası İddiaçıdır. İşdəki Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X14 İdarəsinin 18 avqust 2022-ci il tarixli məktubundan görünür ki, DİN Baş X14 İdarəsi Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən “Mercedes-Benz C180” markalı, **-LZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2019-cu il tarixdə Cavabdeh1 adına qeydiyyata alınmış, xx.xx.2022-ci il tarixdə alğı-satqı müqaviləsi əsasında onun adından qeydiyyatdan çıxarılaraq Cavabdeh2 adına rəsmiləşdirilmişdir. Qeyd olunan nəqliyyat vasitəsinin etibarnamə ilə xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək Cavabdeh1 istifadəsinə verilməsi, xx.xx.2022-ci il tarixdə isə etibarnamənin ləğv edilməsi barədə DİN Baş X14 İdarəsinin mərkəzi informasiya sistemində məlumat mövcuddur. Məktuba kompüter çıxarışı əlavə olunmuşdur. İş materiallarının 15-ci vərəqində olan “Elektron notariat” X1 Çıxarışdan görünür ki, xx.xx.2019-cu il tarixli etibarnamə əsasında mülkiyyətçisi X4 olan “Mercedes-Benz C180” markalı, **-LZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair sərəncam hüququ X6 tərəfindən Cavabdeh2 etibar edilmiş, etibarnamənin təsdiq edilməsi zamanı avtomobilin mülkiyyətçisi, etibar edən və etibar edilən hər üçü iştirak etmişdir. İşdəki Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X14 İdarəsinin 22 sentyabr 2022-ci il tarixli məktubundan görünür ki, BDYPİ-nin mərkəzi informasiya sisteminin məlumatına əsasən Cavabdeh1 adına xx.xx.2018-ci il tarixdə alğı-satqı müqaviləsi əsasında “VAZ-21061” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobil qeydiyyata alınmış, xx.xx.2019-cu il tarixdə alğı-satqı müqaviləsi əsasında qeydiyyata alınmış “Mercedes-Benz” markalı, **-LZ-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022-ci il tarixdə qeydiyyatdan çıxarılmışdır. İşdəki Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X14 İdarəsinin 26 noyabr 2022-ci il tarixli məktubundan görünür ki, BDYPİ-nin mərkəzi informasiya sisteminin məlumatına əsasən X2 adına xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmış “Mercedes-Benz” markalı, **-LZ-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022-ci il tarixdə alğı-satqı müqaviləsi əsasında Cavabdeh3 adına qeydiyyata alınmışdır. Məktuba əlavə edilmiş DİN BDYPİ Lənkəran RQİ və TBŞ-də təsdiq edilmiş 25 oktyabr 2022-ci il tarixli nəqliyyat vasitəsinin alğı-satqı müqaviləsindən görünür ki, Cavabdeh2 “Mercedes-Benz C180 minik” markalı, **-LZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini 4000 manata Cavabdeh3 satmışdır. İşdəki Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X14 İdarəsinin 19 dekabr 2022-ci il tarixli məktubundan görünür ki, BDYPİ-nin mərkəzi informasiya sisteminin məlumatına əsasən Cavabdeh1 mülkiyyətində olmuş “Mercedes-Benz” markalı, **-LZ-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022-ci il tarixdə alğı-satqı müqaviləsi əsasında Cavabdeh2 adına qeydiyyata alınmışdır. Məktuba əlavə edilmiş DİN BDYPİ Lənkəran RQİ və TBŞ-də təsdiq edilmiş 10 fevral 2022-ci il tarixli nəqliyyat vasitəsinin alğı-satqı müqaviləsindən görünür ki, Cavabdeh1 “Mercedes-Benz C180 minik” markalı, **-LZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini 8000 manata Cavabdeh2 satmışdır. İşdə surəti olan Masallı Rayon Məhkəməsinin 30 sentyabr 2022-ci il tarixli, 2(050)- 2741/2022 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə Cavabdeh1 ilə İddiaçı arasında 11 oktyabr 2018-ci il tarixdə Masallı regional ASAN Xidmət mərkəzi Qeydiyyat şöbəsində 586 nömrə ilə qeyd edilmiş nikah pozulmuşdur. İşdəki xx.xx.2022-ci il tarixli, ********* nömrəli mədaxil qəbzindən görünür ki, hazırkı iş üzrə iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İddiaçının hazırkı iş üzrə tələbi 2 hissədən – avtomobilə dair bağlanmış alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və avtomobil üzərində iddiaçının ½ hissədə pay hüququnun müəyyən edilməsi hissələrindən ibarətdir. Məhkəmə kollegiyası tələbin birinci hissəsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri sayır: İddiaçı əvvəlcə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə Cavabdeh2 arasında **- LZ-*** dövlət qeydiyyat nişanlı, “Mercedes-Benz C180” markalı nəqliyyat vasitəsinə dair bağlanmış 10 fevral 2022-ci il tarixli alğı-satqı müqaviləsinin, daha sonra isə tələbin həcmini artıraraq, Cavabdeh2 ilə Cavabdeh3 arasında **-LZ-*** dövlət qeydiyyat nişanlı, “Mercedes-Benz C180” markalı nəqliyyat vasitəsinə dair bağlanmış 25 oktyabr 2022-ci il tarixli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsini xahiş etmişdir. İddiaçı 10 fevral 2022-ci il tarixli alğı-satqı müqaviləsinin etibarsız olmasını əsaslandırarkən, həmin nəqliyyat vasitəsi birgə nikah dövründə əldə edilməsinə baxmayaraq, onun razılığının alınmamasına, Cavabdeh1 ilə Cavabdeh2 arasındakı alğısatqının formal xarakter daşımasına və bu alğı-satqının onun ümumi mülkiyyətində olan əmlakdan məhrum etməyə yönəlməsinə istinad etmişdir. İş materialları ilə müəyyən edilir ki, Cavabdeh1 ilə Qədiyeva (Abdullayeva) Nuridə Taleh qızı 11 oktyabr 2018-ci il tarixində nikahlarını rəsmiləşdirmişlər. **-LZ-*** dövlət qeydiyyat nişanlı, “Mercedes-Benz C180” markalı avtomobil isə xx.xx.2019-cu il tarixində Cavabdeh1 adına qeydiyyata alınmışdır. İddiaçının nümayəndəsi apellyasiya məhkəməsinin iclasında bildirmişdir ki, iddiaçı həmin avtomobilin alınmasında hər hansı vəsait ödəməklə iştirak etməmişdir. Apellyasiya məhkəməsinin iclasında Cavabdeh1 isə avtomobilin atası Cavabdeh2 vəsaiti hesabına alındığını, özünün mebel sexində qeyrirəsmi fəhlə kimi işlədiyini, aylıq qazancının 300-400 manat arasında dəyişdiyini, bu qazancla isə avtomobil almasının mümkün olmadığını bildirmişdir. O qeyd etmişdir ki, avtomobili atası onun adına rəsmiləşdirsə də, avtomobilin əsl mülkiyyətçisi atası Cavabdeh2 olmuşdur. Bu səbəbdən də sonradan 10 fevral 2022-ci il tarixli alğı-satqı müqaviləsi əsasında avtomobili atasının mülkiyyətinə keçirmişdir. İddiaçı həmin alğı-satqı müqaviləsinin formal xarakter daşıdığını bildirərək, onun uydurma əqd olduğunu qeyd etmişdir. Məhkəmə kollegiyası Cavabdeh1 mebel sexində qeyri-rəsmi fəhlə işləməsini və onun aylıq qazancının 300-400 manat olmasını nəzərə alaraq, mübahisəli nəqliyyat vasitəsinin Cavabdeh1 iddiaçı ilə birgə nikah dövründə qazandığı vəsaiti hesabına əldə edilməsini inandırıcı hesab etmir, belə qənaətə gəlir ki, mübahisəli avtomobil Cavabdeh2 tərəfindən əldə edilmiş olsa da, Cavabdeh1 adına sənədləşdirilmiş, daha sonra alğı-satqı müqaviləsi əsasında Cavabdeh2 adına keçirilmişdir. Odur ki, nəqliyyat vasitəsinin Cavabdeh2 mülkiyyətinə keçirilməsi formal xarakter daşımamış, alğı-satqı müqaviləsi ona uyğun hüquqi nəticə yaradaraq avtomobil sonuncunun mülkiyyətinə keçirilmişdir. Məhkəmə kollegiyası bildirir ki, uydurma əqd yalnız müqavilə tərəflərinin bilərəkdən məqsədli şəkildə yol verdikləri hüquqa zidd bir hərəkətdir. Lakin hazırkı iş üzrə Cavabdeh1 və Cavabdeh2 arasında hər hansı hüquqa zidd hərəkətə yol verilməsi halı müəyyən edilmir. Bundan başqa, iddiaçı apellyasiya şikayətində bağlanmış alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsi tələbini əsaslandırarkən bildirmişdir ki, birgə nikah dövründə əldə edilmiş avtomobil satılarkən onun razılığı alınmamışdır. İddiaçı bu hissədə Mülki Məcəllənin 650-ci maddəsinə istinad etmiş, rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əmlakların alğı-satqısına daşınmaz əmlaklarla bağlı göstərişlərin müvafiq surətdə tətbiq edilməli olduğunu göstərmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, nə Mülki Məcəllədə, nə “Notariat haqqında” Azərbaycan Respublikası Qanununda və nə də “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması haqqında” Təlimatda rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əmlakların alğı-satqısı zamanı ər-arvadın razılığının olması tələbi yoxdur. Bundan başqa, məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 144.1 və 144.2-ci maddələrinə əsasən, daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. Sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması və ya ixtiyarlı şəxsin ona həmin səlahiyyəti verməsi ilə təsdiqlənir. Bu səlahiyyət də notariat qaydasında təsdiqlənməlidir. Müqavilənin qanunauyğunluğu notariat qaydasında təsdiqləmə ilə təsbit olunur. Mülki Məcəllənin 650-ci maddəsinə əsasən, rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalara daşınmaz əşyaların alğı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir. Lakin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 mart 1999-cu il tarixli, 39 nömrəli qərarı ilə təsdiq edilmiş “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında” Əsasnamənin 1.2-ci bəndinə əsasən, bütün fiziki və hüquqi şəxslər mühərrikinin işçi həcmi 50 kub santimetr və daha çox, konstruktiv maksimal sürəti saatda 50 km-dən artıq olan bütün tipli, markalı və modelli mexaniki nəqliyyat vasitələrini, onların qoşqularını və yarımqoşqularını Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində dövlət qeydiyyatından keçirməlidirlər. Həmin Əsasnamənin 1.6-cı bəndinə əsasən, nəqliyyat vasitələrinin dövlət qeydiyyatını aparan orqanlar nəqliyyat vasitələrinin dövlət qeydiyyat üzrə uçota alınması işi ilə bağlı, həmçinin nəqliyyat vasitələrinin qeydiyyatını, özgəninkiləşdirilməsinin sənədləşdirilməsini həyata keçirirlər. Qeyd olunan qərarla nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Dövlət X11-imtahan məntəqələrində alğı-satqısı və dəyişdirilməsi müqavilələrinin forması təsdiq edilmişdir. Hal-hazırda Azərbaycan Respublikasında yuxarıda qeyd olunan nəqliyyat vasitələrinin özgəninkiləşdirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin istinad olunan qərarına müvafiq olaraq Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində həyata keçirilir və Əsasnamədə özgəninkiləşdirmə zamanı satıcının ərinin (arvadının) razılığı tələb olunmadığı üçün nəqliyyat vasitələrinin alğı-satqısı zamanı da belə razılıq tələb olunmur. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, avtonəqliyyat vasitələrinin alğısatqısının mövcud rəsmi qaydasının qüvvədə olduğu dövrdə Mülki Məcəllənin 222.2-ci maddəsi tətbiq edilməlidir. Həmin maddəyə əsasən, birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilir. Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Mülki Məcəllənin 340.1-ci maddəsinə əsasən, uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. İddiaçı, Cavabdeh2 ilə Cavabdeh3 arasında bağlanmış 25 oktyabr 2022-ci il tarixli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair hissədə tələbini əsaslandırarkən, həmin avtomobilin Cavabdeh3 adına rəsmiləşdirilməsinə baxmayaraq, hələ də Cavabdeh1 və Cavabdeh2 tərəfindən istifadə edilməsinə, Cavabdeh2 tərəfindən avtomobilin hazırkı iş üzrə məhkəmə icraatı başlanıldıqdan sonra özgəninkiləşdirilməsinə və Cavabdeh3 həmin mübahisədən xəbərdar olmaqla, vicdanlı alıcı olmamasına istinad etmişdir. Apellyasiya məhkəməsinin iclasında iştirak etmiş Cavabdeh3 isə mübahisə predmeti olan avtomobilin nə vaxtsa Cavabdeh1 adına qeydə alınmasından xəbərsiz olmasını və avtomobili aldıqdan bir müddət sonra təmir etdirib başqa şəxsə satdığını bildirmişdir. Bu isə onu göstərir ki, avtomobilin Cavabdeh3 adına qeydə alınmasından sonra hələ də Cavabdeh1 və Cavabdeh2 tərəfindən idarə edilməsinə dair dəlil əsassızdır. Məhkəmə kollegiyası bildirir ki, hazırkı iş üzrə icraat başlanıldıqdan sonra, 25 oktyabr 2022-ci il tarixində ikinci alğı-satqı müqaviləsinin bağlanmasının qarşısının alınması üçün iddiaçı tərəfindən məhkəməyə müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizə verilə bilərdi. Apellyasiya məhkəməsinin iclasında iddiaçının nümayəndəsi bu cür ərizənin verildiyini, lakin məhkəmə tərəfindən onun təmin edilmədiyini bildirsə də, bu hal alğı-satqı müqaviləsi əsasında həmin avtomobili sonradan əldə etmiş şəxsin hüquqlarının məhdudlaşdırılması üçün əsas kimi çıxış edə bilməz. Belə ki, apellyasiya məhkəməsinin iclasında iştirak edərkən Cavabdeh3 avtomobilin məhz Cavabdeh2 mülkiyyətində olduğunu bildiyini, onun nə vaxtsa Cavabdeh1 adına qeydə alınmasından xəbərsiz olduğunu, avtomobilin üzərində hər hansı məhdudiyyət olmadığını öyrəndikdən sonra onu aldığını bildirmişdir. İş materialları ilə də mübahisəli avtomobilin üzərinə həbs qoyulması və ya onunla bağlı sərəncam verilməsinin qadağan edilməsinə dair hər hansı fakt müəyyən edilmir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin Cavabdeh3 avtomobillə bağlı mübahisənin olmasından xəbərdar olmasına dair dəlili ilə bağlı qeyd edir ki, Cavabdeh3 nə birinci instansiya məhkəməsinin iclasında, nə də apellyasiya məhkəməsinin iclasında avtomobillə bağlı mübahisənin mövcudluğundan xəbərdar olduğunu bildirməmiş, sadəcə boşanma ilə bağlı ailə problemləri olmasından kənd camaatı olaraq məlumatlı olduğunu qeyd etmişdir. Cavabdeh3 tərəflər arasındakı boşanma ilə bağlı ailəvi problemlər barədə məlumatının olması isə onun nəqliyyat vasitələrinin dövlət qeydiyyatının məlumatına etimad göstərərək əldə etdiyi avtomobilə dair müqavilənin etibarsız hesab edilməsi üçün əsas ola bilməz. Mübahisəli avtomobilə dair mülkiyyət hüququ isə Cavabdeh3 onu əldə etdiyi vaxt Cavabdeh2 məxsus olmuşdur. Bu hal isə onun vicdanlı alıcı olduğunu təsdiq edir. Məhkəmə kollegiyası hesab edir ki, mövcud vəziyyətdə nəqliyyat vasitəsinin alğısatqısı zamanı həmin əmlak barəsində mübahisənin olması əsası ilə müqavilənin etibarsız hesab edilməsi müvafiq əmlakı rəsmi dövlət orqanı tərəfindən və həmin orqanın verdiyi rəsmi sənədlər əsasında əldə etmiş şəxsin – Cavabdeh3 Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit edilmiş mülkiyyət hüquqlarının pozulmasına səbəb ola bilər. Üstəlik, Cavabdeh3 mübahisə predmeti olan avtomobili sonradan başqa şəxsə satdığını bildirmiş, lakin Cavabdeh3 tərəfindən avtomobil həqiqətən də üçüncü bir şəxsə satılmış olsa belə, həmin alğı-satqının etibarsızlığı barədə hər hansı tələb irəli sürülməmiş, bu hal birinci instansiya məhkəməsində icraat zamanı araşdırma predmetinə daxil olmamışdır. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi hər iki alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair iddia tələbini rədd edərkən düzgün nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını hazırkı mübahisəyə düzgün tətbiq etmişdir. Apellyasiya şikayətinin dəlilləri isə alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsinə dair birinci instansiya məhkəməsinin gəldiyi nəticənin ləğvi və ya dəyişdirilməsi üçün əsas deyil. Məhkəmə kollegiyası iddia tələbinin ikinci hissəsinə - mübahisəli avtomobil üzərində iddiaçının ½ hissədə pay hüququnun müəyyən edilməsinə dair onu bildirir ki, mübahisəli avtomobil etibarlı alğı-satqı müqavilələri əsasında özgəninkiləşdirildiyindən, mübahisəli avtomobil üzərində 25 oktyabr 2022-ci il tarixli müqavilə əsasında mülkiyyətçi Cavabdeh2 həmin avtomobili vicdanlı alıcı olaraq əldə etmiş Cavabdeh3 Konstitusiya ilə təsbit edilmiş mülkiyyət hüququ yarandığından, həmin avtomobil üzərində iddiaçının ½ hissədə pay hüququnun müəyyən edilməsi tələbinin təmin edilməsi üçün əsas müəyyən edilmir. Odur ki, birinci instansiya məhkəməsi həmin hissədə də iddianın rədd edilməsinə dair nəticəyə gəlməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası MPM-in 107 və 119.1-ci maddələrinə əsasən bildirir ki, iddia tələbi rədd edildiyindən, birinci instansiya məhkəməsi ödənilmiş dövlət rüsumunu iddiaçıya aid etməklə düzgün nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Məhkəmə kollegiyası yekun olaraq hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslandığından iş üzrə Masallı Rayon Məhkəməsinin 19 dekabr 2022-ci il tarixli, 2(050)-3124/2022 saylı qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və MPM-in 382, 384.0.1, 385.2, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Q Ə T E T D İ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Masallı Rayon Məhkəməsinin 19 dekabr 2022-ci il tarixli, 2(050)-3124/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Samir Mayılov Hakimlər: İlham Əsədov Tofiq Heydərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar