Məhkəmə qərarları › İş №2(106)-642/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-642/2024

21.08.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-642/2024 21.08.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Kərimov Tale Suliddin oğlu və X2 ibarət tərkibdə, Səfərov Rəşad Ramazan oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “kompensasiya verilməklə cavabdehin fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Astara Rayon Məhkəməsinin 2(018)-98/2023 saylı, 06 aprel 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3000 manat kompensasiya verilməklə iddiaçının mülkiyyətində olan Astara rayonunun Lələkəpeştə kəndində yerləşən fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Astara rayonunun Lələkəpeştə kəndində yerləşən 1964-cü ildə tikdiyi ümumi sahəsi 25,5 kv.m olan 1 otaqlı fərdi yaşayış evi onun şəxsi mülkiyyətinə verilmişdir. Mülkiyyət hüququ Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrindən verilmiş çıxarışa əsasən 18 noyabr 2022-ci ildə qeydə alınmışdır. Mülkiyyətində olan evdə ailə üzvləri ilə birlikdə yaşayır. Cavabdeh onun övladı olsa da, iddiaçı ilə yaşadığı müddətdə münasibəti pis olmuş, mütəmadi olaraq evdə söz-söhbət, dava-dalaş salmış və onları söyüb təhqir etmişdir. Bir övladının Vətən uğrunda şəhid olub ona şərəf gətirməsinə baxmayaraq, cavabdeh olan oğlu onu kənddə və rayonda etdiyi hərəkətlərə görə biabır edir. Artıq cavabdehin hərəkətlərinə görə onlar münaqişəli ailə statusunu almışdır. Buna sübut Astara Rayon Məhkəməsinin 2005-ci il tarixli hökmü və 2022-ci il tarixli inzibati qərarıdır. Cavabdehin ailə üzvlərinə və iddiaçıya qarşı kəskin qərəzli münasibəti nəticəsində iddiaçı və ailə üzvləri ağır stress keçirmişdir. Cavabdehin onlarla yaşaması qeyri-mümkündür. Buna görə də iddiaçı məcbur qalıb 2021-ci ildə məhkəmədə cavabdehə kompensasiya ödənilməklə mənzildən istifadə hüququna xitam verilməsinə dair iddia qaldırmış, iddiası Astara Rayon Məhkəməsinin 23 dekabr 2021-ci il tarixli qətnaməsi ilə təmin edilmişdir. Lakin həmin qətnamə cavabdehin verdiyi apellyasiya şikayətinə əsasən Şirvan Apellyasiya Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə ləğv edilmişdir. Səbəb cavabdeh təşkilatların səhlənkarlığına görə iddiaçıya verilmiş çıxarışda cavabdehin torpaq payı nəzərə alınmadığından iddiaçıya verilmiş çıxarışın etibarsız sayılması olmuşdur. İddiaçı məcbur qalıb yenidən evinə çıxarış əldə etməklə, cavabdehin onlara qarşı kəskin qərəzli münasibəti olduğunu, bir mənzildə onunla yaşamağın qeyri-mümkünlüyünü, həyat və sağlamlıqlarının təhlükə qarşısında ola biləcəyini nəzərə alıb hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur. Yaşadıqları ərazidə hər cür şəraiti olan 1 otaqlı ev tikməkdən ötrü 3000 manat məbləğində vəsait lazımdır və 1 otaqlı evin aylıq kirayə haqqı 30-40 manatdır. Hazırda yaşadıqları ev torpaqdan tikilmiş 1 otaqlı evdir, onun dəyəri halhazırda 3000 manat etmir. Beləliklə, Cavabdeh iddiaçının mülkiyyətində olan evdən istifadə hüququna görə 3000 manat kompensasiya verilməklə istifadə hüququna xitam verilməlidir. Astara Rayon Məhkəməsinin 06 aprel 2023-cü il tarixli, 2(018)-98/2023 saylı qətnaməsi ilə (sədrlik edən hakim Mübariz Məmmədov) iddia təmin olunmuş, Cavabdeh İddiaçı xüsusi mülkiyyətində olan Astara rayonu, Lələkəpeştə (Vaqo) kəndində 0,32 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 25,3 kvadrat metr olan fərdi yaşayış evinə istifadə hüququna 3000 manat kompensasiya verilməklə xitam verilməsi, İddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğində olan dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı verilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində Astara Rayon Məhkəməsinin 06 aprel 2023-cü il tarixli, 2(018)-98/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, məhkəmə qətnaməsini qanunsuz və əsassız hesab edir. Belə ki, yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında iddiaya baxan birinci instansiya məhkəməsi mülki prosessual qanunvericiliyin normalarına müvafiq olaraq kompensasiyanın məbləğini bazar qiymətinə uyğun müəyyən etməli idi. Məhkəmə iş üçün əhəmiyyətli olan sübutları araşdırmamış, iddiaçıdan onu tələb etməmiş və ya öz təşəbbüsü ilə həmin sübutların əldə olunması istiqamətində heç bir addım atmamış, eləcə də, iş materiallarında olan bir neçə tutarlı olmayan sübutlara söykənməklə ədalətsiz və qanunsuz qətnamə qəbul etmişdir. Məhkəmə mülki iş materiallarına əlavə edilmiş Astara RİHB-nin Siyəkü İƏD-nin arayışını rəhbər tutaraq sözügedən ərazidə 1 otaqlı evin qiymətinin aylıq kirayə haqqının 40 manat olduğu qənaətinə gələrək, cavabdehin və uşaqlarının 36 ay müddətinə eyni şəraitdə kirayədə yaşaması hüququnu cavabdehə verməklə iddianı təmin etmişdir. Lakin məhkəmə nə həmin evə baxış keçirib onun şəraiti ilə tanış olmuş, nə də icra nümayəndəliyinin verdiyi arayışın real olub-olmadığını yoxlamışdır. Yəni məhkəmə həmin ərazidə evin qiymətləri ilə maraqlanmamış, həmin evin şəraitinə uyğun evin bazar qiymətinin müəyyən edilməsi üçün mütəxəssis rəyinin alınması üçün tədbir görməmişdir. Bir sözlə, yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi zamanı kompensasiya məbləğinin bazar qiymətinə uyğun müəyyən edilməsi məsələsinə məhkəmə aydınlıq gətirməli və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə (bundan sonra MPM-ə) müvafiq olaraq kompensasiyanın məbləğini bazar qiymətinə uyğun müəyyən etməli idi. Bundan əlavə, mübahisəli məsələ ilə bağlı bazar qiyməti mötəbər sübutlarla təsdiqini tapmadığına görə məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif etməli idi. Məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmamışdır. Həmçinin, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair Şirvan Apellyasiya Məhkəməsinin 2(106)- 805/2022 saylı, 29 sentyabr 2022-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi olsa da, məhkəmə MPM-in 153.2.2-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina etməmiş və icraata qəbul etmişdir. Məhkəmə öz qətnaməsində yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşmanın olmadığı təqdirdə mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam veilməsini qeyd edir, lakin bazar qiymətinin hansı sübutlarla müəyyən edildiyini qətnamədə əsaslandırmır. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və ondan istifadə edərək yekun nəticəyə gəlməli olduğu halda, evin bazar qiymətinin müəyyən edilməsi üçün adi bir arayışla kifayətlənmişdir, hansı ki həmin arayışda həmin ərazidə normal şəraitdə yaşamaq üçün evin kirayə qiymətinin 40 manat olduğu göstərilmişdir. Odur ki, evin bazar qiymətinin müəyyən edilməsi mötəbər sübutlarla təsdiq edilməmişdir. Məhkəmə tərəflərə məhkəmə baxışını barışıq sazişi ilə tamamlamağı təklif etməyə borclu olduğu halda bunu etməmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 avqust 2023-cü il tarixli, 2(106)-984/2023 saylı qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Astara Rayon Məhkəməsinin 06 aprel 2023-cü il tarixli, 2(018)-98/2023 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, İddiaçı Cavabdeh qarşı “3000 manat kompensasiya ödənilməklə mənzildən istifadə hüququna xitam verilməsi tələbinə dair” iddiası təmin edilməmişdir. Qətnamədən narazı qalan İddiaçı kassasiya şikayəti vermiş, kassasiya şikayətində Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 avqust 2023-cü il tarixli, 2(106)- 984/2023 saylı qətnaməsinin ləğv edilməsini və yenidən araşdırılması üçün apellyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 16 yanvar 2024-cü il tarixli, 2(102)-222/2024 saylı qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilmiş, iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 avqust 2023-cü il tarixli, 2(106)- 984/2023 saylı qətnaməsi ləğv edilmiş, mülki işin yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması qərara alınmışdır. Təkrar apellyasiya baxışı zamanı Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək, Şirvan İnzibati Məhkəməsinin icraatında olan işə baxılıb həll edilənə kimi icraatda olan hazırkı işin dayandırılmasını xahiş etmişdir. Cavabdeh ərizəsini onunla əsaslandırmışdır ki, o, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Ərazi İdarəsinə qarşı “İddiaçı adına yazılmış 18 noyabr 2022-ci il tarixli, ********* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda düzəliş edilərək adının, yəni Cavabdeh adının çıxarışın hüquq sahibi hissəsinə daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi ilə Şirvan İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Həmin iddia ərizəsi Şirvan İnzibati Məhkəməsinin icraatına qəbul edilmiş və baxılması üçün 29 aprel 2024-cü il tarixə təyin edilmişdir. Hesab edir ki, Şirvan İnzibati Məhkəməsinin icraatında olan iddia ərizəsinə baxılıb iş həll edilməyincə hazırkı işə baxıla bilməz. Apellyasiya məhkəməsinin 17 aprel 2024-cü il tarixli iclasında iştirak edən Cavabdeh çıxış edərək bildirmişdir ki, hazırda iddiaçının kompensasiya verilməklə onun istifadə hüququna xitam verilməsini tələb etdiyi fərdi yaşayış evi ilə bağlı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 18 noyabr 2022-ci il tarixli Çıxarış onun tərəfindən Şirvan İnzibati Məhkəməsində mübahisələndirilmişdir. O, həmin inzibati iş üzrə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Ərazi İdarəsi tərəfindən İddiaçı adına yazılmış 18 noyabr 2022-ci il tarixli Çıxarışda düzəliş edilərək, öz adının evə aid hüquq sahibi hissəsinə daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bu səbəblə də hesab edir ki, həmin inzibati iş üzrə yekun məhkəmə qərarı qəbul edilib qanuni qüvvəyə minənədək hazırkı iş üzrə icraat dayandırılmalıdır. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 aprel 2024-cü il tarixli, 2(106)- 642/2024 saylı qərardadı ilə Astara Rayon Məhkəməsinin 2(018)-98/2023 saylı, 06 aprel 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti ilə əlaqədar 2(106)-642/2024 saylı mülki iş üzrə icraat, Şirvan İnzibati Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı “18 noyabr 2022-ci il tarixli, ********* nömrəli çıxarışda düzəliş edilib Cavabdeh adının evə aid hüquq sahibi hissəsinə daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair” iddiası ilə bağlı 2- 1(120)-2695/2024 saylı inzibati iş üzrə yekun məhkəmə qərarı qüvvəyə minənə qədər dayandırılmışdır. Şirvan Apellyasiya Məhkəməsinə 16 iyul 2024-cü ildə daxil olmuş Şirvan İnzibati Məhkəməsinin 10 iyul 2024-cü il tarixli, 2-1(120)-2695/2024 saylı məktubundan görünür ki, iddiaçı Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı “18 noyabr 2022-ci il tarixli, ********* nömrəli çıxarışda düzəliş edilib Cavabdeh adının evə aid hüquq sahibi hissəsinə daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair” inzibati iş üzrə iddiaçı Cavabdeh ərizəsinə əsasən Şirvan İnzibati Məhkəməsinin 29 aprel 2024-cü il tarixli, 2-1(120)- 2695/2024 nömrəli qərardadı ilə iddia ərizəsi geri qaytarılmış və iş üzrə icraata xitam verilmişdir. Sözügedən qərardad qanuni qüvvəsini almışdır. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 iyul 2024-cü il tarixli, 2(106)- 642/2024 saylı qərardadı ilə Astara Rayon Məhkəməsinin 2(018)-98/2023 saylı, 06 aprel 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə dayandırılmış icraat təzələnmiş və işə məhkəmə iclasında baxılması 21 avqust 2024-cü il tarixə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasına təyin edilmişdir. Apellyasiya məhkəməsinin 21 avqust 2024-cü il tarixli iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, o, qət edilən kompensasiya məbləği ilə razı deyil. Belə ki, 3000 manat məbləğində pul onun mübahisəli evdən istifadə hüququna xitam verildikdən sonra 3 il ərzində kirayədə yaşaması üçün kifayət etməyəcəkdir. Həmçinin, o, “Liman Şəhər İstehsal-İstehlak Kooperativ Cəmiyyəti”ndən rəy də almışdır. Həmin rəydən də görünür ki, onun 3 il ərzində normal şəraitli kirayə ev tapması üçün ən azı 6480 manat pul tələb edilir. Hesab edir ki, həmin məbləğ də onun kirayə ev tapmasına kifayət etməyəcək olsa da, hər bir halda ən azı həmin məbləğdə kompensasiya ödənilməlidir. O, Astara RİHB-nin Siyaku kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin təqdim etdiyi arayışı isə ona görə qəbul etmir ki, onların kəndində ümumiyyətlə kirayəyə verilən ev olmadığına görə göstərilən 40 manat da həqiqəti əks etdirmir. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini xahiş edir. Apellyasiya məhkəməsinin 21 avqust 2024-cü il tarixli iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, mübahisəli ev çiy kərpicdən tikilmiş kiçik 1 otaqlı daxmadır. Həmin evdə yaşlı ata və anası yaşayır. Qardaşı olan cavabdeh isə onları daim incidir və onların evdə rahat yaşamalarına mane olur. Bu səbəbdən də hazırkı iddia ərizəsi verilmişdir. Hesab edir ki, Astara Rayon Məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayətinin təmin edilməməsini xahiş edir. MPM-in 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı iş üzrə cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılmasını və hüquqi qiymət verilməsini düzgün hesab edir. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini, habelə iş materiallarını araşdırıb, sübutlara obyektiv hüquqi qiymət verərək hesab etdi ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə cavabdehin apellyasiya şikayətinin hazırkı iddianın yolverilməzliyinə dair dəlili ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri sayır: Cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-805/2022 saylı, 29 sentyabr 2022-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi olsa da, məhkəmə MPM-in 153.2.2-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina etməmiş və icraata qəbul etmişdir. İşdə surəti olan Astara Rayon Məhkəməsinin 23 dekabr 2021-ci il tarixli, 2(018)- 34/2021 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə Cavabdeh İddiaçı 3000 manat məbləğində birdəfəlik kompensasiya ödənilməklə, xüsusi mülkiyyətində olan Astara rayonu Lələkəpeştə (Vaqo) kəndində 0,32 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 25,3 kvadrat metr olan fərdi yaşayış evinə istifadə hüququna xitam verilməsi qət edilmişdir. İşdə surəti olan Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 sentyabr 2022-ci il tarixli, 2(106)-805/2022 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Astara Rayon Məhkəməsinin 23 dekabr 2021-ci il tarixli, 2(018)-34/2021 saylı qətnaməsi ləğv edilmiş, İddiaçı Cavabdeh qarşı “kompensasiya ödənilməklə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi tələbinə dair” iddiası təmin edilməmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 sentyabr 2022-ci il tarixli, 2(106)-805/2022 saylı qətnaməsinin məzmunundan müəyyən olunur ki, həmin mülki iş üzrə İddiaçı iddiasının əsası kimi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 15 yanvar 2020-ci il tarixli, ********** nömrəli Çıxarışa istinad etmişdir. Lakin həmin Çıxarış Astara Rayon Məhkəməsinin 25 aprel 2022-ci il tarixli, 2(018)-245/2022 saylı qətnaməsi ilə etibarsız hesab edildiyindən, tərəflər arasında əvvəlki eyni predmet barəsində olan iş üzrə iddia tələbi təmin edilməmişdir. Lakin hazırda iddiaçı tələbinin əsası kimi – özünün fərdi yaşayış evi üzərində mülkiyyət hüququnu təsdiq edən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyat nömrəsi ********* olan 18 noyabr 2022-ci il tarixli Çıxarışa istinad edir. Beləliklə, göründüyü kimi, eyni tərəflər arasında eyni predmet barəsində əvvəllər mübahisə və həmin mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcud olsa da, hər iki mübahisə eyni əsaslar üzrə olmamış, bir-birindən fərqlənmişdir. Ona görə də məhkəmə kollegiyası bildirir ki, hazırkı iddia ərizəsi ilə bağlı MPM-in 153.2.2-ci maddəsinin tətbiqinə zərurət yoxdur və birinci instansiya məhkəməsi hazırkı iş üzrə iddia ərizəsini icraata qəbul edərək ona baxmaqda haqlı olmuşdur. İşdə surəti olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyat nömrəsi 222015293, daşınmaz əmlakın reyestr nömrəsi **********35-10301 olan Çıxarışın surətindən görünür ki, Astara rayonu, Lələkəpeştə kəndində yerləşən 0,32 ha torpaq sahəsi ümumi paylı mülkiyyət hüququ əsasında hər birinin 1/4 hissədə payı müəyyən edilməklə İddiaçı, X3, Cavabdeh, Teleyeva Balaniza Nəvuz qızının adına, həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 25,3 kv.m olan fərdi yaşayış evi isə tam mülkiyyət hüququ əsasında İddiaçı adına 18 noyabr 2022-ci ildə daşınmaz əmlakın dövlət reyestrində 27 nömrəli reyestr kitabının 81 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə surəti olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən 18 noyabr 2022-ci ildə tərtib edilmiş **********35-10301 reyestr nömrəli fərdi yaşayış evinin texniki pasportundan görünür ki, İddiaçı məxsus olmaqla Astara rayonunun Lələkəpeştə kəndində yerləşən 0,32 ha torpaq sahəsində ümumi sahəsi 25,3 kv.m olan 1 mərtəbəli və 1 otaqlı fərdi yaşayış evi 1964-cü ildə inşa edilmişdir. İşdə surəti olan Astara Rayon Məhkəməsinin 18 iyul 2019-cu il tarixli, 2(018)- 586/2019 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə Cavabdeh, arvadı X1 və uşaqları 03 iyun 2016-cı il təvəllüdlü X4 və 16 iyul 2018-ci il təvəllüdlü X5 İddiaçı məxsus olan Astara rayonunun Vaqo kəndində yerləşən fərdi yaşayış evinə köçürülmələri qət edilmişdir. İşdə surəti olan Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08 yanvar 2020-ci il tarixli, 2(106)-178/2020 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Astara Rayon Məhkəməsinin 18 iyul 2019-cu il tarixli, 2(018)-586/2019 saylı qətnaməsi İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən Cavabdeh arvadı X1 İddiaçı məxsus olan Astara rayonunun Vaqo kəndində yerləşən fərdi yaşayış evinə köçürülməsi hissəsində ləğv edilmiş, iddia tələbi həmin hissədə təmin edilməmişdir. İşdəki Astara Rayon Polis Şöbəsi tərəfindən Cavabdeh ünvanlanmış 14 avqust 2020-ci il tarixli məktubdan görünür ki, o, Astara rayonunun Vaqo kəndində yaşayan Nümayəndə ilə münaqişəli olduğuna görə gələcəkdə aralarında hər hansı xoşagəlməz hadisənin baş verməməsindən ötrü Astara RPŞ tərəfindən münaqişəli ailə kimi qeydiyyata götürülmüşdür. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2005-ci il tarixli 4 saylı Qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İİ hissəsinə əsasən, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 152.3-cü maddəsinə əsasən, istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. MM-in 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Hazırkı işin mübahisə olunmayan hallarına görə, cavabdeh iddiaçının oğludur və Astara rayonu, Lələkəpeştə kəndində, mülkiyyətdə olan 0,32 ha həyətyanı torpaq sahəsində yerləşən, 1964-cü ildə tikilmiş, 1 mərtəbəli, 1 otaqlı, ümumi sahəsi 25,3 kv.m, yaşayış sahəsi 16 kv.m, köməkçi sahəsi 9,3 kv.m olan fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində tam mülkiyyət hüququ üzrə iddiaçının adına, evin yerləşdiyi 0,32 ha həyətyanı torpaq sahəsi isə hər birinin payı ¼ hissədə olmaqla mülkiyyət hüququ üzrə tərəflərin, o cümlədən X3 və Teleyeva Balaniza Nəvuz qızının adına qeydə alınmış və bu barədə reyestr orqanı tərəfindən onların adlarına 18 noyabr 2022-ci il tarixli Çıxarış verilmişdir. İşin mübahisə olunmayan digər halları isə ondan ibarətdir ki, iddiaçının mübahisəli evdə mülkiyyət, cavabdehin isə istifadə hüquqları vardır və tərəflərin 1 otaqlı, ümumi sahəsi 25,3 kv.m olan həmin evdə bir ailədə yaşamaları artıq qeyri-mümkündür və yerli icra hakimiyyəti orqanının arayışına görə, həmin ərazidə mənzil kirayə haqqı 40-50 manat civarındadır. Tərəflərin mübahisəli evdə birgə yaşamalarının qeyri-mümkünlüyü cavabdehin Astara Rayon Məhkəməsinin 14 sentyabr 2006-cı il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 133-cü maddəsi ilə təqsirli sayılaraq məhkum edilməsi, habelə Astara Rayon Məhkəməsinin 01 noyabr 2022-ci il tarixli qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli sayılaraq tənbeh edilməsi ilə, eləcə də, Astara Rayon Polis Şöbəsinin 14 avqust 2020-ci il tarixli məktubu ilə də təsdiq olunur. Hazırda iddiaçı 3000 manat kompensasiya ödənilməklə cavabdehin mübahisəli evdən istifadə hüququna xitam verilməsini tələb edir. Cavabdeh isə mübahisəli evin yerləşdiyi torpaq sahəsinin iddiaçı ilə yanaşı onun da paylı mülkiyyətində olduğuna, iddiaçı tərəfindən ona təklif edilən 3000 manat kompensasiya məbləğinin yetərli olmamaqla, iddiaçının hesabına ona davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə mübahisəli evdə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı vermədiyinə istinad edərək iddiaya etiraz edir. Göründüyü kimi, iddiaçının “evdən istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi” barədə hazırkı tələbi yalnız Cavabdeh Ağali oğluna qarşı yönəlmiş və mübahisə həyətyanı torpaq sahəsi ilə bağlı deyil, fərdi yaşayış evi ilə bağlıdır. İddiaçı fərdi yaşayış evindən istifadə hüququna görə cavabdehə 3000 manat kompensasiya ödəməyə razıdır və həyətyanı torpaq sahəsində cavabdehin özünə ayrıca fərdi yaşayış evi inşa etməsinə etiraz etmir. Bu cür etirazın mövcudluğu iş materialları ilə müəyyən edilmir. Birinci instansiya məhkəməsi iddiaçının cavabdehə təklif etdiyi 3000 manat kompensasiya məbləğini yetərli hesab edərək, iddianı təmin etməklə cavabdehin evdən istifadə hüququna xitam vermişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və bununla bağlı aşağıdakıları qeyd etməyi zəruri sayır. Mülki Məcəllənin 228.2-ci maddəsində göstərilir ki, yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda, bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilə bilər. Digər tərəfdən, qüvvədə olan qanunvericiliyə görə, eyni evdə ailə üzvləri (və ya onlara bərabər tutulan şəxslər) yaşadığı halda, onlardan birində (və yaxud bir neçəsində) evə mülkiyyət hüququ (o cümlədən, yaşayış sahəsindən istifadə etmək hüququ), digərlərində isə yalnız yaşayış sahəsindən istifadə etmək hüququnun mövcud olması mümkündür. Bu şəxslər arasında yaranan mübahisələrin həlli zamanı mülkiyyət hüququ və yaşayış sahəsindən istifadə etmək hüququnun təbiəti, onların mütənasibliyi və həyata keçirilməsinə dair qüvvədə olan Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları nəzərə alınmalıdır. İlk növbədə xüsusilə qeyd olunmalıdır ki, mülkiyyət hüququ və yaşayış sahəsindən istifadə etmək hüququ müxtəlif hüquqi kateqoriyalardır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü və 29-cu maddələrində mülkiyyətin toxunulmazlığına, növündən asılı olmayaraq dövlət tərəfindən bərabər müdafiə olunmasına, mülkiyyət hüququnun qanunla qorunmasına, bu hüququn mülkiyyətçinin əmlaka sahib olmaq, ondan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarına təminat verilmişdir. Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Mülkiyyət hüququnun ümumi müddəaları, sahiblik hüququ, mülkiyyət hüququnun əldə edilməsinə, həyata keçirilməsinə, məhdudlaşdırılmasına və itirilməsinə, habelə bu hüququn növlərinə dair müddəalar Mülki Məcəllədə tənzimlənir. Həmçinin nəzərə alınmalıdır ki, mülki qanunvericilikdə mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüququ sayılır. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Adətən, mənzildə, evdə və sair müvafiq yerlərdə yaşamaq hüququ kimi göstərilən yaşayış sahəsindən istifadə etmək hüququ mənzil hüququnun bir elementi qismində çıxış edir. Mənzil hüququ beynəlxalq hüquqda faktiki olaraq tanınmasa da, o, Azərbaycan Respublikasının qanunvericiliyində uzun müddətdir ki, tanınmış hüquqdur. Göründüyü kimi, mülkiyyət hüququ yaşayış sahəsindən istifadə etmək hüququndan fərqlənsə də, hər iki hüquq müəyyən mənada mütənasib şəkildə tarazlaşdırılmaqla təmin olunmalıdır. Bu baxımdan Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləndirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır. Eyni hüquqi mövqe “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli Qərarında da ifadə olunmuşdur. Ümumiyyətlə, mülki qanunvericilikdə mülkiyyətçinin üzərinə evdən istifadə hüququ olan şəxsi daimi olaraq yaşayış sahəsi ilə təmin etmək öhdəliyi qoyulmamışdır. Eləcə də, mövcud qanunvericilikdə yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün istifadəçiyə ödənilməli olan kompensasiyanın məbləğinin həddi barədə də hər hansı norma yoxdur. Qanunvericilikdə həmin kompensasiya məbləğinin bazar qiymətləri ilə, yalnız məhkəmə tərəfindən tənzimlənməsi nəzərdə tutulmuşdur. Beləliklə, məhkəmə kollegiyası tərəflərin mübahisəli 1 otaqlı, ümumi sahəsi 25,3 kv.m olan evdə birgə yaşamasının qeyri-mümkünlüyünü, cavabdehin iddiaçıya qarşı hüquq pozuntuları törətməklə onların münaqişəli ailə olmalarını və sair halları nəzərə alaraq belə hesab edir ki, birinci instansiya məhkəməsi cavabdehin mübahisəli evdən istifadə hüququna xitam verməklə düzgün nəticəyə gəlmişdir. Hazırda əsas mübahisəli məqam isə istifadə hüququna xitam verilməsi müqabilində ödəniləcək kompensasiyanın məbləği ilə bağlıdır. Ona görə də hazırda cavabdehin mübahisəli evdən istifadə hüququna xitam verilməsi üçün iddiaçının ona təklif etdiyi 3000 manat kompensasiya məbləğinin bazar qiymətinə uyğun olub-olmadığı və cavabdehin övladları ilə birlikdə həmin kompensasiya hesabına davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə mübahisəli evdə onlara xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verib-vermədiyi araşdırılmalıdır. İşdəki Astara RİHB-nin Siyaku kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 28 oktyabr 2022-ci il tarixli arayışından görünür ki, Astara rayonunun Siyaku kəndində kirayə haqqı 40 manat təşkil edir. İşdəki Beynəlxalq Əmlak və Qiymətləndirmə Agentliyinin 019 nömrəli, 24 iyul 2023cü il tarixli qiymətləndirməyə dair aktından görünür ki, Astara rayonunun Lələkəpeştə kəndində yerləşən fərdi yaşayış evlərinin 24 iyul 2023-cü il tarixinə olan aylıq kirayə qiyməti 40-50 manat aralığında təşkil edir. Qeyd edilən sənədlərə əsasən belə demək mümkündür ki, iddiaçının təklif etdiyi 3000 manat kompensasiya məbləği cavabdehə davamlı surətdə və müəyyən müddət daxilində mübahisəli yaşayış sahəsinə oxşar digər yaşayış sahəsində yaşamağa imkan verir. Belə ki, hətta mübahisəli evin yerləşdiyi əraziyə yaxın yerlərdə oxşar şəraitli evin kirayəsi qeyd edilən sənədlərdə göstərilən məbləğlərdən 2 dəfə artıq olaraq 80 manat olsa belə, təklif edilən 3000 manat kompensasiya məbləği cavabdehə ən azı 36 ay müddətinə oxşar şəraitli evdə kirayə yaşamağa imkan verəcəkdir. 3000 manat məbləğində kompensasiya məbləği ilə razı olmayan cavabdeh tərəfindən təqdim olunmuş “Liman Şəhər İstehsal-İstehlak Kooperativ Cəmiyyəti”nin fərdi yaşayış evinin inşa edilməsi xərcləri və kirayə haqqının hesablanmasına dair 15 avqust 2024-cü il tarixli rəyinin (arayışının) surətindən görünür ki, Astara rayonunun Lələkəpeştə (Vaqo) kəndində və ona yaxın Pensər, Liəzi, Binabay, Viləş kəndlərində aylıq və ya günlük kirayə ev təklifdə olmadığından, Astara şəhəri, Sım və Vənəşikəş kəndlərində təklifdə olan günlük və aylıq kirayə evlərə nəzərən Astara rayonu ərazisində aylıq 180 manata minimum şəraitli 1 otaqlı kirayə ev tapmaq mümkündür (180×36=6480). Lələkəpeştə (Vaqo) kəndində yerləşən 0,08 ha torpaq sahəsində 1 mərtəbəli, 1 otaqlı, ümumi sahəsi 25,3 kv.m, yaşayış sahəsi 16 kv.m, köməkçi sahəsi 9,3 kv.m olan sadə təmirli yaşayış evinin inşa olunması və minimum həddə təmir olunaraq istifadəyə verilməsi üçün 7134 manat müəyyən olunur. Beləliklə, Astara rayonu ərazisində təklifdə olan günlük və aylıq kirayə evlərə nəzərən orta şəraitli 1 otaqlı kirayə evin aylıq qiyməti 180 manat olmaqla, 36 aylıq inflyasiya nəzərə alınmadan kirayə xərci 6480 manat müəyyən edilmişdir. Məhkəmə kollegiyası həmin rəylə bağlı bildirir ki, rəyə “Liman Şəhər İstehsal- İstehlak Kooperativ Cəmiyyəti”nin qiymətləndirmə sahəsində fəaliyyət həyata keçirə bilməsini təsdiq edən hər hansı sənəd əlavə edilmədiyindən, rəyin səlahiyyətli şəxs tərəfindən verilməsi müəyyən olunmur. Bundan əlavə, həmin rəydən görünür ki, 1 otaqlı evin aylıq kirayə qiyməti Astara rayonunun Lələkəpeştə və ya yaxın kəndləri üzrə deyil, Astara şəhəri, eləcə də, daha çox turistin baş çəkdiyi Sım kəndinə nəzərən müəyyən edilmişdir. Belə olan halda isə həmin rəydə qeyd edilən aylıq kirayə haqqına uyğun kompensasiya məbləğinin hesablanması düzgün olmaz. Eləcə də, nəzərə alınmalıdır ki, 3 illik kirayə haqqı üçün müəyyən olunmuş məbləğ, rəyin özündən də göründüyü kimi, Lələkəpeştə (Vaqo) kəndində yerləşən 0,08 ha torpaq sahəsində 1 mərtəbəli, 1 otaqlı, ümumi sahəsi 25,3 kv.m, yaşayış sahəsi 16 kv.m, köməkçi sahəsi 9,3 kv.m olan sadə təmirli yaşayış evinin inşa olunması və minimum həddə təmir olunaraq istifadəyə verilməsi üçün tələb olunan məbləğdən cüzi miqdarda aşağıdır. Bu hallar cavabdeh tərəfindən təqdim edilmiş həmin rəyin hazırkı iş üzrə mötəbər sübut olaraq qəbul edilməməli olduğunu göstərir. Kompensasiya məbləğinin müəyyən edilməsi zamanı həm də o nəzərə alınmalıdır ki, mübahisəli fərdi yaşayış evinin ümumi sahəsi 25,3 kv.m-dən ibarət olmaqla, o, 1964-cü ildə inşa edilmişdir və bir otaqlıdır. Bütün bunlar onu deməyə əsas verir ki, cavabdehin həmin evdən istifadə hüququna xitam verilməsi üçün daha yüksək məbləğdə kompensasiyanın təyin edilməsi halında mülkiyyətçinin hüquqları da əsassız şəkildə pozulacaq və demək olar ki, evin dəyərinə yaxın bir məbləğ yalnız kompensasiya olaraq cavabdehə ödəniləcəkdir. Ona görə də məhkəmə kollegiyası bildirir ki, birinci instansiya məhkəməsi cavabdehin evdən istifadə hüququna xitam verilməsi müqabilində ödənilməli kompensasiyanın məbləğini 3000 manat müəyyən etməkdə haqlı olmuşdur və həmin məbləğ birbaşa olaraq iddia ərizəsində iddiaçı tərəfindən təklif edildiyindən həmin kompensasiya məbləğinin ödənilməsinə iddiaçının razılığı da müəyyən edilir. Yekun olaraq məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. MPM-in 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və MPM-in 382, 384.0.1, 385.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Q Ə T E T D İ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Astara Rayon Məhkəməsinin 06 aprel 2023-cü il tarixli, 2(018)-98/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar