Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-646/2024 01.03.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən, məruzəçi), Kərimov Tale Suliddin oğlu və X3 ibarət tərkibdə, Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(017)-1304/2021 saylı qərardadından Maraqlı şəxs2 nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayətə Şirvan Apelyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(017)-1304/2021 nömrəli qətnaməsi ilə, Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 23 iyun 1997-ci il tarixli 07 nömrəli qərarına əsasən torpağa mülkiyyət hüququna dair JN-123 kod 60805028 nömrəli dövlət aktında göstərilən "Maraqlı şəxs2 Şamil oğlu" barədə qeydin həmin dövlət aktına yanlışlıqla daxil edilməsinə dair hüquqi əhəmiyyətli fakt müəyyən edilmişdir. Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(017)-1304/2021 nömrəli qətnaməsindən Maraqlı şəxs2 nümayəndəsi Nümayəndə apellyasiya şikayəti vermişdir. Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(017)-1304/2021 saylı (Hakim: Etibar Quliyev) qərardadı ilə, Maraqlı şəxs2 nümayəndəsi Nümayəndə Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(017)-1304/2021 nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayəti geri qaytarılmışdır. Qərardaddan narazı qalan Maraqlı şəxs2 nümayəndəsi Nümayəndə tərəfindən şikayət verilmişdir. Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(017)-1304/2021 saylı qərardadı (Hakim: Etibar Quliyev) ilə, Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(017)- 1304/2021 nömrəli qərardadından Maraqlı şəxs2 nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayət əsassız olduğundan təmin edilməyərək şikayətin işlə birlikdə baxılması üçün 7 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Mülki iş Şirvan Apellyasiya Məhkəməsinə 26 fevral 2024-cü il tarixdə daxil olmuş və cavabdeh tərəfindən verilmiş şikayətə 01 mart 2024-cü il tarixə yazılı icraat qaydasında baxılması təyin edilmişdir. Birinci instansiya məhkəməsinin qərardadının tədqiqindən müəyyən edilir ki, məhkəmə şikayətin təmin edilməməsini, Maraqlı şəxs2 mülki iş üzrə tərəf və ya üçüncü şəxs olmaması və həmin iş üzrə çıxarılan Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(017)- 1304/2021 nömrəli qətnaməsinin onun hüquq və vəzifələrinə toxunmaması ilə əlaqələndirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 397.1-ci maddəsinə əsasən bu məcəllənin 269.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduqda məhkəmənin qərardadından verilən ilkin şikayət işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilir. 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maraqlı şəxs2 nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayətin məzmunundan müəyyən olunur ki, birinci instansiya məhkəməsi tərəfindən qərardad qəbul olunarkən işin faktiki halları müəyyən edilməmişdir. Maraqlı şəxs2 torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını təsdiq edən “Torpağa mülkiyyət hüququna dair” JN123 nömrəli Dövlət Aktının saxtalaşdırılması ilə bağlı müraciəti əsasında aparılmış 159 C21 nömrəli araşdırma materialı üzrə Ağcabədi rayon prokurorluğunun müstəntiqi vəzifəsi üzrə stajor Əlisahib Nəzərovun 6 sentyabr 2021-ci il tarixli qərarından görünür ki, cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən, cinayət işinin başlanması rədd edilmişdir. Aparılan araşdırma ilə müəyyən edilmişdir ki, Ağcabədi rayonu Qiyaməddinli kəndinin icra nümayəndəsi vəzifəsində işləmiş X5 şəxsi niyyətlə vəzifə saxtakarlığına yol verərək adı səhvən Quliyevlər ailəsinin tərkibinə düşən Maraqlı şəxs2 Şamil oğlunun payına torpaq sahəsinin X2 adına keçirilərək həmin ailənin mülkiyyətinə alınması və kənd camaatının da buna inandırılması məqsədilə 2003-cü il tarixdə “Torpağa mülkiyyət hüququna dair” JN-123 Dövlət Aktında adı səhvən Ərizəçi ailə tərkibindəki şəxslərin siyahısına yazılmış Maraqlı şəxs2 adının əlyazma üsulu ilə diyişdirilərək X1 yazılmış düzəlişi imzası və icra nümayəndəliyinin möhürü ilə təsdiq etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən araşdırma aparılarkən həmin qeyd olunan dövlət aktında yazının əlyazma ilə yazıldığının şahidi olunmuşdur lakin buna hüquqi qiymət verilməmiş, ədalətsiz məhkəmə qərardad qəbul edilmişdir. Kollegiya şikayətin dəlilləri ilə əlaqədar aşağıdakıları qeyd edir. Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmiş, ərizəsində Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 23 iyun 1997-ci il tarixli 07 nömrəli qərarına əsasən verilmiş torpağa mülkiyyət hüququna dair JN-123 kod 60805028 nömrəli dövlət aktında göstərilən Maraqlı şəxs2 barədə qeydin həmin dövlət aktına yanlışlıqla daxil edilməsinə dair hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmiş, Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(017)-1304/2021 nömrəli qətnaməsi ilə ərizə təmin edilmişdir. Həmin qətnamədən Maraqlı şəxs2 nümayəndəsi Nümayəndə tərəfindən apelyasiya şikayəti və müddətin bərpası barədə ərizə verilmiş, Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(017)-1304/2021 saylı qərardadı apelyasiya şikayəti geri qaytarılmışdır. İş materiallarının tədqiqi zamanı müəyyən edilmişdir ki, Maraqlı şəxs2 cavabdeh Ərizəçi qarşı maddi və mənəvi ziyanın tutulması, torpaq sahəsinin müəyyən edilib naturada ayrılması və torpaq sahəsindən çıxarma tələbinə dair iddiası Ağcabədi Rayon Məhkəməsinin 20 iyun 2023-cü il tarixli, 2(017)-782/2023 saylı qətnaməsi ilə rədd edilmişdir. İddia tələbindən görünür ki, Maraqlı şəxs2 JN-123 nömrəli şəhadətnamədə göstərilən torpaq sahəsindən ona məxsus hissəsinin müəyyən edilib naturada ayrılmasını və cavabdehin ona məxsus torpaq sahəsindən çıxarılmasını tələb etmişdir. Həmin qətnamədən iddiaçı Maraqlı şəxs2 tərəfindən apelyasiya şikayəti verilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmişdir. Həmin qətnamədən kassasiya şikayəti verilməmiş, qətnamə qanuni qüvvəsini almışdır. Kollegiya iş materiallarını tədqiq edərək müəyyən edir ki, Maraqlı şəxs2 Ərizəçi qarşı iddiası təmin edilmədiyindən və həmin iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə aktı olduğundan birinci instansiya məhkəməsi haqlı olaraq Maraqlı şəxs2 həm tərəf kimi həm də maraqlı şəxs kimi hazırkı iş üzrə apelyasiya şikayəti vermək hüququnun olmaması əsası ilə şikayəti geri qaytarmışdır. Belə ki, Maraqlı şəxs2 mübahisələndirdiyi JN-123 nömrəli şəhadətnamədə göstərilən torpaq sahəsindən ona məxsus hissəsinin müəyyən edilib naturada ayrılması tələbinin hüquqi əsasının olmaması məhkəminin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən edildiyinə görə, hazırkı işdə JN-123 kod 60805028 nömrəli dövlət aktında da onun adının çıxarılmasının onun hüquqlarına toxunmasını mübahisələndirə bilməz. Belə ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə Maraqlı şəxs2 həmin şəhadətnamə ilə torpağa hüququnun olmaması müəyyən edilmişdir. Belə olan halda şəhadətnamədən onun adının çıxırılması onun maraqlarına toxuna bilməz. Ona görə də kollegiya hesab edir ki, Maraqlı şəxs2 nə tərəf nə də maraqlarına toxunulan şəxsdir. Belə olduğu halda Maraqlı şəxs2 apelyasiya şikayəti vermək hüququ da yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin tələbinə görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə” dair 23 fevral 2016-cı il Qərarında Kontitusiya Məhkəməsi Plenumu belə qənaətə gəlmişdir ki, məhkəmə qərarının preyudisiyallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyü deməkdir. Faktın preyudisiyallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının hüquqi təbiətinə əsaslanır və onun subyektiv və obyektiv hədləri ilə müəyyənləşdirilir, tərəflər və işdə iştirak edən şəxslər bu hədlərdən kənara çıxa bilməzlər. Bununla yanaşı, yekun məhkəmə qərarlarının preyudisial əhəmiyyəti mütləq deyildir və prosessual qanunla müəyyən edilmiş hədlərə malikdir. Məhkəmə aktlarının preyudisiallığının tanınması üçün preyudisiallığın obyektiv və subyektiv hədlərinin məcmusu vacib şərtdir. Preyudisiallığın subyektiv həddi əvvəl baxılmış işdə və yeni baxılan işdəki şəxslərin dairəsini, yəni subyektiv tərkibinin eyniliyini şərtləndirir. Göründüyü kimi qanuni qüvvədə olan məhkəmə qətnamələri ilə, Maraqlı şəxs2 mübahisələndirdiyi JN-123 nömrəli şəhadətnamədə göstərilən torpaq sahəsindən ona məxsus hissəsinin müəyyən edilib naturada ayrılması tələbinin hüquqi əsasının olmaması məhkəminin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən edildiyinə görə, şəhadətnamədən onun adının çıxırılması onun maraqlarına toxuna bilməz. Əvvəlki məhkəmə aktları ilə işdə iştirak edən şəxslər tərəfindən müəyyən edilmiş faktların hazırkı iddia üzrə mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Bu isə onu göstərir ki, Ağcabədi Rayon Məhkəməsinin 20 iyun 2023-cü il tarixli, 2(017)-782/2023 saylı qətnaməsinin əsaslandırıcı hissəsində müəyyən olunan faktiki hallar hazırki tələb üzrə baxılan iş üçün preyudisiyallığı mövcud olmuşdur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Azərbaycan Respublikası MPM-nin 357.2-ci maddəsinə əsasən həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Prokuror bu Məcəllənin 50-ci və 306-cı maddələrində göstərilən hallarda məhkəmə baxışında iddiaçı və ya ərizəçi olarsa, məhkəmə aktlarından protest verə bilər. Həmçinin iş materiallarından görünür ki, Maraqlı şəxs2 nümayəndəsi Nümayəndə tərəfindən müddətin bərpası barədə də ərizə verilmişdir. Kollegiya hesab edir ki, apelyasiya şikayəti buna hüququ olmayan şəxs tərəfindən verildiyindən müddətin bərpası barədə də ərizəyə hüquqi qiymət verilməsi zərurəti də aradan qalxmışdır. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Maraqlı şəxs2 nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayət əsaslı hesab edilməyərək, təmin edilməməli, Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(017)-1304/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin; 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarındankassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-402.3-cü maddələrinə əsasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında; birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarındankassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.1, 400, 402.2-402.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası; QƏRARA ALDİ: Maraqlı şəxs2 nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayət təmin edilməsin. Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(017)-1304/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-646/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-646/2024
01.03.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver