Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-647/2023 26.04.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Gülüşov İsmayıl Cəbrayıl oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə İmişli Rayon Məhkəməsinin 21 dekabr 2022-ci il tarixli, e-2(036)-3019/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq; MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əsas borca görə 4451,16 manat, hesablanmış cəriməyə görə 1290,83 manat və ödənilmiş dövlət rüsumuna görə 77,45 manat olmaqla, cəmi 5819,44 manat pulun alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC-nin “MKT-İmişli” filialı və cavabdeh arasında bağlanmış 21 376 219 saylı 2021-ci il mövsümü üzrə xam pambığın alğı-satqı müqaviləsinə əsasən, cavabdeh 4,85 hektar sahədə pambıq əkməyi və hər hektardan 25 sentnerdən az olmamaqla istehsal etdiyi məhsulu iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Bu məqsədlə iddiaçı tərəfindən cavabdehə avans olaraq cəmi 5580,90 manat dəyərində zəruri vəsaitlər verilmiş, müxtəlif xidmətlər göstərilmişdir. Müqavilənin 2.1.4-cü bəndinə əsasən, tədarük mövsümü vaxtı cavabdehin aldığı avansın məbləği müəyyən olunmuş miqdarda təhvil verəcəyi xam pambığın dəyərindən çıxılmalıdır. Təhvil verəcəyi pambığın dəyəri avans məbləğin həcmini ödəmədiyi təqdirdə isə cavabdeh yaranan fərqin ödənilməsini öhdəsinə götürmüşdür. Nəticədə cavabdeh tərəfindən 893,92 kq – 625,74 manat dəyərində xam pambıq təhvil verilmişdir ki, bu da müqavilədə nəzərdə tutulan miqdardan az olmuşdur, bununla da iddiaçıdan təhvil götürülmüş avansın dəyəri tam ödənilməmişdir. Cavabdeh avans vəsaitlərin dəyərinə görə yaranmış borcundan 504 manat vəsaiti iddiaçıya geri qaytarmışdır. Son nəticədə cavabdehin təhvil götürdüyü avans vəsaitlərin dəyərinə görə iddiaçıya 4451,16 manat əsas borcu yaranmışdır. Cavabdehin borclu qalması iddiaçının tapşırığı əsasında xam pambığın tədarükünü həyata keçirən “MKT-İmişli” filialı ilə cavabdeh arasında aparılan hesablaşma sənədləri – qeydiyyat vərəqəsi ilə təsdiq edilir. Eyni zamanda, müqavilənin 4.2-ci bəndinə əsasən, cavabdeh yaranmış əsas borcun ödənilməyən hissəsinin hər gecikdirilmiş gün üçün 0,1 faizi məbləğində cərimə də ödəməlidir ki, bu cərimənin də məbləği 1290,83 manat təşkil edir. Cavabdeh tərəfindən iddiaçının pretenziyasına cavab verilməmişdir. Bununla da, cavabdeh Mülki Məcəllənin 385.1-ci və 425.1-ci maddələrinin tələblərini pozmuşdur. İmişli Rayon Məhkəməsinin 21 dekabr 2022-ci il tarixli, e-2(036)-3019/2022 saylı qətnaməsi ilə (sədrlik edən hakim Qurban Hacıyev) iddia qismən təmin edilmiş, Cavabdeh 4451,16 manat əsas borc, 50 manat cərimə borcu və 77,45 manat mələğində dövlət rüsumu olmaqla, cəmi 4578,61 manat məbləğində pulun tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində İmişli Rayon Məhkəməsinin 21 dekabr 2022-ci il tarixli, e-2(036)-3019/2022 saylı qətnaməsinin tam ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı MMC-nin “MKT-İmişli” filialı ilə onun arasında bağlanmış 24 dekabr 2020-ci il tarixli, 21 376 219 saylı müqaviləyə əsasən, cavabdeh 4,85 hektar sahədə pambıq əkib-becərməyi və hər hektardan 25 sentnerdən az olmamaqla istehsal etdiyi məhsulu iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar iddiaçı tərəfindən cavabdehə avans olaraq 5580,90 manat vəsait verilmişdir. Cavabdeh 700 manat məbləğində 1 ton xam pambıq təhvil versə də, iddiaçı bunu nəzərə almamış, cavabdeh bu halı məhkəmədə bildirsə də, qətnamədə göstərilməmişdir. Digər tərəfdən, həmin il quraqlıq və su çatışmazlığı olduğundan məhsuldarlıq çox az olmuşdur. Müqavilənin şərtlərinin yerinə yetirilməməsində cavabdehin günahı yoxdur. Quraqlıq və su çatışmazlığı təbii, cavabdehdən asılı olmayan hadisədir və bunun qarşısını almaq mümkün deyil. İddiaçı və məhkəmə bunu nəzərə almamışdır. Cavabdeh borcun bir hissəsini və cəriməni düzgün hesab etmir. Ekspertiza keçiriləcəyi təqdirdə, onun borcunun xeyli az olması təsdiq oluna bilər. İşə birtərəfli baxılmış, heç bir araşdırma aparılmamışdır. Cavabdeh quraqlıq və su çatışmazlığı barədə iddiaçıya məlumat vermişdir. Lakin iddiaçı bunu nəzərə almamış, məhkəmə də buna hüquqi qiymət verməmişdir. Apellyasiya məhkəməsinin iclasında Cavabdeh apellyasiya şikayətinin məzmununa uyğun çıxış edərək onu müdafiə etdiyini qeyd etdi. Bildirdi ki, pambıq əksə də, su çatışmazlığı səbəbindən sahəyə su verə bilməmişdir. Hal-hazırda da arpa əksə də, su çatışmazlığından sahə yanır. O, iddiaçıya borcu olduğunu qəbul etsə də, hazırda həmin borcu ödəmək üçün vəsaiti olmadığını, şərait yaradılarsa, nə vaxt məhsul əldə etsə, o zaman borcunu ödəyə biləcəyini qeyd etdi. İddiaçıya 625,74 manat məbləğində xam pambıq təhvil verilmiş və həmin pul onun borcundan çıxılmışdır. O, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Apellyasiya məhkəməsinin iclasında İddiaçı MMC-nin nümayəndəsi X2 çıxış edərək apellyasiya şikayətinə etiraz etdi və bildirdi ki, tərəflər arasındakı müqaviləyə əsasən sahənin suvarılması ilə bağlı iddiaçının hər hansı öhdəliyi olmamış, cavabdeh su ilə bağlı problemi haqqında iddiaçıya məlumat verməmişdir. O qeyd etdi ki, cavabdeh tərəfindən verilmiş pambığın dəyəri, eləcə də sonradan edilmiş 500 manat ödəniş onun borcundan çıxılmışdır. Odur ki, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı iş üzrə cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək qətnamənin ləğv edilməsini xahiş etsə də, apellyasiya şikayətinin mahiyyətindən və dəlillərindən görünür ki, o, birinci instansiya məhkəməsinin qətnaməsini iddia tələbinin təmin edilmiş hissəsində mübahisələndirmişdir. Odur ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə yoxlanılmasını və hüquqi qiymət verilməsini düzgün hesab edir. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini, habelə iş materiallarını araşdırıb və sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İşdəki alıcı İddiaçı MMC-nin “MKT-İmişli” filialı ilə satıcı Cavabdeh arasında bağlanmış 24 dekabr 2020-ci il tarixli, 21 376 219 saylı “2021-ci il mövsümü üzrə xam pambığın alğı-satqısına dair” müqavilənin surətindən görünür ki, müqavilənin predmeti 2021-ci il mövsümü üzrə xam pambığın istehsalı üçün zəruri olan vəsaitlərin, malların və aqrotexniki (aqronom məsləhətləri və kənd təsərrüfatı texnikası ilə satıcının sahəsində aparılan işlər) xidmətlərin alıcı tərəfindən satıcıya təqdim olunması və nəticədə müvafiq avans məbləğinin formalaşması, satıcı tərəfindən istehsal olunmuş xam pambıq həcminin bütünlüklə alıcıya təhvil verilib satılması və alıcı tərəfindən ümumi satış dəyərindən avanslar çıxıldıqdan sonra qalan hissəsinin satıcıya ödənilməsindən ibarətdir. Həmin müqaviləyə əsasən, Cavabdeh 4,85 ha torpaq sahəsində pambıq əkir və hər hektardan 25 sentnerdən az olmamaqla istehsal etdiyi xam pambığı bütünlüklə mövcud standartlara və İddiaçı MMC-də saxlanılan etalonlara uyğun olaraq bütünlüklə kondisiya çəkidə, müqavilədə qeyd olunmuş qiymətlərlə İddiaçı MMC-nin mülkiyyətinə tədarük mövsümü vaxtı, lakin 15 noyabr 2021-ci il tarixindən gec olmayaraq təhvil verir. Həmin müqavilənin 2.1.4-cü bəndinə əsasən, satıcının alıcıdan aldığı avans məbləği (hər hansı formada göstərilən xidmətlərin dəyəri daxil olmaqla) tədarük mövsümü vaxtı alıcıya təhvil verdiyi xam pambığın dəyərindən çıxılır və əgər təhvil verilən pambıq avans məbləğin həcmini ödəmirsə, o halda satıcı həmin yaranmış fərqi ödəməyə borcludur. Avans dedikdə bu müqavilə üzrə xam pambığın istehsalı üçün zəruri olan vəsaitlərin, malların və aqrotexniki xidmətlərin alıcı tərəfindən satıcıya təqdim olunması nəticəsində satıcının alıcı qarşısında yaranan borc öhdəliyi nəzərdə tutulur. Həmin müqavilənin 4.2-ci bəndinə əsasən, satıcı müqavilədə göstərilən həcmdə xam pambıq təhvil verməsə, bunun nəticəsində yaranmış əsas borcun hər gecikdirilən gün üçün 0,1 faiz həcmində alıcıya cərimə ödəyir. Əsas borc dedikdə, bu müqavilə ilə bağlı satıcı tərəfindən alıcı qarşısında bu müqavilə üzrə tədarük mövsümü bitənədək ödənilməyən avans məbləği nəzərdə tutulur. İşdəki 01 sentyabr 2022-ci il tarixli maliyyə arayışın surətindən görünür ki, Cavabdeh İddiaçı MMC-yə xx.xx.2022-ci il tarixinə 4451,16 manat əsas, 1290,83 manat cərimə borcu vardır. İş materiallarının 6-7-ci vərəqlərində olan cədvəldən görünür ki, 21 376 219 nömrəli müqavilə üzrə Cavabdeh cəmi 5580,90 manat məbləğində vəsait verilmişdir. xx.xx.2021-ci il tarixində ödənilmiş 220 manat və 284 manat məbləğində ödənişlər, eləcə də, xx.xx.2021-ci il tarixində təhvil verilmiş xam pambığın dəyəri 625,74 manat borc məbləğindən çıxılmış, yekun əsas borc qalığı 4451,16 manat olmuşdur. İşdəki birinci instansiya məhkəməsinin 24 noyabr 2022-ci il tarixli məhkəmə iclasının protokolundan görünür ki, həmin məhkəmə iclasında iştirak edən Cavabdeh çıxış edərək, əsas borcu qəbul etdiyini, lakin cərimə borcu həddindən artıq şişirdildiyi üçün onu qəbul etmədiyini bildirmiş, iddianın qismən təmin olunmasını və cərimə borcunun azaldılmasını xahiş etmişdir. Hazırkı iş üzrə iddiaçı 2021-ci il mövsümü üzrə xam pambığın alğı-satqısına dair 24 dekabr 2020-ci il tarixli, 21 376 219 saylı müqavilə üzrə yaranmış əsas və cərimə borcunun cavabdehdən tutulmasını tələb etmiş, öz tələbini cavabdehə müqavilə üzrə verilmiş avans məbləğinin tam olaraq geri qaytarılmaması və həmin məbləğdə xam pambığın təhvil verilməməsi, cavabdehin gecikdirmə üçün cərimə ödəməyi öhdəsinə götürməsi ilə əsaslandırmışdır. Cavabdeh isə birinci instansiya məhkəməsində aparılan icraat zamanı iddia tələbini qismən qəbul edərək, əsas borc məbləği ilə razı olduğunu, lakin cərimə borcu şişirdildiyi üçün onunla razılaşmadığını bildirmiş, cərimə borcunun azaldılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi isə əsas borca dair hissədə iddianı tam təmin etmiş, cərimə borcuna aid hissədə Mülki Məcəllənin 467-ci maddəsində nəzərdə tutulmuş səlahiyyətindən istifadə edərək cərimə borcu məbləğini 50 manatadək azaltmışdır. Cavabdeh isə sonradan apellyasiya şikayəti verərək, su çatışmazlığı səbəbindən sahəni suvara bilmədiyini və bu səbəbdən xam pambığı iddiaçıya təhvil verə bilmədiyini, bu barədə iddiaçıya məlumat verdiyini, eləcə də, 700 manat dəyərində 1 ton pambığın iddiaçıya təhvil verilməsinin nəzərə alınmadığını, borc məbləğinin düzgün hesablanmadığını, borc məbləğinin müəyyənləşdirilməsi üçün iş üzrə ekspertiza keçirilməsinin zəruri olduğunu bildirmişdir. Məhkəmə kollegiyası ilk öncə bildirir ki, cavabdeh birinci instansiya məhkəməsinin iclasında iştirak etmiş olsa da, iddia tələbinə dair apellyasiya şikayətində bildirdiyi etirazlarını qeyd etməmiş, əsas borcu tamamilə qəbul etmişdir. Bununla yanaşı, cavabdeh onun tərəfindən iddiaçıya təhvil verilmiş xam pambığın dəyərinin borcdan çıxılmadığını bildirsə də, iş materiallarının 6-7-ci vərəqlərində olan cədvəldən də göründüyü kimi, xx.xx.2021-ci il tarixində təhvil verilmiş xam pambığın dəyəri 625,74 manat borc məbləğindən çıxılmışdır. Bundan əlavə, xx.xx.2021-ci il tarixində edilmiş 220 manat və 284 manat məbləğində olan ödənişlər də borc məbləğindən çıxılmış, əsas borcun məbləği hesablanarkən iddiaçı tərəfindən bu ödənişlər və verilmiş xam pambığın dəyəri nəzərə alınmışdır. Qeyd edilən hallar baxımından hazırkı iş üzrə cavabdehin borc məbləğinin müəyyən edilməsi üçün iş üzrə ekspertizanın keçirilməsinə hər hansı zərurət müəyyən olunmur. Bundan başqa, iş materialları ilə cavabdehin öhdəliklərini icra etməsinə su çatışmazlığının mane olması və bu barədə iddiaçının məlumatlandırılması faktı da öz təsdiqini tapmır. Məhkəmə kollegiyası bildirir ki, öz etirazının əsası kimi qeyd edilən hallara istinad edən cavabdeh həmin halları təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməli olsa da, bunu etməmiş, sadəcə formal mülahizələrlə kifayətlənmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İş materiallarından aydın olur ki, iddiaçı tərəfindən cavabdehə 5580,90 manat məbləğində avans vəsaiti verilmiş, cavabdeh tərəfindən bir qədər xam pambığın təhvil verilməsi və müəyyən ödənişlərin edilməsi nəticəsində ödənilməyən yekun avans məbləği 4451,16 manat təşkil etmişdir. İddiaçı tərəfindən cavabdehə 5580,90 manat məbləğində avans vəsaitinin verilməsi, cavabdehin isə ödənilməyən yekun avans məbləği üzrə 4451,16 manat borcunun qalması faktı təsdiq olunduğundan, həmin məbləğin geri qaytarılması ilə bağlı iddiaçının tələbi əsaslıdır. Odur ki, apellyasiya şikayəti əsas borca dair hissədə təmin edilməməlidir. Mülki Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. MM-in 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin cərimə borcuna dair hissəsi ilə bağlı onu bildirir ki, birinci instansiya məhkəməsi həmin hissədə iddianı qismən təmin etməklə, 50 manat məbləğində cərimə borcu müəyyən edərək maddi hüquq normalarını düzgün tətbiq və təfsir etmişdir. Hazırkı işin hallarını nəzərə alan məhkəmə kollegiyası qeyd edir ki, cərimə borcunun məbləğinin apellyasiya şikayəti əsasında daha da azaldılması kreditorun əmlak mənafeləri pozulmasına gətirib çıxaracağından, cərimə borcuna aid hissədə də apellyasiya şikayəti təmin edilməməlidir. İddia tələbi qismən, əsas borca dair hissədə isə tam təmin edildiyindən, birinci instansiya məhkəməsinin iddiaçı tərəfindən ödənilmiş 77,45 manat məbləğində dövlət rüsumunun da cavabdehdən tutularaq iddiaçıya ödənilməsinə dair gəldiyi nəticə MPM-in 107 və 119.1-ci maddələrinin tələbləri baxımından əsaslı olmuşdur. Beləliklə, məhkəmə kollegiyası bildirir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, İmişli Rayon Məhkəməsinin 21 dekabr 2022-ci il tarixli, e-2(036)-3019/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası yekun olaraq hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslandığından iş üzrə İmişli Rayon Məhkəməsinin 21 dekabr 2022-ci il tarixli, e-2(036)-3019/2022 saylı qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olduğuna görə qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və MPM-in 382, 384.0.1, 385.2, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Q Ə T E T D İ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İmişli Rayon Məhkəməsinin 21 dekabr 2022-ci il tarixli, e-2(036)-3019/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Samir Mayılov Hakimlər İlham Əsədov Tofiq Heydərov
Məhkəmə qərarları › İş №2(106)-647/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-647/2023
26.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver