Məhkəmə qərarları › İş №2(106)-649/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-649/2024

17.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-649/2024 17.04.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, X6 və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi Cəlalzadə Məleykə Nüsrət qızının katibliyi ilə, iddiaçı "xxxx" Açıq Səhimdar Cəmiyyətinin Cavabdeh qarşı “sığorta müqaviləsi üzrə subroqasiya qaydasında pulun tutulması” tələbinə dair mülki iş üzrə Xocavənd Rayon Məhkəməsinin 9 yanvar 2024-cü il tarixli 2(069)-4/2024 saylı qətnaməsindən (hakim İ.Əliyev) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı "xxxx" Açıq Səhimdar Cəmiyyəti Cavabdeh qarşı “sığorta müqaviləsi üzrə subroqasiya qaydasında pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə Xocavənd Rayon Məhkəməsinə müraciət edərək, zərər çəkmiş nəqiliyyat vasitəsinin bərpası üçün təmir xərcləri və ƏDV məbləği hesablanmaqla, həyata keçirilmiş sığorta ödənişi əvəzində 2425.42 manat məbləğində vəsaitin, ödənilmiş 44.25 manat dövlət rüsumunun və 0.40 manat bank xidməti haqqının cavabdehdən xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Cavabdeh tərəfindən idarə olunan **-KK-*** dövlət qeydiyyat nişanlı “X12” markalı avtonəqliyyat vasitəsi ilə iddiaçı "xxxx" Açıq Səhimdar Cəmiyyəti tərəfindən “Avtonəqliyyat vasitələrinin tam sığortası” növü üzrə sığortalanmış **- GH-*** dövlət qeydiyyat nişanlı “Toyota Rav 4” markalı avtonəqliyyat vasitəsinə 23 dekabr 2022-ci il tarixində yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurulmuşdur. Hadisə ilə bağlı tərtib olunmuş TP ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən Cavabdeh təqsirli bilinmişdir. Sığortalı **-GH-*** dövlət qeydiyyat nişanlı “Toyota Rav 4” markalı avtonəqliyyat vasitəsinə vurulan zərərin əvəzində sığorta ödənişi verilməsi ilə bağlı "xxxx" Açıq Səhimdar Cəmiyyətinə zərərçəkən müraciət etmişdir. **-GH-*** dövlət qeydiyyat nişanlı “Toyota Rav 4” markalı avtonəqliyyat vasitəsinə dəymiş zərər qiymətləndirilmiş, “zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabat”a əsasən 5495.25 manat məbləğində müəyyən edilmişdir. Zərərçəkmiş sığortalı müəyyən edilmiş zərər məbləği ilə razı olmadığından sığortalı nəqliyyat vasitəsi təmirə yönləndirilmişdir. "xxxx" Açıq Səhimdar Cəmiyyətinin 25 mart 2023-cü il tarixli “Sığorta aktı”na əsasən 5495.25 manat zərər məbləği avtomobilin təmiri üçün "xxxx" MMC-nin hesabına (bu ödənişin 4656.99 manatı təmir xərcləri və ehtiyat hissələrini, 838.26 manat hissəsi isə ƏDV təşkil edir) köçürülmüşdür. Təqsirli tərəfin icbari sığortası "xxxx" ASC olduğundan 3069.83 (üç min altmış doqquz manat səksən üç qəpik) manat icbari sığorta ödənişini "xxxx" Açıq Səhimdar Cəmiyyətinin hesabına ödəmiş və ödənilmiş məbləğ zərər məbləğindən çıxılmışdır. 25 may 2023-cü il tarixində sığorta ödənişi çıxılmaqla qalıq məbləğ olan 2425.42 (iki min dörd yüz iyirmi beş manat qırx iki qəpik) manat subroqasiya hüququ əsasında geri qaytarılması barədə cavabdehə məktub göndərilmiş, lakin cavabdeh həmin məbləği ödəməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Xocavənd Rayon Məhkəməsinin 9 yanvar 2024-cü il tarixli 2(069)-4/2024 saylı qətnaməsi ilə iddia təmin olunaraq, Cavabdeh nəqiliyyat vasitəsinin bərpası üçün həyata keçirilmiş sığorta ödənişi əvəzində 2425.42 manat, ödənilmiş 44.25 manat məbləğində dövlət rüsumu və 0.40 manat bank xidməti haqqının tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək ləğv olunması və iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəməə işin faktiki hallarına münasibətdə dəymiş ziyanı düzgün əsaslandırmadan subyektiv mülahizə əsasında qərar qəbul etmişdir. İddia ərizəsi məhkəməyə 6 noyabr 2023-cü il tarixdə daxil olmuş və hazırlıq iclası 30 noyabr 2023-cü il tarixə təyin etmişdir. Üzürlü səbəblərdən dolayı həmin məhkəmə prosessində iştirak edə bilməmişdir. Düşünür ki, üzürlü və ya üzürsüz olmağından asılı olmayaraq hakimin qərəzli, tələsik şəkildə işi birbaşa məhkəmə baxışına təyin etməsi qanunsuzdur və heç bir məhkəmə praktikasına sığmır. Çünki bütün sübut və vəsatətlərin məhkəmə hazırlıq iclasında təqdim edilməsi nəzərə alınsa, ən azından bir dəfə məhkəmə hazırlıq iclasını təxirə salmaq olardı. Hətta Mülki Prosessual Məcəllənin 166.3-cü maddəsinə əsasən məhkəmənin hazırlıq iclası ərizə məhkəməyə daxil olduqdan sonra 40 (qırx) gündən gec olmayaraq keçirilir. Sonrakı müddətdə işin xüsusiyyətlərindən asılı olaraq daha bir neçə hazırlıq iclası keçirilə bilər. İşin faktiki hallarına münasibətdə isə qeyd etmək istəyir ki, ilk öncə iddiaçı tərəfindən məhkəmədən kənar işin həlli ilə bağlı heç bir bildiriş daxil olmayıb. Elektron məhkəmə portalında bildirişi görmüş, lakin onu əldə etməmişdir. Əldə etmiş olsa idi Poçt haqqında Qanunla nəzərdə tutulmuş sifarişli poçta dair xəbərnamə olardı və həmin xəbərnamədə imzası mütləq olmalı idi. İkincisi, Toyota Rav-4 avtomobilinə dəymiş ziyanın hesablanması ilə razı deyil. Həmin avtomobilə dəymiş ziyan maksimum 3000 manat ola bilər. Üçüncüsü, iddia tələbində və qətnamədə qeyd olunub ki, iddiaçı tərəfindən TOYOTA servisə ödənilmiş məbləğ 5495.25 manatdır. Bu ödənişin 4656.99 manatı təmir xərcləri və ehtiyat hissələrini, 838.26 manat hissəsi isə ƏDV-dir. Təqsirli tərəfin icbari sığortası "xxxx" ASC olduğundan 3069.83 (üç min altmış doqquz manat səksən üç qəpik) manat icbari sığorta ödənişi "xxxx" Açıq Səhimdar Cəmiyyətinin hesabına ödənilmiş və ödənilmiş məbləğ zərər məbləğindən çıxılmışdır. Belə olan halda sual meydana gəlir ki, "xxxx" ASC tərəfindən ödənilmiş 3069.83 manatın içində iddiaçın qeyd etdiyi 838.26 manat vardır yoxsa yox. Bundan başqa tələb olunan 2425.42 manatın nə qədəri ƏDV-dir və ümumiyyətlə nəyə görə ƏDV-ni ödəməlidir. Göründüyü kimi məhkəmə iddiaçının dediklərini sorğu-sual etməmiş, hətta elektron məhkəmə portalından da göründüyü kimi iddiaçının da məhkəmə prosessində fiziki iştirakını görməmiş, iddianı tamamilə təmin etmişdir. Hazırda isə istəyi avtomobilə dəymiş ziyanın müəyyən olunması və iddiaçının qeyd etdiyi məbləğlərin aydınlaşdırılması üçün müvafiq ekspertizaların (qiymətləndirmə, əmtəə, mühasibatlıq) təyin edilməsidir. İddiaçı tərəfindən məhkəmədən kənar işin həlli ilə bağlı heç bir bildiriş daxil olmayıb. Elektron məhkəmə portalında bildirişi görmüş, lakin onu əldə etməmişdir. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: İddiaçı "xxxx" Açıq Səhimdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə 16 aprel 2024cü il tarixdə elektron məhkəmə sistemi vasitəsilə apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək, məhkəmə iclasların çoxluğu və məsafənin uzaq olması səbəbindən məhkəmədə iştirak edə bilməyəcəyini bildirib, apellyasiya şikayəti ilə razı olmadığını qeyd etmişdir. Belə ki, tələb olunmuş məbləğ nəqliyyat vasitəsinə çəkilmiş xərcdir. Yəni, zərərçəkmiş nəqliyyat vasitəsi tərəflərindən zərərçəkmiş nəqliyyat vasitəsinin sahibi müəyyən edilmiş zərər məbləği ilə razı olmadığından təmir olunaraq sahibinə qaytarılmışdır. İş materialarında olan elektron qaimədən və ödəniş tapşırığıdan göründüyü kimi tərəflərindən sığorta ödənişi elektron qaydalara və qanunvericiliyə uyğun olaraq ödənilmişdir. ƏDV hissəsi ilə bağlı isə, Mülki Məcəllənin 21-ci maddəsində qeyd olunmuşdur ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Göründüyü kimi zərərin anlayışı zərərin bərpası üçün ödənilmiş bütün xərclərə (ƏDV-də daxil olmaqla) şamil olunur. Göründüyü ki, sığorta şirkəti müəyyən olunmuş zərər məbləği ilə razı olmayan zərərçəkən şəxsin zərərini bərpa etmiş və bu zaman əlavə olaraq ƏDV ödəmişdir. Belə olan halda Mülki Məcəllənin qeyd olunan 21-ci maddəsi üzrə çəkilmiş xərc cavebdeh tərəfindən tam şəkildə ödənilməlidir. Belə ki, Vergi Məcəlləsinə əsasən Dövlət vergiləri dedikdə, vergi məcəlləsi ilə müəyyən edilən və Azərbaycan Respublikasının bütün ərazisində ödənilməli olan vergilər nəzərdə tutulur. Bu vergilərdən biridə əlavə dəyər vergisidir (ƏDV). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş "Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi qaydalarına əsasən-Elektron qaimə faktura yalnız vergi ödəyicisi kimi uçota alınmış şəxslər tərəfindən hazırlanır və təqdim edilir. Vergi ödəyicisi kimi uçotda olmayan alıcıya iş, xidmət və pərakəndə qaydada mal təqdim edildikdə, ona qəbz və ya çek verilir. Elektron qaimə-faktura vergi ödəyicisi tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsinin portalında yaradılmış elektron qaimə-faktura sistemində Azərbaycan dilində hazırlanır. Vergi ödəyicisi gücləndirilmiş elektron imza vasitəsilə Portala daxil olaraq Qaydaların 2.2.10-cu yarımbəndində nəzərdə tutulan elektron qaimə-faktura istisna olmaqla, digər elektron qaimə-fakturanı hazırlayır, təsdiq edir və göndərir. Vergi ödəyicisi gücləndirilmiş elektron imza vasitəsilə Portala daxil olaraq Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-fakturanı hazırlayır və təsdiq edir. “ƏDV məbləği” sütununda eyni bir sətir üzrə “ƏDV-yə 18 faiz dərəcə ilə cəlb edilən əməliyyatların dəyəri” sütununda göstərilən rəqəmin ƏDV-nin Vergi Məcəlləsinin 173.1-ci maddəsi ilə müəyyən edilən dərəcəsinə vurulmaqla proqram tərəfindən avtomatik hesablanan ƏDV məbləği göstərilir. “Yekun məbləğ” sütununda “malın (işin, xidmətin) dəyəri (ƏDV-siz, manatla)” qrafasının “Cəmi” sütunundakı məbləğlə “ƏDV məbləği (manatla)” və “Yol vergisi (manatla)” sütunlarındakı məbləğlərin cəmi qeyd olunur. Göründüyü kimi qaydalara əsasən elektron qaimə formasına heç bir halda müdaxilə oluna bilməz və əlavə ƏDV hesablana bilməz. Qeyd olunanlara əsasən məhkəmə iclasını iştirakları olmadan keçirib, apellyasiya şikayətini təmin etmədən, birinci instansiya məhkəməsinin qətnaməsinin qüvvədə saxlanılması barədə qətnamə çıxarılmasını xahiş edir. ə)Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Qanunvericililə nəzərdə tutulmuş qaydada məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə məlumatlandırılmış iddiaçı məhkəmədə nümayəndəsi vasitəsilə təmsil olunmamış, cavabdeh hər hansı bir üzürlü səbəb olmadan məhkəmədə iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən mülki iş üzrə tərəflərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırki halda cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya şikayətinin dəlilləri üzrə tam yохlanılmasını düzgün hеsab еdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri mübahisələndirilən qətnamənin apellyasiya qaydasında ləğvinin, yaxud dəyişdirilməsinin əsasını təşkil edə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Bununla belə, tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallarında olan sənədlərlə aşağıdakılar müəyyən olunur: Səbail Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis mayoru Yanar Əliyevin “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 29 dekabr 2022-ci il tarixli qərarının surətindən görünür ki, aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, 23 dekabr 2022-ci ildə təxminə saat 10 radələrində Cavabdeh idarə etdiyi “X13” markalı **- KK-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Bakı şəhəri, Səbail rayonu, Parlament prospekti ilə üzü Milli Məclis istiqamətində iki zolaqlı yolun birinci hərəkət zolağı ilə hərəkətdə olan zaman ara məsafəsini düzgün seçmədiyindən qarşıda dayanan sürücü X3 idarə etdiyi “Mercedes-Benz” markalı **-OD-*** dövlət qeydiyyat nişanlı avtomaşının arxasına, həmin avtomaşın da onun qarşısında dayanmış sürücü X5 idarə etdiyi “Toyota- Rav 4” markalı **-GH-*** dövlət qeydiyyat nişanlı avtomaşının arxasına çırpılmış, həmin avtomaşın zərbənin təsirindən piyada zolağının üzərindən yolu keçməkdə olan piyada X1 qızına dəyərək xəsarət yetirmişdir. Yol-nəqliyyat hadisəsinə dair toplanmış material üzrə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, “X12” markalı **-KK- *** dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsü Cavabdeh “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin İİİ-cü hissəsinə və Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinin tələbinə görə onun inzibati qaydada cəzalanmasından ötrü toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surəti Səbail RPİ-nin DYPŞ-nə göndərilmişdir; 30 dekabr 2022-ci il tarixli İXP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-cı maddəsi ilə təqsirli bilinmişdir; Fizki şəxslərə təqdim edilən avtomobil nəqiyyatı vastələrinin tam sığorta şəhadətnaməsidən görünür ki, “Toyota - Rav 4” markalı **-GH-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi 19 mart 2022-ci il tarixdən 18 mart 2023-cü il tarixədək "xxxx" Açıq Səhimdar Cəmiyyətində sığortalanmış olmuşdur; "xxxx" Açıq Səhimdar Cəmiyyətinin zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair 12 dekabr 2022-ci il tarixli hesabatından və 26 yanvar 2023-cü il tarixli təhvil-təslim aktınından görünür ki, “Toyota RAV 4” markalı **-GH-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi "xxxx" Açıq Səhimdar Cəmiyyəti tərəfindən 5495.25 manat zərər məbləği müqabilində təmir olunaraq səlahiyyətli şəxsə təhvil verilmişdir; "xxxx" MMC tərəfindən "xxxx" ASC-nə təqdim edilmiş 30 yanvar 2023-cü il tarixli EBCN 824836 nömrəli elektron qaimədən görünür ki, **-GH-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin təmir bərpa xərcləri 838.26 manat ƏDV daxil 5495.25 manat təşkil etmişdir; "xxxx" Açıq Səhimdar Cəmiyyətinin 25 mart 2023-cü il tarixli sığorta aktından görünür ki, “Toyota RAV 4” markalı **-GH-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş maddi zərər və sığorta ödənişinin məbləği 5495.25 manat müəyyən edilmiş və "xxxx" MMC-nin hesabına köçürülmüşdür. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin : 386.1-ci maddəsinin məzmununa görə, öhdəliyin əmələ gəlmə əsaslarından biri də zərər vurulmasıdır, 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir), 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1108.1 maddəsinin tələbinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və.i.a istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və.s) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur, 21.2-ci maddəsinin tələbinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış dayda) başa düşülür. 936.1 və 936.2-ci maddələrinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur; Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.7 maddəsinin tələbinə görə Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mülki Məcəllənin 21-ci maddəsinin müddəalarına əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətində gətirdiyi dəlillər qətnamənin ləğvi, yaxud dəyişdirilməsi üçün əsas ola bilməz. Belə ki, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən istifadə etmək, həmin ödənişi vermiş sığortaçının hüququdur və hazırki mübahisə üzrə iddiaçı həmin əsaslardan çıxış edərək subroqasiya qaydasında vermiş olduğu sığorta ödənişi məbləğini zərərvurandan (cavabdehdən) tələb etməkdə haqlı olmuşdur. Sığorta şirkətinin sığortalı nəqliyyat vasitəsinin təmiri ilə əlaqədar çəkmiş olduğu xərclər, o cümlədən ödəmiş olduğu ƏDV məbləği çəkilən real zərərə daxil olduğundan, birinci instansiya məhkəməsi həmin hissədə də, iddianı təmin etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Göründüyü kimi hazırki iddia tələbi üzrə iddianın qiyməti 5000 manatdan aşağı olduğundan, qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 385.2, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Xocavənd Rayon Məhkəməsinin 9 yanvar 2024-cü il tarixli 2(069)-4/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Tale Kərimov Hakimlər: Cahid İmanov Pərviz Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar