Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-666/2023 19.04.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, X5 və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi Umudov Əliheydər Zeynal oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı "aktın etibarsız hesab edilməsi" tələbinə dair mülki iş üzrə Masallı Rayon Məhkəməsinin 24 yanvar 2023-cü il tarixli 2(050)-250/2023 saylı qətnaməsindən (hakim Z.Zeynalov) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Cavabdehnə qarşı “aktın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi Masallı Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh İB tərəfindən tərtib olunmuş 30 sentyabr 2022-ci il tarixli ******* saylı aktın etibarsız hesab edilməsi və həmin akt əsasında ziyan kimi hesablanmış 8640 kub/metr qaz sərfiyyatı borcunun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırmışdır ki, Masallı rayonu, Təzə Alvadı kəndində qeydiyyatda olmaqla yaşayır. Fərdi yaşayış evində təbii qazdan istifadə qaydalarına uyğun olaraq təbii qazla və istifadə olunan təbii qazın dəyərini müəyyənləşdirmək üçün sayğacla təmin olunmuşdur, qaz sayğacı onun yaşadığı evin həyətində quraşdırılmaqla yerləşir, hamı kimi o, da tarif planına uyğun olaraq təbii qazdan istifadəyə görə müəyyənləşdirilmiş ödənişləri edir və heç vaxt abonent kimi öhdəliklərinin icrasından yayınmamışdır. 26 aprel 2022-ci tarixdə Cavabdeh Lənkəran X7 İdarəsinin əməkdaşları ona məxsus fərdi yaşayış evini qazla təchiz edən qaz xəttinə və sayğaca baxış keçirmişlər və növbəti dövlət yoxlaması ilə əlaqədar yoxlamaya aparmışlar. 30 sentyabr 2022-ci il tarixdə sayğacın hesablama mexanizminin qoruyucu qapağına vurulan zavod qurğuşun plombunun kəsilməsi, sonra yapışqan maddə ilə yapşdırılaraq yerinə bərpa olunması müəyyən edilmiş, itirilmiş qazın bərpasına görə dəymiş ziyan məbləği 8640 kub/metr müəyyən edilməklə ödənilməsi tələb olunmuşdur. Hesab edir ki, həmin akt etibarsız hesab edilməli və 8640 kub/metr qaz sərfiyyatı silinməlidir. Belə ki, aktdan da göründüyü kimi aktın tərtib olunmasına sayğacın hesablama mexanizminin qoruyucu qapağına vurulan zavod qurğuşun plombunun kəsilməsi, sonra yapışqan maddə ilə yapşdırılaraq yerinə bərpa olunması əsas olmuşdur. Akt tərtib olunarkən qanunvericiliyin tələbləri pozulmuşdur. Belə ki, "Azəriqaz" İB-nin işçilərinin aktı tərtib etmək səlahiyyətləri yoxdur. Bu səlahiyyət yalnız Azərbaycan Respublikası Energetika Nazirliyinə və Fövqəladə Hallar Nazirliyinə verilmişdir. İdarənin işçiləri ayda iki dəfə olmaqla sayğaca baxış keçirirlər. Əgər belə bir problem olmuşdursa ona 15 günün cəriməsi yazılmalı idi. Sayğac onun həyətində yerləşir. Həmçinin, qaz sayğacları bütün rayon ərazisinə qoyulmuş və üzərinə qoruyucu qutu və ya hər hansı başqa bir qoruyucu vasitə qoyulmamışdır. Bu hal da onu sübut edir ki, küçədən keçən istənilən bir şəxs və ya oyun oynayan uşaqlar həmin sayğaca ziyan vura bilərlər və sayğaca istənilən müdaxiləni edə bilərlər. Belə olan halda o, sayğaca hər hansı bir müdaxiləyə görə məsuliyyət daşıya bilməz. Bütün bunlar onu göstərir ki, tərtib olunmuş akt hansısa maraqlara görə tərtib olunmuşdur. Lakin bütün bunlara baxmayaraq sonradan bilmişdir ki, Cavabdeh Lənkəran X7 İdarəsinin əməkdaşları onun sayğacını yarasız hala düşməsi barədə akt tərtib edərək ona 8640 kub/metr cərimə yazaraq onu cərimələmişlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində İddiaçı iddia tələbini müdafiə edərək bildirmişdir ki, o, sayğaca heç bir müdaxilə etməmişdir, qaz sayğacından istifadə edilməsi və ya hər hansı bir müdaxilənin edilməsi mümkün deyildir, qaz sayğacı həyətdən kənarda deyil, həyətində yerləşir. Birinci instansiya məhkəməsində cavabdehin nümayəndəsi Nümayəndə iddianı qəbul etməyərək rədd olunmasını xahiş edib izahatında göstərmişdir ki, İddiaçı yaşadığı fərdi yaşayış evi təbii qazla təchiz olunmuş və təbii qazdan istifadənin hesablanması üçün oraya sayğac quraşdırılmışdır. Həmçinin qeyd olunmalıdır ki, qaz sayğaclarına hər ayın 10 və 20-nə kimi olmaqla, iki dəfə baxış keçirilir, sayğacın üzərində qoruyucu vardır, iddiaçının ünvanında yerləşən qaz sayğacına baxış keçirilərkən sayğacda müdaxilə izləri aşkar edilmiş və sayğacın hesablama mexanizminin qoruyucu qapağına vurulan zavod qurğuşun plombunun kəsilməsi, sonra yapışqan maddə ilə yapışdırılaraq yerinə bərpa olunması aşkar edildiyi üçün akt tərtib olunmuşdur. Daha sonra isə 30 sentyabr 2022-ci il tarixli akt əsasında dəymiş ziyan hesablanmış və itirilmiş qazın dəyərinin ödənişinin təmin edilməsi qərara alınmışdır. Lakin abonent tərəfindən heç bir ödəniş edilməmişdir. Masallı Rayon Məhkəməsinin 24 yanvar 2023-cü il tarixli 2(050)-250/2023 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmşdır ki, sözügedən qətnamə ilə razı deyil, çünki həmin qətnamə hüquqlarını kobud şəkildə pozur. Eləcədə sübutların düzgün tətbiq olunmaması (düzgün qiymətləndirilməməsi) ilə qəbul edilmişdir. "Azəriqaz" İB yaşadığı evə quraşdırılmış sayğaca baxış keçirib, sayğacı növbəti dövlət yoxlaması adı ilə çıxarıb. Sonradan isə qüsur aktı tərtib etmişlər. Həmin aktı məhkəmə qaydasında mübahisələndirdi. Lakin məhkəmə əsassız olaraq iddianı təmin etmədi. Məhkəmə sayğacın həyətində olmasını əsas gətirərək iddianı təmin etmədi. Sayğacın həyətində olması onun günahı deyil. Kənddə olan bir çox evlərdə Azəriqaz İB tərəfindən sayğac həyətin daxilində quraşdırılmışdır. Kənddə olan bir çox evin həyətində quraşdırılmış sayğaclara cərimə yazılmış və həmin aktlar məhkəmə qaydasında mübahisələndirilmiş və aktlar məhkəmə qətnaməsinə əsasən etibarsız hesab olunmuşdur. Qətnamədən narazı qalan "Azəriqaz" İB apellyasiya şikayəti vermiş və şikayətləri təmin edilməmişdir. Hansı qanunvericilik aktında, hansı müvafiq icra hakimiyyəti orqanının (Nazirlər Kabinetinin) qərarlarında sayğacın həyət daxilində yerləşdiyi halda, həmin sayğaca cavabdehliyi vətəndaşın daşıdığı qeyd edilmişdir və ya harada qeyd edilmişdir ki, belə olan halda iddia tələbi təmin olunmamalıdır. Cavabdehin təqdim etdiyi sübutlar sayğacın onun iştirakı və məlumatı olmadan ekspertizaya göndərildiyini, aktın onun iştirakı və məlumatı olmadan tərtib olunduğunu təsdiq edir. İlkin akt tərtib olunarkən ona başqa heç bir irad, o cümlədən sayğaca kənar müdaxilə edilməsi barədə irad tutulmamışdır. Eyni zamanda ekspertizanın nəticəsinə dair aktda sayğacda aşkar olunmuş qüsur və onun təqsirinin olması müəyyən olunmur. Belə ki, həmin aktda qeyd olunmuş qüsurun bilavasitə onun tərəfindən törədilməsi, qaz sayğacının hesablayıcı mexanizminin qoruyucu qapağına vurulan zavod qurğuşun plombunun kəsilməsi anlamına gələ bilməz. Fiziki şəxs olan istehlakçıya münasibətdə qaz sayğacının və plomblann cavabdehliyini birmənalı şəkildə qaz paylayıcı daşıdığından, həmçinin, qaz sayğacının sıradan çıxmasında bilavasitə istehlakçının təqsiri qanunvericiliklə müəyyən edilmiş qaydada sübut edilmədiyindən, qaz sayğacında aşkar olunan hər hansı nasazlığa görə istehlakçı barəsində heç bir sanksiya tədbiq edilə bilməz. Bundan başqa işin faktiki halları ilə müəyyən olunur ki, mübahisəli akt tərtib edilənə qədər istehlakçı kimi hər ay qaz sərfıyyatının pulunu Azərbaycanda olduğu müddətdə ödəmişdir. Belə olan halda “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən akt tərtib edilən günə qədər qazın dəyərini cavabdeh tərəf iddiaçıdan tələb edə bilməz. Belə ki, qeyd olunan Qanunda göstərilmişdir ki, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfındən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylacısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Eyni zamanda, nəzərə alınmalıdır ki, «Qazdan istifadə qaydalarının 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxsin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Göründüyü kimi, mövcud qanunvericilik, fiziki şəxs olan istehlakçıya münasibətdə bütün hallarda, o cümlədən qaz sağacının cavabdehliyini və plombların qorunmasını birmənalı şəkildə qaz paylayıcısının üzərinə qoymuş və bu işlərin onun hesabına həyata keçirilməsini müəyyən etmişdir. Bu baxımdan da, Cavabdeh İB-nin təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktında aparılan qeydlər qabaqcadan heç bir hüquqi nəticə yarada bilməz və bu əsaslarla Cavabdeh İB tərəfindən istehlakçı barəsində heç bir məsuliyyət tədbiri tədbiq edilə bilməz. Mövcud qanunvericilik məişət qaz qurğusundan istifadə edən istehlakçıya münasibətdə qaz sayğacının zədələnməsində istehlakçının təqsirinin olmaması halında qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi və quraşdırılması vəzifəsini qaz paylayıcısımn üzrənə qoymuşdur. Qaz sayğacının zədələnməsinin istehlakçının təqsiri üzündən baş verməsinin qanunvericiliklə müəyyən edilmiş qaydada sübut edilməsi bilavasitə qaz paylayıcısının vəzifəsidir və bu cür sübutlar olmadan qaz sayğacının dəyərinin ödənilməsi istehlakçıdan tələb edilə bilməz. Məhkəmə işə tələm-tələsik baxaraq əsassız bir qətnamə çıxarmışdır. Mülki işi hər tərəfli və obyektiv araşdırmamış, işin faktiki hallarına düzgün qiymət verməmişdir. Məhkəmə qətnaməsində qaz sayğacının həyətin daxilində yerləşməsini əsas gətirərək iddia tələbini rədd etmişdir. Lakin məhkəmə işi obyektiv araşdırsaydı bilərdi ki, sayğacın həyətin daxilində yerləşməsi onun günahı deyil. Yəni "Azəriqaz" İB-nin əməkdaşları kənd ərazisində sayğacları həyətin daxilində özləri quraşdırmışlar. Hər 15 gündən bir nəzarətçi sayğaca nəzarət edir və ona istifadə etdiyi qazın bildirişini verirdi. Göstərdiyi əsasların heç birini məhkəmə araşdırmamışdır. Hörmətli məhkəmə kollegiyası konkret olaraq məhkəmə sayğacın həyətin daxilində quraşdırılmasını onun iradəsi daxilində olmadığını araşdırmadı. Həmin sayğac 10 il bundan əvvəl quraşdırılmışdır. 10 il bundan əvvəl quraşdırılmış sayğacların yüz faizi həyətin daxilində quraşdırılırdı. Lakin məhkəmə bu həqiqətləri qəbul etmək istəmədi. O iddia tələbində qeyd etmişdir ki, sayğaca müdaxilə etməmişdir. Burada sübutetmə yükü cavabdeh təşkilatın üzərinə düşür. Lakin hakim isə nədənsə sübutetmə yükünü onun üzərinə qoymuşdur. Bu da işin bütün nəticəsinə təsir edir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə məlumatlandırılmış iddiaçı məhkəmədə nümayəndəsi vasitəsilə təmsil olunmamış, cavabdeh iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən mülki iş üzrə tərəflərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırki halda iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddiasının təmin olunmasını xahiş etməklə qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin iddiaçıya münasibətdə, apellyasiya şikayətinin dəlilləri üzrə tam yохlanılmasını düzgün hеsab еdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin apellyasiya qaydasında ləğvinin, yaxud dəyişdirilməsinin əsasını təşkil edə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən, tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Belə ki, iş materiallarında olan Cavabdeh qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında 26 aprel 2022-ci il tarixli, ******* nömrəli aktından görünür ki, Masallı rayonu, Təzə Alvadı kəndində yaşayan istehlakçı İddiaçı məxsus fərdi yaşayış evinin qaz sayğacı növbəti dövlət yoxlaması üçün çıxarılmış və yenisi ilə əvəz olunmuşdur. Aktda sayğacın zavod plombunun kəsildiyi qeyd olunub, akt abonent İddiaçı tərəfindən imzalanmaqla, təsdiq edilib. İş materiallarında olan Cavabdeh Lənkəran X7 İdarəsinin rəisi Namiq Məmmədov tərəfindən təsdiq edilmiş 30 sentyabr 2022-ci il tarixli tələbnamədən görünür ki, Masallı rayonu, Təzə Alvadı kəndində yaşayan istehlakçı İddiaçı məxsus fərdi yaşayış evinin qaz sayğacına müdaxilə və qaz itkisi olduğu üçün qaz sayğacının nominal qaz sərfi 4 kub/metr/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə, itirilmiş qazın bərpası üçün hesabatın aparılması və hesablanmış məbləğin ödənilməsi qərara alınmışdır. Cəmi 8640 kub/metr itirilmiş qaz hesablanmışdır. İş materiallarında olan Cavabdeh Lənkəran X7 İdarəsinin Masallı XS-in rəisi tərəfindən təsdiq edilmiş 30 sentyabr 2022-ci il tarixli, ******* nömrəli aktdan görünür ki, Masallı rayonu, Təzə Alvadı kəndində yaşayan istehlakçı İddiaçı məxsus fərdi yaşayış evində qaz sayğacında sayğacın hesablama mexanizminin qoruyucu qapağına vurulan zavod qurğuşun plombunun kəsilməsi, sonra yapışqan maddə ilə yapşdırılaraq yerinə bərpa olunması aşkar olunmuşdur. İş materiallarında olan Cavabdeh qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında 26 aprel 2022-ci il tarixli, ******* nömrəli aktından görünür ki, Masallı rayonu, Təzə Alvadı kəndində yaşayan istehlakçı İddiaçı məxsus fərdi yaşayış evinin qaz sayğacı növbəti dövlət yoxlaması üçün çıxarılmış və yenisi ilə əvəz olunmuş və Cavabdeh Lənkəran X7 İdarəsinin Masallı XS-nin rəisi tərəfindən təsdiq edilmiş 30 sentyabr 2022-ci il tarixli, ******* nömrəli aktla müəyyən edilmişdir ki, istehlakçı İddiaçı məxsus fərdi yaşayış evində qaz sayğacında sayğacın hesablama mexanizminin qoruyucu qapağına vurulan zavod qurğuşun plombunun kəsilməsi, sonra yapışqan maddə ilə yapışdırılaraq yerinə bərpa olunması aşkar olunmuşdur. İş materiallarında olan Cinayət işinin başlanmasının rədd edilməsi haqqında 07 may 2022-ci il tarixli qərarın məzmunundan görünür ki, iddiaçı X3 27 aprel 2022-ci il tarixdə DİN-in 102 xidməti zəng mərkəzinə zəng edərək və Masallı RPŞ-nə ərizə yazaraq 2022-ci ilin yanvar ayında özünü Masallı rayon Qaz İstismar İdarəsinin əməkdaşları kimi təqdim edən şəxlər tərəfindən yaşadıqları ünvanda quraşdırılmış qaz sayğacına qanunsuz müdaxilə olunduğunu, sayğacın plombunun həmin şəxlər tərəfindən qırıldığını, 24 aprel 2022-ci il tarixdə isə müdaxilə olunduğu üçün sayğacın Lənkəran RQİİ-nin Masallı Xidmət sahəsi tərəfindən dəyişdirildiyini bildirmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 nömrəli Qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.1-ci bəndinə əsasən qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhəddində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, AR Standartlaşdırma, Metrologiya və Patent üzrə DK (bundan sonra-SMPDK) tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz hesabına həyata keçirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə kollegiyası işin müəyyən edilmiş hallarına maddi hüquq normalarının tələbləri nəzərə alınmaqla hüquqi qiymət verərkən aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Yuxarıda qeyd olunan maddi hüquq normalarına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Yalnız bu əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. İşin hallarından iddiaçıya münasibətdə qeyd olunan halların hər biri mövcuddur. Tərəflər arasında bağlanmış "Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə”nin 2.3.4-cü yarımbəndinə əsasən istehlakçı (iş üzrə iddiaçı) təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir. İddiaçı iddiasında mübahisələndirdiyi aktın etibarsız hesab edilməsi üçün hər hansı bir arqument gətirməmiş, yeganə dəlili isə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısının daşıması olmuşdur. Halbuki sayğac iddiaçının bilavasitə həyətinə quraşdırılmışdır, iddiaçının icazəsi olmadan kiminsə həyətə girməsi, orada hər-hansı bir işi görməsi mümkünsüzdür. Həyətdə quraşdırılan qaz sayğacının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcı daşısa da, bu halda qazpaylayıcının məsuliyyəti sayğaca kənar müdaxilə olmadan, sayğacın normal istifadəsi zamanı yarana biləcək qüsurlar üçün müəyyən oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi, yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə yekun nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi təqdim olunmuş sübutları işin halları üzrə düzgün qiymətləndirmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməklə qanuni və əsaslı nəticəyə gəlmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 77.2, 217.2, 372, 385.2, 386, 392, 393 və 402-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Masallı Rayon Məhkəməsinin 24 yanvar 2023-cü il tarixli 2(050)-250/2023 saylı qətnaməsi İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kasasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-666/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-666/2023
19.04.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver