Məhkəmə qərarları › İş №2(106)-675/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-675/2023

04.04.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-675/2023 04.04.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 Əsədov (sədrlik edən və məruzəçi), Samir İlham oğlu Mayılov və Tofiq Xudayar oğlu Heydərovdan ibarət tərkibdə, Füzuli Rayon Məhkəməsinin 28 noyabr 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə (ASC-yə) qarşı qanunsuz hesablanmış borcun silinməsi tələbinə dair mülki işə yazılı məhkəmə icraatında qaydasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, fərdi yaşayış evinə su sayğacının quraşdırılmasından əvvəlki dövr üçün, yəni 2017-2018-2019 və 2020-ci ilin avqust ayınadək hesablanmış su sərfiyyatına görə Cavabdeh ASC-nin 5 nömrəli Regional Sukanal İdarəsinin X3 tərəfindən tərtib edilmiş abonent kartına əsasən qanunsuz olaraq tələb olunan 230,40 manat əsassız borcun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Füzuli rayonu, Horadiz şəhəri, S.Şuşinski küçəsində qeydiyyatda olmaqla yaşayır və məcburi köçkündür. xx.xx.2020-ci il tarixdə yaşadığı evində su sayğacı quraşdırılmışdır. Həmin vaxtadək həyətində su xətti olmamış, o, həyətinə su artezian mühərriki quraşdırıb və quyu suyundan istifadə etmişdir. Lakin ona Cavabdeh ASCnin 5 nömrəli Regional Sukanal İdarəsinin X3 tərəfindən təqdim edilmiş “Abonent Kartı”-dan məlum olmuşdur ki, sudan istifadəyə görə 2017-ci il üçün 59 manat borc, 2018-ci il üçün 64 manat borc, 2019-cu il üçün 60.50 manat və 2020-ci il üçün 46.90 manat olmaqla, cəmi 230.40 manat borc gəlmişdir. Halbuki, su sayğacı xx.xx.2020-ci il tarixdə quraşdırılmışdır. Abonent kartında əsassız olaraq 2017, 2018, 2019 və 2020-ci ilin avqust ayınadək olan dövr üçün su sərfiyyatına görə borc yazılmışdır. Birinci instansiya məhkəməsində iddiaya münasibət bildirilməsi ilə bağlı cavabdehə müvafiq bildiriş göndərilmiş, müəyyən edilmiş müddət ərzində cavabdehin münasibət məktubu məhkəməyə daxil olmadığından işə sadələşdirilmiş icraat qaydasında baxılmışdır. Füzuli Rayon Məhkəməsinin (hakim Y.Həşimov) 28 noyabr 2022-ci il tarixli qətnaməsi ilə İddiaçı iddiası təmin olunmuş, İddiaçı Cavabdeh ASC tərəfindən 2017-ci ildən 2020-ci ilin avqust ayınadək əsassız hesablanmış 230,40 manat borcun silinməsi qət edilmişdir. Qətnamədən Cavabdeh ASC apellyasiya şikayəti vermişdir. Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuşdur. Şikayətə görə, istehlakçıya verilmiş suyun və axıdılmış tullantı sularının həcmi və buna görə ödənilməli olan vəsaitin məbləği suölçən cihazın göstəricisinə uyğun və ya hesablama yolu ilə müəyyən edilir. İş üzrə də mübahisəli borc mənzildə qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə hesablanmış borc məbləğidir. Yaranmış borc iddiaçının istifadə etdiyi, lakin dəyərini ödəmədiyi borc məbləğidir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasında sadələşdirilmiş icraat qaydasında baxılmış mülki iş üzrə qətnamədən verilmiş apellyasiya şikayətinə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 394-1.2-ci maddəsinə əsasən yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və dinlənilmək üçün tərəflər çağırılmadan apellyasiya qaydasında baxılacağı barədə müvafiq bildiriş göndərilmiş, 27 mart 2023-cü il tarixə qədər şikayətə qarşı əsaslandırılmış yazılı etiraz və ya vəsatətin Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına göndərmək hüququnun olduğu bildirilmişdir. Müəyyən edilmiş müddət ərzində şikayətə qarşı yazılı etiraz və ya vəsatət məhkəməyə daxil olmamışdır. Məhkəmə Kollegiyası məruzəni dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. "Su təchizatı və tullantı suları haqqında" Azərbaycan Respublikası Qanununun 30-cu maddəsinin 1-ci hissəsində qeyd olunur ki, su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir), istehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli, 262 saylı Qərarının 7.4-cü bəndində deyilir ki, əhali qrupuna aid olan istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim olunmalıdır. Belə mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayında dəyişikliklər olduqda, istehlakçı bu faktı təsdiq edən sənədi ən geci 7 (yeddi) iş günü müddətində STKM-ə təqdim etməlidir. STKM hesablamanı sənəd təqdim edildiyi gündən sənəddə göstərilən məlumata uyğun aparmalıdır. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim edilmədikdə su təchizatı və tullantı suları barədə hesabat ölkə üzrə ailə tərkibinin müəyyənləşdirilmiş orta statistik say tərkibinə uyğun olaraq aparılır. İddiaçının bildirdiyinə görə onun mənzilinə 25 sentyabr 2020-ci ildə su sayğacı quraşdırılmışdır. İş materialına əlavə edilmiş Füzuli rayon İHB-nin Horadiz şəhəri inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 1981 saylı arayışdan görünür ki, İddiaçı yaşadığı Füzuli rayonu, Horadiz şəhəri, S.Şuşinski küçəsində yerləşən fərdi yaşayış evində 2020-ci ilə qədər içməli su xətti olmamışdır. xx.xx.2022-ci il tarixli ətraflı abonent kartından görünür ki, ünvan 1 ünvanında yaşayan İddiaçı 4 nəfər ailə üzvünə görə 2017-ci il üçün 59 manat, 2018-ci il üçün 64 manat, 2019-cu il üçün 60,5 manat və 2020-ci ilin asvqust ayına kimi 46,9 manat olmaqla cəmi 230.40 manat borc hesablanmışdır. Beləliklə, İddiaçı evində su xətti olmadığı halda cavabdeh müəssisə tərəfindən əsassız olaraq sudan istifadəyə görə həmin illər üzrə cəmi 230,40 manat borc hesablanmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Mülki Məcəllənin 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kollegiya hesab edir ki, iddiaçı öz tələbini əsaslandıra bilmiş, cavabdeh tərəf öz etirazını əsaslandıra və sübuta yetirə bilməmişdir. Kollegiya iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və hesab edir ki, məhkəmə iddianı təmin edərkən doğru qənaətə gəlmişdir. Beləliklə, Kollegiya apellyasiya şikayətinin dəlillərini əsassız sayır və hesab edir ki, şikayətdə göstərilənlər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Apellyasiya şikayəti təmin edilmədiyindən, şikayətin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehə aid edilir. Hazırki halda mübahisələndirilən hissədə iddianın qiyməti (azaldılması tələb edilən məbləğ) Qanunla müəyyən edilmiş həddən az olduğu üçün qətnamədən kassasiya qaydasında şikayət verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 382, 384.0.1, 392 və 393-cü maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qətetdi: Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin apellyasiya şikayəti təmin edilməsin. Füzuli Rayon Məhkəməsinin 28 noyabr 2022-ci il tarixli, 2(064)-2056/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya qaydasında şikayət verilə bilməz. Sədrlik edən İlham Əsədov Hakimlər Samir Mayılov Tofiq Heydərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar