Məhkəmə qərarları › İş №2(106)-681/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-681/2025

23.04.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-681/2025 23.04.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Novruzova Aytən Nazim qızı (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Sadıqov Mirlətif Süleyman oğlundan ibarət tərkibdə, Alıyev Zaməddin Fariz oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun azaldılması” tələbinə dair Masallı Rayon Məhkəməsinin 2(050)-131/2025 saylı, 16 yanvar 2025-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İşin halları İş materiallarında olan Cavabdeh Lənkəran X5 İdarəsinin rəisi Namiq Məmmədov tərəfindən təsdiq edilmiş 31 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Masallı rayonu, Şərəfə kəndində yaşayan istehlakçı X3 məxsus fərdi yaşayış evində “Qazdan istifadə qaydalarının” tələblərinə zidd olaraq sayğacdan kənar qeyri-qanuni xətt vasitəsi ilə təbii qazdan istifadə olunduğu üçün qaz sayğacının maksimal saatlıq qaz sərfinin 6 m3/saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 360 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış məbləğin ödənilməsi qərara alınmışdır. Cəmi 25920 m3 itirilmiş qaz hesablanmışdır. İş materiallarında olan Cavabdeh Lənkəran X5 İdarəsi tərəfindən təsdiq edilmiş 24 yanvar 2024-cü il tarixli, ******* nömrəli aktdan görünür ki, Masallı rayonu Şərəfə kəndində yaşayan istehlakçı İddiaçı məxsus fərdi yaşayış evində sayğacdan kənar qeyri-qanuni olaraq təbii qazdan istifadə etməsi aşkar olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini X2 filialının 20 iyun 2024-cü il tarixli, MN№1276816 saylı qərarından görünür ki, İddiaçı İnzibati Xətalar Məcəlləsinin 282.1-ci müddəsi ilə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "Azəriqaz İB"-nin Lənkəran X5 idarəsi tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, ******* nömrəli aktın etibarsız hesab olunması və həmin akt əsasında hesablanmış ziyan kimi 25920 m3 qaz sərfiyyatının və ona əsasən borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Masallı şəhərinin Şərəfə kəndində özünə məxsus fərdi yaşayiş evi vardır və ev təbii qazdan istifadə qaydalarına uyğun olaraq təbii qazla və istifadə olunan təbii qazın dəyərini müəyyənləşdirmək üçün sayğacla təmin olunmuş, o da tarif planına uyğun olaraq təbii qazdan istifadəyə görə müəyyənləşdirilmiş ödənişləri etmişdir, heç vaxt abonent kimi öhdəliklərinin icrasından yayınmamışdır. "Azəriqaz"İB Lənkəran X5 idarəsinin əməkdaşları 24 yanvar 2024-cü il tarixində onun təbii qaza yaranan borcuna görə onu heç bir xəbərdarlıq etmədən təbii qazı qaynaqla kəsib xəttdən ayırdılar. O, evə gəldikdən sonra qış vaxtı evində olan az yaşlı övladlarının soyuqda donduqlarını görüb məcbur qalıb həmən gecəni qaz xəttinin aşağısında olan birləşdirici krana xətti birləşdirib bir gecəni keçirtmək istəmişdir. Bu Azəriqazın nümayəndələri belə bir şərait yaradıblar ki, məcbur qalıb xəttə qoşulan vətəndaşı küllü miqdarda cərimə yazaraq borclandıralar həmən gecə onu güdən nümayəndələr bir saat işlətdiyi qaza görə onu 25920 m3 küllü miqdarda cərimə yazaraq özlərinin sildikləri itmiş qaz pulunu kasıb insanlara bölüblər. Ona cəriməni yazdıqlarından bu günə kimi xəbəri olmamışdır. Sistemdə belə görsənməyən yazılmış qeyri qanuni cəriməni o, Asan xidmətdən aldığı ******* nömrəli aktı aldıqdan sonra görmüşdür ve idərəyə müraciət etmişdir. Dedilər get ver məhkəməyə. Ondan dəymiş ziyan olaraq itirilmiş qazın bərpası kimi məbləğin ödənilməsini tələb etmişlər. Həmin akt etibarsız hesab olunmalı və 25920 m3 qaz sərfiyyatı silinməlidir. Ona məxsus olan yaşayış evində aktda qeyd olunan aqreqatlar qaz avadanlıqları olmayıb. Onun qazı borca görə səhər o, evdə olmayanda qaynaqla kəsilmişdir. O, evə gəlib evində xəstə olduğu üçün qaynaqın alt hissəsində olan krana rezin boruyla bir saat sayğacdan keçməklə işlətmişdir. Bir saat ərzində o evində olan bir iki gözlü piltəylə maksimum 10 manat qaz yandıra bilər. Azəriqaz isə ona 3100 manata qədər haqsız olaraq cərimə yazıb ondan pulunu tələb edir. Tərtib olunmuş aktlar əsassızdır, heç bir ekispertiza təyin edilmədən və ekspert rəyi olmadan belə bir nəticəyə gələrək qanunsuz akt tərtib edərək cərimə yazırlar. Halbu ki, qaz sayğaclarına olan müdaxilənin və itirilmiş qaz sərfiyyatının müəyyənləşdirməsindən ötrü müvafiq ekispertiza keçirilməli və ekispert rəyi alındıqdan sonra həmən rəyin bir nüxsəsi istifadəçiyə təqdim edilməklə şahidlərin iştirakı ilə və müvafiq qaydada çəkiliş aparmaqla akt tərtib olunmalıdır ki, Qaz istismar əməkdaşları bu qaydalara riayət etməməklə qanunsuz akt tərtib etmişlər. Tərtib etdikləri aktları bir ay sonra onlar Masallı Asan Xidmət mərkəzindən ala bilmişlər. Bütün bunlar isə onu göstərir ki, tərtib olunmuş akt sadəcə müəyyən maraqlara xidmət etmək üçün tərtib olunmuşdur. Ona görə də aktın etibarsız hesab olunması üçün məhkəməyə müraciət etməli olmuşdur. Sonradan İddiaçı tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, borcun azaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək akta əsasən ziyan kimi hesablanmış 25920 m3 qaz sərfiyyatının azaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh təşkilat məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş və etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdeh təşkilatın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Masallı Rayon Məhkəməsinin (hakim Zeynal Zeynalov) 2(050)-131/2025 saylı, 16 yanvar 2025-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı abonent hesabına 24 yanvar 2024-cü il tarixli, ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında akta əsasən ziyan qismində hesablanmış cərimə məbləği 25920 kub metrdən 4320 kub metrə azaldılması qət edilmişdir. Məhkəmə mövqeyini “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 3, 26, maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli, 80 nömrəli Qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 3.1.10, 3.1.11, 5.2, 6.5, 6.5-3-cü bəndlərinə istinad etməklə əsaslandırmış və qeyd etmişdir ki, hazırki iş üzrə tələb edilən zərərə görə iddiaçının təqsirliliyini təsdiq edən heç bir sübut işə əlavə edilməmiş və cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Cavabdeh təşkilat iddiaçının hesabına sayğacdan kənar qanunsuz qoşulma halının mövcud olmasına görə hesabat apararkən orta günlük iş rejimini 12 saat müəyyən etməklə yanlışlığa yol vermişdir. Halbuki, Qaydaların qeyd edilən müddəalarından görünür ki, məişət abonentlərinə münasibətdə hesabat sutkanın 12 saatı nəzərə alınmaqla aparılmalı idi. Cavabdeh təşkilat hesabat müddətini 360 gün (12 ay) qəbul etməklə cəriməni hesablamışdır. Halbuki, bu cür hesabat sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək aparıla bilərdi. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Qətnamədən cavabdeh “Azəriqaz" İstehsalat Birliyi apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətində göstərmişdir ki, iddiaçının təqsirli hərəkətləri nəticəsində cavabdehə dəymiş zərər qiymətləndirilərək, iddiaçıya aid olan abonent koduna hesablanmışdır. Lakin birinci instansiya məhkəməsi bu halı nəzərə almamış, iddia tələbini təmin edərək, səhv qətnamə qəbul etmişdir. İddiaçı ilə cavabdeh arasında bağlanmış “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə”nin 2.3.4-cü yarımbəndinə əsasən istehlakçı (iş üzrə iddiaçı) təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir. Göründüyü kimi, iddiaçının zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməli nəticəsində cavabdehə dəymiş maddi zərər tam həcmdə ödənilməlidir. Lakin birinci instansiya məhkəməsi iddia tələbini təmin etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Apelyasiya instansiyası məhkəməsində icraat Proses iştirakçılarının izahatı: Apellyasiya baxışında İddiaçı apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, o, apellyasiya baxışında iştirak etməmişdir. Məhkəmə kollegiyası məhkəmə icraatının tezliyinin təmin olunması baxımından Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə cavabdehin nümayəndəsinin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Qətnamədən cavabdeh tərəf apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirdiyindən qətnamə bütövlükdə yoxlanılır. Tətbiq edilən hüquq: “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 3-cü maddəsinə görə öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafelərinin müdafiəsinə təminat verir. Maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafıəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfıyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 nömrəli Qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 3.1.10-cu maddəsinə əsasən, qazdan səmərəli istifadə, qaz qurğularının etibarlı və təhlükəsiz istismar edilməsi məqsədilə qaz paylayıcısı bu Qaydaların 2.11-1-ci ve 2.11-2-ci bəndlərinin tələbləri nəzərə alınmaqla istehlakçıların qaz sayğaclarının işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə yaşayış sahələrinin daxilində quraşdırılmış qaz sayğaclarına 6 (altı) ayda 1 (bir) dəfə, digər qaz sayğaclarına isə 3 (üç) ayda 1 (bir) dəfə onlara baxış keçirməli, nəticəsini aktla rəsmiləşdirməli və aktın 1 (bir) nüsxəsini istehlakçıya təqdim etməlidir. 3.1.11-ci maddəsinə əsasən, qazdan səmərəli istifadə, qaz qurğularının etibarlı və təhlükəsiz istismar edilməsi məqsədilə qaz paylayıcısı qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma hallarının qarşısının alınması məqsədilə qaz paylayıcısı tərəfindən müəyyən edilən, lakin bu Qaydaların 3.1.10-cu yarımbəndində nəzərdə tutulan qaydada və müddətlərdə şəbəkəyə baxış keçirməli və nəticəsini aktla rəsmiləşdirməlidir 6.5-ci maddəsinə əsasən, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir 6.5-3-cü maddəsinə əsasən, istehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2.-ci maddəsinə əsasən Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.-ci maddəsinə əsasən Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88.-ci maddəsinə əsasən Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1.-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3.-ci maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 372.1.-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.7.-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənini maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016cı il 23 fevral tarixli Qərarı: Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Kollegiya aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Hüquqqoruyucu öhdəlik münasibətləri müqavilə əsasında əmələ gəlmir. Bu cür münasibətlər zərər vurmaqdan, ziyan yetirməkdən və ya əsassız varlanmadan əmələ gəlir. Həmin münasibətlər iki cür olur: delikt öhdəlik münasibətləri; əsassız varlanma ilə bağlı olan öhdəlik münasibətləri. Delikt öhdəlik münasibətləri zərər vurmaq nəticəsində əmələ gəlir. Zərərin əvəzinin ödənilməsi mülki hüququn əsas prinsiplərindən biridir və bu, hüquq pozuntularının nəticələrinin aradan qaldırılması və zərərçəkmiş şəxsin pozulmuş hüquqlarının bərpası üçün nəzərdə tutulur. Mülki hüquqda zərərin ödənilməsi üçün dörd əsas ünsür mövcud olmalıdır:

1. Zərərin mövcudluğu Birinci və əsas şərt zərərin faktiki olaraq mövcud olmasıdır. Zərər əgər real olaraq baş verməyibsə, onun kompensasiyası da tələb edilə bilməz.

2. Hüquqazidd hərəkət və ya hərəkətsizlik Zərərin yaranmasına səbəb olan hərəkət və ya hərəkətsizlik hüquqazidd olmalıdır. Bu o deməkdir ki, zərər üçün cavabdeh olan şəxs qanunu, müqavilə öhdəliklərini və ya digər hüquqi normaları pozmuş olmalıdır. Məsələn, əmək müqaviləsi əsasında işləyən bir şəxs qanunsuz olaraq işdən çıxarılarsa, bu, hüquqazidd hərəkət sayılır və ya bir şəxs təhlükəli şərait yaratdığı halda bunun qarşısını almaq üçün heç bir tədbir görmürsə, bu, hüquqazidd hərəkətsizlik hesab edilir. 3.Səbəb-nəticə əlaqəsi Zərərin yaranması ilə hüquqazidd hərəkət arasında birbaşa əlaqə olmalıdır. Başqa sözlə, əgər hüquq pozuntusu baş verməsəydi, zərər də yaranmazdı. Məsələn, tikinti şirkəti təhlükəsizlik qaydalarına əməl etmədiyi üçün binanın uçması nəticəsində insanların əmlakına ziyan dəyirsə, burada səbəb-nəticə əlaqəsi açıq-aşkardır. 4.Zərər vuran şəxsin təqsirli olması. Hazırki işdə zərərin mövcud olması işin mübahisəsiz halıdır. Mübahisə predmeti borcun azaldılması tələbidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə aşağıdakı kimi münasibət bildirir. Apellyasiya şikayətində qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi iş materiallarında olan abonentə dair SALDO-da yer almış məlumatları da araşdırmamışdır. Belə ki, əgər SALDO-ya nəzər salsaq görərik ki, əvvəlki illərin konkret ayları ilə müqayisədə abonentin təbii qaz sərfiyyatı çox azdır. Abonentin bir ayda 1 və ya 2 metr kub qaz istehlak etməsi “ağlabatan” deyil. Abonent alternativ enerji mənbəyindən istifadə etməsi barədə heç bir subut təqdim etməmiş, eləcə də, məhkəmə butun bunları tam, obyektiv və hərtərəfli araşdırmamışdır. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Göründüyü kimi İddiaçının zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməli nəticəsində cavabdehə dəymiş maddi zərər tam həcmdə ödənilməlidir. Lakin birinci instansiya məhkəməsi iddia tələbini təmin etmişdir. Kollegiya qeyd edir ki, iddiaçı tərəfindən zərərin mövcudluğu inkar edilmir və məhkəmə araşdırmasının predmeti deyildir. Zərərin əvəzində yaranmış borcla bağlı isə birinci instasniya məhkəməsinin gəldiyi qənaət doğru olmuşdur. Belə ki, zərərin düzgün hesablanmadığı halda Azərbaycan Respublikasının 1096-cı maddəsinə istinad edərək, zərərin əvəzinin tam ödənilməsini təmin etmək ədalətlilik prinsipinə ziddir. Belə ki, Kollegiya iddianın 25920 kub metr qaz sərfiyyatına görə hesablanmış borcun azaldılmasına münasibətdə qeyd edir ki, tərtib edilmiş ******* nömrəli aktdan görünür ki, baxışın keçirilməsi və qeyd olunan nöqsanın aşkar edilməsi 24 yanvar 2024-cü il tarixə təsadüf edir. Həmçinin iş materiallarına əlavə edilmiş “Abonentin saldosundan” görünür ki, 2024-cü ilin bütün ayları üzrə müəyyən məbləğlərdə sərfiyyat hesablanmışdır. Bu isə onu deməyə əsas verir ki, eyni ilin yanvar ayında da istifadəçinin sayğacına baxış keçirilmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, dəymiş ziyanın məbləğinin 360 gün (12 ay) hesabat müddəti hesablanması həddən artıq çoxdur və bu səbəbdən də 90 gün (3 ay) hesabat müddəti ilə hesablanmalıdır. Qeyd olunanları nəzərə alaraq aşağıdakı qaydada hesabat aparılmalı və borc məbləği azaldılmalıdır. Cavabdeh təşkilat hesabat müddətini 360 gün (12) ay qəbul etməklə cəriməni hesablamışdır. Halbuki, bu cür hesabat sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək aparıla bilərdi. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Şurasının xx.xx.2011-ci il tarixli, 11 nömrəli Qərarının 1 saylı Əlavəsində müxtəlif diametrli qaz kəmərlərində qaz sərfinin hesablanması cədvəlinə əsasən 15 mm-lik borunun en kəsiyindən minimal təzyiq həddində keçən qazın maksimal saatlıq sərfi 4 m³/saat üçün orta günlük iş rejimi 12 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmalı və hesablanmış məbləğ iddiaçının abonent hesabına cərimə borcu olaraq əlavə edilməlidir. Beləliklə, birinci instansiya məhkəməsi haqlı olaraq, İddiaçı abonent hesabına 24 yanvar 2024-cü il tarixli, ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında akta əsasən hesablanmış ziyan 25920 kub metrdən 4320 kub metrə azaldılması qənaətinə gəlmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində qeyd edilən prinsip, hüquq sisteminin ən əsas prinsiplərindən biri olan “sübutetmə yükü” prinsipini özündə əks etdirir. Bu prinsipə əsasən, hər bir tərəf öz irəli sürdüyü iddiaların və ya qarşı tərəfə yönəltdiyi etirazların hüquqi əsasını sübut etmək vəzifəsini daşıyır. Bu, məhkəmə mübahisələrinin ədalətli şəkildə həll olunması üçün zəruri bir mexanizmdir. Sübutetmə yükü prinsipi yalnız tərəflərin öhdəliklərini deyil, həm də məhkəmənin funksiyasını müəyyən edir. Məhkəmə tərəflərin təqdim etdiyi sübutları obyektiv və qərəzsiz şəkildə dəyərləndirir. Sübutların mötəbərliyini, əlaqəliliyini və kifayətliliyini yoxlayır. Eyni zamanda, məhkəmə tərəflərin sübutetmə öhdəliyini yerinə yetiribyetirmədiyini qiymətləndirir. Bu prinsip məhkəmələrdə mübahisələrin həlli zamanı aşağıdakı məqsədləri təmin edir: 1.Ədalətli qərar qəbul etmək-Məhkəmə yalnız təqdim olunan sübutlar əsasında qərar qəbul edir və tərəflərin hər birinin mövqeyini əsaslandırmaq üçün eyni imkanlara malik olmasını təmin edir. 2.Həqiqətin müəyyən olunması-sübutetmə yükü tərəflərin prosessual aktivliyini artıraraq, faktiki halların tam və hərtərəfli araşdırılmasını təmin edir. Kollegiya qeyd edir ki, cavabdeh tərəf yalnız formal mülahizələr irəli sürmüş, əsaslandığı halları, o cümlədən iddiaçının borcunun yaranmasını təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 100-cü maddəsinin 3-cü bəndinə görə məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin həlli baxımından düzgün qənaətə gəlmişdir. Apellyasiya şikayətini təmin etmək üçün əsas yoxdur, odur ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirələn hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırki halda mübahisələndirilən hissədə iddianın qiyməti Qanunla müəyyən edilmiş həddən az olduğu üçün qətnamədən kassasiya qaydasında şikayət verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 382, 384.0.1, 392 və 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qətetdi:

Cavabdeh “Azəriqaz" İstehsalat Birliyinin apellyasiya şikayəti təmin edilməsin. Masallı Rayon Məhkəməsinin 2(050)-131/2025 saylı, 16 yanvar 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya qaydasında şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar