Məhkəmə qərarları › İş №2(106)-692/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-692/2024

09.04.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-692/2024 09.04.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X3 Əsədov (sədrlik edən və məruzəçi), Samir İlham oğlu Mayılov və Tofiq Xudayar oğlu Heydərovdan ibarət tərkibdə, Nərmin Ramiz qızı Əliyevanın katibliyi, Masallı Rayon Məhkəməsinin 09 yanvar 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə (ASC-yə) qarşı “aktın etibarsız hesab edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC tərəfindən tərtib edilmiş 10 avqust 2023-cü il tarixli, 304449 saylı aktın etibarsız hesab edilməsi və həmin akta əsasən hesablanmış borcun silinməsini xahiş etmişdir. İddiaçı tələbini əsaslandırarkən göstərmişdir ki, o, Masallı rayonu, Türkoba kəndində özünə məxsus fərdi yaşayış evi elektrik enerjisindən istifadə qaydalarına uyğun olaraq elektrik enerjisi və istifadə olunan elektrik enerjisinin dəyərinin müəyyənləşdirmək üçün sayğacla təmin olunmuşdur. Tarif planına uyğun olaraq elektrik enerjisindən istifadəyə görə müəyyənləşdirilmiş ödənişləri etmişdir. Heç vaxt abonent kimi öhdəliklərinin icrasından yayınmamışdır. 10 avqust 2023-ci il tarixdə “Azərişıq" ASC-nin Masallı EŞ-nin işçiləri evinə gələn elektrik xətlərini yoxlamışlar, elektrik xətlərindən hər hansı problemin olmamasını bildirmişlər. Sonra sayğaca baxış etmişlər və çıxıb getmişlər. Sonra öyrənmişdir ki, 10 avqust 2023-cü il tarixdə akt tərtib etmişlər. Sayğaca heç vaxt müdaxilə etməmişdir. Lakin akta görə mərhum həyat yoldaşının adına 907 manat borc yazmışlar. Sayğacın işləməsindən və dayanmasından onun xəbəri yoxdur. Evində isə heç vaxt sayğacdan kənar elektrik enerjisindən istifadə etməmişdir. Akt əsassız və qanunsuz yazılmışdı. Akt otaq şəraitində yazılmışdır, buna əsas isə mərhum həyat yoldaşı X2 xx.xx.2012-ci ildə vəfat etmiş, aktı yazan əməkdaşlar isə ölmüş insanın adına cərimə yazmışlar. Aylıq ödəniş cədvəlinə baxdıqda da görmək olur ki, istifadə etdiyi elektrik enerjisinin pulunu mütəmadi olaraq ödəmişdir. Hesab edir ki, akt etibarsız hesab edilməlidir. Birinci instansiya məhkəməsində cavabdeh "xxxx" ASC-nin nümayəndəsi iddianı qəbul etməmiş, izahatında bildirmişdir ki, iddia tam əsassızdır. İddiaçının yaşadığı fərdi yaşayış evinə quraşdırılmış sayğaca baxış keçirilən zaman sayğaca müdaxilə edildiyi aşkar edilmişdir. Belə ki, videogörüntülərə baxış keçirilərkən də açıq-aşkar görmək olar ki, iddiaçı sayğaca müdaxilə etmişdir. Odur ki, iddia əsassız olduğundan ümumilikdə rədd edilməlidir. Masallı Rayon Məhkəməsinin (hakim Z.Zeynalov) 09 yanvar 2024-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş 10 avqust 2023-cü il tarixli, R 304449 saylı aktın etibarsız hesab edilməsi və həmin akt əsasında hesablanmış 907.39 manat məbləğində sərfiyyatın silinməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə Qaydaları»nın (Qaydaların) tələblərinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) müvafiq maddələrinə istinad etmişdir. Qətnamədən cavabdeh "xxxx" ASC apellyasiya şikayəti vermişdir. Apellyasiyaşikayətinindəlilləri Cavabdeh "xxxx" ASC apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin tamamilə rədd edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Şikayətə görə, Azərişıq ASC-nin əməkdaşları tərəfindən sayğaclara baxış keçirilən zaman abonentin sayğaca müdaxilə etməsi, sayğacın hər 3 möhürünü qırması məlum olmuşdur. Bu fakt dərhal video görüntü vasitəsi ilə qeyd edilmişdir. Bu səbəbdən də EEİQ-na uyğun olaraq yerində akt tərtib edilmişdir. Masallı rayon məhkəməsində işə baxılan zaman cavabdeh tərəfindən digər sübutlarla yanaşı EEİQ-nın pozulması faktını sübut edən video görüntü də təqdim edilmiş və bu görüntüyə məhkəmə iclasında baxış keçirilmişdir. Həmin video görüntüdə pozuntu faktı aşkar surətdə göstərilmiş və çəkilişi aparan şəxs tərəfindən səsli izahat verilmişdir. Lakin məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində “cavabdeh təşkilat tərəfindən tərtib edilmiş aktda qeyd edilmiş hallara dair hər hansı sübutlar məhkəməyə təqdim edilməmişdir” sözləri qeyd edilmişdir. Halbuki cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş və həmin görüntülərdə iddiaçının nümayəndəsi Nümayəndə2 da orada iştirak etməsi görünür. Həmin video görüntülərdə pozuntu faktı qeyd edilən zaman iddiaçının nümayəndəsi çəkilişdə pozuntu faktının onlar tərəfindən törədilib törədilməməsi nə dair heç bir münasibət bildirməmiş, qeyd edilən pozuntunu qədul etmiş formada sakitcə dayanmışdır. Bütün bunlara baxmayaraq, məhkəmə cavabdeh tərəfindən təqdim edilmiş video görüntüyə heç bir qiymət vermədən həmin aktı etibarsız hesab etməklə səhv və qeyri obyektiv qətnamə qəbul etmişdir. Prosessualməsələlər İş üzrə tərəflər apellyasiya baxışında iştirak etməmişlər. Müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı və cavabdehin nümayəndəsi apellyasiya baxışına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə məlumat verilmiş, lakin gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə Kollegiyası məruzəni dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. İşin hallarından görünür ki, iddiaçı "xxxx" ASC-nin abonenti kimi elektrik enerjisi istehlakçısıdır. Sərf olunan enerjinin həcmini müəyyən etmək üçün onun mənzilində müvafiq sayğac quraşdırılmışdır. Mübahisəli akt iddiaçının əri X2 barəsində tərtib edilmişdir. O, 01 fevral 2012-ci il tarixdə ürəyin işemik xəstəliyi səbəbindən Masallı rayonu Türkoba kəndində ölmüşdür. 10 avqust 2023-cü il tarixli, R 304449 saylı aktda qeyd edilmişdir ki, Masallı rayonu Türkoba kəndində yaşayan abonent Cəbrayıl Mikayılova məxsus fərdi yaşayış evinə quraşdırılmış elektrik sayğacının DDS 26 tipli sayğacın dövlət möhürünə müdaxilə edildiyi müəyyən edilmiş, sayğacın dəyişdirilməsi məsləhət görülmüşdür. xx.xx.2023-cü il tarixli laboratoriya yoxlamasının protokoluna görə sayğacın “A” möhürünün pozuntusu, daxilində hesab mexanizminə birləşmiş naqilin qopduğu müəyyn edilmişdir. İş materiallarında olan Abunə Haqqında məlumat cədvəlindən görünür ki, Masallı rayonu Türkoba kəndində yaşayan abonent X1 “EİQ pozulması”ilə əlaqədar (akt R 304449) olaraq cəmi 907.39 manat məbləğində sərfiyyat hesablanmışdır. İddiaçı ərizəsində elektrik enerjisindən istifadə qaydalarının pozulması haqqında tərtib edilmiş sənədlərin qanunsuz hesab edilməsi və həmin sənədlərə əsasən hesablanmış borcun silinməsini tələb etmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən belə qənaətə gəlmişdir ki, sayğaca müdaxilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Kollegiya qeyd edir ki, cavabdeh Şirkətə ziyanın vurulmasını, vurulmuş ziyanın miqdarını, ziyanın abonent (iddiaçı) tərəfindən vurulduğunu, onun qanunazidd hərəkətlərinin olmasını və bu hərəkətlərlə ziyan arasında səbəbli əlaqənin olmasını sübuta yetirmək "xxxx" ASC-nin üzərindədir. Kollegiya hesab edir ki, "xxxx" ASC, iddiaçı tərəfindən ziyan vurulduğunu əsaslandıra və sübuta yetirə bilməmişdir, bu səbəbdən hesablanmış borc əsassızdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 7.13-cü bəndinə əsasən məişət abonentləri ilə elektrik enerjisinə görə hesablaşmalar quraşdırıldığı yerdən asılı olmayaraq, hesablaşma yalnız elektrik sayğacının göstərişinə və bu istehlakçı qrupu üçün müəyyən edilmiş tarifə əsasən aparılır. Məişət abonentləri ilə hesablaşmalarda elektrik enerjisi itkiləri (texnoloji sərfiyyat) nəzərə alınmır və ona görə ödəniş tutulmur. Həmin Qaydaların 8.2-ci bəndinə görə, elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Qaydaların tələbinə görə, enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Qaydaların 8.16-cı bəndinə əsasən istehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerji təchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya uçot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerji təchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. Qaydaların 8.17-ci bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən elektrik enerjisinin talanması məqsədilə hesablaşma elektrik sayğacları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), sayğacların qoşulma sxemləri pozulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla, pozuntu aradan qaldırılmalı və bu Qaydaların 10.18.9-2-ci yarımbəndinə uyğun olaraq elektrik sayğaclarına və onların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə keçirilmiş sonuncu baxış tarixindən üç aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. Tərtib edilmiş akta görə, sayğacın möhürünə müdaxilə edilmişdir. Lakin bu hal abonent tərəfindən etiraf edilməmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş diskə baxış keçirilərkən möhürə müdaxilə edildiyini, bu sayğacın istifadə olunan elektrik enerjisini qeydə alıb-almadığını müəyyən etmək mümkün deyil. Bunu yalnız aktı tərtib edənlər şifahi olaraq bildirirlər. Abonentin elektrik enerjisindən qanunsuz istifadə etməsi nəticəsində inzibati məsuliyyətə cəlb edilməsi, bununla da abonentin təqsirli hərəkəti müəyyən edilməmişdir. Bundan başqa, tərtib edilmiş akt üzrə ziyanın hansı qayada hesablanması və tələb edilən ziyanın hansı müddəti əhatə etdiyi də müəyyən deyil. Bu baxımdan vurulan ziyanın miqdarı sübuta yetirilmir. Halbuki, təqdim edilmiş abonentin hesabından çıxarışdan görünür ki, aktın tərtib edilməsində əvvəlki müddət ərzində iddiaçının mənzilində istifadə edilmiş elektrik enerjisindən istifadəyə görə hər ay sayğac üzrə ödənişlər edilmişdir. Göstərilənlər onu deməyə əsas verir ki, iddiaçının elektrik enerjisindən istifadəsinə görə xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli aktlar üzrə ona hesablanmış borc məbləği əsassızdır. Beləliklə, Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi mahiyyətcə doğru nəticəyə gəlmişdir. Kollegiya apellyasiya şikayətinin dəlillərini əsassız sayaraq hesab edir ki, şikayətdə göstərilənlər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırki halda mübahisələndirilən hissədə iddianın qiyməti (azaldılması tələb edilən məbləğ) Qanunla müəyyən edilmiş həddən az olduğu üçün qətnamədən kassasiya qaydasında şikayət verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 382, 384.0.1, 392, 393 və 404-1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qətetdi: Cavabdeh "xxxx" ASC-nin apellyasiya şikayəti təmin edilməsin. Masallı Rayon Məhkəməsinin 09 yanvar 2024-cü il tarixli, 2(050)-189/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya qaydasında şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar