Məhkəmə qərarları › İş №2(106)-699/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-699/2024

15.03.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-699/2024 15.03.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Masallı Rayon Məhkəməsinin 05 fevral 2024-cü il tarixli, 2(050)-3418/2023 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Şirvan Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Masallı Rayon Məhkəməsinin 15 noyabr 2023-cü il tarixli, 2(050)-3418/2023 saylı qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh Lənkəran X4 İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş 13 fevral 2023-cü il tarixli, ******* saylı aktın etibarsız hesab edilməsi və həmin akt əsasında hesablanmış ziyan kimi 35040 kub metr qaz sərfiyyatına görə hesablanmış borcun silinməsi qət edilmişdir. Masallı Rayon Məhkəməsinin 17 noyabr 2023-cü il tarixli məktubu ilə Masallı Rayon Məhkəməsinin 15 noyabr 2023-cü il tarixli, 2(050)-3418/2023 saylı qətnaməsinin surəti tərəflərə göndərilmişdir. Cavabdeh 29 dekabr 2023-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə apellyasiya şikayəti vermişdir. Masallı Rayon Məhkəməsinin 30 dekabr 2023-cü il tarixli, 2(050)-3418/2023 saylı qərardadı ilə Masallı Rayon Məhkəməsinin 15 noyabr 2023-cü il tarixli, 2(050)-3418/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. Qərardad onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361.1-ci maddəsinin tələblərinə uyğun verilməmişdir. Həmin qərardadda məhkəmə qeyd etmişdir ki, göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra şikayət verən şəxs yenidən ümumi qaydada şikayət ilə müraciət edə bilər. Həmçinin, bu zaman nəzərə alınmalıdır ki, şikayət vermək üçün müddətin axımı ümumi qaydada davam etdiyindən eyni zamanda müddətin bərpası barədə ərizə ilə məhkəməyə müraciət edilməlidir. Cavabdeh İB 19 yanvar 2024-cü ildə yenidən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə apellyasiya şikayəti vermiş, apellyasiya şikayətinə buraxılmış prosessual müddətin bərpası barədə ərizə əlavə etmiş, ərizədə Masallı Rayon Məhkəməsinin 15 noyabr 2023-cü il tarixli, 2(050)-3418/2023 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin ötürülməsinin üzrlü hesab edilməsi və müddətin bərpa edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Masallı Rayon Məhkəməsinin 23 yanvar 2024-cü il tarixli, 2(050)-3418/2023 saylı qərardadı ilə Masallı Rayon Məhkəməsinin 15 noyabr 2023-cü il tarixli, 2(050)-3418/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. Qərardad onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361.1-ci maddəsinin tələblərinə uyğun tərtib edilməmişdir. Həmin qərardadda məhkəmə qeyd etmişdir ki, göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra şikayət verən şəxs yenidən ümumi qaydada şikayət ilə müraciət edə bilər. Həmçinin, bu zaman nəzərə alınmalıdır ki, şikayət vermək üçün müddətin axımı ümumi qaydada davam etdiyindən eyni zamanda müddətin bərpası barədə ərizə ilə məhkəməyə müraciət edilməlidir. Cavabdeh İB 29 yanvar 2024-cü ildə yenidən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə apellyasiya şikayəti vermiş, apellyasiya şikayətinə buraxılmış prosessual müddətin bərpası barədə ərizə əlavə etmiş, ərizədə Masallı Rayon Məhkəməsinin 15 noyabr 2023-cü il tarixli, 2(050)-3418/2023 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin ötürülməsinin üzrlü hesab edilməsi və müddətin bərpa edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Masallı Rayon Məhkəməsinin 05 fevral 2024-cü il tarixli, 2(050)-3418/2023 saylı qərardadı ilə (sədrlik edən hakim Zeynal Zeynalov) Masallı Rayon Məhkəməsinin 15 noyabr 2023-cü il tarixli, 2(050)-3418/2023 saylı qətnaməsindən şikayətin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa olunması barədə Cavabdeh İB-nin nümayəndəsi X1 ərizəsi təmin edilmiş, buraxılmış prosessual müddət bərpa edilmişdir. Qərardaddan narazı qalan İddiaçı şikayət vermiş, şikayətində Masallı Rayon Məhkəməsinin 05 fevral 2024-cü il tarixli, 2(050)-3418/2023 saylı qərardadının ləğv edilməsini, Masallı Rayon Məhkəməsinin 15 noyabr 2023-cü il tarixli, 2(050)-3418/2023 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi ilə bağlı prosessual müddətin bərpası barədə cavabdehin nümayəndəsinin ərizəsinin təmin edilməməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. İddiaçı şikayətini onunla əsaslandırmışdır ki, qanunvericiliyin tələbinə əsasən cavabdehin nümayəndəsi Masallı Rayon Məhkəməsinin hazırkı iş üzrə qətnaməsindən apellyasiya şikayəti verilməsinin müddətini üzrlü səbəbdən ötürdüyü halda, həmin müddət bərpa edilə bilərdi. Lakin nə cavabdehin nümayəndəsi müddətin ötürülməsinin hansı üzrlü səbəbdən olmasını əsaslandıra bilməmiş, nə də məhkəmə qərardadda bunu qeyd etməmişdir. Belə olan vəziyyətdə isə ötürülmüş müddətin bərpası Mülki Prosessual Məcəllənin 133.1-ci və 360-cı maddələrinə ziddir. Masallı Rayon Məhkəməsinin 22 fevral 2024-cü il tarixli, 2(050)-3418/2023 saylı qərardadı ilə Masallı Rayon Məhkəməsinin 2(050)-3418/2023 nömrəli, 05 fevral 2024-cü il tarixli qərardadının ləğvi barədə mülki iş üzrə iddiaçının nümayəndəsi (vəkili) Vəkil şikayəti təmin edilməmiş, işin şikayətlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını yazılı icraat qaydasında araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Masallı Rayon Məhkəməsinin 05 fevral 2024-cü il tarixli, 2(050)-3418/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki, Masallı Rayon Məhkəməsinin 15 noyabr 2023-cü il tarixli, 2(050)-3418/2023 saylı qətnaməsinin surətinin tərəflərə 17 noyabr 2023cü il tarixli məktubla göndərilməsinə baxmayaraq, iş materiallarına həmin qətnamənin hansı tarixdə cavabdehə rəsmi qaydada verilməsini təsdiq edən hər hansı sənəd əlavə olunmamışdır. Cavabdeh isə 29 dekabr 2023-cü ildə verdiyi ilk apellyasiya şikayətində mübahisələndirilən qətnamənin alınma tarixini 29 noyabr 2023-cü il olaraq qeyd etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası cavabdeh tərəfindən verilmiş ilk apellyasiya şikayətinin qanunla müəyyən edilmiş prosessual müddət çərçivəsində verildiyini qəbul edir. Lakin birinci instansiya məhkəməsinin 30 dekabr 2023-cü il tarixli qərardadı ilə həmin apellyasiya şikayəti geri qaytarılmış, həmin qərardadda cavabdehin nöqsanları aradan qaldıraraq yenidən ümumi qaydada şikayət ilə müraciət edə biləcəyi, bu zaman müddətin bərpası barədə ərizə ilə müraciət etməli olması qeyd edilmişdir. Cavabdeh 19 yanvar 2024-cü ildə verdiyi ikinci apellyasiya şikayətində nöqsanları aradan qaldıraraq apellyasiya şikayətinə buraxılmış prosessual müddətin bərpasına dair ərizə əlavə etmiş olsa da, həmin ərizəyə birinci instansiya məhkəməsi tərəfindən baxılmadan apellyasiya şikayəti Masallı Rayon Məhkəməsinin 23 yanvar 2024-cü il tarixli qərardadı ilə geri qaytarılmışdır. Bundan sonra, cavabdeh 29 yanvar 2024-cü ildə yenidən apellyasiya şikayəti vermiş, şikayətinə buraxılmış prosessual müddətin bərpası barədə ərizə əlavə etmişdir. Masallı Rayon Məhkəməsinin 05 fevral 2024-cü il tarixli qərardadı ilə Masallı Rayon Məhkəməsinin 15 noyabr 2023-cü il tarixli, 2(050)-3418/2023 saylı qətnaməsindən şikayətin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa olunması barədə cavabdehin ərizəsi təmin edilmiş, buraxılmış prosessual müddət bərpa edilmişdir. Həmin qərardaddan narazı qalan iddiaçı şikayət vermiş olsa da, Masallı Rayon Məhkəməsinin 22 fevral 2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, işin şikayətlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası buraxılmış prosessual müddətin bərpa edilməsi barədə birinci instansiya məhkəməsinin qərardadı ilə razılaşaraq bildirir ki, cavabdeh tərəfindən ilk dəfə apellyasiya şikayəti qanunla müəyyən edilmiş müddət ərzində verilmiş, lakin apellyasiya şikayəti MPM-in 361.1-ci maddəsinin tələblərinə uyğun şəkildə tərtib edilmədiyinə görə birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılmışdır. Cavabdeh apellyasiya şikayətində yol verilən nöqsanları ağlabatan müddətdə aradan qaldırmaqla yenidən apellyasiya şikayəti vermişdir. Mülki prosessual qanunvericilikdə də apellyasiya şikayəti geri qaytarıldıqda nöqsanlar aradan qaldırılmaqla şikayət vermiş şəxsin yenidən məhkəməyə müraciət edə bilmək imkanı nəzərdə tutulmuşdur. Bu baxımdan məhkəmə kollegiyası bildirir ki, iddiaçının şikayətinin dəlilləri Masallı Rayon Məhkəməsinin 05 fevral 2024-cü il tarixli qərardadının ləğv edilməsi üçün əsas ola bilməz. MPM-in 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. MPM-in 133.3-cü maddəsinə əsasən, müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.). Cavabdeh MPM-in 133.3-cü maddəsinə uyğun olaraq müddətin bərpasına dair ərizəsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilmiş apellyasiya şikayətini də əlavə etmişdir. Qeyd edilənlərdən göründüyü kimi, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizəni təmin etməklə düzgün nəticəyə gəlmiş, hər hansı prosessual hüquq normasını pozmamışdır. Bu baxımdan iddiaçının şikayətinin dəlilləri əsaslı hesab edilə bilməz. Sadalananlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qəradadının ləğvi üçün heç bir əsas yoxdur. Birinci instansiya məhkəməsi tərəfindən 05 fevral 2024-cü il tarixli qərardad qəbul edilərkən prosessual hüquq normalarına düzgün riayət edilmişdir, bu səbəbdən də Masallı Rayon Məhkəməsinin 05 fevral 2024-cü il tarixli, 2(050)-3418/2023 saylı qərardadı qanuni və əsaslıdır. MPM-in 398.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Ona görə də İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməməli, Masallı Rayon Məhkəməsinin 05 fevral 2024-cü il tarixli, 2(050)-3418/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 263, 264, 398.0.1, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Masallı Rayon Məhkəməsinin 05 fevral 2024-cü il tarixli, 2(050)-3418/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar