Məhkəmə qərarları › İş №2(106)-701/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-701/2025

12.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-701/2025 12.05.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Mirlətif Süleyman oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə; Əliyev Orxan İsmayıl oğlunun katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı lizinq müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbinə dair mülki iş üzrə Şirvan Şəhər Məhkəməsinin 2(032)-43/2025 saylı, 14 yanvar 2025-ci il tarixli qətnaməsindən iddiaçı "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 12 may 2025-ci il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2022-ci il tarixli İF/06029 saylı saylı X7 müqaviləsi üzrə 9112.78 manat (doqquz min yüz on iki manat 78 qəpik) borcun, 3407.00 manat (üç min dörd yüz yeddi manat) lizinq obyektinin ehtiyyat hissələrinin və təmir xərclərinin ümumi məbləğinin, avtomobilin qalıq dəyərinin qiymətlədirilməsi zamanı müstəqil ekspertə ödənilən 50 manat (əlli manat) məbləğin, 4160 manat (dörd min yüz altmış manat) yol hərəkəti qaydalarının pozulmasına görə inzibati cərimələrin və dövlət rüsumu olaraq ödənilmiş 140.19 manat (yüz qırx manat 19 qəpik) məbləğin iddiaçı "xxxx" MMC-nin xeyirinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə təşkilat arasında xx.xx.2022-ci il tarixli İF/06029 saylı 36 ay müddətli X7 müqaviləsi bağlanılmışdır. Həmin müqaviləyə əsasən “KİA CERATO” minik markalı 77-AG271 dövlət nömrə nişanlı avtomobil lizinq alan kimi onun istifadəsinə verilmişdir. Cavabdehə xəbərdarlıqlar edilsə də on bir aydan çoxdur ki, borc öhdəliklərini yerinə yetirmir. 21 dekabr 2022-ci il tarixindən başlayaraq 21 yanvar 2024-cü il tarixinə qədər hər ay 870.27 manat (səkkiz yüz yetmiş manat 27 qəpik) olmaqla 12183.78 manat (on iki min yüz səksən üç manat 78 qəpik) ödəniş etməli olduğu halda cəmi 3071.00 manat (üç min yetmiş bir manat) ödəniş etmişdir. Cavabdehin qalıq borcu 9112.78 manatdır (doqquz min yüz on iki manat 78 qəpik) (12183.78 manat-3071.00 manat). Avtomobilin qalıq dəyərinin qiymətlədirilməsi aktına əsasən lizinq obyektinin ehtiyyat hissələrinin və təmir xərclərinin ümumi məbləği 3407.00 manat (üç min dörd yüz yeddi manat) təşkil edir. Avtomobilin qalıq dəyərinin qiymətlədirilməsi zamanı tərəflərindən müstəqil ekspertə ödənilən xidmət haqqı 50 manat (əlli manat) təşkil edir. Avtomobil istifadədə olarkən 4160 manat (dörd min yüz altmış manat) yol hərəkəti qaydalarının pozulmasına görə inzibati cərimələr yaranmışdır. Daha sonra iddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək, iddia tələbinin 4160 manat yol hərəkəti qaydalarının pozulmasına görə inzibati cərimələrə görə ödənilməli məbləğ hissəsində azaldaraq, cavabdehdən xx.xx.2022-ci il tarixli İF/06029 saylı saylı X7 müqaviləsi üzrə 9112.78 manat borcun, 3407.00 manat lizinq obyektinin ehtiyyat hissələrinin və təmir xərclərinin ümumi məbləğinin, avtomobilin qalıq dəyərinin qiymətlədirilməsi zamanı tərəflərindən müstəqil ekspertə ödənilən 50 manat məbləğin və dövlət rüsumu olaraq ödənilmiş 140.19 manat cəmi 12709.97 manatın iddiaçı "xxxx" MMC-nin xeyirinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" MMC məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Həmçinin iddiaçı "xxxx" MMCnin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə baxış iclasının onların iştirakı olmadan keçirdilməsini və iddia tələbinin dəqiqləşdirmə barədə ərizə həcmində təmin edilməsini xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən işə iddiaçı "xxxx" MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında iddiaçı "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə vermiş olduğu izhatında bildirmişdir ki, Cavabdeh ilə təşkilat arasında xx.xx.2022ci il tarixli, İF/06029 saylı 36 müddətli X7 müqaviləsi bağlanılmışdır. Həmin müqaviləyə əsasən “KİA CERATO” minik markalı ** AG *** dövlət nömrə nişanlı avtomobil lizinq alan kimi cavabdehin istifadəsinə verilmişdir. Cavabdeh tərəfindən müəyyən müddət ödənişlər etmişdir. Sonuncu ödəniş 2023-cü ilin avqust ayında edilmişdir. Avtomobillə bağlı Ağsu rayon Polis şöbəsindən məlumat daxil olmuş, həmin məlumatda avtomobildə narkotik vasitə aşkar olunduğundan cərimə meydançasına aparıldığı bildirilmişdir. Avtomobil cərimə meydançasından götürülərək müstəqil ekspert tərəfindən avtomobilə dəymiş zərər hesablanmışdır. Lizinq obyekti olan avtomobil "xxxx" MMC-nin mülkiyyətindədir. "xxxx" MMC tərəfindən avtomobilin idarə edilməsi ilə bağlı X3 etibarnamə verilmişdir. Etibarnamə verərəkən lizinq alan hazırkı mülki iş üzrə Cavabdeh şifahi olaraq razılığı alınmışdır. Lakin yazılı surətdə hər hansı bir razılıq alınmamışdır. X3 lizinq obyekti olan avtomobillə bağlı etibarnamə 2022-ci ildə verilmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş iş üzrə Cavabdeh iddia tələbini etiraf etməyərək izahatında bildirmişdir ki, avtomobili Cəlal adında qohumu onun adına həmin bankın vasitəsi ilə almış, kredit şöbəsində lizinq müqaviləsini imzalamışdır. 3 ay pul qohumu tərəfindən ödənilmişdir. Ona keçən il zəng edərək avtomobilin saxlanıldığını, içindən narkotik tapıldığını, polisin onu axtardığını bildirmişlər. Daha sonra oğlu ilə kredit təşkilatının nümayəndəsi İlqarın yanına getmiş, onun otağında İlqarın diqtəsilə imtina ərizəsi yazmış, ərizəni ona təqdim etmişdir. Həmçinin kredit təşkilatının müdirinin qəbulunda da olmuşdur. Eyni zamanda o, Əsgərov Fuad və Quliyev İbrahim adlı şəxsləri tanımır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Şirvan Şəhər Məhkəməsinin 2(032)-43/2025 saylı, 14 yanvar 2025-ci il tarixli qətnaməsi ilə (Hakim: Ceyhun Mustafayev), iddia təmin edilməmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən iddiaçı "xxxx" MMC apellyasiya şikayəti verərək, şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Birinci instasniya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan İddiaçı "xxxx" MMC Şirvan Şəhər Məhkəməsinin 2(032)-43/2025 saylı, 14 yanvar 2025-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: iddiaçının apellyasiya şikayətinə etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: İddiaçı "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə apellyasiya icraatı zamanı verdiyi izahatında apellyasiya şikayətinin təmin edilməsini, Şirvan Şəhər Məhkəməsinin 2(032)- 43/2025 saylı, 14 yanvar 2025-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada cavabdehə təkrar məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, cavabdeh keçirilən iclaslarda iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə cavabdehin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Odur ki, məhkəmə kollegiyası iddiaçı "xxxx" MMC-nin apellyasiya şikayətinin dəlilləri həddində Şirvan Şəhər Məhkəməsinin 2(032)-43/2025 saylı, 14 yanvar 2025-ci il tarixli qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 747.3-cü maddəsinə əsasən lizinq müqaviləsinə görə, lizinq alana müqavilə müddəti qurtardıqdan sonra lizinq predmetini əldə etmək və ya kirayələmək vəzifəsi həvalə edilə bilər və ya belə hüquq verilə bilər, bu şərtlə ki, müqavilə öz predmetinin tam amortizasiyası ilə bitməsin. Qəti dəyər hesablanarkən amortizasiya faktı bütün hallarda nəzərə alınmalıdır. Əgər müqavilədə müvafiq müddəa yoxdursa, lizinq alanın lizinq predmetini əldə etməyə ixtiyarı çatır. 748-11.1-ci maddəsinə əsasən lizinq ödənişlərinin ümumi məbləğinə lizinq obyektinin amartizasiya ödənişləri, lizinq obyektinin əldə edilməsi ilə bağlı zəruri xərclər, lizinq obyektini əldə etmək üçün alınan kreditə görə faizlər, lizinq verənin mükafatının məbləği, lizinq obyekti lizinq verən tərəfindən sığorta edilmişdirsə, sığorta üçün ödənilən məbləğ, lizinq verənin əlavə xidmətlərinin haqqı, lizinq verənin lizinq müqaviləsi ilə nəzərdə tutulmuş digər xərcləri daxildir. 748-1.12 və 748-1.12.4-cü maddələrinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. 750-ci maddəsinə əsasən lizinq alanın təqsiri üzündən müqaviləyə vaxtından əvvəl xitam verildikdə lizinq verən icra ilə bağlı öz mənafelərinə aid olmayan tələbləri irəli sürə bilməz. Tələblər müəyyənləşdirilərkən lizinq əmlakının qalıq dəyəri, lizinq muzdu üzrə faizlərin qalığı və qənaət edilmiş digər xərclər nəzərə alınır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Azərbaycan Respublikası MPM-in 372.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apelyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin rədd edilməsini, lizinq obyektinin lizinq alanın sahibliyində olmaması ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticədən iddiaçı "xxxx" MMC Şirvan Şəhər Məhkəməsinin 2(032)-43/2025 saylı, 14 yanvar 2025-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar birinci instansiya məhkəməsinin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi xx.xx.2022-ci il tarixli İF/06029 saylı saylı X7 müqaviləsi üzrə 9112.78 manat borcun və dəymiş ziyanın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi ilə bağlı iddia tələbinin rədd edilməsi qənaətinə gələrkən işin faktiki hallarını tam, hərtərəfli və tərəflərin qarşılıqlı münasibətinə uyğun araşdırmamış, nəticədə maddi və prosessual hüquq normalarının tələblərini pozmaqla qanunsuz və əsassız qətnamə qəbul etmiş və həmin qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas yaratmışdır. Məhkəmə kollegiyası gəldiyi nəticənin aydın və anlaşılan olmasının təmin edilməsindən ötrü aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, iş materiallarında olan lizinq verən "xxxx" MMC ilə lizinq alan Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli İF/06029 saylı X7i müqaviləsindən görünür ki, 24000 manat dəyərində 2013-cü il buraxılışlı “Kia Cerato” minik markalı ** AG *** dövlət nömrə nişanlı avtomobil sonuncuya lizinqə verilmişdir. İş materiallarında olan sifarişçi "xxxx" MMC-nin icraçı müstəqil sığorta eksperti X1 xx.xx.2024-cü il tarixli müstəqil ekspert rəyindən görünür ki, “Kia Cerato” minik markalı ** AG *** dövlət nömrə nişanlı, ban KNAFX411BD5065785, 2013-cü il buraxılış, ağ mirvari rəngli avtomobilin tam sökülüb yığılmasına, təmir və rənglənməsinə sərf olunan, işlərin dəyəri ümumilikdə 3407 manat təşkil edir. İş materiallarında olan lizinq verən satıcı X4, lizinq verən "xxxx" MMC və lizinq alan Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli İF/06029 saylı lizinq obyektinin alqı-satqı müqaviləsinə əsasən 24000 manat dəyərində “Kia Cerato” minik markalı, ** AG *** dövlət qeydiyyat nişanlı avtomobili satıcı alıcı-lizinq verənə satmışdır. Alıcı-Lizinq verən isə həmin nəqliyyat vasitəsini lizinq alana lizinq vermək üçün əldə edir və razılaşdırılmış məbləği satıcıya ödəyir. Lizinq alan bu müqavilənin 1.1-ci bəndində təsvir edilən nəqliyyat vasitəsinin onun sifariş etdiyi lizinq obyekti olduğunu təsdiq edir və həmin əmlakı lizinqə almağı öz öhdəsinə götürür. Müqavilənin 1.2-ci bəndində Lizinq müqaviləsində ayrı hal nəzərdə tutulmayıbsa, lizinq alan lizinq obyektini satıcısı ilə lizinq verən arasında bağlanılan müqavilədən irəli gələn alıcı hüququna malikdir. Müqavilənin 1.3-cü bəndində tərəflər nəqliyyat vasitəsinin qiymətini 24000 manat məbləğində müəyyən etmişlər. İş materiallarında olan xx.xx.2022-ci il tarixli təhvil-təslim aktından görünür ki, “Kia Cerato” minik markalı, ** AG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ödəniş cədvəlindən görünür ki, lizinq müqaviləsi üzrə lizinq alanın 36 ay müddətinə, aylıq 870.27 manat olmaqla, ümumilikdə 31329.80 manat ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan "xxxx" MMC tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş 12/52 nömrəli və xx.xx.2022-ci il tarixli 12/160 nömrəli etibarnamələrdən görünür ki X3 "xxxx" MMCyə məxsus “Kia Cerato” minik markalı, ** AG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin idarə edilməsi ilə bağlı "xxxx" MMC tərəfindən etibarnamələr verilmişdir. İş materiallarında olan SMS Radar.az portalından çıxarışlardan görünür ki, “Kia Cerato” minik markalı, ** AG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən X5 və X2 tərəfindən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanın törədilməsinə görə barələrində inzibati tənbeh tətbiq etmə haqqında protokollar tərtib olunmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, iş üzrə cavabdehə xx.xx.2022-ci il tarixli İF/06029 saylı öhdəliyin icrası ilə bağlı saziş üzrə yaranmış 22316.20 manat borcunun ödənilməsi tələb olunmuş, ödənilməyəcəyi təqdirdə borcun alınması tələbi ilə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-13-16/2-152828/2024 nömrəli məktubundan görünür ki, DİN Baş X11 İdarəsi Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən sorğu edilən “Kia Cerato” minik markalı, ** AG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2022-ci il tarixdən "xxxx" MMC-nin adında qeydiyyatdadır. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir, ikinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə kollegiyası iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı iddia tələbinin iki xahişdən, yəni birinci xahiş “KİA CERATO” minik markalı 77-AG271 dövlət nömrə nişanlı avtomobil lizinq müqaviləsi üzrə öhdəliyin yerinə yetirilməməsi nəticəsində lizinq obyektindən istifadəyə görə ödənilməyən 9112.78 manat (doqquz min yüz on iki manat 78 qəpik) pul tələbi, ikinci xahişin isə lizinq obyektinin ehtiyyat hissələrinin və təmir xərclərinin ödənilməsi ilə bağlı olmasını nəzərə alaraq hesab edir ki, hər iki xahiş üzrə ayrı-ayrı hüquqi dəyərləndirmə aparılması məqsədəmüvafiq hesab edilməlidir. İ iddiaçının birinci xahişi yəni müqavilə tərəfi olan Cavabdeh tərəfindən KİA CERATO” minik markalı 77-AG271 dövlət nömrə nişanlı avtomobil lizinq müqaviləsi üzrə öhdəliyin yerinə yetirilməməsi nəticəsində lizinq obyektindən istifadəyə görə ödənilməyən 9112.78 manat (doqquz min yüz on iki manat 78 qəpik) pulun tələbi üzrə birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə və kollegiyanın bu nəticə ilə bağlı hüquqi mövqeyi? İddiaçının iddia tələbinin mahiyyətindən müəyyən olunur ki, iddiaçı təşkilatla Cavabdeh arasında xx.xx.2022-ci il tarixli İF/06029 saylı 36 ay müddətli X7 müqaviləsi bağlanılmışdır. Həmin müqaviləyə əsasən 24.000 manat dəyərləndirilmiş “KİA CERATO” minik markalı 77- AG271 dövlət nömrə nişanlı avtomobil lizinq alan kimi onun istifadəsinə verilmişdir. Cavabdehə xəbərdarlıqlar edilsə də on bir aydan çoxdur ki, borc öhdəliklərini yerinə yetirmir. 21 dekabr 2022-ci il tarixindən başlayaraq 21 yanvar 2024-cü il tarixinə qədər hər ay 870.27 manat (səkkiz yüz yetmiş manat 27 qəpik) olmaqla 12183.78 manat (on iki min yüz səksən üç manat 78 qəpik) ödəniş etməli olduğu halda cəmi 3071.00 manat (üç min yetmiş bir manat) ödəniş etmişdir. Cavabdehin qalıq borcu 9112.78 manatdır (doqquz min yüz on iki manat 78 qəpik) (12183.78 manat-3071.00 manat). Avtomobilin qalıq dəyərinin qiymətlədirilməsi aktına əsasən lizinq obyektinin ehtiyyat hissələrinin və təmir xərclərinin ümumi məbləği 3407.00 manat (üç min dörd yüz yeddi manat) təşkil edir. Avtomobilin qalıq dəyərinin qiymətlədirilməsi zamanı tərəflərindən müstəqil ekspertə ödənilən xidmət haqqı 50 manat (əlli manat) təşkil edir. Avtomobil istifadədə olarkən 4160 manat (dörd min yüz altmış manat) yol hərəkəti qaydalarının pozulmasına görə inzibati cərimələr yaranmışdır. Daha sonra iddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək, iddia tələbinin 4160 manat yol hərəkəti qaydalarının pozulmasına görə inzibati cərimələrə görə ödənilməli məbləğ hissəsində azaldaraq, cavabdehdən xx.xx.2022-ci il tarixli İF/06029 saylı saylı X7 müqaviləsi üzrə 9112.78 manat borcun, 3407.00 manat lizinq obyektinin ehtiyyat hissələrinin və təmir xərclərinin ümumi məbləğinin, avtomobilin qalıq dəyərinin qiymətlədirilməsi zamanı tərəflərindən müstəqil ekspertə ödənilən 50 manat məbləğin və dövlət rüsumu olaraq ödənilmiş 140.19 manat cəmi 12709.97 manatın iddiaçı "xxxx" MMC-nin xeyirinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavbadehin iddia tələbinə etirazından müəyyən edilir ki, o, “KİA CERATO” minik markalı 77-AG271 dövlət nömrə nişanlı avtomobilin lizinqə verilməsi ilə bağlı müqavilə bağlayaraq, lizinq obyektinin təhvil-təslim aktını imzalasa da, həmin avtomobil ona verilməmişdir. Belə ki, Cəlal adında qohumu onun adına həmin bankın vasitəsi ilə avtomobilin lizinqə götürməsi xahişinə etiraz etməmiş, kredit şöbəsində lizinq müqaviləsini imzalamışdır. 3 ay pul qohumu tərəfindən ödənilmişdir. Ona keçən il zəng edərək avtomobilin saxlanıldığını, içindən narkotik tapıldığını, polisin onu axtardığını bildirmişlər. Daha sonra qohumu ilə kredit təşkilatının nümayəndəsi İlqarın yanına getmiş, onun otağında İlqarın diqtəsilə imtina ərizəsi yazmış, ərizəni ona təqdim etmişdir. Həmçinin kredit təşkilatının müdirinin qəbulunda da olmuşdur. Eyni zamanda o, Əsgərov Fuad və Quliyev İbrahim adlı şəxsləri tanımır. Mülki Məcəllənin 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Lizinq müqaviləsinin subyektləri lizinq verən, lizinq alan və satıcıdır (mal verəndir). Lizinq alan lizinq müqaviləsinə uyğun olaraq lizinq obyektini müəyyən haqla, müəyyən müddətə və şərtlərlə müvəqqəti sahibliyə və istifadəyə qəbul edən hüquqi və ya fiziki şəxsdir. Bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydada və hallarda Azərbaycan Respublikasının istənilən rezidenti və qeyri-rezidenti lizinq müqaviləsinin subyekti ola bilər (Mülki Məcəllənin 747-1.1, 747-1.3 və 747-1.5-ci maddələri). Məhkəmə kollegiyası qeyd ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin, eləcə də tərəflər arasında bağlanmış lizinq müqaviləsinin müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının tələbi də məhz müqavilə hüququ çərçivəsində həll edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 747.3-cü maddəsinə əsasən lizinq müqaviləsinə görə, lizinq alana müqavilə müddəti qurtardıqdan sonra lizinq predmetini əldə etmək və ya kirayələmək vəzifəsi həvalə edilə bilər və ya belə hüquq verilə bilər, bu şərtlə ki, müqavilə öz predmetinin tam amortizasiyası ilə bitməsin. Qəti dəyər hesablanarkən amortizasiya faktı bütün hallarda nəzərə alınmalıdır. Əgər müqavilədə müvafiq müddəa yoxdursa, lizinq alanın lizinq predmetini əldə etməyə ixtiyarı çatır. Həmin Məcəllənin 748-11.1-ci maddəsinə əsasən lizinq ödənişlərinin ümumi məbləğinə lizinq obyektinin amartizasiya ödənişləri, lizinq obyektinin əldə edilməsi ilə bağlı zəruri xərclər, lizinq obyektini əldə etmək üçün alınan kreditə görə faizlər, lizinq verənin mükafatının məbləği, lizinq obyekti lizinq verən tərəfindən sığorta edilmişdirsə, sığorta üçün ödənilən məbləğ, lizinq verənin əlavə xidmətlərinin haqqı, lizinq verənin lizinq müqaviləsi ilə nəzərdə tutulmuş digər xərcləri daxildir. Həmin Məcəllənin 748-1.12 və 748-1.12.4-cü maddələrinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Həmin Məcəllənin 750-ci maddəsinə əsasən lizinq alanın təqsiri üzündən müqaviləyə vaxtından əvvəl xitam verildikdə lizinq verən icra ilə bağlı öz mənafelərinə aid olmayan tələbləri irəli sürə bilməz. Tələblər müəyyənləşdirilərkən lizinq əmlakının qalıq dəyəri, lizinq muzdu üzrə faizlərin qalığı və qənaət edilmiş digər xərclər nəzərə alınır. İşin mübahisəsiz halı kimi müəyyən edilir ki, iddiaçı təşkilat ilə cavabdeh arasında avtomobilin lizinqə verilməsi barədə lizinq müqaviləsi və həmin müqavilə əsasında lizinq obyektinin təhvil-təslim aktı mövcuddur. Mübahisələndirilən hal isə cavabdehə münasibətdə lizinq obyektinin qohumu Cəlalın xahişi ilə onun adına bağlanmasına baxmayaraq lizinq obyektinin ona aidiyyəti olmamması və müqavilə üzrə iddiaçı təşkilat qarşısında hər hansı öhdəliyinin olub-olmaması ilə bağlıdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Cavabdeh ilə "xxxx" MMC arasında daxili lizinq müqaviləsinin bağlansa da, həmin müqavilə üzrə nəqliyyat vasitəsi onun istifadəsində olmamışdır. Məhkəmə iclasında iddiaçı tərəfin vermiş olduğu izahatından lizinq müqaviləsi üzrə cavabdeh tərəfindən müəyyən müddətdə ödənişlər edildiyi, sonuncu ödənişin 2023-cü ilin avqust ayında edildiyi, lizinq obyekti olan əmlakın lizinq alanın şifahi razılığı əsasında 2022-ci ildə etibarnamə ilə X3 verilmiş olduğu, lizinq alanın lizinq obyektini sonuncuya etibarnamə verilməsinə Cavabdeh yazılı razılığının alınmadığı müəyyən edilmişdir. Məhkəmə tərəflərin vermiş olduğu izahatlarından və təqdim edilmiş olan sübutlardan belə bir nəticəyə gəlmişdir ki, tərəflər arasında lizinq müqaviləsi bağlanmış, lakin sonradan lizinq alanın şifahi razılığı (iddiaçı tərəfindən izahatına əsasən) əsasında lizinq müqaviləsi olan obyekt üçüncü şəxs (şəxslərə) verilmişdir. İş materiallarına əlavə edilmiş etibarnamələr və SMS Radar.az portalından çıxarışlardan isə görünən halı o olmuşdur ki, lizinq obyekti olan əmlak xx.xx.2022-ci il tarixdən etibarən lizinq alanın sahibliyində olmamışdır. Məhkəmə həmçinin hesab etmişdir ki, mülki qanunvericiliyin tələblərindən göründüyü kimi lizinq müqaviləsi üzrə lizinq obyektinə sahiblik və ondan istifadə hüququ lizinq alana tam həcmdə keçir və lizinq alanın lizinq ödənişlərinin verilməsi ilə bağlı öhdəlikləri, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektindən istifadəyə başladığı vaxtdan qüvvəyə minir. Beləliklə, lizinq müqaviləsinin predmeti olan əmlakın fakitiki olaraq lizinq verən tərəfindən üçüncü şəxsin istifadəsinə verilməsi təsdiq olunduğundan iddiaçının lizinq verən olaraq lizinq ödənişlərinin cavabdehdən tələb etmək hüququ yaranmamışdır. Kollegiya birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmır. Belə ki, iş materiallarında olan lizinq verən satıcı X4, lizinq verən "xxxx" MMC və lizinq alan Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli İF/06029 saylı lizinq obyektinin alqı-satqı müqaviləsinə əsasən 24000 manat dəyərində “Kia Cerato” minik markalı, ** AG *** dövlət qeydiyyat nişanlı avtomobili satıcı alıcı-lizinq verənə satmışdır. Alıcı-Lizinq verən isə həmin nəqliyyat vasitəsini lizinq alana lizinq vermək üçün əldə edir və razılaşdırılmış məbləği satıcıya ödəyir. Lizinq müqaviləsinin şərtlərində qeyd olunmuşdur ki, Lizinq alan bu müqavilədə təsvir edilən nəqliyyat vasitəsinin onun sifariş etdiyi lizinq obyekti olduğunu təsdiq edir və həmin əmlakı lizinqə almağı öz öhdəsinə götürür. Lizinq müqaviləsində ayrı hal nəzərdə tutulmayıbsa, lizinq alan lizinq obyektini satıcısı ilə lizinq verən arasında bağlanılan müqavilədən irəli gələn alıcı hüququna malikdir. Tərəflər nəqliyyat vasitəsinin qiymətini 24000 manat məbləğində müəyyən etmişlər. Lizinq alan Lizinq ödənişlərini müqavilə ilə müəyyən edilmiş müddətlərdə ən azı 2 dəfə ardıcıl olaraq ödəmədikdə Lizinq verən lizinq obyektini mübahisəsiz geri almaq hüququ vardır. (Lizinq müqaviləsinin 1.1,1.2,1.3,13.1.4-cü bəndləri). İşdə olan sübutlardan müəyyən olunur ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli İF/06029 saylı daxili lizinq müqaviləsi üzrə cavabdeh 21 dekabr 2022-ci il tarixdən 21 yanvar 2024-cü il tarixədək hər ay 870.27 AZN olmaqla 12183.78 AZN ödəniş etməli olduğu halda, cəmi 3071 AZN ödəniş etmiş, 9112.78 AZN qalıq borcu qalmışdır. Göründüyü kimi Cavabdeh lizinq müqaviləsinə əsasən öz üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etməyərək, lizinqə götürmüş olduğu “Kia Cerato” minik markalı, ** AG *** dövlət qeydiyyat nişanlı avtomobilin istifadəsi ilə bağlı razılaşdırılmış pul vəsaitini iddiaçı "xxxx" MMC-yə müqavilə üzrə müəyyən edilmiş vaxtda ödəməmiş və nəqliyyat vasitəsinin lizinqə verilməsi barədə müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyin icrasından yayınmışdır. Kollegiya qeyd edir ki, istər birinci instansiya məhkəməsində istərsə də apelyasiya icraatı zamanı iddiaçı tərəfin məhkəməyə bildirdiklərindən müəyyən edilmişdir ki, "xxxx" MMC-yə məxsus “Kia Cerato” minik markalı, ** AG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin idarə edilməsi ilə bağlı etibarnamələrin məhz Cavabdeh razılığı əsasında verilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1, 670.1, 670.3 və 673.1-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il 19 dekabr tarixli Qərarında real və konsensual müqavilələrə aydınlıq gətirilmişdir. Həmin Qərarda göstərilmişdir ki, Real müqavilələr üzrə hüquq və öhdəliklər müqavilə predmeti olan əmlakın (əşyanın) verilməsindən sonra əmələ gəlir. Konsensual müqavilələr üzrə hüquq və öhdəliklər isə bu müqavilənin bağlandığı (imzalandığı) andan əmələ gəlir. Mülki qanunvericilikdə konsensual müqavilənin əsas əlamətlərindən biri “əmlakı təqdim etməyi öhdəsinə götürür”, “işləri görməyi öhdəsinə götürür” və s. bu kimi ifadələr ilə müəyyən olunur.” Kollegiya qeyd edir ki, lizinq müqaviləsi mahiyyət etibarı ilə lizinq verən tərəfindən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verilməsi ilə nəticələnən hüquqi aktdır. Lizinq müqaviləsi mahiyyət etibarı ilə konsensual müqavilə hesab olunur. Belə ki, lizinq müqaviləsinin bağlanmış hesab edilməsi üçün onun iştirkaçıları arasında müqavilənin mühüm şərtləri barədə razılıq əldə edilməsi kifayyətdir. Lizinq müqaviləsi üzrə tərəflərin əsas öhdəliklərini təşkil edən lizinq obyektinin lizinq alanın istifadəsinə verilməsi (lizinq verənə münasibətdə) və lizinq ödənişlərinin vaxtında və tam şəkildə icra edilməsi (lizinq alana münasibətdə) həmin müqavilə üzrə öhdəliklərin icra edilməsi mərhələsini təşkil edir. Başqa ifadə ilə desək lizinq verənin əsas öhdəliyi əşyanın faktiki olaraq lizinq alanın sahibliyinə verilməsindən ibarətdir. Birinci instansiya məhkəməsi lizinq obyekti olan əmlakın xx.xx.2022-ci il tarixdən etibarən lizinq alanın sahibliyində olmadığını qeyd etsə də, işdə olan sübutlardan müəyyən olunur ki, lizinq müqaviləsi xx.xx.2022-ci il tarixdə imzalanmış, lizinq obyetki cavabdehin sahibliyinə və istifadəsində verilmiş və bu hal təhvil-təslim aktı ilə imzalanmaqla təsdiqlənmişdir. Lizinq obyektinin X3 etibarnamə əsasında idarə etməyə verilməsi, cavabdehin sahibliyində olmaması kimi qəbul edilə və cavabdehi müqavilə üzrə öhdəliklərinin icrasından azad edə bilməz. Başqa sözlə tərəflərin razılaşması ilə nəqliyyat vasitəsinin təmsilçilik qaydasında idarə etməyə verilməsi müqavilə üzrə öhdəliklərin başqa şəxsə keçməsi anlamına gəlmir. Kollegiya həmçinin qeyd edir ki, tərəflərin iradəsini azad şəkildə ifadə edən və qarşılıqlı hüquq və vəzifələrini müəyyənləşdirən müqavilənin olması tədqiq edilərkən müəyyən olunur ki, tərəflər müqavilə üzrə üzərilərinə öhdəlik götürdüyündən, həmin öhdəliyi icra etməlidir. Belə ki, öhdəlik, mülki hüquq münasibətlərinin iştirakçıları olan kreditor və borclu arasında subyektiv mülki hüquq və vəzifələr yaradır. Öhdəliyin predmetini əmlak dövriyyəsinin müxtəlif obyektlərinin, o cümlədən əşyaların verilməsi, görülmüş işlər, göstərilmiş xidmətlər üzrə borclu şəxslərin davranışı təşkil edir. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddənin məzmunundan da göründüyü kimi, öhdəliyin yaranması üçün, ilk növbədə, qanunla müəyyən edilmiş əsaslar mövcud olmalıdır. Öhdəliyin əmələ gəlmə əsasları dedikdə, öhdəlik hüquq münasibətlərinin əmələ gəlməsini şərtləndirən, onların yaranmasına dəlalət edən, qanunda nəzərdə tutulan və qanunun əlaqələndirdiyi hüquqi faktlar başa düşülür. Əmələ gəlmə əsaslarına görə öhdəliklər müqavilədən əmələ gələn, müqavilədən kənar öhdəliklər və qanundan irəli gələn öhdəliklərə bölünür. Müqavilə öhdəliklərin əmələ gəlməsi əsasları arasında aparıcı yer tutur. Müqavilədən əmələ gələn öhdəliklərin yaranması üçün tərəflər arasında müqavilə bağlanmalı və tərəflər özlərinin əmlak mənafeləri ilə yanaşı, hüquq və vəzifələrini də müəyyən etməlidirlər. Mülki Məcəllədə müqavilə azadlığı prinsipi təsbit edilsə də, tərəflərin bağladıqları müqavilə şərtləri mövcud qanunvericilikdə ifadə olunan imperativ normalara uyğun gəlməlidir. Mülki hüquqda müqavilə anlayışı üç vacib elementdən ibarətdir: subyekt tərkibindən, məzmundan və formadan. Subyekt tərkibi müəyyən müqavilənin bağlanmasında və ya onun həyata keçirilməsində iştirak edən şəxsləri ehtiva edir. Müqavilədən yaranan qarşılıqlı hüquq və vəzifələrin daşıyıcıları olan şəxslər, yəni kreditor və borclu müqavilənin subyekt tərkibinə aiddir. Müqavilənin məzmunu dedikdə, müqavilə tərəflərinin hüquq və vəzifələri, onların barəsində razılıq əldə etdikləri şərtlərin məcmusu başa düşülür. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində qanunla müəyyən edilmiş formada razılıq əldə etdikləri təqdirdə müqavilə bağlanmış sayılır. Göründüyü kimi qanunvericilik öhdəliyin əmələ gəlməsi əsaslarından biri kimi tərəflər arasında müqavilənin olmasını nəzərdə tutmuşdur. Yalnız bu halda kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Müqavilə olmadığı halda isə tərəflərdən hər hansı birinin üzərinə öhdəlik qoyulması (qaytarma öhdəliyi) mülki qanunvericiliyin tələblərinin pozulması kimi qiymətləndirilə bilər. İddiaçı "xxxx" MMC-nin Cavabdeh arasında xx.xx.2022-ci il tarixli İF/06029 saylı X7i müqaviləsi bağlanmış, 24000 manat dəyərində 2013-cü il buraxılışlı “Kia Cerato” minik markalı ** AG *** dövlət nömrə nişanlı avtomobil sonuncuya təhvil verilmiş, bağlanmış müqavilə şərtləri mövcud qanunvericilikdə ifadə olunan imperativ normalara uyğun gəlməklə tərəflər arasında öhdəlik yaratmış, iddiaçı müqavilə üzrə öhdəliyi yerinə yetirsə də, Cavabdeh isə müqavilə üzrə öhdəliyi yerinə yetirməmiş, bununla da, cavabdehin iddiaçı təşkilata lizinq obyektindən istifadəyə görə ödənilməmiş 9112.78 manat (doqquz min yüz on iki manat 78 qəpik) pul vəsaiti borcu qalmışdır. İddiaçı haqlı olaraq müqavilə üzrə öhdəliyin yerinə yetirilməsini cavabdehdən tələb etmişdir. Məhkəmə kollegiyası işin birinci halı ilə bağlı yekun olaraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını tərəflərin qarşılıqlı münasibətinə uyğun araşdırmamış, iş üzrə gəldiyi nəticə işin faktiki hallarına uyğun olmamaqla qanunsuz və əsassız olmuşdur. Belə olan halda kollegiya hesab edir ki, müqavilə tərəfi olan Cavabdeh tərəfindən KİA CERATO” minik markalı 77-AG271 dövlət nömrə nişanlı avtomobil lizinq müqaviləsi üzrə öhdəliyin yerinə yetirilməməsi nəticəsində lizinq obyektindən istifadəyə görə ödənilməyən 9112.78 manat borclu olması tam sübut olunduğundan iddia bu hissədə əsaslı hesab edilməli və təmin edilməlidir. İİ iddiaçının ikincii xahişi yəni lizinq obyektinin ehtiyat hissələrinin və təmir xərclərinin ödənilməsi tələbi üzrə birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə və kollegiyanın bu nəticə ilə bağlı hüquqi mövqeyi? İş materiallarında olan müstəqil ekspert X1 xx.xx.2024- cü il tarixli, AKT-029/24 nömrəli avtomobilin qalıq hissəsinin qiymətləndirmə aktından görünür ki, xx.xx.2023-cü il tarixli İF/06029 saylı daxili maliyyə lizing müqaviləsinə əsasən "xxxx" MMC-yə “Kia Cerato” minik markalı, ** AG *** dövlət nömrə nişanlı, ban KNAFX411BD5065785, 2013-ci il buraxılış, Ağ mirvari rəngdə) dövlət qeydiyyat nişanlı avtomobilə lizing təminatı verilmişdir. xx.xx.2024-cü il tarixdə göstərilən avtomobilin ehtiyyat hissələrinin və təmir xərclərinin ümümi məbləği 3407,00 (üç min dörd yüz yeddi) manat təşkil etmişdir. Araşdırma nəticəsində müəyyən olunmuşdur ki, həmin avtomobilin real dəyəri 18000,00 (on səkkiz min) manat məbləğində təşkil etmişdir. Tərəfindən avtomobilin qalıq hissəsinin qiymətləndirilməsinə dair müvafiq tədbirlər görülmüş, bütün zəruri araşdırmalar aparılmış və nəticədə avtomobilin qalıq hissəsinin dəyəri 14593,00 (on dörd min beş yüz doxsan üç) manat məbləğində müəyyən olunmuşdur. Birinci instansiya məhkəməsi Cavabdeh ilə "xxxx" MMC arasında daxili lizinq müqaviləsinin bağlansa da, həmin müqavilə üzrə nəqliyyat vasitəsi onun istifadəsində olmaması əsası ilə lizinq obyektinin ehtiyyat hissələrinin və təmir xərclərinin ödənilməsinin cavabdehin üzərinə qoyulması tələbi ilə razılaşmamış və iddia tələbini bu hissədə təmin etməmişdir. Kollegiya məhkəmənin bu mövqeyi ilə razılaşmır və hesab edir ki, iddiaçı təşkilatın iddianın "xxxx" MMC arasında daxili lizinq müqaviləsinin bağlansa da, həmin müqavilə üzrə nəqliyyat vasitəsi onun istifadəsində olmaması əsası lizinq obyektinin ehtiyat hissələrinin və təmir xərclərin təmin edilməməsi deyil, cavabdehin təqsirli hərəkəti nəticəsində lizinq obyektinin ziyana məruz qalması və lizinq obyektinin ehtiyat hissələrinin və təmir xərclərin çəkilib-çəkilməməsinə təqdim olunmuş sübutlar əsasında hüquqi qiymət verilməlidir. Kollegiya iddiaçının cavabdehdən 3407.00 manat lizinq obyektinin ehtiyat hissələrinin və təmir xərclərinin tələb edilməsi ilə bağlı iddia tələbinə münasibətdə qeyd edir ki, iddiaçı bununla bağlı qiymətləndirmə aktı təqdim etsə də, apelyasiya icraatı zamanı iddiaçının nümayəndəsi həmin xərclərin nəqliyyat vasitəsinin istismar olunması nəticəsində yaranan xərclər olduğunu bildirmişdir. Kollegiya qeyd edir ki, iddiaçının tələbi həmin hissədə əsaslı hesab edilə bilməz. Belə ki, nəqliyyat vasitəsinin istismarına çəkilən xərclər əvvəla cavabdehin təqsirli hərəkətləri nəticəsində yaranan xərclər kimi qəbul edilə bilməz. Belə ki, nəqliyyat vasitəsi müqavilə əsasında cavabdehin sahibliyinə və istifadəsinə verilmişdir. Həmin nəqliyyat vasitəsinin müqavilə müddəti ərzində istismar olunması təbii hal kimi onun hissələrində də köhnəlməyə gətirib çıxarır. Ona görə də kollegiya hesab edir ki, lizinq obyektinin ehtiyyat hissələrinin və təmir çəkilən xərclərin tələb edilməsi ilə bağlı iddia tələbi əsaslı hesab edilə bilməz. Kollegiya iddiaçının ikinci xahişi yəni lizinq obyektinin ehtiyyat hissələrinin və təmir xərclərinin ödənilməsi tələbi hissəsi sübut olunmadığından iddia bu hissədə əsassız hesab edilməli və təmin edilməməlidir. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Beləliklə kollegiyası hesab edir ki, iddiaçı "xxxx" MMC tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilməli, Şirvan Şəhər Məhkəməsinin 2(032)-43/2025 saylı, 14 yanvar 2025-ci il tarixli qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməli, xx.xx.2022-ci il tarixli İF/06029 saylı saylı X7 müqaviləsi üzrə 9112.78 manat borc (doqquz min yüz on iki manat 78 qəpik) pul vəsaiti Cavabdeh alınaraq iddiaçı «"xxxx" MMC-yə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 385.1.1, 385.1.2, 385.1.3 və 385.1.4-cü maddələrinin mənasına görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 107 və 119.1-ci maddələri). Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 384.0.2, 392, 393 və 405-ci maddələrinin rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: İddiaçı "xxxx" MMC tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilsin. Şirvan Şəhər Məhkəməsinin 2(032)-43/2025 saylı, 14 yanvar 2025-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. xx.xx.2022-ci il tarixli İF/06029 saylı saylı X7 müqaviləsi üzrə 9112.78 manat borc (doqquz min yüz on iki manat 78 qəpik) pul vəsaiti Cavabdeh alınaraq iddiaçı «"xxxx" MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində cavabdeh tərəfindən Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar