Məhkəmə qərarları › İş №2(106)-703/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-703/2025

03.04.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-703/2025 03.04.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: qaza olan borcunun silinməsi, sübutetmə yükü) Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Heydərov Tofiq Xudayar oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, X4 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair mülki iş üzrə Şirvan Şəhər Məhkəməsinin 21 yanvar 2025-ci il tarixli, 2(032)-87/2025 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Şirvan Qaz İstismarı İdarəsi tərəfindən hesablanmış 1057.13 manat borcun **********00530 saylı hesabından silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Laçın rayonundan məcburi köçkün olmaqla, məskunlaşıb, yaşadıqları qaçqın şəhərciyində (Şirvan şəhəri Cihazlar zavodunun pioner düşərgəsi) yaşadıqları müddət ərzində bir neçə ailənin qaz təchizatı üzrə müqavilə onun adına qeydə alınmışdır. Həmin mənzildə ailə üzvləri ilə birlikdə yaşayırdı. Ünvan üzrə bir neçə ailənin qaz təminatı üçün quraşdırılmış qaz sayğacı üzrə müqavilə onunla bağlanmaqla istifadə edilmiş, qazın dəyəri Qaçqınların və X2 üzrə Dövlət Komitəsi tərəfindən ödənilirdi. Yaşadığı dövr ərzində qaz təminatında yaranmış borc barədə məlumat verilməmişdir. Sonradan qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması məqsədi ilə inşa edilmiş ünvan 1 ünvan üzrə qaz təminatı ilə əlaqədar 2020-ci il tarixdə 1057.13 manat borcu olması barədə məlumat verilmişdir. Şirvan şəhərində yerləşən Cavabdeh İB-nin Şirvan şəhər şöbəsinə müraciət etdikdə borcun silinməsi barədə Qaçqınların və X2 üzrə Dövlət Komitəsinə özləri müraciət edilməsini və borcun silinməsi bildirilmişdir. Bu müddət ərzində qaz təminatı ilə əlaqədar ön ödənişli sayğac kartına pul yüklədikcə hər dəfə bir qismi borca silinirdi. Daha sonra qaz idarəsinə müraciət etdikdə ona abonentin saldosunu təqdim etməklə məhkəməyə müraciət etməyi məsləhət gördülər. Ailə ilə məskunlaşıb, yaşadıqları qaçqın şəhərciyində (Şirvan şəhəri Cihazlar zavodunun pioner düşərgəsi) yaşadıqları ünvan üzrə müqavilə X1 adına rəsmiləşdirilmişdir. Təqdim edilmiş abonent saldosundan görünür ki, X1 adına olan abonent hesabından 1057.13 manat borc silinməklə 2020-ci ilin sentyabr ayından onun adına borc məbləği hesablanmışdır. Ona bildiriş verilmiş və bildirişdə 1057.13 manat borcunun olması qeyd olunmuşdur. Cavabdeh tərəfindən pozulmuş hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək məcburiyyətindədir. Birinci instansiya məhkəməsində icraat Şirvan Şəhər Məhkəməsinin 21 yanvar 2025-ci il tarixli, 2(032)-87/2025 saylı qətnaməsi ilə (hakim C.Mustafayev) İddiaçı Cavabdehnə qarşı Cavabdeh tərəfindən hesablanmış 1057.13 manat borcun **********00530 saylı abonent hesabından silinməsi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının Şirvan şəhərində yerləşən Cihazlar zavodunun pioner düşərgəsində qeydə alınmış **********00390 nömrəli abonent hesabında olan 1057,13 manat borc 2020-ci ilin sentyabr ayında ünvan 3 ünvanında yerləşən mənzilin **********00530 nömrəli abonent hesabına köçürülmüşdür. Eyni zamanda cavabdeh tərəfin məhkəməyə təqdim etmiş olduğu abonent saldosu üzrə ödənişlər əsasında müəyyən edilmişdir ki, iddiaçının Şirvan şəhərində yerləşən Cihazlar zavodunun pioner düşərgəsində qeydə alınmış **********00390 nömrəli abonent hesabı üzrə ödənişlər abonenti özü tərəfindən və Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsi tərəfindən ödənilmişdir. Həmin hesabatda abonentin 2010-cu ilin oktyabr ayından xx.xx.2011-ci il tarixədək 345.90 manat təbii qaz sərf etdiyi 74,62 manat ödəniş etdiyi, 304.74 manat borcu qaldığı, 2011-ci il ərzində 391,70 manat təbii qaz sərf etdiyi 336 manat Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsi tərəfindən, 300.50 manat isə abonent tərəfindən ödənildiyi, xx.xx.2012-ci il tarixə 93.40 manat borcu qaldığı, 2012- ci il ərzində 565,80 manat təbii qaz sərf etdiyi 336 manat Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsi tərəfindən, 42,41 manat isə abonent tərəfindən ödənildiyi, xx.xx.2013cü il tarixə 280,79 manat borcu qaldığı, 2013-cü il ərzində 806,70 manat təbii qaz sərf etdiyi 336 manat Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsi tərəfindən, 424.01 manat isə abonent tərəfindən ödənildiyi, xx.xx.2014-cü il tarixə 327.48 manat borcu qaldığı, 2014-cü il ərzində 367.40 manat təbii qaz sərf etdiyi 80 manat Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsi tərəfindən ödənildiyi, xx.xx.2015-ci il tarixə 614,88 manat borcu qaldığı, 2015-ci il ərzində 274,10 manat təbii qaz sərf etdiyi 168 manat Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsi tərəfindən ödənildiyi, xx.xx.2016-cı il tarixə 720,98 manat borcu qaldığı, 2016-cı il ərzində 284,40 manat təbii qaz sərf etdiyi 168 manat Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsi tərəfindən, 73,65 manat isə abonent tərəfindən ödənildiyi, xx.xx.2017-ci il tarixə 763,73 manat borcu qaldığı, 2017-ci il ərzində 339.50 manat təbii qaz sərf etdiyi 23 manat abonent tərəfindən ödənildiyi, xx.xx.2018-ci il tarixə 1097.93 manat borcu qaldığı, 2018-ci il ərzində 62,90 manat təbii qaz sərf edildiyi 100 manat abonent tərəfindən ödənildiyi, xx.xx.2019-cü il tarixə 1060,83 manat borc qaldığı, 2019-cu il ərzində 56,30 manat təbii qaz sərf edildiyi 60 manat abonent tərəfindən ödənildiyi xx.xx.2020-ci il tarixə 1057,13 manat borcu qaldığı müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Məhkəmə qeyd etmişdir ki, işin faktiki hallarından göründüyü kimi abonent tərəfindən istifadə edilmiş təbii qazla əlaqədar ödənişlər həm abonentin özü tərəfindən, həm də Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsi tərəfindən istehlak edilmiş təbii qazın dəyəri müəyyən edilmiş limitə əsasən ödənilsə də, hazırkı mülki iş üzrə cavabdeh tərəfindən istifadə edilmiş təbii qaza görə ödənilməli olan ödənişlər tam olaraq ödənilməmiş və nəticədə abonentin qalıq borcu yaranmışdır. Həmçinin birinci instansiya məhkəməsi gəldiyi nəticəni «Qazdan istifadə Qaydaları»nın 6.5, 4.2, 4.8, 5.2-ci maddələri, «Qaz təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 22-ci maddəsi, «Enerji resurslarının istifadəsi haqqında» Azərbaycan Respublikası Qanununun 29-cu maddəsi, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 135.1, 136.4, 139.1-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77, 14.2-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, hazırkı mübahisə üzrə məhkəmənin gəldiyi nəticə yalnız cavabdehin etirazı və qaz sərfiyyatına dair təqdim olunmuş dəlillərə birtərəfli qaydada qətnamə qəbul edilmişdir. Halbuki məhkəmə öz təşəbbəsü ilə də iş üzrə müvafiq ekspertiza yaxud mütəxəssis rəyi alaraq qaz sərfiyyatının tək onun ailəsinin sərfiyyatı olması yoxsa baş sayğac onun sayğacı olduğu üçün digər ailələrində ümumi sərfiyyatlarının olduğunu müəyyən edə bilərdi. Qeyd olunan halın araşdırılması üçün xüsusi bilik tələb olunur bunun üçün müvafiq ekspert və yaxud mütəxəssis rəyi alınmalıdır, bu hallar isə aydınlaşdırılmamışdır. Şirvan Şəhər Məhkəməsinin qəbul etdiyi xx.xx.2025-ci il tarixli, 2(032)-87/2025 nömrəli qətnaməsi Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il tarixli Qərarında nümayiş etdirdiyi hüquqi mövqeyə uyğun qəbul edilməyərək, işdə olan sübutlar əsasında (cavabdehin etirazı və cavabdeh tərəfindən təqdim olunmuş saldo) gəldiyi nəticə (formal həqiqət), işin həqiqi hallarına müvafiq olaraq məhkəmənin gəldiyi nəticə (obyektiv həqiqət) ilə uyğun olmayaraq iddia tələbinin rədd olunması ilə nəticələnmişdir. Göründüyü kimi, məhkəmənin göstərilən istiqamətdə gəldiyi nəticə işin faktiki hallarına uyğun olmamışdır. Ona görə də Şirvan Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(032)-87/2025 nömrəli qətnaməsinin ləğv edilməli və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməlidir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh isə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında təmsil olunmamış, səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə tərkibi işə cavabdehin (nümayəndəsinin) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: Azərbaycan Respublikasının Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə əsasən, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”: Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”-nın 5.2-ci bəndinə əsasən Bu Qaydaların 5.4-cü, 6.5ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. Həmin Qaydaların 5.4-cü bəndinə əsasən, qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. Həmin qaydaların 5.5-ci bəndinə əsasən qaz paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator Şirvan Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(032)-87/2025 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız mübahisələndirilən hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Daha sonra məhkəmə tərkibi qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də məhkəmə tərkibi Şirvan Şəhər Məhkəməsinin 21 yanvar 2025-ci il tarixli, 2(032)-87/2025 saylı qətnaməsini apellyasiya şikayətinə münasibətdə apellyasiya şikayətinin həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq təmin etməmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şirvan Şəhər Məhkəməsinin 21 yanvar 2025-ci il tarixli, 2(032)-87/2025 saylı qətnaməsi İddiaçı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçının Şirvan şəhərində yerləşən Cihazlar zavodunun pioner düşərgəsində qeydə alınmış **********00390 nömrəli abonent hesabında olan 1057,13 manat borc 2020-ci ilin sentyabr ayında ünvan 3 ünvanında yerləşən mənzilin **********00530 nömrəli abonent hesabına köçürülmüşdür. Apellyator apellyasiya şikayətində bildirmişdir ki, hazırkı mübahisə üzrə məhkəmənin gəldiyi nəticə yalnız cavabdehin etirazı və qaz sərfiyyatına dair təqdim olunmuş dəlillərə birtərəfli qaydada qətnamə qəbul edilmişdir. Halbuki məhkəmə öz təşəbbəsü ilə də iş üzrə müvafiq ekspertiza yaxud mütəxəssis rəyi alaraq qaz sərfiyyatının tək onun ailəsinin sərfiyyatı olması yoxsa baş sayğac onun sayğacı olduğu üçün digər ailələrində ümumi sərfiyyatlarının olduğunu müəyyən edə bilərdi. Qeyd olunan halın araşdırılması üçün xüsusi bilik tələb olunur bunun üçün müvafiq ekspert və yaxud mütəxəssis rəyi alınmalıdır, bu hallar isə aydınlaşdırılmamışdır. Ekspertiza təyin edilməməsi barədə şikayətin dəlillərini əsassız sayan məhkəmə tərkibi qeyd edir ki, Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Məhkəmə tərkibi qeyd edir ki, qanunverici işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün ekspertiza təyin edilməsini məhkəmə üçün vəzifə kimi deyil, hüquq kimi tanımışdır. Eyni zamanda apellyator hazırki iş üzrə ekspertizanın keçirilməsinin zəruriliyini şikayətində əsaslandırmamışdır. Yəni qeyd edilən dəlil birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Məhkəmə tərkibi əlavə olaraq qeyd edir ki, «Qaz təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinə, «Enerji resurslarının istifadəsi haqqında» Azərbaycan Respublikası Qanununun 29-cu maddəsinə əsasən enerji resurslarından istifadəyə görə ödənişlərin müddətinin pozulmasına yol verən hüquqi və fiziki şəxslər Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 135.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər şəxslər yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam ödəməyə borcludur. Həmin Məcəllənin 136.4-cü maddəsinə əsasən kommunal xidmətlərə görə haqqa soyuq və isti su təminatı, kanalizasiya, elektrik təminatı, qaz təminatı və istilik təchizatına görə ödənilən haqlar daxildir. Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən kommunal xidmətlərə görə haqqın miqdarı qanunvericiliyə əsasən müəyyənləşdirilmiş taariflər əsasında müvafiq fəaliyyət növünü həyata keçirən şəxslərlə bağlanan müqavilələrdə müəyyən edilir. Məhkəmə tərkibi qeyd edir ki, işin faktiki hallarından göründüyü kimi abonent tərəfindən istifadə edilmiş təbii qazla əlaqədar ödənişlər həm abonentin özü tərəfindən, həm də Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsi tərəfindən istehlak edilmiş təbii qazın dəyəri müəyyən edilmiş limitə əsasən ödənilsə də, hazırkı mülki iş üzrə cavabdeh tərəfindən istifadə edilmiş təbii qaza görə ödənilməli olan ödənişlər tam olaraq ödənilməmiş və nəticədə abonentin qalıq borcu yaranmışdır. Məhkəmə tərkibi qeyd edir ki, iddiaçı qaz sərfiyyatının tək onun ailəsinin sərfiyyatı olmadığını, baş sayğac onun sayğacı olduğu üçün digər ailələrində ümumi sərfiyyatlarının olduğunu qeyd etsə də, bu halı təsdiq edəcək hər hansı bir sübut təqdim etməmişdir. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə, etirazın əsaslarını təsdiq etmək isə cavabdeh tərəfin üzərinə düşür. Prosessual qanunvericilik sübut etmə yükünün tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirsə də, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarında, habelə mübahisəyə tətbiq edilməli olan digər hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. Bu baxımdan hər bir mübahisənin qanuni həllinə imkan verən sübutetmə yükünün düzgün müəyyən olunması işin qanuni həlli baxımından vacib əhəmiyyətə malikdir. Hazırkı halda iddiaçı iddia tələbini sübut edə bilməmişdir. Ona görə də, məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməkdə haqlı olmuşdur. Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də İddiaçı apellyasiya şikayəti təmin edilməməli və iş üzrə Şirvan Şəhər Məhkəməsinin 21 yanvar 2025-ci il tarixli, 2(032)-87/2025 saylı qətnaməsi İddiaçı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Daha sonra məhkəmə tərkibi qeyd etməyi lazım bilir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı halda qətnamədən tərəflərin kassasiya şikayəti vermək hüququ yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə tərkibi Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Şirvan Şəhər Məhkəməsinin 21 yanvar 2025-ci il tarixli, 2(032)-87/2025 saylı qətnaməsi İddiaçı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar