Məhkəmə qərarları › İş №2(106)-704/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-704/2023

02.05.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-704/2023 02.05.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 Əsədov (sədrlik edən və məruzəçi), Samir İlham oğlu Mayılov və Tofiq Xudayar oğlu Heydərovdan ibarət tərkibdə, Hüseynov Elvin Nizami oğlunun katibliyi ilə, Masallı Rayon Məhkəməsinin 31 yanvar 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə (“Azəriqaz” İB-yə) qarşı aktın etibarsız hesab edilməsi və həmin akt əsasında hesablanmış borcun silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı iddia ilə məhkəməyə müraciət edərək, “Azəriqaz” İB-nin əməkdaşları tərəfindən tərtib olunmuş 27 sentyabr 2022-ci il tarixli, ******* saylı aktın etibarsız hesab edilməsi və həmin akt əsasında hesablanmış ziyan kimi 17280 m3 qaz sərfiyyatına hesablanmış borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Masallı rayonu, Xıl kəndində özünə məxsus fərdi yaşayış evi təbii qazdan isifadə qaydalarına uyğun olaraq təbii qazla və istifadə olunan təbii qazın dəyərini ölçmək üçün sayğacla təmin olunmuşdur. Təbii qazdan istifadəyə görə mütəmadi olaraq ödənişləri etmiş, heç vaxt abonent kimi öhdəliklərinin icrasından yayınmamışdır. "Azəriqaz" İB Lənkəran X4 İdarəsinin əməkdaşları ona məxsus yaşayış evini təbii qazla təchiz edən qaz xəttinə və sayğaca baxış keçirdikdən bir müddət sonra ona qaza görə bildiriş gəlmiş, bildirişdə onun ödəməli olduğu məbləğin çox olduğunu görüb bunun səbəbini öyrənmək üçün X6 Xidmət Mərkəzinə müraciət etmişdir. Sonra ona abonentin saldosu, akt, tələbnamə vermişlər. Verilmiş sənədlərə baxdıqda “Azəriqaz” X2 X4 İdarəsinin əməkdaşları tərəfindən barəsində 27 sentyabr 2022-ci il tarixli, ******* nömrəli akt tərtib edildiyini görmüşdür. Aktda sayğacdan kənar qeyri-qanuni birləşmə müəyyən edildiyi bildirilmiş və tələbnamə ilə itirilmiş qazın bərpasına görə dəymiş ziyan olaraq 17280 m3 müəyyən edilməklə ödənilməsi tələb olunmuşdur. Hesab edir ki, tərtib olunmuş akt əsassız hesab edilməli və 17280 m3 qaz sərfiyyatı silinməlidir. Sayğacdan kənar qazdan heç vaxt istifadə etməmiş, “Azəriqaz” İstehsalat Birliyinin işçiləri aktı yazarkən onun evinin qaz xəttində heç bir qeyri-qanuni istifadə olmamış, həmişə sayğacdan istifadə etmişdir. Qaz İdarəsi ilə müqavilə bağladıqdan sonra onun evində sayğac quraşdırmışlar. Həmin sayğacla da, ödənişləri etmişdir. Akt otaq şəraitində və onun iştirakı olmadan tərtib edilmişdir. Akt tərtib olunarkən qanunvericiliyin tələbləri pozulmuşdur. Azəriqaz İB-nin işçiləri ayda iki dəfə olmaqla sayğaca baxış keçirirlər. Əgər belə bir problem var idisə ona 15 günün cəriməsini yazılmalı, 180 günün cəriməsi yazılmamalıdır. O, sayğacdan kənar qaz xətti çəkmiş olsaydı Qaz İstismarı İdarəsinin əməkdaşları həmin faktın şəkillərini çəkmiş olardılar. Sayğacdan kənar qeyri-qanuni birləşmə var idisə Qaz İstismarı İdarəsinin əməkdaşları onuda çağırıb onun iştirakı ilə akt tərtib edib qonşuları da şahid kimi qeyd edərdilər. Lakin qaz istismarı idarəsinin əməkdaşları qanunsuz otaq şəraitində öz xeyirlərinə uyğun akt tərtib edərək həmin aktda onun sayğacdan kənar, qeyri-qanuni birləşmə etdiyini qeyd etmişlər. Birinci instansiya məhkəməsində cavabdehin nümayəndəsi Nümayəndə məhkəmə iclası zamanı iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, İddiaçı yaşadığı Masallı rayonu, Xıl kəndindəki fərdi yaşayış evi təbii qazla təchiz olunmuş və təbii qazdan istifadənin hesablanması üçün oraya sayğac quraşdırılmışdır; qaz sayğaclarına hər ayın 10-u və 20-si olmaqla, iki dəfə baxış keçirilir. İddiaçının ünvanında yerləşən qaz sayğacına baxış keçirilərkən sayğacdan kənar qeyri- qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunması aşkar edildiyi üçün 27 sentyabr 2022-ci il tarixli akt tərtib olunmuşdur. Həmin faktı aşkar edərkən əməkdaşlar tərəfindən video çəkiliş də aparılmışdır. Daha sonra isə həmin akt əsasında dəymiş ziyan hesablanmış və itirilmiş qazın dəyərinin ödənişinin təmin edilməsi qərara alınmışdır. Masallı Rayon Məhkəməsinin (hakim F.Əliyev) 31 yanvar 2023-cü il tarixli qətnaməsi ilə İddiaçı iddiası qismən təmin edilmiş, 27 sentyabr 2022-ci il tarixli, ******* saylı akta əsasən ziyan qismində hesablanmış sərfiyyatın həcminin azaldılaraq 8640 m3 müəyyən edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən cavabdeh “Azəriqaz” İstehsalat Birliyi apellyasiya şikayəti vermişdir. Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuşdur. Şikayətə görə, iddiaçının təqsirli hərəkətləri nəticəsində cavabdehə dəymiş zərər qiymətləndirilərək, iddiaçıya aid olan abonent koduna hesablanmışdır. Lakin birinci instansiya məhkəməsi bu halı nəzərə almamış, iddia tələbini təmin edərək, səhv nəticəyə gəlmişdir. İddiaçı ilə cavabdeh arasında bağlanmış müqaviləyə görə istehlakçı təqsirli hərəkətləri, habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir. Birinci instansiya məhkəməsinə aktlar, faktları təsbitləyən fotoşəkillər, saldo və s təqdim olunmasına baxmayaraq, əsassız olaraq iddianı təmin etməmişdir. İddiaçı və cavabdehin nümayəndəsi apellyasiya baxışında iştirak etməmişdir. Müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər apellyasiya baxışına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Kollegiyası, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM-nin) 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə Kollegiyası məruzəni dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. İşin hallarından görünür ki, təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2022-ci il tarixli akta görə, iddiaçıya məxsus evdə sayğacdan kənar qanunsuz birləşmə aşkar edilmiş, itirilmiş təbii qazın dəyərinin hesablanması və ödənilməsi qeyd edilmiş, həmin akta əsasən abonent İddiaçı 180 gün müddət üzrə 1728 manat borc hesablanmışdır. İddiaçı akt əsasında hesablanmış borcu mübahisələndirir. İddia tələbi ilə bağlı Kollegiya aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kollegiya qeyd edir ki, cavabdeh Şirkətə ziyanın vurulmasını, vurulmuş ziyanın miqdarını, ziyanın abonent (iddiaçı) tərəfindən vurulduğunu, onun qanunazidd hərəkətlərinin olmasını və bu hərəkətlərlə ziyan arasında səbəli əlaqənin olmasını sübuta yetirmək cavabdeh şirkətin üzərindədir. «Qaz təchizatı» haqqında Azərbaycan Respublikasının 30 iyun 1998-ci il tarixli Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 3.4.1.-ci bəndinə əsasən özbaşına qaz qurğularının quraşdırılmasını, qaz qurğularının və qapadıcı ventillərin yerdəyişməsini, dəyişdirilməsini və təmirini həyata keçirmək, habelə bina daxilində qeyri-metal borular vasitəsilə qurğulara qaz xəttinin çəkilişini aparmaq istehlakçılara qadağandır. Qaydaların 6.5-ci bəndinə əsasən qaz paylayıcısı şəbəkəyə qanunsuz qoşulma halları aşkar etdikdə, qazpaylayıcı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Həmin Qaydaların 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir Məhkəməyə təqdim olunmuş CD diskə baxış keçirilərkən müəyyən olunmuşdur ki, İddiaçı yaşadığı Masallı rayonu, Xıl kəndindəki fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacına baxış keçirilərkən sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunması aşkar edilmişdir. Bununla bağlı mübahisəli akt tərtib edilmişdir. İddiaçı “Azəriqaz” İB Lənkəran X4 İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş 27 sentyabr 2022-ci il tarixli aktın və həmin akta görə borcun qanunsuz olduğunu iddia edir. “Azəriqaz” İB-nin Lənkəran X4 İdarəsinin rəisi Namiq Məmmədov tərəfindən təsdiq edilmiş 28 sentyabr 2022-ci il tarixli tələbnaməyə görə, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Şurasının xx.xx.2011-ci il tarixli, 11 nömrəli qərarının 1 saylı əlavəsində Müxtəlif diametrli qaz kəmərlərində qaz sərfinin hesablanması cədvəlinə əsasən 15 mm-lik borunun en kəsiyindən minimal təzyiq həddində keçən qazın maksimal saatlıq 4 m3/saat üçün orta günlük iş rejimi 24 saat və hesabat müddəti 180 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və hesablanmış məbləğin ödənilməsi qərara alınmışdır. Cəmi 17280 m3 itirilmiş qaz hesablanmışdır. Birinci instansiya məhkəməsi aktı qanunsuz saymamışdır. Bununla belə, məhkəmə 17280 kub metr qaz sərfiyyatına görə hesablanmış borcun silinməsinə münasibətdə qeyd etmişdir ki, "Abonentin saldosundan” görünür ki, 2022-ci ilin yanvar-sentyabr ayları üzrə müəyyən məbləğlərdə sərfiyyat hesablanmışdır. Bu isə onu deməyə əsas verir ki, eyni ilin avqust ayında da istifadəçinin sayğacına baxış keçirilmişdir. Belə halda dəymiş ziyanın məbləğinin 180 gün hesabat müddəti hesablanması həddən artıq çoxdur və bu səbəbdən də 90 gün hesabat müddəti ilə hesablanmalıdır. Kollegiya qeyd edir ki, apellyasiya qaydasında mübahisəli hal akt üzrə hesablanmış borcun məbləği ilə bağlıdır. İddiaçının apellyasiya şikayətində akt əsas götürülməklə 180 gün ərzində qaz sərfiyyatına görə borcun hesablanmasını iddia edir. Məhkəmə 90 gün ərzində qaz sərfiyyatına görə hesablanış borcun tutulmasını təmin etmişdir. Kollegiya məhkəmənin mövqeyi ilə razılaşır. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Şurasının 14 mart 2011-ci il tarixli, 11 saylı qərarına əsasən istehlakçı tərəfindən bu hallara uyğun gələn qazdan istifadə qaydalarının pozuntusuna yol verilməsi (sayağacdan əvvəl qaz xəttinə qoşulma aşkar edildikdə) aşkar edildikdə, qazın verilməsi qeyd-şərtsiz dayandırılır və təbii qazın alqı-satqısı müqaviləsində göstərilən qaz cihazları üçün nəzərdə tutulan normativ hesabata müvafiq olaraq, axırıncı texniki baxış müddətindən sonrakı dövr üçün və ya iddia müddəti ərzində (3 ilə qədər) qaz sərfinə bərabər qanunsuz istifadə olunmuş qazın dəyəri hesablanaraq istehlakçı tərəfindən təchizatçının hesablaşma hesabına odənilir. Kollegiya qeyd edir ki, hazırkı halda tərtib edilmiş akt üzrə 180 gün ərzində sərf edilmiş qaza görə borcun hesablanmasını sübuta yetirmək vəzifəsi cavabdehin üzərindədir. Lakin cavabdeh bu halı sübuta yetirə bilməmişdir. Beləliklə, Kollegiya apellyasiya şikayətinin dəlillərini əsassız sayır və hesab edir ki, şikayətdə göstərilənlər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Apellyasiya şikayəti təmin edilmədiyindən, şikayətin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehə aid edilir. Azərbaycan Respublikasının MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı halda mübahisələndirilən hissədə iddianın qiyməti (azaldılması tələb edilən məbləğ) Qanunla müəyyən edilmiş həddən az olduğu üçün qətnamədən kassasiya qaydasında şikayət verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 382, 384.0.1, 392 və 393-cü maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qətetdi: Cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin apellyasiya şikayəti təmin edilməsin. Masallı Rayon Məhkəməsinin 31 yanvar 2023-cü il tarixli, 2(050)-108/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya qaydasında şikayət verilə bilməz. Sədrlik edən İlham Əsədov Hakimlər Samir Mayılov Tofiq Heydərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar