Məhkəmə qərarları › İş №2(106)-705/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-705/2024

04.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-705/2024 04.04.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh qarşı borc tələbinə dair mülki iş üzrə Açar sözlər: operativ lizinq (istifadə) müqaviləsi üzrə borcun ödənilməsi X1 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Cavabdeh Əhliman oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (ASC-nin) Cavabdeh qarşı operativ lizinq (istifadə) müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair sadələşdirilmiş icraat qaydasında baxılmış mülki iş üzrə Sabirabad Rayon Məhkəməsinin (hakim Nurəddin Bağırov) 19 iyul 2023-cü il tarixli, 2(056)-1223/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) yazılı məhkəmə icraatı qaydasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı ASC Cavabdeh iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2022-ci il 11 may tarixli 09/02530 nömrəli operativ lizinq müqaviləsinə əsasən 4000,00 (dörd min) manat borcun və 60,00 (altmış) manat dövlət rüsumunun, cəmi: 4060,00 (dörd min altmış) manat pul vəsaitinin Cavabdeh tutularaq “Aqroservis" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" ASC (“Aqrolizinq" ASC) ilə Cavabdeh arasında bağlanmış 2022-ci il 11 may tarixli 09/02530 nömrəli operativ lizinq müqaviləsinə əsasən 1 ədəd Sampo Rosenlew SR-2065 markalı taxılyığan kombayn ona istifadəyə verilmişdir. “Aqroservis" Açıq Səhmdar Cəmiyyətlə cavabdeh arasında bağlanmış müqaviləyə əsasən 7000.00 (yeddi min) manat öhdəlikdən 3000.00 (üç min) manat ödəniş edilmişdir. Cavabdehin Cəmiyyətə hazırda 4000.00 (dörd min) manat borcu vardır. Lakin cavabdeh vaxtında iddiaçıya olan borcunu qaytarmadığından iddiaçı dəfələrlə ondan yaranmış borcun ödənilməsini tələb etsə də. cavabdeh bu günə kimi müxtəlif bəhanələrlə kreditora olan borcunu ödəməkdən yayınmışdır. Buna görə də. iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh öhdəliyi vaxtında icra etmemeklə müqavilə şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşdur. Belə ki, bağlanmış müqavilənin 2.2.2-ci bəndinə əsasən cavabdeh lizinq ödənişlərini müqavilə (istifadə) müddəti ərzində bu müqavilənin 1.1-ci bəndinə uyğun olaraq ödəməyi öhdəsinə götürmüşdür. Bununla da cavabdeh "xxxx" ASC ilə bağladığı müqavilənin həmin bəndi ilə nəzərdə tutulmuş lizinq ödənişlərinin vaxtında və tam ödənilməsinə dair üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Cavabdehlə bağlanmış müqavilənin 2.2.3-cü maddəsinə görə texnikanın istifadəsinə görə ödəniş heyata keçirilmədikde, texnikanı qeyd-şərtsiz geri qaytarmaqla borc məbləğinin ödənilməsinə dair cavabdeh öhdəlik daşıyır. Cavabdeh öhdəliyi vaxtında icra etməməklə Azerbaycan Respublikasının Mülki Məcəlləsinin 427.3-cü və 445.2.1-ci maddələrinin tələblərini pozmuşdur. Belə ki, əgər öhdəliyin icrası günü müəyyenleşdirilibsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Digər tərəfdən cavabdeh öhdəliyi müəyyənləşdirilmiş müddətdə icra etmədikdə kreditor qarşısında məsuliyyət daşıyır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Cavabdehin iddiaçının tələbinə dair əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Birinci instansiya məhkəməsi işə sadələşdirilmiş icraat qaydasında baxmışdır. Sabirabad Rayon Məhkəməsinin 19 iyul 2023-cü il tarixli, 2(056)-1223/2023 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh 11 may 2022-ci il tarixli, 09/02530 saylı lizinq müqaviləsi üzrə 4000 manat məbləğində ödənilməmiş borc və 60 manat dövlət rüsumu olmaqla, cəmi 4060 (dörd min altmış) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tləbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, məhkəmə işə baxarkən Mülki Məcəllənin 422.1-ci maddəsinin tələbləri nəzərə alınmamışdır. Şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi dedikdə, hava şəraiti ilə bağlı 1 ədəd 2019-cu il buraxılışlı mühərrikin və şassinin (zavod) №-si F48037, 701262, Sampo Rosenlew SR-2065 markalı, 54- AB-114 dövlət qeydiyyat nişanlı taxılyığan kombayn cavabdehdən asılı olmayan səbəblərdən yararsız hala düşmüşdür və cavabdeh gəlir əldə edə bilməmişdir. Həmin texnika çoxlu xərc tələb etdiyindən, texnikanın işlək vəziyyətə gətirməyə cavabdehin maddi imkanı olmadığından, texnikanı geri qaytarmışdır. Məhkəmə tərəfindən şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halları araşdırılmamışdır. Halbuki tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli 09/02530 saylı Müqavilənin 5.1-ci maddəsinin şərtinə əsasən yalnız qeydə alınmış qarşısı alınmaz hadisənin meydana gəlməsi səbəbindən Tərəflər müqavilədən irəli gələn öhdəliklərini yerinə yetirmədiklərinə görə məsuliyyətdən azad edilirlər. Belə olan halı nəzərə alaraq cavabdeh texnikanı şirkətin özünə qaytarmışdır. Cavabdehin təqsirli olaraq mülki hüquq pozuntu törətməsi sübut olunmamışdır. Tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 09/02530 saylı Müqavilənin 5.1-ci maddəsinin şərtinə görə cavabdeh öhdəliklərini yerinə yetirmədiyinə görə məsuliyyətdən azad olunmalıdır. ç) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasında işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 394-1.3-cü maddəsinə əsasən yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və dinlənilmək üçün tərəflər çağırılmadan apellyasiya qaydasında baxılacağı barədə müvafiq bildiriş göndərilmiş, 04 aprel 2024-cü il tarixə qədər şikayətə qarşı əsaslandırılmış yazılı etiraz və vəsatətin Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına göndərmək hüququnun olduğu cavabdehə bildirilmişdir. Müəyyən edilmiş müddət ərzində şikayətə qarşı yazılı etiraz və ya vəsatət məhkəməyə daxil olmamışdır. Məhkəmə Kollegiyası, işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 394-1.3-cü maddəsinin tələblərinə əsasən yazılı məhkəmə icraatı qaydasında baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırkı halda cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını, iddianın rədd olunmasını xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin cavabdehə münasibətdə, apellyasiya şikayətinin dəlilləri üzrə tam yохlanılmasını düzgün hеsab еdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 748-1.12-ci maddəsinə əsasən lizinq verənin aşağıdakı hallarda pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır: 748-1.12.1. lizinq alanın lizinq obyektindən istifadə şəraiti lizinq müqaviləsinin şərtlərinə və ya lizinq obyektinin təyinatına uyğun deyilsə; 748-1.12.2. lizinq alan lizinq verənin icazəsi olmadan sublizinq həyata keçirirsə; 748-1.12.3. lizinq alan lizinq obyektini işlək halda saxlamırsa və bu da onun istehlak keyfiyyətlərini pisləşdirirsə; 748-1.12.4. lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə. 748-1.13. Lizinq müqaviləsi iştirakçılarının digər hüquq və vəzifələri Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə tənzimlənir. 748-10.1. Lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. Azərbaycan Republikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, "Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası məruzəni dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 11 may 2022-ci il tarixli, 09/02530 nömrəli lizinq müqaviləsindən görünür ki, 1 ədəd 2019cu il buraxılışlı mühərrikin və şassinin (zavod) №-si F48037, 701262, Sampo Rosenlew SR-2065 markalı, **-AB-*** dövlət qeydiyyat nişanlı taxılyığan kombaynı Cavabdeh müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. Texniki vəziyyət haqqında 09/02530 AKT 1-dən görünür ki, 1 ədəd 2019-cu il buraxılışlı mühərrikin və şassinin (zavod) №-si F48037, 701262, Sampo Rosenlew SR- 2065 markalı, 54- AB-114 dövlət qeydiyyat nişanlı taxılyığan kombaynı Cavabdeh tərəfindən şinlər 70% və akumlyator yararsız vəziyyətdə Cəmiyyətə təhvil verilmişdir. Maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı ASC-yə ödənilməmiş 4000 manat borcu yaranmışdır. xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, iddiaçı tərəfindən 60 manat dövlət rüsumu ödənilmişdir. İşin hallarından görünür ki, iddiaçı lizinq müqaviləsi üzrə qalan borcu cavabdehdən tələb etmişdir. Sabirabad Rayon Məhkəməsi iddianı əsaslı hesab edərək, təmin etmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə borclu Cavabdeh arasında bağlanmış 11 may 2022-ci il tarixli 09/02530 nömrəli kənd təsərrüfatı texnikasının operativ lizinqə verilməsi barədə müqaviləyə əsasən 1 ədəd 2019-cu il buraxılışlı mühərrikin və şassinin (zavod) №-si F48037, 701262, Sampo Rosenlew SR-2065 markalı, **-AB-*** dövlət qeydiyyat nişanlı taxılyığan kombaynı borcluya istifadəyə verilmişdir. Aqroservis» ASC ilə borclu arasında bağlanmış 11 may 2022-ci il tarixli müqaviləyə əsasən borclu tərəfindən 7000 manat öhdəlikdən 3000 manat ödəniş aparılmış, 4000 manat ödənilməmiş borc qalmışdır. Qətnaməni hazırda cavabdeh mübahisələndirir. Apellyasiya şikayətinin əsas dəlili ondan ibarət olmuşdur ki, məhkəmə işə baxarkən Mülki Məcəllənin 422.1-ci maddəsinin tələbləri nəzərə alınmamışdır. Şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi dedikdə, hava şəraiti ilə bağlı 1 ədəd 2019-cu il buraxılışlı mühərrikin və şassinin (zavod) №-si F48037, 701262, Sampo Rosenlew SR-2065 markalı, **-AB-*** dövlət qeydiyyat nişanlı taxılyığan kombayn cavabdehdən asılı olmayan səbəblərdən yararsız hala düşmüşdür və cavabdeh gəlir əldə edə bilməmişdir. Həmin texnika çoxlu xərc tələb etdiyindən, texnikanın işlək vəziyyətə gətirməyə cavabdehin maddi imkanı olmadığından, texnikanı geri qaytarmışdır. Məhkəmə tərəfindən şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halları araşdırılmamışdır. Halbuki tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli 09/02530 saylı Müqavilənin 5.1ci maddəsinin şərtinə əsasən yalnız qeydə alınmış qarşısı alınmaz hadisənin meydana gəlməsi səbəbindən Tərəflər müqavilədən irəli gələn öhdəliklərini yerinə yetirmədiklərinə görə məsuliyyətdən azad edilirlər. Belə olan halı nəzərə alaraq cavabdeh texnikanı şirkətin özünə qaytarmışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir və qeyd edir ki, cavabdeh şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halını sübut edə bilməmiş və buna dair məhkəməyə hər hansı sənəd təqdim etməmişdir. Eyni zamanda bu hal olsa belə bu hər iki tərəfin mənafeyinə uyğun olmalıdır. Əgər cavabdeh müqaviləni icra edə bilmirdisə müqavilənin dəyişdirilməsi və yaxud da ləğv edilməsi ilə bağlı iddiaçıya müraciət etməli, iddiaçı ilə razılığa gələ bilmədikdə isə müqavilənin ləğvi ilə bağlı məhkəməyə müraciət edə bilərdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən şikayətin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilir. Hazırkı halda mübahisələndirilən hissədə iddianın qiyməti qanunvericiliyin müəyyən etdiyi 5000 manat məbləğindən az olduğundan, bu qətnamədən kassasiya instansiyası məhkəməsinə kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sabirabad Rayon Məhkəməsinin 19 iyul 2023-cü il tarixli, 2(056)-1223/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar