Məhkəmə qərarları › İş №2(106)-737/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-737/2024

18.03.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-737/2024 18.03.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Səfərov Rəşad Ramazan oğlunun katibliyi ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “əsassız hesablanmış borcun silinməsi tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Salyan Rayon Məhkəməsinin 2(057)-124/2024 saylı, 24 yanvar 2024-cü il tarixli qətnaməsindən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə baxaraq, MÜƏYYƏN ETDİ: Salyan Rayon Məhkəməsinin 24 yanvar 2024-cü il tarixli, 2(057)-124/2024 saylı qətnaməsi ilə (sədrlik edən hakim Ağarza Səmədov) iddia təmin edilərək, "xxxx" ASC tərəfindən əsassız hesablanmış 2493,84 manat borcun **********07479 saylı abonentin hesabından silinməsi qət edilmişdir. Qətnamədən narazı qalan cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində Salyan Rayon Məhkəməsinin 24 yanvar 2024-cü il tarixli, 2(057)-124/2024 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tamamilə rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti qeyrimümkün hesab edilməli və onun qəbulundan imtina edilməlidir. İlk öncə qeyd olunmalıdır ki, cavabdeh tərəfindən 28 fevral 2024-cü il tarixində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə elektron sənəd şəklində apellyasiya şikayəti və skan olunmuş versiyada apellyasiya şikayəti yerləşdirilmişdir. Məhkəmə kollegiyası ikinci apellyasiya şikayəti ilə bağlı bildirir ki, həmin apellyasiya şikayəti “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilən elektron sənəd hesab edilmir. Belə ki, apellyasiya şikayətinin sadəcə skan olunaraq elektron kabinetə yerləşdirilməsi həmin şikayətin elektron sənəd formasında elektron kabinet vasitəsilə verilməsi hesab edilə bilməz. Bununla yanaşı, cavabdeh tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilmiş elektron sənəd formasında apellyasiya şikayəti də mövcuddur. Həmin apellyasiya şikayəti isə onu imzalamağa hüququ olmayan şəxs tərəfindən imzalanmışdır. Belə ki, apellyasiya şikayəti cavabdeh "xxxx" ASC-nin adından verilmiş, apellyasiya şikayətində cavabdehin nümayəndəsi kimi X3 göstərilmiş, apellyasiya şikayətinə 15 avqust 2023-cü il tarixli etibarnamə əlavə olunmuşdur. “Elektron məhkəmə” informasiya sistemindən isə müəyyən edilir ki, həmin apellyasiya şikayəti X4 tərəfindən elektron imza vasitəsilə imzalanmışdır. Lakin iş materiallarına cavabdeh "xxxx" ASC tərəfindən X2 nəinki məhkəmə aktlarından şikayətlərin verilməsi və ya imzalanması səlahiyyətinin, ümumiyyətlə hər hansı səlahiyyətin verilməsini təsdiq edən hər hansı etibarnamə əlavə olunmamış, apellyasiya şikayətinə də X1 nümayəndə kim səlahiyyətlərini təsdiq edən etibarnamə əlavə edilməmişdir. Halbuki, MPM-in 74.2-ci maddəsinin tələblərinə görə, məhkəmə aktından şikayət verilməsi ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. Hazırda “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilmiş apellyasiya şikayətini X4 elektron imza vasitəsilə imzalamış olsa da, məhkəmə aktlarından şikayət verilməsi (imzalanması) səlahiyyətinin cavabdeh "xxxx" ASC tərəfindən X2 verilməsini təsdiq edən etibarnamə iş materiallarında aşkar olunmamışdır. Bu səbəbdən də, X1 nümayəndə kimi cavabdeh "xxxx" ASC-nin adından apellyasiya şikayəti vermək və onu imzalamaq səlahiyyəti müəyyən edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, yaxud vəkili tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə, yaxud vəkil tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa müvafiq olaraq nümayəndənin, yaxud vəkilin səlahiyyətini təsdiq edən etibarnamə, vəkilin orderi və ya digər sənəd əlavə edilməlidir. MPM-in 363.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. MPM-in 364.1-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Lakin hazırkı iş üzrə birinci instansiya məhkəməsi apellyasiya şikayətinin MPM-in tələblərinə uyğunluğunu yoxlamadan apellyasiya şikayətini əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərmiş, bununla da mülkiprosessual qanunvericiliyin tələblərini pozmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli, apellyasiya şikayətinin MPM-in 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması məqsədilə mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 366.3-cü maddəsinə əsasən, apellyasiyanın mümkünlüyü üzrə məhkəmə qərardad çıxarır. Şərh edilənlərə əsasən və MPM-in 263, 264, 361, 363, 364 və 366-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: Salyan Rayon Məhkəməsinin 2(057)-124/2024 saylı, 24 yanvar 2024-cü il tarixli qətnaməsindən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Mülki iş apellyasiya şikayətinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün Salyan Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə qanunla müəyyən edilmiş qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar