Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-741/2023 03.05.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, X2 və X1 ibarət tərkibdə, Umudov Əliheydər Zeynal oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Biləsuvar Rayon Məhkəməsinin 6 yanvar 2023-cü il tarixli 2(022)-178/2023 saylı qətnaməsindən (hakim N.Mirzəyev) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Cavabdeh qarşı "pul" tələbi barədə kiçik iddia ilə sadələşdirilmiş icraat qaydasında Biləsuvar Rayon Məhkəməsinə müraciət edərək, 25 aprel 2021-ci il tarixli "nisyə alqı-satqı" müqaviləsinə əsasən 1520 manat gecikdirilmiş borc, 121.60 manat cərimə borcu olmaqla ümumilikdə 1641.60 manat və 30.82 manat ödənilmiş dövlət rüsumu məbləğdə pul vəsaitinin cavabdehdən tutularaq xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında 25 aprel 2021-ci il tarixdə “Kazımoff” markalı Su təmizləyici sisteminin alqı-satqısına dair “Nisyə alqı-satqı” müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən İddiaçı MMC ümumi dəyəri 1690 manat olan həmin malı cavabdehə nisyə satmağı, cavabdeh isə ona satılmış malı qəbul edib razılaşdırılmış formada-ödəniş cədvəlinə uyğun malın dəyərini ödəməyi öhdələrinə götürmüşlər. İddiaçı öhdəliklərini lazımi qaydada yerinə yetirsə də, cavabdeh üzərinə götürdüyü öhdəliklərini lazımınca icra etmir, müqavilənin şərtlərini kobud şəkildə pozur. Belə ki, müqavilə ilə nəzərdə tutulmuş ödəniş müddətlərinin keçməsinə və ödəniş barədə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, borclu öhdəliyində olan borclarından yayınır. Hazırda cavabdehin 1520 manat gecikdirilmiş borc, 121.60 manat cərimə olmaqla ümumilikdə 1641.60 manat borcu yaranmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Biləsuvar Rayon Məhkəməsi tərəfindən Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə müvafiq olaraq cavabdehə iddia ərizəsinin surəti, hüquq və vəzifələrinin izahı barədə rəsmi bildiriş göndərilmiş, bildiriş iş materiallarında olan xəbərnaməyə əsasən 7 dekabr 2022-ci il tarixdə cavabdehə rəsmi şəkildə təqdim olunmuşdur. Cavabdeh tərəfindən qanunla müəyyən olunan müddət ərzində iddiaya qarşı əsaslandırılmış etiraz verilməmişdir. Biləsuvar Rayon Məhkəməsinin 6 yanvar 2023-cü il tarixli 2(022)-178/2023 saylı qətnaməsi ilə iddia təmin olunaraq, Cavabdeh İddiaçı xeyrinə əsas borc qismində 1520 manat gecikdirilmiş borc, 121.60 manat cərimə olmaqla ümumilikdə 1641.60 manat və 36.82 manat ödənilmiş dövlət rüsumunun tutulması qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Biləsuvar Rayon Məhkəməsinin qətnaməsini qanunsuz və əsassız hesab edərək bildirir ki, bu barədə məhkəmə tərəfindən göndərilmiş bildirişi alan kimi dərhal etirazı poçt vasitəsilə məhkəməyə göndərmişdir. Məhkəmə tərəfindən göndərdiyi bildiriş alınsa da, buna əməl edilməmiş və qanunla qorunan hüquqları pozulmuşdur. Aralarında bağlanmış 25 aprel 2021-ci il tarixi müqaviləyə əsasən iddiaçı təşkilatdan ayda 50 manat ödəməklə 23 ay müddətinə su təmizləyici qurğunu nisyə almışdır. 04 may 2021-ci il tarixdə 50 manat, 31 may 2021-ci il tarixdə 50 manat ödəmişdir. 2021-ci ilin iyun ayında qurğuda problem yarandığından iddiaçı təşkilatın nümayəndələrinə məlumat vermiş, həmin ayın axırlarında əməkdaşlar gəlib aparatın bəzi hissələrini dəyişdirəndən sonra aparat işləməyə başlamışdı. Buna görə də 04 iyul 2021-ci il tarixdə 70 manat pul ödəmişdir. Bundan sonra aparat yenidən işləmədi. ***-***-**-** saylı mobil nömrə ilə Vüsal adlı əməkdaşa məlumat verərək bildirdi ki, aparat yenidən işləmir. Həmin əməkdaş gəlib aparatı yoxladı və aparatın yenidən işləməməsini müəyyən edib, həmin aparatı başqası ilə əvəz etdi. Yeni aparatın sənədini istədi, lakin sertifiqatı vermədilər. Bir-neçə gün işləyəndən sonra aparat yenidən işləmədi, yəni suyu təmizləmədi. Yenidən iddiaçı təşkilatın nümayəndələrini dəvət etdi. Onlar gələrək bildirdilər ki, aparat suyu təmizləməyəcək. Bunun üçün ikinci hovuz tikilməlidir. Onlara bildirdi ki, aralarında bağlanmış müqavilədə belə bir şərt nəzərdə tutulmamışdır. Aparatı evindən götürərək aparmalarını təklif etsədə, onlar bundan imtina etdilər. Onlara dedi ki, əgər aparatı götürmürsünızsə, pul ödəməyəcəkdir. Belə vəziyyətdə hərəkətləri Mülki Məcəllənin tələblərinə uyğundur, iddiaçı təşkilatın hərəkətləri Mülki Məcəllənin tələblərinə uyğun deyildir. Çünki, aralarında bağlanmış müqavilənin 3.2.2-cü bəndinə əsasən bu müqavilə ilə üzərinə götürdüyü vəzifələri vaxtında və lazımı qaydada icra etmək və onların pozulmamasına yol verməmək satıcının vəzifəsidir. Həmin müqavilənin 5.1-ci bəndinə əsasən satıcı təhvil verdiyi malların keyfiyyəti və fasiləsiz istismarı üçüm, yalnız Alıcıya veriləcək zəmanət talonundakı şərtlər əsasında zəmanət verilir. Zəmanət talonunun 1-ci bəndindən görünür ki, zəmanətin müddəti malın təhvil verilmə tarixindən başlayır və fiziki şəxslərə münasibətdə 5 il müddətinə qüvvədə qalır. 25 aprel 2021-ci il tarixli təhvil-təslim aktından görünür ki, su təmizləyici qurğu 25 aprel 2021-ci tarixdə verilmişdir. Müqavilə bağlayıb su təmizləyici qurğunu nisyə alanda güman edirdi ki, qurğunu alandan sonra özü və ailə üzvləri ekoloji cəhətdən təmiz sudan istifadə edəcək, çirkli arx suyundan xilas olacaqlar. Bu ümüdlə su təmizləyici qurğunu almışdı. Qurğunu alarkən MMC-nin əməkdaşları bildirmişdilər ki, əgər qurğuda hər hansı bir problem yaranarsa, onlara müraciət etsinlər, qurğunu təmir edərək istismara yararlı vəziyyətə gətirəcəklər. Əgər lazım gələrsə, yenisi ilə əvəz edəcəklər. Buna görə də MMC-nin əməkdaşlarına müraciət etdi, lakin onlar müraciətlərinə əhəmiyyət vermədilər. Su təmizləyici qurğu cəmi 3 ay işlədi. İki ilə yaxındır ki, onlara müraciət edir, lakin bunun heç bir əhəmiyyəti yoxdur. Qeyd etdiyi halları təsdiq edən sübutları məhkəməyə göndərsə də, məhkəmə həmin sübutlarla bağlı iddianı qarşılıqlı surətdə müqayisə edərək araşdırmamışdır. Əgər məhkəmə həmin subutları araşdırsaydı, iddianın rədd edilməsi barədə qərar qəbul etmiş olardı. Kreditor vaxtı çatmış və ona təklif olunmuş icranı qəbul etmirsə və ya borclunun öz öhdəliyini icra edə bilmək üçün ondan gözlədiyi hərəkətləri yerinə yetirmirsə, icranı gecikdirmiş sayılır. Aralarında bağlanan müqavilənin şərtlərinə uyğun olaraq əgər qurğuda hər hansı bir problem yaranarsa MMC həmin nasazlığı aradan qaldırmaqla, qurğunu istismara yararlı vəziyyətə gətirməli idi. Yuxarıda qeyd etdiyi kimi, qurğuda nasazlıqların yaranması barədə məlumat versədə, onlara dəfələrlə müraciətlər etsədə, onlar müraciətlərinə əhəmiyyət vermədilər. Bu səbəbdən də nisyə aldığı su təmizləyici qurğunun pulunu ödəmədi. Onlara bildirdiki, nasazlıqları aradan qaldırandan sonra pulu ödəyəcəkdir. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Şikayətin dəlilləri nəzərə alınaraq Mülki Prosessual Məcəllənin 394-1.3-cü maddəsinə müvafiq olaraq10 aprel 2023-cü il tarixli qərardadla işə məhkəmənin öz təşəbbüsü ilə məhkəmə iclasında baxılması qərara alınmışdır. Məhkəmədə cavabdeh apellyasiya şikayətini müdafiə edib, yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmasını xahiş etdi. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək işə iştirakı olmadan baxılmasını xahiş etmiş, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən mülki iş üzrə iddiaçının nümayəndəsinin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırki halda cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddianın rədd olunmasını xahiş etməklə qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin cavabdehə münasibətdə, apellyasiya şikayətinin dəlilləri tam yохlanılmasını düzgün hеsab еdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası cavabdehin izahatını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin apellyasiya qaydasında ləğvi, yaxud dəyişdirilməsinin əsasını təşkil edə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən, tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından cavabdeh tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallarında olan iddiaçı (satıcı) İddiaçı MMC ilə cavabdeh (alıcı) Cavabdeh arasında 25 aprel 2021-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsindən görünür ki, satıcı tərəfindən müqaviləyə əsasən əlavə 1-də göstərilmiş əşyanın (mal) nisyə satışı həyata keçirilərək alıcıya satılması, alıcı tərəfindən isə malın dəyərinin ödənilməsi müqavilənin predmetini təşkil etmişdir. Müqavilənin 2.1-ci bəndinə əsasən malın adı, kəmiyyət və keyfiyyət göstəriciləri, komlektliliyi, çeşidi və digər rekvizitləri təhvil-təslim aktı ilə müəyyən edilir. Müqavilənin 2.6-cı bəndinə əsasən alıcı malı qəbul edərkən təhvil aktını imzalamaqla, təhvil aldığı malların keyfiyyətli, bu müqavilənin şərtlərinə uyğun, yeni (əvvəllər istifadə olunmamış) və qablaşdırılmış formada olmasını, satıcı tərəfindən istismar təlimatı və ya texniki pasportunda göstərilmiş komplektlilikdə təhvil verildiyini təsdiq edir. Müqavilənin 4.1-ci bəndinə əsasən alıcı satıcıya mallara görə 1690 manat ödəyəcəkdir. Müqavilənin 5.1-ci bəndinə əsasən satıcı təhvil verdiyi malların keyfiyyəti və fasiləsiz istismarı üçün yalnız alıcıya veriləcək zəmanət talonundakı şərtlər əsasında zəmanət verir. Müqavilənin 5.2-ci bəndinə əsasən alıcı bu müqaviləni imzaladıqdan və müvafiq zəmanət talonu ilə tanış olduqdan sonra gələcəkdə zəmanət şərtləri ilə bağlı satıcıya heçbir pretenziya irəli sürməyəcəyini bəyan edir. Müqavilənin 5.4-cü bəndinə əsasən satıcı qüsurlu mal satarkən alıcı qarşısında "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun 7ci maddəsində (Qüsuru olan mal satılarkən istehlakçının hüquqları) nəzərdə tutulan məsuliyyəti daşıdığını bəyan edir. Müqavilənin 5.5-ci bəndinə əsasən mal o zaman qüsurlu formada satılmış hesab olunur ki, alıcı malı qəbul edərkən onda qüsurlar aşkar etmiş və bu barədə satıcıya yazılı məlumat vermişdir. Belə bir məlumat olmadıqda, qəbul edilmiş mal qüsurlu hesab edilmir. İş materiallarında olan 25 aprel 2021-ci il tarixli təhvil-təslim aktından görünür ki, tərəflər arasında həmin tarixdə bağlanmış alqı-satqı müqaviləsinə uyğun olaraq su təmizləyici sistemi və onun ayrılmaz tərkib hissələri olan aksessuarlar Biləsuvar rayonu Ağayrı kəndində alıcı Cavabdeh evinə quraşdırılmış, sistemin tam işlək vəziyyətdə olması alıcının iştirakı ilə yoxlanmış, tam işlək və qüsursuz vəziyyətdə alıcıya təhvil verilmişdir. İş materiallarına əlavə edilmiş alqı-satqı müqaviləsinə əlavə 1-dən görünür ki, alıcı ona nisyə olaraq satılan 1690 manat dəyərində malın dəyərindən 50 manat ilkin ödəniş etməklə, qalıq dəyərini hər ay 70 manat, sonuncu ay isə 100 manat olmaqla 30 mart 2023cü il tarixinədək hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Ödənişin hər gecikdirilən günü üçün aylıq ödəniş məbləğinin 2% həcmində cərimə tutulacaq. İş materiallarına əlavə edilmiş 18 noyabr 2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh tərəfindən 1690 manat dəyərində alınmış malın dəyərindən 170 manat ödəniş edilmiş, 1520 manat borcu qalmış, 121.6 manat cərimə hesablanmışdır. İş materiallarına əlavə edilmiş iddiaçı tərəfindən cavabdehə göndərilmiş "gecikdirilmiş borcun ödənilməsi haqqında" 07 fevral 2022-ci il tarixli pretenziyadan görünür ki, cavabdehdən müqavilə üzrə yaranan borcunun və hesablanmış cərimənin ödənilməsi xahiş edilmiş, əks halda bununla bağlı məhkəmədə iddia qaldırılacağı nəzərinə çatdırılmışdır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin : 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər; 14.1. və 14.2.1.-ci maddələrinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir, 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir; 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digar əsaslar əmələ gəlməsi halları istisna olmaqla, öhdəlyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 427.3 maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2-cimaddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır; 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 599.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçir. 600.1-ci maddəsinin tələbinə görə alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirilməlidir, 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh iddiaçı ilə 25 aprel 2021-ci il tarixdə bağlamış olduğu “alğı-satqı” müqaviləsi üzrə almış olduğu malların dəyərini razılaşdırılmış qaydada ödəmək öhdəliyini vaxtında və lazımınca icra etmədiyindən, iddiaçının cavabdehə qarşı irəli sürdüyü öhdəliklərinin icrasından ibarət tələbi yuxarıda sadalanan qanunvericilik aktı normaları baxımından tam əsaslı olmuşdur. Cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibət bildirən kollegiya qeyd etməyi zəruri hesab edir ki, tərəflər arasında bağlanmış müqavilə şərtlərinə əsasən satıcı təhvil verdiyi malların keyfiyyəti və fasiləsiz istismarı üçün yalnız alıcıya veriləcək zəmanət talonundakı şərtlər əsasında zəmanət verdiyindən, alıcının zəmanət talonunda nəzərdə tutulmayan hallara istinad etməsi əsaslı hesab oluna bilməz. Digər tərəfdən alıcı tərəfindən şikayətin dəlilləri ilə bağlı sübutlar verilməmiş, bununla bağlı satıcıya müqavilədə nəzərdə tutulan qaydada yazılı müraciət edilməmişdir. Mülki Prosessual Məcəllənin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Kollegiya hesab edir ki, apelyasiya şikayətinin dəlilləri qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Göründüyü kimi hazırki iddia tələbi üzrə iddianın qiyməti 5000 manatdan aşağı olduğundan, qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 385.2, 392, 393 və 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh apellyasya şikayəti təmin edilməsin. Biləsuvar Rayon Məhkəməsinin 6 yanvar 2023-cü il tarixli 2(022)-178/2023 saylı qətnaməsi dəyişdirilməsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-741/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-741/2023
03.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver