Məhkəmə qərarları › İş №2(106)-748/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-748/2023

17.07.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vəsiyyət üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-748/2023 17.07.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), İsmayılov Orxan Nadir oğlu və X5 ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi, İddiaçı və müstəqil tələblər irəli sürməyən İİİ şəxslər X14, X6, X15, X8 etibarnamə üzrə nümayəndələri İddiaçı, İİİ şəxslər X7, X3 və Cavabdeh Hüccət oğlunun iştirakları ilə, İddiaçı Cavabdeh Hüccət oğluna qarşı miras əmlaka vərəsəlik hüququnun tanınması tələbinə dair mülki iş üzrə Astara Rayon Məhkəməsinin 2(018)-91/2022 saylı, 10 fevral 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı iddia ərizəsi ilə ünvan 1 ünvanında mərhum Əhədov Hüccət Fətulla oğlunun mülkiyyətində olan 0,288 hektar həyətyanı torpaq sahəsində yerləşən 01 mərtəbəli, 03 otaqlı, yaşayış sahəsi 48,4 kvadrat metr, yardımçı sahəsi 36.5 kvadrat metr, ümumi sahəsi 84,9 kvadrat metr sahəsi, saray, hamam, tövlə, ayaqyolu və hasardan ibarət olan fərdi yaşayış evindən vərəsələr arasında payların bölüşdürülməsi, iddiaçıya düşən torpaq sahəsindən və fərdi yaşayış evindən payının müəyyən edilməsi, həmin payın mülkiyyət hüquqlarının tanınması və adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı ərazi idarəsinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, mərhum atası Əhədov Hüccət Fətulla oğlu mərhum anası X21 ilə nikahlarını 11 oktyabr 1956-cı il tarixdə 19 nömrə ilə qeyd etdirməklə ailə həyatı qurmuşlar. Birgə nikahdan 11 avqust 1957-ci il təvəllüdlü Cavabdeh Hüccət oğlu, 10 iyul 1959-cu il təvəllüdlü X12, 18 yanvar 1962-ci il təvəllüdlü X25, 27 yanvar 1964-cü il təvəllüdlü X26, xx xxxxxx 1971-ci il təvəllüdlü İddiaçı və 12 fevral 1976-cı il təvəllüdlü X16 adlı uşaqları olmuşdur. Atası Əhədov Hüccət Fətulla oğlu 30 iyun 2010-cu il tarixdə, anası X21 isə 29 noyabr 2020-ci il tarixdə ölmüşlər. Astara şəhəri, Heydər Əliyev küçəsi, 257 C ünvanında mərhum Əhədov Hüccət Fətulla oğlunun mülkiyyətində olan 0.288 hektar həyətyanı torpaq sahəsində yerləşən 01 mərtəbəli, 03 otaqlı, yaşayış sahəsi 48.4 kvadratmetr, yardımçı sahəsi 36.5 kvadrat metr, ümumi sahəsi 84.9 kvadratmetr olan fərdi yaşayış evi, saray, hamam, tövlə, ayaqyolu və hasardan həyətyanı tikililər miras qalmışdır. Qeyd etdi ki, atası ölümündən əvvəl miras qalmış torpaq sahəsində ona 0,4 hektar torpaq sahəsi vermişdir. O, 2016-cı ilə kimi Rusiya Federasiyasının Tümen şəhərində yaşayıb, işləmişdir. Odur ki, o, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində iddiaçı iddia tələbinin məzmununa uyğun izahat vermişdir. Birinci instansiya məhkəməsində Cavabdeh Hüccət oğlu izahat verərək göstərmişdir ki, o, iddianı qəbul etmir. Belə ki, X4 30 iyun 2010-cu il tarixdə öldükdən sonra ondan miras qalmış fərdi yaşayış evində o, ailəsi ilə birlikdə yaşamaqla, fərdi yaşayış evini və torpaq sahəsini idarə etmişdir. Bir müddət bacısı ilə aralarında mübahisə yarandığı üçün evi tərk etmişdir. Hazırda həmin evdə yaşadığını və evin bütün kommunal xərclərinin ödədiyini bildirmişdir. Odur ki, o, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Birinci instansiya məhkəməsində şahid qismində iştirak edən X27 izahat verərək bildirmişdir ki, iddiaçı və cavabdeh onun doğma qardaşlarıdır. Miras qalmış fərdi yaşayış evində digər qardaşları və bacıları ilə birgə yaşamışlar. Fərdi yaşayış evi atasının adına ******* nömrəli çıxarışla rəsmiləşdirilmişdir. X19 yaşadığı müddətdə Cavabdeh Hüccət oğlunu evdən qovmuşdur. X4 30 iyun 2010-cu il tarixdə ölmüşdür. Atasının ölümündən sonra anası X2 Pərvaz Hüccət oğlu ilə birlikdə həmin evdə yaşamışdır. İddiaçı 2016-cı ilə kimi daimi olaraq Rusiya Federasiyasında yaşamışdır. Birinci instansiya məhkəməsində şahid qismində iştirak edən X17 izahat verərək bildirmişdir ki, miras qalmış fərdi yaşayış evi atasının adına rəsmiləşdirilmişdir. Atasının ölümündən sonra həmin evdə Cavabdeh Hüccət oğlu anası ilə birlikdə yaşamışdır. İddiaçı uzun müddət Rusiya Federasiyasında yaşamışdır. Astara Rayon Məhkəməsinin 2(018)-91/2022 saylı, 10 fevral 2022-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh Hüccət oğluna qarşı «mirasın qəbul edilməsi, miras əmlaka olan paya vərəsəlik hüququn tanınması tələbinə dair» iddiası əsassız olmasına görə rədd edilməsi qət edilmişdir. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, Astara Rayon Məhkəməsinin 2(018)-91/2022 saylı, 10 fevral 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsini və onun iddiasının təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyasında birinci icraat. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-1705/2022 saylı 13 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Astara Rayon Məhkəməsinin 2(018)-91/2022 saylı, 10 fevral 2022-ci il tarixli qətnaməsi İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Həmin qətnamədən narazı qalan İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya instansiyasında icraat. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-511/2023 saylı 31 yanvar 2023cü il tarixli qərarı ilə İddiaçı kassasiya şikayətinin təmin edilməsi, Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-1705/2022 nömrəli, 13 sentyabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsini və işə yenidən baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayəti verərək, Astara Rayon Məhkəməsinin 2(018)-91/2022 saylı, 10 fevral 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsini və onun iddiasının təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Belə ki, mərhum atası Əhədov Hüccət Fətulla oğlu və mərhum anası X21 11 oktyabr 1956-cı il tarixində 19 nömrə ilə qeyd etdirməklə nikaha daxil olmuşlar. Birgə nikahdan 11 avqust 1957-ci il təvəllüdlü qardaşı Cavabdeh Hüccət oğlu, 10 iyul 1959-cu il təvəllüdlü bacısı X12, 18 yanvar 1962ci il təvəllüdlü qardaşı X25, 27 yanvar 1964-cü il təvəllüdlü qardaşı X26, xx xxxxxx 1971-ci ildə özü və 12 fevral 1976-cı il təvəllüdlü bacısı X18 dünyaya gəlmişdir. Atası Əhədov Hüccət Fətulla oğlu 30 iyun 2010-cu ildə, anası X21 isə 29 noyabr 2020-ci ildə vəfat etmişdir. ünvan 2 ünvanında mərhum atası Əhədov Hüccət Fətulla oğlunun mülkiyyətində olan 0,288 hektar həyətyani torpaq sahəsində yerləsən 01 mertəbəli, 03 otaqli, yaşayış sahəsi 48,4 kvadratmetr, yardımçı sahəsi 36,5 kvadratmetr, ümumi sahəsi 84,9 kvadratmetr olan fərdi yaşayış evi, saray, hamam, tövlə, ayaqyolu və hasardan həyətyanı tikililər miras qalmışdır. Eyni zamanda, atasının ölümündən əvvəl miras qalmış torpaq sahəsindən ona 0,4 hektar torpaq sahəsi vermişdir. Qardaşı Cavabdeh Hüccət oğlu atası Əhədov Hüccət Fətulla oğlunun ölümündən sonra atasından miras qalmış fərdi yaşayış evində ailəsi ilə birgə yaşamış, fərdi yaşayış evini və torpaq sahəsini idarə etmişdir. Bir müddət bacısı və onun arasında mübahisə yarandığı üçün evi tərk etmişdir. Miras qalmış fərdi yaşayış evində əvvəl digər qardaş və bacıları ilə bir yerdə yaşamışlar. Fərdi yaşayış evi atasının adına ******* nömrəli çıxarışla rəsmiləşdirilmişdir. Atası Əhədov Hüccət Fətulla oğlu yaşadığı müddətdə qardaşı Cavabdeh Hüccət oğlunu evdən qovmuşdur. Atası vəfat etdikdən sonra anası X21 qardaşı Cavabdeh Hüccət oğlu ilə birlikdə həmin evdə yaşamışdır. O, 2016-cı ildən Rusiya Federasiyasının Tümen şəhərində yaşamışdır. Bu faktların hər birini birinci instansiya məhkəməsində bildirsə də, məhkəmə tərəfindən nəzərə alınmamış və bununla da işə mahiyyəti üzrə baxılmamışdır. Birinci instansiya məhkəməsinin işə baxılaraq gəldiyi nəticə yuxarıda göstərdiyi faktlara əsaslanmamış və iddia tələbi rədd olunmuşdur. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı və müstəqil tələblər irəli sürməyən İİİ şəxslər X14, X6, X15, X8 etibarnamə üzrə nümayəndəsi İddiaçı apellyasiya şikayətini müdafiə edərək göstərmişdir ki, cavabdeh də daxil olmaqla ailədə 7 uşaq olmuş, hamısı da həmin miras əmlakda doğulmuş və böyümüeşlər. İşləmək üçün mövsümi olaraq 2001ci ildən RF-na gedib-gəlmişdir. Heç vaxt RF-sı vətandaşı olmamışdır. Hazırda ata və anasından qalmış mübahisələndirdiyi miras əmlakın bölüşdürülməsini xahiş edir. Ataanasından qalmış digər əmlakların bölüşdürülməsi məsələsinə gələcəkdə baxacaqlar. Bildirmişdir ki, atası hələ sağlığında hazırda mübahisələndirdiyi əmlakdan şifahi formada ona 0.04 ha torpaq sahəsi ayıracağını vəsiyyət etmişdir. Lakin qardaşı Pərvaz həmin əmlakdan onlara hər hansı əmlak payının verilməsinə razı deyildir. Pərvaz ata-anasından qalmış hazırkı miras əmlakdan onlara hər hansı payın ayrılmasına razı deyildir. O miras əmlakı özününkü hesab edir və həmin əmlaka tək özü yiyələnmişdir. Onlar miras qalmış əmlakdan onlara düşən paylarının müəyyən edilməsini xahiş edirlər. Müstəqil tələb irəli sürməyən İİİ şəxslər X9 və X20 məhkəmə iclasında İddiaçı izahatına oxşar olan izahat vermiş və hazırda mübahisələndirilən miras əmlak üzərində onların da payının müəyyən edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Hüccət oğlu iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətini əsassız hesab edərək birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Əlavə olaraq göstərmişdir ki, ailədə 7 uşaq olmuşlar. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırki halda iddiaçının verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin iddiaçıya münasibətdə, tam yохlanılmasını düzgün hеsab еdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb verilən apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verərək belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. e) Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası; Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Konstitusiyanın 29-cu maddəsinə görə isə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətində məhrum edilə bilməz. Konstitusiyasının 29-cu maddəsinin 5-ci bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1147.1-ci maddəsinə əsasən miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. 1147.2-ci maddəsinə əsasən əgər miras müxtəlif yerlərdədirsə, mirasın açıldığı yer daşınmaz əmlakın və ya onun qiymətli hissəsinin olduğu yer, daşınmaz əmlak olmadıqda isə daşınar əmlakın və ya onun əsas hissəsinin olduğu yer sayılır. 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1.1-ci maddəsinə əsasən, birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1162-ci maddəsinə əsasən, sağ qalan arvadın (ərin) vərəsəlik hüququ ər-arvadın birgə mülkiyyətindən ona çatası əmlak hissəsinə aid deyildir. 1246-cı maddəsinə görə vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. 1248.1-ci maddəsinə görə mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. 1248.2-ci maddəyə görə isə bu Məcəllənin 1248.1-ci maddəsində nəzərdə tutulan halda mirasın qəbulunu gecikdirmiş vərəsəyə digər vərəsələrin aldığı və ya dövlətin mülkiyyətinə keçmiş əmlakdan pay qalan əmlakdan naturada verilir; ona çatası əmlakın qalan hissəsinin dəyərinin məbləği də verilir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: İş materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş: Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən və Astara şəhər İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı xx xxxxxx 1971-ci il tarixdə anadan olmuş və Astara şəhəri, N.Nərimanov küçəsi, 73 nömrəli evdə yaşayır. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestindən ******* nömrəli çıxarışından görünür ki, Astara şəhəri, Heydər Əliyev küçəsi, 257 C ünvanında 0.288 hektar torpaq sahəsi üzərində yerləşən 01 mərtəbəli, 03 otaqlı, yaşayış sahəsi 48.4 kvadratmetr, yardımçı sahəsi 36.5 kvadratmetr, ümumi sahəsi 84.9 kvadratmetr sahəsi, saray, hamam, tövlə, ayaqyolu və hasardan ibarət olan fərdi yaşayış evi Əhədov Hüccət Fətulla oğlunun xüsusi mülkiyyətinə verilmişdir. Mülki işə əlavə edilmiş “Ölüm haqqında şəhadətnamələri”-ndən görünür ki, Əhədov Hüccət Fətulla oğlu 30 iyun 2010-cu il tarixdə, X21 isə 29 noyabr 2020-ci il tarixdə ölmüşdür. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər qismən əsaslı oluğundan qətnamənin ləğv edilməsi və iddianın qismən təmin edilməsi üçün əsasdır. İddia tələbindən göründüyü kimi iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Astara şəhəri, Heydər Əliyev küçəsi, 257 C ünvanında mərhum Əhədov Hüccət Fətulla oğlunun mülkiyyətində olan 0,288 hektar həyətyanı torpaq sahəsində yerləşən 01 mərtəbəli, 03 otaqlı, yaşayış sahəsi 48,4 kvadrat metr, yardımçı sahəsi 36.5 kvadrat metr, ümumi sahəsi 84,9 kvadrat metr sahəsi, saray, hamam, tövlə, ayaqyolu və hasardan ibarət olan fərdi yaşayış evindən vərəsələr arasında payların bölüşdürülməsini xahiş etmişdir. Apellyasiya instansiyasında icraat zamanı miras qoyanın digər vərəsələri X25, X17, X26, X18 və X9 İİİ şəxs qismində işə cəlb edilmiş və hər birinin fikri dinlənilmişdir. Mülki Məcəllənin miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır. Göründüyü kimi Əhədov Hüccət Fətulla oğlunun və X10 Astara şəhəri, Heydər Əliyev küçəsi, 257 C ünvanında 0,288 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi miras olaraq qalmışdır. Miras qoyanlardan H.Əhədov 2010-cu ildə H.Əhədova isə 2020-ci ildə vəfat etmişlər. Miras qoyanların özlərindən sonra 7 vərəsəsi qalmışdır. Bunlar 11 avqust 1957-ci il təvəllüdlü Cavabdeh Hüccət oğlu, 10 iyul 1959-cu il təvəllüdlü X12, 18 yanvar 1962-ci il təvəllüdlü X25, 27 yanvar 1964-cü il təvəllüdlü X26, xx xxxxxx 1971-ci il təvəllüdlü İddiaçı və 12 fevral 1976-cı il təvəllüdlü X16 və X11r. Həmçinin işin araşdırması zamanı müəyyən edilmişdir ki, miras qoyanlar hər hansı vərəsələri üçün vəsiyyətnamə qoymamışdır. Belə olan halda miras qoyanlardan miras qalan hazırda mübahisə predmeti olan miras əmlakı vərəsələr arasında bərabər surətdə bölüşdürülməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 oktyabr 2022-ci il tarixli qərarında göstərilir ki, Konstitusiya Məhkəməsinin Plenumu Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən olunmuş müddətin xarakteri və mahiyyəti ilə bağlı müraciətdə qaldırılan məsələyə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, qanunvericinin müəyyən etdiyi bu müddətin vərəsəlik hüququnun yaranmasını şərtləndirən və ötürülməsi ilə bu hüququn xitamına səbəb olan müddət (kəsici müddət) kimi qiymətləndirilməsi yolverilməzdir. Belə ki, əvvəldə də qeyd olunduğu kimi, vərəsəlik hüququ miras qoyanın ölümü və ya ölmüş elan edilməsi nəticəsində mirasın açılması ilə yaranır, həmin gündən miras əmlakı təşkil edən hüquq və öhdəliklər vərəsələrin əmlakının müvafiq olaraq aktiv və passivinə daxil olmuş olur. Odur ki, mirasın açılması ilə artıq yaranmış olan vərəsəlik hüququnun, vərəsə statusunun prosedur xarakterli tələblərin (notariat qaydasında rəsmiləşdirilmənin) müəyyən müddət çərçivəsində həyata keçirilməməsi əsası ilə xitam olunması Konstitusiya ilə təminat verilən mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına səbəb olar. Buna görə də Konstitusiya Məhkəməsinin Plenum Qərarı göstərilənlər baxımından, Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən edilmiş müddət (altı ay) mirasın qəbulunun notariat qaydasında realizəsi (rəsmiləşdirilməsi) üçün nəzərdə tutulmuş müddət olaraq qəbul edilməli, mirasın açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbulunun notariat qaydada rəsmiləşdirilməsinə yol verilməməlidir. Həmin müddətin ötürülməsindən sonra miras əmlakın qəbulu məsələsi məhkəmə qaydasında həll edilə bilər. Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd etməyi zəruri hesab etmişdir ki, Mülki Məcəllənin 1248.1-ci maddəsinə müvafiq olaraq, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş altı aylıq müddətin uzadılması tələbi ilə bağlı işlərə baxarkən məhkəmələr tərəfindən həmin maddədə nəzərdə tutulmuş “üzrlü səbəb” anlayışı yalnız şəxsin iradəsindən asılı olmayaraq vərəsəlik hüququnun realizəsi üçün müraciət edə bilmədiyi hallarla məhdudlaşdırılmamalı, işin bütün halları, belə müraciətin qanunvericiliklə müəyyən edilmiş müddət ərzində edilməməsinin səbəbləri ətraflı araşdırılmaqla məsələyə hüquqi qiymət verilməlidir. MM-nin 1159.1.1-ci maddəsinə əsasən, birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. MM-nin 1162-ci maddəsinə əsasən, sağ qalan arvadın (ərin) vərəsəlik hüququ ər-arvadın birgə mülkiyyətindən ona çatası əmlak hissəsinə aid deyildir. MM-nin 1193-cü maddəsində göstərilir ki, vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 oktyabr 2022-ci il tarixli qərarında göstərilmişdir ki, qeyd edilən məsələ ilə əlaqədar xarici ölkələrin təcrübəsi araşdırılarkən bir sıra ölkələrdə daha məqsədəmüvafiq və uğurlu normativ tənzimetmənin nəzərdə tutulduğu müəyyən olunmuşdur. Məsələn, Almaniya Federativ Respublikasının mülki qanunvericiliyinə əsasən, imtina hüququnun mövcudluğuna baxmayaraq, mirasın açılması ilə miras əmlak vərəsəyə keçir. Əgər vərəsə mirası qəbul etmişsə və ya mirasdan imtina üçün nəzərdə tutulmuş müddət keçmişsə, o, mirasdan imtina edə bilməz. Mirasdan imtina müddətinin keçməsilə vərəsə mirası qəbul etmiş sayılır (Almaniya Federativ Respublikasının Mülki Məcəlləsinin 1942 və 1943-cü maddələri). Göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, Mülki Məcəllə ilə vərəsə statusunun yaranmasının xüsusi qəbul müddətinə bağlı tutulması, eyni zamanda mirasdan imtinanın ehtimal oluna bilmə imkanı (Mülki Məcəllənin 1273-1-ci maddəsi) hüquqi baxımdan qeyrimüəyyənliyin yaranmasına, məhkəmə mübahisələrinin çoxalmasına səbəb olmaqla yanaşı, vərəsəlik hüququna dair Konstitusiya təminatına da xələl yetirmiş olur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Konstitusiyanın 29-cu maddəsinə görə isə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətində məhrum edilə bilməz. Konstitusiyasının 29-cu maddəsinin 5-ci bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə, apelyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi, həmçinin məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması ilə çıxarıldığından birgə apellyasiya şikayətləri qismən təmin edilməli, Astara Rayon Məhkəməsinin 2(018)-91/2022 saylı, 10 fevral 2022-ci il tarixli qətnaməsi ləğv edilməli, əvvəlki və yeni araşdırılmış sübutlar əsasında yeni qətnamə çıxarılmalı, iddia tələbi qismən təmin edilərək Seriya MA ******* nömrəli çıxarışla miras qoyan Əhədov Hüccət Fətulla oğlunun (X13) mülkiyyətində olan Astara şəhəri, Heydər Əliyev küçəsi, 257 C ünvanında 0,288 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi üzərində onun vərəsələri (uşaqları) X14 1/7, X6 1/7, X15 1/7, İddiaçı 1/7, X7 1/7, X3 1/7, Cavabdeh Hüccət oğlunun 1/7 hissə payları müəyyən olunmalı, iddia qalan hissələrdə təmin edilməməlidir. Ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən iddiaçının özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378- 382, 384.0.1, 385.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Astara Rayon Məhkəməsinin 2(018)-91/2022 saylı, 10 fevral 2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi qismən təmin edilsin. Seriya MA ******* nömrəli çıxarışla miras qoyan Əhədov Hüccət Fətulla oğlunun (X13) mülkiyyətində olan Astara şəhəri, Heydər Əliyev küçəsi, 257 C ünvanında 0,288 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi üzərində onun vərəsələri (uşaqları) X14 1/7, X6 1/7, X15 1/7, İddiaçı 1/7, X7 1/7, X3 1/7, Cavabdeh Hüccət oğlunun 1/7 hissə payları müəyyən olunsun. İddia qalan hissələrdə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən iddiaçının özünə aid edilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakimlər: Cahid İmanov. Pərviz Əhmədov. Orxan İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar