Məhkəmə qərarları › İş №2(106)-756/2023

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-756/2023

20.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-756/2023 20.04.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X3 Əsədov (sədrlik edən və məruzəçi), Samir İlham oğlu Mayılov və Tofiq Xudayar oğlu Heydərovdan ibarət tərkibdə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (ASC-nin) cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 8 saylı Ərazi İdarəsinə, X6 qarşı çıxarışın və alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Masallı Rayon Məhkəməsinin 10 mart 2023-cü il tarixli qərardadından iddiaçının nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq müəyyənetdi: Masallı Rayon Məhkəməsinin (hakim H.Bəhmənov) 01 iyul 2022-ci il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" ASC-nin cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Ərazi İdarəsinə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, X6 qarşı cavabdeh ƏMDX yanında DƏDRX-nin 8 saylı Ərazi İdarəsi tərəfindən X5 adına verilmiş Seriya RX, ******* nömrəli çıxarışın və cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə X7 arasında Masallı şəhəri, Talışxanov küçəsində yerləşən 800 kv.m torpaq sahəsinin alqı-satqısı haqqında xx.xx.2017-ci il tarixli, 141 saylı müqavilənin etibarsız hesab edilməsi tələbi barədə iddiası təmin edilməmişdir. Qətnamədən iddiaçı "xxxx" ASC apellyasiya şikayəti vermiş, Masallı Rayon Məhkəməsinin 05 noyabr 2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti müddət ötürülməklə verildiyindən geri qaytarılmışdır. Qəradaddan iddiaçı "Masallı Avtonəqliyyat” ASC şikayət vermiş, Masallı Rayon Məhkəməsinin 30 noyabr 2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər T.Heydərov, T.Kərimov, Z.Allahyarov) 27 dekabr 2022-ci il tarixli qərardadı ilə "Masallı Avtonəqliyyat” ASC-nin şikayəti təmin edilməmiş və Masallı Rayon Məhkəməsinin 05 noyabr 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. ASC-nin nümayəndəsi Masallı Rayon Məhkəməsinin 01 iyul 2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi və mülki işin apellyasiya məhkəməsinə göndərilməsinə dair vəsatətlə məhkəməyə müraciət etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, məhkəmə qətnaməsi ASC-yə çatdırılmamışdır. Qətnamənin çatdırılması ilə bağlı əlaqə saxlanıldıqda məhkəmədən qətnamənin ünvan 1 ünvanında göndərildiyini və orada Xəmmədov Abutalıb adlı şəxs tərəfindən qəbul edildiyini bildirmişlər. Lakin "xxxx" ASC-nin məhkəmə sənədlərini qəbul etmək səlahiyyəti olan yuxarıda qeyd olunan adda əməkdaşı (vəzifəli şəxsi) ümumiyyətlə yoxdur və qətnamə ASC-yə təqdim edilməmişdir. Buna görə kənar şəxs tərəfindən alınan qətnamə onlara verilmiş hesab edilə bilməz. Bu səbəbdən məhkəmə qətnaməsindən apellyasiya şikayəti verə bilməmişlər. Qanunvericilik qətnamənin işdə iştirak edən şəxslərə çatdırmaq vəzifəsini məhkəmənin üzərinə qoymaqla, hüquqi şəxsin müvafiq vəzifəli şəxsinə təqdim edilməli olduğu müəyyən edir. Lakin qərardadda istinad edilən qətnamənin təqdim edildiyi şəxs "xxxx" ASC-nin vəzifəli şəxsi olmamaqla onun adından hər hansı sənədi qəbul etmək səlahiyyəti olmamışdır. Belə olan halda həmin şəxsə təqdim olunmuş olsa belə, bu qətnamənin iddiaçı tərəfindən alınması demək deyildir. Müraciətləri əsasında sözügedən qətnamə 05 oktyabr 2022-ci il tarixdə onlara şəxsən məhkəmə qəbzinə imza etdirilməklə təqdim edilmişdir. Qətnaməni ilk dəfə 05 oktyabr 2022-ci il tarixdə aldıqlarından və şikayəti 02 noyabr 2022-ci il tarixdə poçt məntəqəsinə təqdim etdiklərindən müddətin bərpası ilə bağlı vəsatətlə məhkəməyə müraciət olunmamışdır. Çünki qətnaməni aldıqları vaxtdan 1 ay ərzində apellyasiya şikayəti vermişlər. Masallı Rayon Məhkəməsinin (hakim H.Bəhmənov) 10 mart 2023-cü il tarixli qərardadı ilə Masallı Rayon Məhkəməsinin 01 iyul 2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə "Masallı-Avtonəqliyyat” ASC-nin vəsatəti təmin edilməmişdir. Qərardaddan iddiaçının nümayəndəsi və vəkili Vəkil1 şikayət vermiş, şikayətində qərardadın ləğv edilməsini və apellyasiya şikayətinin mümkün sayılaraq işin apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərardad maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, ASC-nin Xəmmədov Abutalıb adlı əməkdaşı ümumiyyətlə yoxdur. Əgər həmin şəxsə qətnaməni çatdırmaq belə tapşırılsa, bu da edilməyərək qətnamə iddiaçı müəssisəyə çatdırılmamışdır. Kənar şəxs tərəfindən alınmış qətnamə iddiaçıya təqdim edilmiş hesab edilə bilməz. Şikayətə baxılmış, Masallı Rayon Məhkəməsinin 28 mart 2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasında işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və dinlənilmək üçün tərəflər çağırılmadan apellyasiya qaydasında baxılacağı barədə müvafiq bildiriş göndərilmiş, 20 aprel 2023-cü il tarixə qədər şikayətə qarşı əsaslandırılmış yazılı etiraz və vəsatətin Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına göndərmək hüququnun olduğu bildirilmişdir. Müəyyən edilmiş müddət ərzində şikayətə qarşı yazılı etiraz və ya vəsatət məhkəməyə daxil olmamışdır. Məhkəmə Kollegiyası məruzəni dinləyib, şikayətin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və apellyasiya şikayəti verilməsi üçün müəyyən olunmuş prosessual müddət bərpa edilməlidir. İş materiallarına əlavə edilmiş poçt xəbərnaməsindən (səh. 58) müəyyən edilir ki, "Masallı-Avtonəqliyyat” ASC-yə göndərilmiş Masallı Rayon Məhkəməsinin 01 iyul 2022-ci il tarixli qətnaməsinin surəti 16 iyul 2022-ci il tarixdə Xəmmədov Abutalıb adlı şəxsə təqdim edilmişdir. İddiaçı tərəf məhkəməyə müraciət edərək, qətnamənin surətinin onlara çatdırılmadığını bildirmiş, məhkəmə qətnaməsinin surəti 05 oktyabr 2022-ci il tarixdə təkrarən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 təqdim edilmişdir. İddiaçı ASC şikayətini onunla əsaslandırır ki, qətnamənin surəti ASC-yə təqdim edilməmişdir. Qətnamənin surətinin təqdim edildiyi istinad edilən şəxs- Abutalıb Xammədov "Masallı-Avtonəqliyyat” ASC-nin əməkdaşı deyil. Digər tərəfdən, məhkəmə sənədinin çatdırılmasını üzərinə götürmüş şəxs qətnamənin surətini ASC-yə çatdırmamışdır. Bununla bağlı məhkəməyə "Masallı-Avtonəqliyyat” ASC-nin işçiləri barədə müvafiq arayış və əmək müqaviləsinə dair bildirişlər təqdim edilmişdir. Birinci instansiya məhkəməsi müddətin bərpasına dair ərizəni rədd edərkən ona əsaslanmışdır ki, iddiaçı tərəfə qətnamənin surəti çatdırılmışdır, belə ki, məhkəmə sənədi Xəmmədov Abutalıb adlı şəxsə təqdim edilmişdir. Həmçinin məhkəmənin apellyasiya şikayətinin geri qaytarılması barədə qərardadını da eyni şəxs almış və həmin qərardaddan iddiaçı tərəfindən şikayət verilmişdir. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi müddətin bərpasına dair ərizəni təmin etməməklə maddi və prosessual hüquq normalarını pozmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (Azərbaycan Respublikasının MPM-nin) 360-cı maddəsinə əsasən apellyasiya şikayəti qətnamənin tərəflərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. İşin hallarından görünür ki, məhkəmə sənədinin iddiaçıya təqdim edilməsi barədə poçt xəbərnaməsini xx.xx.2022-ci il tarixdə Abutalıb Xəmmədov adlı şəxs imzalamışdır. İddiaçının bildirdiyinə görə, qətnamənin surəti ASC-yə təqdim edilməmişdir. Qətnamənin surətinin təqdim edildiyi istinad edilən şəxs- Abutalıb Xəmmədov "Masallı- Avtonəqliyyat” ASC-nin əməkdaşı deyil. İddiaçı tərəfin təqdim etdiyi sənədlərdən görünür ki, ASC-nin aşağıdakı əməkdaşları vardır: X10, X1, X4. Həmin şəxslərin sırasında Abutalıb Xəmmədov adlı şəxs yoxdur. Kollegiya qeyd edir ki, qətnamənin surətinin Xəmmədov Abutalıb adlı şəxs tərəfindən qəbul edilməsi iddiaçı "Masallı-Avtonəqliyyat” ASC-yə təqdim edilməsi demək deyil. Digər tərəfdən müəyyən edilir ki, ASC-nin müraciəti əsasında qətnamənin surəti "Masallı-Avtonəqliyyat” ASC-nin nümayəndəsi və vəkili Vəkil1 təqdim olunduqdan sonra, iddiaçı tərəf apellyasiya şikayətini qanunla müəyyən edilmiş müddətdə məhkəməyə təqdim etmişdir. Göstərilən hallar onu deməyə əsas verir ki, qətnamənin surətinin ASC-yə təqdim edilməsi Xəmmədov Abutalıb adlı şəxsə təqdim edildiyi vaxtdan hesablansa belə iddiaçının apellyasiya şikayəti vermək üçün müddəti ötürməsi üzrlü səbəbdən baş vermişdir. Ona görə apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətə üzrlü hesab edilərək bərpa edilməlidir. Beləliklə, Kollegiya belə qənaətə gəlir ki, şikayət qismən təmin edilməli, Masallı Rayon Məhkəməsinin 10 mart 2023-cü il tarixli qərardadı ləğv edilməli, iddiaçı "xxxx" ASC-yə münasibətdə apellyasiya şikayəti verilməsi müddəti bərpa edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 263-264, 357-358, 398.0.3, 400-cü maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası qəraraaldı: İddiaçı "xxxx" ASC-nin şikayəti qismən təmin edilsin. Masallı Rayon Məhkəməsinin 10 mart 2023-cü il tarixli, 2(050)-49/2022 saylı qərardadı ləğv edilsin. İddiaçı "xxxx" ASC-nin cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 8 saylı Ərazi İdarəsinə, X6 qarşı çıxarışın və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Masallı Rayon Məhkəməsinin 01 iyul 2022ci il tarixli qətnaməsindən iddiaçı "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti üzrə prosessual müddət bərpa edilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Sədrlik edən İlham Əsədov Hakimlər Samir Mayılov Tofiq Heydərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar