Məhkəmə qərarları › İş №2(106)-757/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-757/2024

29.03.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-757/2024 29.03.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X2 Əsədov (sədrlik edən və məruzəçi), Samir İlham oğlu Mayılov və X3 ibarət tərkibdə, Elvin Nizami oğlu Hüseynovun katibliyi ilə, Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi” tələbinə dair mülki iş üzrə Sabirabad Rayon Məhkəməsinin 09 fevral 2024-cü il tarixli qərardadından Ərizəçi tərəfindən verilmiş şikayətin mümkünlüyünü yoxlayaraq müəyyənetdi: Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Sabirabad Rayon Məhkəməsinin (hakim S.Allahverdiyev) 09 fevral 2024-cü il tarixli qərardadı ilə Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi” tələbinə dair ərizəsi əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə geri qaytarılmışdır. Qərardaddan Ərizəçi şikayət verərək, ərizənin icraata qəbul edilməsini, əks təqdirdə şikayətə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Sabirabad Rayon Məhkəməsinin 29 fevral 2024-cü il tarixli qərardadı ilə ərizəçi tərəfindən verilmiş şikayət təmin edilməmiş, Sabirabad Rayon Məhkəməsinin 09 fevral 2024cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmış, şikayət iş materialları ilə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakılara əsasən şikayət qeyri-mümkün hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. MPM-in 363.1.5-ci maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə apellyasiya şikayəti geri qaytarılır. Beləliklə, Qanunun tələbinə görə, şikayət elektron məhkəmə sisteminin tətbiq olunduğu məhkəmələrdə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilməlidir. Hazırki halda verilmiş şikayət “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilməmişdir. Kollegiya qeyd edir ki, “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə şikayət və ona əlavə edilmiş sənədlər şəxsin elektron imzası vasitəsilə imzalandıqdan sonra elektron sistemə yerləşdirilir. Bununla da, şikayət elektron kabinet vasitəsilə verilmiş hesab olunur. Lakin ərizəçi tərəfindən verilmiş şikayət elektron kabinet vasitəsilə deyil, kağız formada tərtib edilərək birinci instansiya məhkəməsinə göndərilmişdir. Beləliklə, Kollegiya hesab edir ki, mülki işin göndərilməsi barədə Sabirabad Rayon Məhkəməsinin 29 fevral 2024-cü il tarixli qərardadı qüvvədən düşmüş hesab edilməli, Sabirabad Rayon Məhkəməsinin 09 fevral 2024-cü il tarixli qərardadından ərizəçi tərəfindən verilmiş şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilməli və mülki iş Sabirabad Rayon Məhkəməsinə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 363.1.1-1, 366.2, 366.3, 366.4, 400 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qəraraaldı: Sabirabad Rayon Məhkəməsinin 29 fevral 2024-cü il tarixli qərardadı qüvvədən düşmüş hesab edilsin. Sabirabad Rayon Məhkəməsinin 09 fevral 2024-cü il tarixli qərardadından Ərizəçi tərəfindən verilmiş şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və mülki iş Sabirabad Rayon Məhkəməsinə qaytarılsın. X1 Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına 10 gün müddətində kassasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar