Məhkəmə qərarları › İş №2(106)-762/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-762/2025

29.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-762/2025 29.05.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı2 Sadiq qızının, İddiaçı1, İddiaçı3, İddiaçı5, İddiaçı4 cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 qarşı (Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestiri publik hüquqi şəxsin 13 saylı Şirvan Ərazi İdarəsi, Saatlı rayon notariat ofisi, Bakı şəhəri 35 saylı Notariat ofisi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğvi” tələbinə dair mülki iş üzrə Q Ə T N A M Ə S İ Açar sözlər: alqı-satqı müqaviləsinin etibarsızlığı, çıxarışın ləğvi. Şirvan şəhəri, 29 may 2025-ci il X4 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Əsədli Mahir Abdulla oğlu və Əliyev Qasım Vəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi, İddiaçılar İddiaçı2 Sadiq qızının, İddiaçı1 (İddiaçı5 və İddiaçı4 kollegiyanın əvvəlki iclasında iştirak etmişdir) və Cavabdeh1 nümayəndəsi (atası) X1 iştirakları ilə, İddiaçılar İddiaçı2 Sadiq qızının, İddiaçı1, İddiaçı3, İddiaçı5, İddiaçı4 cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 qarşı (Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestiri publik hüquqi şəxsin 13 saylı Şirvan Ərazi İdarəsi, Saatlı rayon notariat ofisi, Bakı şəhəri 35 saylı Notariat ofisi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğvi” tələbinə dair mülki iş üzrə Saatlı Rayon Məhkəməsinin 23 dekabr 2024-cü il tarixli, 2(055)-1376/2024 saylı qətnaməsindən (hakim V.Qasımov) cavabdeh İddiaçı2 Sadiq qızı və onun nümayəndəsi (vəkili) Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçılar İddiaçı2 Sadiq qızı, İddiaçı1, İddiaçı3, İddiaçı5, İddiaçı4 cavabdehlər Cavabdeh1, Cavabdeh2 Saatlı rayon notariat ofisinə qarşı (Bakı şəhəri 35 saylı Notariatofisi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Saatlı rayonu, Əhmədbəyli kəndində yerləşən DƏDƏRX-nin Şirvan Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli **********39 reyestr nömərli, ********** qeydiyyat nömərli çıxarış əsasən mülkiyyətlərində olmuş 3.9381 ha torpaq sahəsinin Saatlı rayon notariat ofisində Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış 22 sentyabr 2022-ci il tarixli, AN-İ № ******* nömərli alqı-satqı-müqaviləsinin etibarsız sayılması və cavabdeh Gözlǝov Rövşən Ələsgər oğlunun adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Daha sonra iddiaçılar məhkəməyə birgə ərizə təqdim edərək, Cavabdeh3 cavabdeh qismində işə cəlb olunmasını, Saatlı rayon notariat ofisinin cavabdeh qismində iştirakına xitam verilib üçüncü şəxs qismin işə cəlb edilməsini, eyni zamanda Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestiri publik hüquqi şəxsin 13 saylı Şirvan Ərazi İdarəsinin üçüncü şəxs qismin işə cəlb edilməsini xahiş etmişlər. Birinci instansiya məhkəməsi iddiaçıların ərizəsini əsaslı hesab edərək, Cavabdeh3 cavabdeh qismində işə cəlb olunması, Saatlı rayon notariat ofisinin cavabdeh qismində iştirakına xitam verilib üçüncü şəxs qismin işə cəlb edilməsini, eyni zamanda Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestiri publik hüquqi şəxsin 13 saylı Şirvan Ərazi İdarəsinin üçüncü şəxs qismin işə cəlb edilməsi barədə qərar qəbul etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsinin baxışı zamanı İddiaçı2 Sadiq qızı iddianı müdafiə edərək izahatında göstərmişdir ki, alqı-satqısının etibarsız hesab edilməsini istədikləri Saatlı rayonu Əhmədbəyli kəndində yerləşən 5,83 ha torpaq sahəsinin 4 ha hissəsi ilə bağlı (3.9381 ha) DƏDƏRX-nin Şirvan Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli **********39 reyestr nömərli, ********** qeydiyyat nömərli çıxarış əsasında hüquqları dövlət qeydiyyatına alınmışdır. Torpaq sahəsinin qalan hissəsi 1998-ci ildə dövlət aktı ilə onların mülkiyyətlərindədir. Qonşuları Cavabdeh1 5,83 ha torpaq sahəsinin 4 ha hissəsini, yəni 3.9381 ha hissəsini icarəyə götürmək adı alıtnda Bakı şəhəri 35 saylı notariat ofisində onlardan aldığı etibarnamə əsasında məlumatları olmadan Cavabdeh2 satmışdır. Bu barədə məlumatları 01 iyul 2024-cü il tarixdə Daşınmaz Əmlakın dövlət reyestri xidmətinin Saatlı rayon şöbəsinə müracitlərindən sonra bu ilin oktyabr ayında alımışlar. Onu da bildirir ki, onlar cababdeh Cavabdeh1 torpaq satmamışlar və müqavilədə qeyd olunan 5400 manat pulu da almamışlar. Göstərilənlərə əsasən iddialarının təmin olunmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı1, İddiaçı2 Sadiq qızı ilə eyni məzmunlu izahat verərək iddialarının təmin olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin əvvəlki iclasında iştirak edən iddiaçılar İddiaçı3, İddiaçı5 və İddiaçı4 İddiaçı2 Sadiq qızı ilə eyni məzmunlu izahat verərək iddialarının təmin olunmasını xahiş etmişlər. Cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 birinci instansiya məhkəməsinin iclasında iştirak etməmişlər. Buna görə də onların mövqeyini öyrənmək mümkün olmamışdır. Üçüncü şəxslər isə nümayəndələrinin iştirakını təmin etmişlər. Saatlı Rayon Məhkəməsinin 23 dekabr 2024-cü il tarixli, 2(055)-1376/2024 saylı qətnaməsi ilə iddianın təmin edilməməsini və ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməsini qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən İddiaçı2 Sadiq qızı və onun nümayəndəsi (vəkili) Vəkil apellyasiya şikayəti verərək, Saatlı Rayon Məhkəməsinin xx.xx.2024-cü iltarixli, 2(055)-1376/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və işin yenidən araşdırılması ilə iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, əqdin təməl qurucu ünsürü iradə ifadəsidir. İradə ifadəsi ilə yanaşı, həmin iradə ifadəsi eyni zamanda mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və xitamına yönəldilməlidir. İradə ifadəsi əqdin əsas tərkib elementidir, bir qayda olaraq hüquqi nəticələr onunla əlaqələndirilir. Belə hesab edir ki, iradə dedikdə insanın daxildəki arzusu nəzərdə tutulur. İradə ilə iradə ifadəsi üst-üstə düşməlidir. İradə ifadəsi şəxsin öz iradəsini kənara bəyan etməsidir ki, bunun vasitəsilə onu başqa şəxslər dərk edirlər. İradə ifadəsi aşağıdakı elementlərdən meydana gəlir: 1.Hüquqi nəticəyə yönəlmiş arzu, iradə.

2. Hüquqi nəticəyə yönəlmiş arzunu bəyan etmə. Lakin yuxarıda qeyd edilənlərin heç biri nə onun fikrində olub, nə də onu bəyan etməmişdir. İradəni ifadə etmə daxili iradəni düzgün əks etdirməlidir. Qeyd etmişdir ki, onlar etibarnaməni cavabdehə torpaq sahəsini satmaq üçün deyil, icarəyə vermək üçün vermişdir.

c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

ç) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Kollegiyanın iclasında iştirak edən apellyator İddiaçı2 Sadiq qızı apellyasiya şikayətini müdafiə etmiş və onun təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq göstərmişdir ki, Aqrar İslahat Komissiyasının qərarı ilə onların ailəsinə Saatlı rayonu Əhmədbəyli kəndində yerləşən 5,83 ha torpaq sahəsi verilmişdir. Həmin 5.83 ha torpaq sahəsi 3.9381 ha və 1.8885.37 ha olmaqla iki hissədən ibarət olmuşdur. 1.8885.37 ha torpaq sahəsini uzun müddət olar ki, satmışlar. Digər 3.9381 ha hissə isə onlar Bakı şəhərində yaşadıqlarından ayrı-ayrı şəxslərə icarəyə vermişlər. Həmin torpaq sahələrindən özləri heç vaxt istifadə etməmişlər. 10-15 ildir ki, ailəlikcə Bakı şəhərində yaşayırlar. Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 kənddə onların qonşuları olmuşlar. Hazırda mübahisələndirilən torpağı cavabdehlərə icarəyə vermişlər. Lakin cavabdehlər torpağı satmışlar. Qeyd etmişdir ki, onlar etibarnaməni cavabdehlərə etibarnaməni torpaq sahəsini satmaq üçün deyil, onlara icarəyə vermək üçün vermişlər. Göstərmişdir ki, aralarında rəsmi olaraq hər hansı icarə müqaviləsi bağlanmamışdır. İcarəni cavabdehlə şifahi bağlamışlar. Kollegiyanın iclasında iştirak edən İddiaçı1 və kollegiyanın əvvəlki iclasında iştirak edən İddiaçı5 və İddiaçı4 anaları İddiaçı2 Sadiq qızı ilə eyni məzmunlu izahat vermişlər. Kollegiyanın iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi (atası) X2 apellyasiya şikayətini əsassız hesab etmiş, onun təmin edilməməsini xahiş etmişdir. Əlavə olaraq göstərmişdir ki, iddiaçılarla qonşudurlar. İddiaçılar həmin torpaqdan heç vaxt istifadə etməmişlər. İddiaçılar qeyd edilən mübahisəli torpağı satmaq üçün onun övladlarına ümumi etibarnamə vermişlər. İddiaçılardan Gövhər, Ruslan, Elnarə və Gülyanaq oğlu Anara, Sədaqət isə oğlu Elşənə etibarnamə vermişlər. Oğlanları da iddiaçıların tapşırıqları üzrə torpağı alqı-satqı etmiş və pulunu alaraq iddiaçılara vermişlər. Bu işlərin müqabilində iddiaçılar oğluna 500 manat zəhmət haqqı vermişlər. Sonradan onların rayonda yaşayan qohumları güya mübahisəli torpağı daha baha qiymətə satacağını bildirdiyindən iddiaçılar hazırkı iddianı qaldırmışlar. Hesab edir ki, iddiaçıların tələbi əsassızdır. İddiaçılarla cavabdehlər arasında hər hansı icarə müqaviləsi bağlanmamışdır. Müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, İddiaçı3, Cavabdeh3 İltifat oğlu, İİİ şəxslər Saatlı rayon notariat ofisi, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestiri publik hüquqi şəxsin 13 saylı Şirvan Ərazi İdarəsi məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən mülki iş üzrə onların (üçüncü şəxslərin) iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir.

Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırki halda İddiaçı2 Sadiq qızı və onun nümayəndəsi (vəkili) Vəkil birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsini xahiş etməklə, qətnaməni tam olaraq mübahisələndirmişdir. Buna görə də kollegiya Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarında formalaşan hüquqi mövqe baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını İddiaçı2 Sadiq qızına münasibətdə apellyasiya şikayətinin dəlilləri üzrə tam yoxlanılmasını düzgün hesab edir.

Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır. Azərbaycan Respublikası Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin birinci və ən mühüm tələbi ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır. Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə legitim məqsəd daşımalıdır. 1 saylı Protokolun 1-ci maddəsinə xas olan "ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur. Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında "ədalətli balans” gözlənilməlidir. Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır. Mülki Məcəllənin prinsiplərindən biri mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, mülkiyyət toxunulmazlığı, müqavilələr azadlığı, pozulmuş hüquqların bərpasının təmin edilməsi və mülki hüquqların məhkəmə müdafiəsidir. (Mülki Məcəllənin 6-cı maddəsi). 14.1.-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərdir (MM-nin 14.2.1-ci maddəsi) 324.1-ci maddəsinin tələblərinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Başqa tərəfin qəbul etməsi tələb olunan iradə ifadəsi başqa tərəfə çatdığı andan etibarlı olur (MM-nin 325.1-ci maddəsi). 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəlləsinin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəlləsinin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. -152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. -152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. -152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikası MM-nin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. -568.2. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcı əşyanı alıcıya verməklə bir vaxtda onun ləvazimatını, habelə əşyaya aid olan, qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulan sənədləri də (texniki pasportu, keyfiyyət sertifikatını, istismar təlimatını və i.a.) verməyə borcludur. Daşınmaz əşyaların alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir (MM-in 646.1-646.2-ci maddələri). Azərbaycan Respublikası MM-nin 139-1.1.3-cü maddəsinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ərarvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144.1-ci maddəsinə görə daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Həmin Məcəllənin 144.2-ci maddəsinə əsasən sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması və ya ixtiyarlı şəxsin ona həmin səlahiyyəti verməsi ilə təsdiqlənir. Bu səlahiyyət də notariat qaydasında təsdiqlənməlidir. Müqavilənin qanunauyğunluğu notariat qaydasında təsdiqlənmə ilə təsdiq olunur. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir. Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlaka sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəlləsinin 148.2-cı maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. 14.2.-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası məruzəni dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin təmin olunması üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli AR-İİ № 731633 nömrəli etibarnamənin surətindən görünür ki, İddiaçı4, İddiaçı3 adlarına olan bütün əmlakları idarə etməyi, eyni zamanda satmaq səlahiyyətini Cavabdeh1 etibar etmişlər. İş materiallarında olan xx.xx.2022-ci il tarixli AR-İİ № 731641 nömrəli etibarnamənin surətindən görünür ki, İddiaçı5, İddiaçı1 adlarına olan bütün əmlakları idarə etməyi, eyni zamanda satmaq səlahiyyətini Cavabdeh1 etibar etmişlər. İş materiallarında olan xx.xx.2022-ci il tarixli AR-İİ № 731635 nömrəli etibarnamənin surətindən görünür ki, İddiaçı2 Sadiq qızı adına olan bütün əmlakları idarə etməyi, eyni zamanda satmaq səlahiyyətini Cavabdeh3 etibar etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli AN-İ № ******* nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, İddiaçı2 Sadiq qızının əvəzinə Cavabdeh3, İddiaçı1, İddiaçı3, İddiaçı5, İddiaçı4 əvəzinə Cavabdeh1 çıxış edərək Saatlı rayonu Əhmədbəyli kəndi ərazisində yerləşən 3.9381 ha torpaq sahəsini Cavabdeh2 5400 manat müqabilində satmışlar. Birinci instansiya məhkəməsi işin faktiki halları kimi qeyd etmişdir ki, iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı5, İddiaçı4 Cavabdeh1, İddiaçı2 Sadiq qızı isə Cavabdeh3 adlarına olan bütün əmlakları idarə etməyi, eyni zamanda satmaq səlahiyyətini etibar etmişlər və bununla bağlı cavabdehlərə etibarnamə vermişlər. Həmin etibarnamə əsasında iddiaçıların adından çıxış edən Cavabdeh1 və İbadov X3 rayonu Əhmədbəyli kəndində yerləşən 3.9381 ha torpaq sahəsini Cavabdeh2 satmışlar. Hazırda iddiaçılar İddiaçı2 Sadiq qızı, İddiaçı1, İddiaçı3, İddiaçı5, İddiaçı4 iddia ərizə isə məhkəməyə müraciət edərək alqı-satqı müqaviləsinin etibarsız hesab olunmasını və Cavabdeh2 adına verilmiş çıxarışın ləğv edilməsi xahiş etmişdirlər. Göründüyü kimi birinci instansiya məhkəməsi iddianı təmin etməmişdir. Qətnamədən iddiaçılardan İddiaçı2 Sadiq qızı narazı qalmış və apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin əsas dəlili cavabdehlərə verilən etibarnamənin mübahisəli torpağın alqı-satqısını həyata keçirmək üçün deyil, cavabdehlərlə icarə müqaviləsi bağlanması üçün verilməsi ilə bağlıdır. Müəyyən edilir ki, mübahisəli torpaqla bağlı iddiaçıların adından Cavabdeh1 və Cavabdeh3 ilə Cavabdeh2 arasında alqı-satqı müqaviləsi bağlanmışdır. Apellyasiya şikayətinin dəlili kimi etibarsızlığın əsası torpaq sahəsinin cavabdehlərə icarəyə vemələri, bununla bağlı sonuncuya etibarnamə vermələri, cavabdehlərin isə isə həmin etibarnamədən istifadə edərək torpaq sahəsini başqa şəxsə satması əsas gətirərək hazırkı iş üzrə bağlanmış xx.xx.2022-ci il tarixli müqavilənin etibarsız hesab edilməsini xahiş edilməsindən ibarətdir. Apellyator cavabdehlərə verilmiş etibarnamədən istifadə edilərək, yəni onların etibarından sui-istifadə edərək alqı-satqı müqaviləsinin bağlanmasına istinad edərək etibarsızlığını tələb etsə də, məhkəmə araşdırması həmin müqavilənin etibarsızlığı ilə bağlı əsasların olması müəyyən edilməmiş, həmçinin, həmin müqavilənin etibasızlığına dəlalət edən sübutları məhkəməyə təqdim etməmişdir. Belə ki, məhkəmə araşdırması zamanı tədqiq olunan etibarnamələrdən görünür ki, iddiaçılar torpaq sahəsini satmaq barədə cavabdehlərə səlahiyyət vermişlər. Göründüyü kimi iddiaçılar torpaq sahəsini satmaq və digər səlahiyyətləri cavabdehlərə etibarnamə əsasında vermişlər, cabadehlər isə həmin etibarnamədən istifadə edərək iddiaçılara məxsus torpaq sahəsini onların adından çıxış edərək Cavabdeh2 satmışlar. Alqı-satqı müqaviləsinin əsasında da Cavabdeh2 öz adına çıxarış əldə etmişdir. İddiaçıların adınadan çıxış edən Cavabdeh1 və Cavabdeh3 ilə Cavabdeh2 arasında torpaq sahəsinə dair xx.xx.2022-ci il tarixdə bağlanmış müqavilənin etibarsızlığına dair iddiaçıların irəli sürdüyü faktiki halların iddia tələbinin qanuni əsası kimi göstərdiyi əqdin etibarsızlığı ilə bağlı müddəaların dispozisiya şərtlərinə uyğun gəlmədiyindən həmin müqavilənin etibarsızlığına dəlalət edən hər hansı bir hal mövcud deyildir. Apellyator torpaq sahəsini cavabdehlərə icarə verməsini göstərsə də bununla bağlı aralarında rəsmi icarə müqaviləsi bağlamadıqlarını, icarə müqaviləsinin şifahi qaydada razılaşdırdıqlarını bildirmişdir. Beləliklə də iddiaçı cavabdehlərlə aralarında icarə müqaviləsinin bağlanmasına dair məhkəməyə hər hansı sübut təqdim edə bilməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş materialları və ya digər sübutlarla təsdiq edilmir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsaslar yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, şikayət təmin edilmədiyindən apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,

Qət etdi:

Cavabdeh İddiaçı2 Sadiq qızı və onun nümayəndəsi (vəkili) Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Saatlı Rayon Məhkəməsinin 23 dekabr 2024-cü il tarixli, 2(055)-1376/2024 saylı qətnaməsi cavabdeh İddiaçı2 Sadiq qızı və onun nümayəndəsi (vəkili) Vəkil apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıların özlərinə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti verilmədiyi halda, qətnamə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar