Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-767/2023 17.05.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Gülüşov İsmayıl Cəbrayıl oğlunun katibliyi ilə, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “aktın etibarsız hesab edilməsi və akt əsasında hesablanmış borcun silinməsi tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Masallı Rayon Məhkəməsinin 2(050)-331/2023 saylı, 02 fevral 2023-cü il tarixli qətnaməsindən cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “Azəriqaz” X2 X4 İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, ******* saylı aktın etibarsız hesab edilməsi, həmin akt əsasında hesablanmış ziyan kimi 8640 m3 qaz sərfiyyatının və ona hesablanmış borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Masallı rayonunun Xırmandalı kəndində yaşayır. Yaşadığı ev təbii qazdan istifadə qaydalarına uyğun olaraq təbii qazla və istifadə olunan təbii qazın dəyərini müəyyənləşdirmək üçün sayğacla təmin olunmuş, iddiaçı da tarif planına uyğun olaraq təbii qazdan istifadəyə görə müəyyənləşdirilmiş ödənişləri vaxtlı-vaxtında etmiş, heç vaxt abonent kimi öhdəliklərinin icrasından yayınmamışdır. Ödəniş qəbzləri də var. “Azəriqaz” İB Lənkəran X4 İdarəsinin əməkdaşları xx.xx.2022-ci ildə iddiaçıya məxsus yaşayış evini təbii qazla təchiz edən qaz xəttinə və sayğaca baxış keçirmiş və sayğacın çıxarılması səbəbi kimi növbəti dövlət yoxlamasını əsas gətirmişlər. Daha sonra qaz idarəsi sayğacı apardıqdan sonra xx.xx.2022-ci il tarixdə ******* saylı akt tərtib etmiş, aktda sayğacda olan qüsur kimi sayğacın gövdəsinin kənar təsir nəticəsində alt hissəsinin deşici alətlə deşilib, sayğacın istismara yararsız olması qeyd olunmuşdur. İtirilmiş qazın bərpasına görə dəymiş ziyan məbləği 8640 m3 müəyyən edilməklə ödənilməsi tələb olunmuşdur. İddiaçı hesab edir ki, həmin akt etibarsız hesab edilməli və 8640 m3 qaz sərfiyyatı silinməlidir. Belə ki, aktdan göründüyü kimi, aktın tərtib olunmasına səbəb sayğacın gövdəsinin kənar təsir nəticəsində alt hissəsinin deşici alət deşilməsi, sayğacın istismara yararsız olması olmuşdur. İndiki vəziyyətdə isə iddiaçı və heç bir hal şahidi olmadan, çəkiliş olmadan iddiaçıya akt tərtib etmişlər. İdarənin işçiləri otaq şəraitində akt tərtib etmişlər. Akt tərtib olunarkən qanunvericiliyin tələbləri pozulmuşdur. Belə ki, “Azəriqaz” İB-nin işçilərinin akt tərtib etmək səlahiyyəti yoxdur. Hesablanmış cərimə qanunsuzdur. Sayğacı “Azəriqaz” İB-nin əməkdaşları 2-3 ay əvvəl özləri dəyişmiş, iddiaçının xəbəri olmamışdır. Bu səlahiyyət yalnız Azərbaycan Respublikası Energetika Nazirliyinə və Fövqəladə Hallar Nazirliyinə verilmişdir. Qaz sayğacları bütün rayon ərazisinə qoyulmuş və üzərinə qoruyucu qutu və ya hər hansı başqa bir qoruyucu vasitə qoyulmamışdır. Bu hal da onu sübut edir ki, küçədən keçən istənilən bir şəxs həmin sayğaca ziyan vura bilər və sayğaca istənilən müdaxiləni edə bilər. Belə olan halda iddiaçı sayğaca hər hansı bir müdaxiləyə görə məsuliyyət daşıya bilməz. Bütün bunlar onu göstərir ki, tərtib olunmuş akt hansısa maraqlara görə tərtib olunmuşdur. Qeyd edilənlərə görə hazırda iddiaçı aktın etibarsız hesab edilməsi barədə məhkəməyə müraciət etməli olmuşdur. Masallı Rayon Məhkəməsinin 2(050)-331/2023 saylı, 02 fevral 2023-cü il tarixli qətnaməsi ilə (sədrlik edən hakim Ceyhun Quliyev) iddia təmin edilmiş, xx.xx.2022-ci il tarixli, ******* saylı akt etibarsız hesab edilmiş, akt əsasında hesablanmış 8640 m3 qaz sərfiyyatı və borcun silinməsi qət edilmişdir. Qətnamədən narazı qalan cavabdeh “Azəriqaz” İstehsalat Birliyi apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində Masallı Rayon Məhkəməsinin 2(050)-331/2023 saylı, 02 fevral 2023-cü il tarixli qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, onun əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə iddiaçının **********001880 saylı abonent kodu verilmiş fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına baxış keçirilərkən iddiaçı tərəfindən sayğaca müdaxilə faktı aşkar olunmuş, fakt yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Sayğac ARDNŞ "Azəriqaz” İB-nin Sayğacların müayinəsi laboratoriyasının xx.xx.2022-ci il tarixli, 29/17xx-xx-04526-1 saylı aktına əsasən “G-4 markalı ******* nömrəli sayğacın gövdəsi kənar təsir nəticəsində alt hissəsi deşici alətlə deşilib aşkar edildi” rəyi verilmişdir. Həmçinin, qeyd olunan həmin faktla bağlı Birliyin əməkdaşları tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2022-ci il tarixli, ******* saylı akt tərtib edilmişdir. Həmin akta görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 1.3-cü bəndinə uyğun olaraq hesablanmış qazın alğısatqısı barədə müqavilənin 2.2.5-ci bəndinin (istehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi) dəymiş zərərin ödənilməsini istehlakçıdan tələb etmək) tələblərinə əsasən itirilmiş qaz bərpa sərfi 4 m3/saat üçün orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və cəmi 8640 m3 olmaqla iddiaçının abonent hesabına daxil edilmişdir. Göründüyü kimi, iddiaçı qanunazidd, təqsirli hərəkətlər etməklə, yəni təbii qazdan qeyri-qanuni istifadə etməklə cavabdehə ziyan vurmuşdur. Lakin birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, müəyyən edilmiş faktdan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlməmiş, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Belə ki, birinci instansiya məhkəməsi təbii qazdan istifadə qaydalarının pozulması haqqında akta istinad etməmiş, hansı ki, abonent kodu verilmiş ünvanda təbii qazdan istifadə qaydalarına riayət olunması vəziyyətinin yoxlanılması və sayğaca baxış keçirilərkən sayğaca müdaxilə nəticəsində qeyri-qanuni təbii qazdan istifadə edilməsi, yəni iddiaçı tərəfindən sayğacın plastmas borusunun deşilməsi faktı aşkar edilmiş və bu əsasla da həmin akt tərtib edilmişdir. Həmçinin də dəymiş ziyanın bərpasına dair tələbnamələrə istinad etməmiş, hansı ki, qərəzli, təqsirli hərəkətlər nəticəsində cavabdehə dəymiş ziyanın həcminin hansı qaydada hesablanmasını əks etdirir. Həmin sübutlar iddia tələbinin əsassız olmasını göstərir. Digər tərəfdən, birinci instansiya məhkəməsi iş materiallarında olan abonentə dair saldoda yer almış məlumatları da araşdırmamışdır. Belə ki, əgər saldoya nəzər salınsa görülər ki, əvvəlki illərin müvafiq ayları ilə müqayisədə abonentin təbii qaz sərfiyyatı çox azdır. Məhkəmə iclasının vaxtı və yeri barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılmalarına baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etməmiş, nümayəndə ilə təmsil olunmamışlar. İddiaçı teleqramla məhkəməyə müraciət edərək, məhkəmə iclasında səhhəti ilə əlaqədar iştirak edə bilməyəcəyini bildirmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. MPM-in 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda cavabdeh verdiyi apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etməklə, onu tam mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası qətnamənin tam yoxlanılmasını düzgün hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, habelə iş materiallarını araşdırıb, sübutlara obyektiv hüquqi qiymət verərək hesab etdi ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İşdəki qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* nömrəli aktın surətindən görünür ki, istehlakçı İddiaçı evində quraşdırılmış qaz sayğacı 27 oktyabr 2022-ci il tarixində yenisi ilə əvəzlənmişdir. Həmin aktda qeyd edilmişdir ki, abonentin adı İddiaçı olduğu halda, proqramda Kərimov Nəsibə kimi göstərilmişdir. İşdəki “Azəriqaz” İB-nin Lənkəran RQİİ-nin Masallı Xidmət sahəsinin nümayəndələri tərəfindən tərtib edilmiş ******* nömrəli, 30 noyabr 2022-ci il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktdan görünür ki, həmin tarixdə istehlakçı İddiaçı evində quraşdırılmış sayğaca baxış keçirilən zaman sayğacın gövdəsinin kənar təsir nəticəsində alt hissəsinin deşici alətlə deşildiyi müəyyən edilmişdir. İstehlakçı aktı imzalamamışdır. X3 Qaz İstismar İdarəsinin rəisi Namiq Məmmədov tərəfindən 30 noyabr 2022-ci il tarixində təsdiq edilmiş dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, ARDNŞ “Azəriqaz” X1 Departamentinin Sayğacların müayinəsi laboratoriyasının qaz sayğacının yoxlanılması barədə xx.xx.2022-ci il tarixli 29/1710-04285-1 nömrəli aktına əsasən G-4 markalı ******* nömrəli sayğaca ümumi baxış keçirilmişdir. Sayğacın gövdəsi kənar təsir nəticəsində alt hissəsi deşici alətlə deşilib. Sayğac istismara yararsızdır. İstehlakçının evində istifadə edilən itirilmiş qazın bərpası üçün aparılmış hesabata əsasən itirilmiş qazın cəmi 8640 kub metr həcmində müəyyən edilmiş və hesablanmış məbləğin ödənilməsinin təmin edilməli olduğu göstərilir. Qərarın verilməsinə əsas kimi 30 noyabr 2022-ci il tarixli, ******* nömrəli akt göstərilmişdir. İşdəki **********01880 nömrəli abonentin saldosundan görünür ki, 2022-ci ilin noyabr ayında abonentin hesabına akt əsasında 1036,80 manat borc hesablanmışdır. İddiaçı ərizəsində cavabdeh tərəfindən onun barəsində tərtib edilmiş 30 noyabr 2022-ci il tarixli, ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın etibarsız sayılmasını və həmin akta əsasən hesablanmış borcun silinməsini tələb etmişdir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13.8-ci maddəsinə əsasən, bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli, 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Məhkəmə kollegiyası bildirir ki, sayğaca baxış keçirilən zaman və akt tərtib edilib imzalanarkən cavabdehin nümayəndələri tərəfindən qanun pozuntusuna yol verilmişdir və həmin pozuntular aktın etibarsız hesab edilməsi üçün əsasdır. Belə ki, iş materiallarına əlavə edilmiş və iddiaçı tərəfindən mübahisələndirilən ******* nömrəli aktda 30 noyabr 2022-ci il tarixdə abonentin, yəni hazırkı iş üzrə iddiaçının iştirakı ilə onun evində quraşdırılmış qaz sayğacına baxış keçirildiyi, baxış nəticəsində sayğacın gövdəsinin kənar təsir nəticəsində alt hissəsinin deşici alətlə deşilməsinin müəyyən edildiyi göstərilir və abonent tərtib edilmiş aktı imzalamamışdır. Lakin həmin halları təsdiq edən əsaslı dəlillər, mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Hazırkı iş üzrə iddiaçının istifadəsində olan qaz sayğacının gövdəsinin kənar təsir nəticəsində alt hissəsinin deşici alətlə deşilməsinə görə onun barəsində akt tərtib edilmişdir. Lakin “Qazdan istifadə Qaydaları”nın 4.8-ci bəndinə uyğun olaraq, hazırkı iş üzrə istehlakçı fiziki şəxs olduğundan qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi o deyil, qaz paylayıcısı daşıyır. Göründüyü kimi, mövcud qanunvericilik, fiziki şəxs olan istehlakçıya münasibətdə bütün hallarda, o cümlədən qaz sayğacının cavabdehliyini birmənalı şəkildə qaz paylayıcısının üzərinə qoymuşdur. Məhkəmə kollegiyası hesab edir ki, abonent tərəfindən sayğaca müdaxilə edilməsi sübuta yetirilmədiyindən “Qazdan istifadə Qaydaları”nın 4.8-ci bəndinə əsasən istehlakçı məsuliyyət daşımamalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı halda aktın qanuniliyini sübuta yetirmək cavabdehin üzərindədir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbi əsaslıdır. Cavabdeh tərəf isə öz etirazını əsaslandıra bilməmişdir. Məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, mübahisəli akta əsasən iddiaçı üçün 90 gün üzrə 8640 m3 qaz sərfiyyatı borc hesablanmışdır. Məhkəmə isə həmin akta əsasən hesablanmış borcun silinməsini qət etmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və hesab edir ki, hesablanması üçün əsas olmuş akt etibarsız hesab edildiyindən, 90 gün ərzində qazın sərfiyyatının işlədicilərə görə hesablanmasının qanuni əsası da yoxdur. Həmçinin, qeyd edilməlidir ki, iddiaçının evində olan qaz sayğacı 27 oktyabr 2022-ci il tarixində yenisi ilə əvəz edildiyindən 30 noyabr 2022-ci il tarixində iddiaçıya itirildiyi qeyd edilən qazın hesabatının 90 gün müddətinə aparılması da düzgün olmamışdır. Məhkəmə kollegiyası qeyd edilən hüquq normalarının müqayisəli təhlilini işin faktiki halları üzrə tətbiq edərək birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını, eləcə də maddi və prosessual hüquq normalarına riayət edilməsini yoxlayaraq belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmamış, düzgün tətbiq etmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmış, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilmiş, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun olmuşdur. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. MPM-in 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası yekun olaraq hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslandığından, iş üzrə qətnamənin dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsas ola bilməz. Buna görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olduğundan qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və MPM-in 382, 384.0.1, 385.2, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Q Ə T E T D İ: Cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Masallı Rayon Məhkəməsinin 2(050)-331/2023 saylı, 02 fevral 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Samir Mayılov Hakimlər: İlham Əsədov Tofiq Heydərov
Məhkəmə qərarları › İş №2(106)-767/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-767/2023
17.05.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver