Məhkəmə qərarları › İş №2(106)-773/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-773/2024

25.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-773/2024 25.06.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Kərimov Tale Suliddin oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Qəribov Nahid Vidadi oğlunun katibliyi ilə, İddiaçı “X1 Olmayan Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “borc tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Laçın Rayon Məhkəməsinin e- 2(047)-57/2024 saylı, 24 yanvar 2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: “X1 Olmayan Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyəti kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 12 iyun 2020-ci il tarixli, BRK04916 nömrəli müqavilə üzrə 200 manat qalıq borcu, 201,06 manat cərimə borcu olmaqla, cəmi 401,06 manat məbləğində pulun, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, satıcı "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, BRK04916 nömrəli nisyə alğı-satqı müqaviləsinə əsasən, 15 ay müddətinə hissə-hissə hər ay üçün 73 manat, sonuncu ay üçün isə 77 manat ödəmək şərti ilə, 1099 manat dəyərində malların nisyə satış müqaviləsinə 2 saylı əlavədə - təhvil-təslim aktında göstərilən məişət texnikaları nisyə satılmış və həmin məhsullar cavabdehə təhvil-təslim aktı üzrə təhvil verilmişdir. Müqavilənin və tərəflər arasında tərtib edilmiş “ödəniş qrafiki”nin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, o, borcun qaytarılmasına dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Cavabdehə dəfələrlə iddiaçı tərəfindən yazılı və şifahi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o, öhdəliyini yerinə yetirməmişdir. Belə ki, müqavilənin 6.1-ci bəndi və 6.1.1-ci yarımbəndinə əsasən, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü borc öhdəliklərini yerinə yetirmədiyi (lazımınca yerinə yetirmədiyi) təqdirdə, kreditor nisyə mala görə hesablanmış borcu və dəbbə pulunu dərhal tələb etmək hüququna malikdir. Cavabdehin iddiaçı qarşısında xx.xx.2020-ci il tarixli, BRK04916 saylı müqavilə üzrə qalıq borcu 200 manat təşkil edir. Müqavilənin 5.6-cı bəndinə əsasən, borcun ödənişi gecikdirildikdə, hər gecikdirilmiş gün üçün gecikdirilmiş borc məbləğinin 0,3%-i həcmində cərimə (dəbbə pulu) ödəməyi cavabdeh öhdəsinə götürmüşdür. Borclunun kreditor qarşısında müqavilə üzrə cərimə borcu 670,20 manat təşkil edir (maliyyə arayışı əlavə edilmişdir). Hazırda cavabdehlərə qarşı güzəşt siyasəti tətbiq etdiyi üçün hesablanmış cərimə məbləğinin yalnız 30%-ni ödəməyi borcludan tələb edir. Belə olan halda, hesablanmış cərimə məbləğinin 30%-i 201,06 manat təşkil edir. Hazırda cavabdehin iddiaçı qarşısında xx.xx.2020-ci il tarixli, BRK04916 saylı müqavilə üzrə 200 manat qalıq borcu, 201,06 manat cərimə borcu olmaqla, cəmi 401,06 manat borcu yaranmışdır. Faktor “X1 Olmayan Kredit Təşkilatı” MMC ilə müştəri "xxxx" MMC arasında bağlanmış 01 sentyabr 2022-ci il tarixli, 01 nömrəli faktorinq müqaviləsinə əsasən, "xxxx" MMC ilə borclu Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, BRK04916 nömrəli nisyə alğı-satqı müqaviləsindən irəli gələn pul tələbi “X1 Olmayan Kredit Təşkilatı” MMCyə güzəşt edilmişdir. "xxxx" MMC tərəfindən borclu Cavabdeh xx.xx.2020-ci il tarixli, BRK04916 nömrəli nisyə alğı-satqı müqaviləsindən irəli gələn pul tələbinin “X1 Olmayan Kredit Təşkilatı” MMC-yə güzəşt edilməsi barədə bildiriş verilmişdir. Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək, işə iddia icraatı qaydasında baxılmasını xahiş etmişdir. Laçın Rayon Məhkəməsinin 14 noyabr 2023-cü il tarixli, e-2(047)-931/2023 saylı qərardadı ilə iddiaçı “X1 Olmayan Kredit Təşkilatı” MMC-nin Cavabdeh qarşı “borc tələbi barədə” kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə bağlı mülki işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Laçın Rayon Məhkəməsinin 24 yanvar 2024-cü il tarixli, e-2(047)-57/2024 saylı qətnaməsi ilə (sədrlik edən hakim Cavad İbrahimov) iddia tələbi qismən təmin edilmiş, Cavabdeh 200 manat əsas, 10 manat cərimə, cəmi 210 manat borc pulun və ödənilmiş dövlət rüsumunun 29 manatının tutulub iddiaçı “X1 Olmayan Kredit Təşkilatı” MMC-nin xeyrinə ödənilməsi, ödənilmiş dövlət rüsumunun 01 manatının iddiaçının hesabına aid edilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində Laçın Rayon Məhkəməsinin 24 yanvar 2024-cü il tarixli, e-2(047)-57/2024 saylı qətnaməsinin ləğv edilməsinə və iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Laçın Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(047)-57/2024 saylı qətnaməsi qanuna zidd olaraq qəbul edilmişdir. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət etdikdən sonra keçirilən məhkəmə iclasında yalan ifadələr verərək qanunsuz qətnamə qəbul olunmasına gətirib çıxartmışdır. Birinci instansiya məhkəməsində maddi sübut olan sənədlər formal rəsmi olmayan sənədlərdir. İddiaçı tam qərəzli mövqedən çıxış edərək özünü həqiqət çarçısı kimi təqdim etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə ərizəsində qeyd etdiyi iddialar tamamilə yanlışdır. Cavabdehin, demək olar ki, "xxxx" mağazasına heç bir borcu qalmamışdır. Ona qarşı qaldırılan 200 manat əsas, 201,6 manat cərimə borcu tamamilə şişirdilmişdir. O, iddiaçının tələbi ilə razılaşmadığı üçün qəbul edilmiş qanunsuz qətnamənin ləğv edilməsini istəyir. Bu baxımdan hesab edir ki, məhkəmə tərəfindən işin halları çox şəffaf şəkildə araşdırılmalı və iddia tələbi rədd edilməli idi. Lakin məhkəmə işin hallarını düzgün araşdırmamışdır. Bunun üçündə qətnamə ləğv edilməli və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməlidir. Məhkəmə iclasının vaxtı və yeri barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılmalarına baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, nümayəndə ilə təmsil olunmamışdır. İddiaçı tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə ərizə verilmiş, məhkəmə iclasının onun nümayəndəsinin iştirakı olmadan keçirilməsi, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul olunması xahiş edilmişdir. Cavabdeh teleqramla məhkəməyə müraciət edərək, üzrlü səbəbdən məhkəmə iclasına gələ bilmədiyini və iddianı qəbul etmədiyini bildirmiş, obyektiv qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-in) 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı iş üzrə cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etsə də, apellyasiya şikayətinin dəlillərindən və mahiyyətindən görünür ki, cavabdeh qətnaməni iddia tələbinin təmin edilmiş hissəsində mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə yoxlanılmasını və hüquqi qiymət verilməsini düzgün hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, habelə iş materiallarını araşdırıb, sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2005-ci il tarixli 4 saylı Qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallarında olan 12 iyun 2020-ci il tarixli, BRK04916 nömrəli nisyə alğı-satqı müqaviləsinin surətindən görünür ki, bu müqaviləyə əsasən satıcı "xxxx" MMC alıcı Cavabdeh siyahısı təhvil-təslim aktında (əlavə 2) göstərilən malı satır, alıcı isə həmin malı qəbul edir və bu müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini satıcıya ödəyir. İş materiallarında olan 12 iyun 2020-ci il tarixli, BRK04916 nömrəli nisyə satış müqaviləsinə 1 nömrəli əlavənin surətindən görünür ki, Cavabdeh nisyə satış müqaviləsi üzrə əldə etdiyi malın dəyəri olan 1099 manatı hər ay 73 manat, sonuncu ay isə 77 manat olmaqla, 12 iyul 2020-ci ildən 12 sentyabr 2021-ci ilədək 15 ay müddətinə ödəməlidir. İş materiallarında olan 12 iyun 2020-ci il tarixli, BRK04916 nömrəli nisyə satış müqaviləsinə 2 nömrəli əlavə olan təhvil-təslim aktının surətindən görünür ki, həmin müqavilə üzrə 1 ədəd 1099 manat dəyərində olan “Vestel” markalı kondisioner alıcı Cavabdeh təhvil verilmişdir. İş materiallarında olan 03 avqust 2023-cü il tarixli maliyyə arayışının surətindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 12 iyun 2020-ci il tarixli, BRK04916 nömrəli nisyə satış müqaviləsi üzrə ödənilməmiş borc məbləği və gecikdirilmiş hər gün üçün borc məbləğinin 0,3 faizi həcmində hesablanmış cərimə pulu aşağıdakı kimidir: 1) nisyə satış məbləği – 1099 manat; 2) qalıq borcun məbləği – 200 manat; 3) gecikmə günlərinin sayı – 1117; 4) hesablanmış cərimə məbləği – 670,20 manat; 5) hesablanmış cərimə məbləğinin 30 faizi – 201,06 manat; 6) qalıq borc və cərimənin 30 faizinin cəmi – 401,06 manat. İş materiallarından görünür ki, faktor “X1 Olmayan Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə müştəri "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 01 nömrəli, 01 sentyabr 2022-ci il tarixli faktorinq müqaviləsi bağlanmış və müştəri özünün tələbini faktora güzəşt etmişdir. İş materiallarında olan 02 oktyabr 2023-cü il tarixli ödəniş qəbzinin surətindən görünür ki, iddiaçı hazırkı iş üzrə iddia ərizəsinin verilməsinə görə 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. İş materialları ilə müəyyən edilir ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış 12 iyun 2020-ci il tarixli, BRK04916 nömrəli müqaviləyə əsasən, cavabdeh ümumi dəyəri 1099 manat olan kondisioneri nisyə almış, lakin o, müqavilə üzrə öhdəliklərini tam şəkildə icra etməmiş, onun həmin kondisionerə görə ödənilməmiş 200 manat əsas və 201,06 manat güzəşt edilmiş cərimə borcu qalmışdır. "xxxx" MMC isə öz tələbini faktorinq müqaviləsi əsasında iddiaçı “X1 Olmayan Kredit Təşkilatı” MMC-yə güzəşt etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. MM-in 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Mülki Məcəllənin 655.1-ci maddəsinə əsasən, faktorinq pul tələbinin güzəşt edilməsi müqabilində maliyyələşdirmədir. Faktorinq müqaviləsinə görə bir tərəf (faktor) üçüncü şəxs (borclu) barəsində müştərinin (kreditorun) üçüncü şəxsə mal verməsindən, işlər görməsindən və ya xidmətlər göstərməsindən irəli gələn pul tələbinin hesabına digər tərəfə (müştəriyə) pul vəsaiti verir və ya verməyi öhdəsinə götürür, müştəri isə bu pul tələbini faktora güzəşt edir və ya güzəşt etməyi öhdəsinə götürür. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-in 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Cavabdeh apellyasiya şikayətində "xxxx" MMC-yə hər hansı borcunun qalmadığını bildirmişdir. Lakin hazırda iş materiallarından da göründüyü kimi, cavabdeh nə birinci instansiya məhkəməsinə, nə də apellyasiya instansiyası məhkəməsinə nisyə aldığı kondisionerə görə hər hansı borcunun qalmadığını təsdiq edən sübut təqdim etməmiş, sadəcə formal mülahizələrlə hər hansı borcunun qalmadığını qeyd etmişdir. Halbuki, mülki prosessual qanunvericilik sübutetmə vəzifəsini müəyyən edərək, hər bir tərəfin istinad etdiyi dəlili sübut etmək vəzifəsi daşıdığını müəyyən edir. Cavabdeh isə öz etirazının əsasını təşkil edən halı – borcun tamamilə ödənilməsini təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Əksinə, iddiaçı cavabdehin borc məbləğinə dair maliyyə arayışını təqdim etməklə, sübutetmə vəzifəsini icra etmişdir. Bu baxımdan məhkəmə kollegiyası bildirir ki, birinci instansiya məhkəməsi cavabdeh tərəfindən ödənilməmiş qalan əsas borc məbləğini – 200 manatı tam olaraq ondan tutmaqda haqlı olmuşdur. Həmçinin, iddiaçı əsas borcun ödənilməsinin gecikdirilməsinə görə 201,06 manat məbləğində cərimə pulu da tələb etmiş olsa da, birinci instansiya məhkəməsi MM-in 467-ci maddəsində təsbit olunmuş səlahiyyətindən istifadə edərək, tələb olunan cərimə məbləğini azaldaraq, cəmi 10 manat təmin etmiş, bu hissədə qətnamə iddiaçı tərəfindən də mübahisələndirilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin həmin hissədə də gəldiyi nəticə ilə razılaşır. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 107-ci və 119.1-ci maddələrini nəzərə alan məhkəmə kollegiyası bildirir ki, birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilmiş hissəsini nəzərə alaraq iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun cəmi 29 manat hissəsinin cavabdehdən tutulması nəticəsinə gəlməkdə də haqlı olmuşdur. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası yekun olaraq belə nəticəyə gəlir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. MPM-in 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. MPM-in 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. MPM-in 402.1-ci maddəsinə uyğun olaraq məhkəmə kollegiyası bildirir ki, hazırkı iş üzrə qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olduğuna görə qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və MPM-in 382, 384.0.1, 385.2, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Q Ə T E T D İ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Laçın Rayon Məhkəməsinin 24 yanvar 2024-cü il tarixli, e-2(047)-57/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar