Məhkəmə qərarları › İş №2(106)-773/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-773/2025

05.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-773/2025 05.05.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Mirlətif Süleyman oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, Əliyev Orxan İsmayıl oğlunun katibliyi, İddiaçı, Cavabdeh4 və onun vəkili X15 iştirakı ilə, İddiaçı, cavabdehlər Cavabdeh1, X4, Cavabdeh2, Cavabdeh4 və maraqlı şəxs Astara rayon Notariat ofisinə qarşı “daşınmaz əmlakın bağışlama müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Astara Rayon Məhkəməsinin 2(018)-137/2025 saylı, 13 fevral 2025-ci il tarixli qətnaməsindən Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayətinə 05 may 2025-ci il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh1,X4, Cavabdeh2, Cavabdeh4 və maraqlı şəxs Astara rayon Notariat ofisinə qarşı “daşınmaz əmlakın bağışlama müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, Astara rayon Notariat Ofisi tərəfindən 18 yanvar 2024-cü il tarixdə təsdiq edilmiş ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 143,6 m2 , yaşayış sahəsi 60,6 m2 yardımçı sahəsi 83 m2 03 (üç) otaqlı fərdi yaşayış evinin və 0,06 ha olan torpaq sahəsinin Cavabdeh4 bağışlanmasına dair daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə İddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul etməyi məhkəmədən xahiş etdi. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Cavabdeh1 sabiq həyat yoldaşı, Cavabdeh2 qayınanası, mərhum X7 qayınatası, Cavabdeh3 qızı isə baldızıdır. Cavabdeh1 ilə faktiki olaraq 2001-ci il tarixdə evlənmişlər. Aralarında olan nikahı xx.xx.2004-cü il tarixdə rəsmiləşdirmişlər. Cavabdehlərin razılığı ilə 2001-ci ildə ailə başçısı X7 və ailə üzvləri Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Səbuhi Seyfllayevin razılıqları ilə qayınatasının istifadəsində olan Astara rayonu, Suparıbağ kəndi ərazisində yerləşən fərdi yaşayış evinə tam hüquqlu ailə üzvi kimi gəlin köçmüşdür. Beləliklə ailə üzvü kimi 2001-ci ildən 2023-cü ilin avqust ayına kimi həmin fərdi yaşayış evində yaşamışdır. Mübahisə edilən fərdi yaşayış evində xx.xx.2002-ci il təvəllüdlü X11, xx.xx.2004-cü il tarixdə X10 və xx.xx.2004-cü il təvəllüdlü X8 adlı uşaqlarının anadan olmuşların. Ailədə ilk günlər münasibətləri normal olsada sonradan qayınanası ailə işlərinə qarışdığına görə, həmdə əri anasını müdafiə etdiyi üçün ailədə narazılıqlar olmağa başlamışdır. Belə ki, səbəbsiz olaraq əri tərəfindən döyülərək bütün qızıl zinət əşyaları ondan alınaraq uşağı ilə birlikdə evdən qovulmuşdur. Qızıl zinət əşyaları ondan alınaraq uşağı ilə birlikdə evdən qovulmuşdur. O və uşaqları mübahisə edilən evdə 2001-ci ildən 2023-cü ilin avqust ayına kimi ailə üzvü kimi yaşamışlar və həmin fərdi yaşayış evinə pasport qeydiyyatındadırlar. Onlar həmin evə köçürülməsinlər deyə qayınanası Cavabdeh2 və qaynı Cavabdeh4, əri Cavabdeh1 və mərhum qayınatası Seyfulla Seyfullayevi aldatmış, onları əmin edib ki, evi və torpaq sahəsini adına keçirib çıxarış aldıqdan sonra ailə üzvləri arasında böləcəklərdir. Beləliklə Cavabdeh4 mərhum qayınatası Seyfulla Seyfullayevi və Cavabdeh1 aldadaraq Astara rayon Notariat Ofisinə gətirmiş və xx.xx.2024-cu il tarixdə daşınmaz əmlakın bağışlanması müqaviləsinə imza etdirmişdir. Beləliklə uşaqları ilə birlikdə qeydiyyatda olduqları və 22 ildən artıq ailə üzvü kimi yaşadıqları fərdi yaşayış evi razılıqları olmadan başqa şəxsə yəni Cavabdeh4 18 yanvar 2024-cü il tarixdə aldadılma yolu ilə bağışlamışlar. Birgə yaşadıqları müddətdə öz vəsaitinə fərdi yaşayış evini təmir edib əhəmiyyətli dərəcədə vəsait xərcləmişdir. Astara rayon Notariat Ofisi tərəfindən 18 yanvar 2024-cü il tarixdə təsdiq edilmiş ünvan 2i ünvanında yerləşən ümumi sahəsi 143.6 kv/m, yaşayış sahəsi 60.6 kv/m yardımçı sahəsi 83 kv/m 3 otaqlı fərdi yaşayış evinin və 0,06 ha olan torpaq sahəsinin Cavabdeh4 bağışlanmasına dair daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə cavabdeh X3 qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, X4 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə cavabdeh X1 iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Cavabdeh4 iddia tələbini qəbul etməyərək bildirdi ki, İddiaçı iddia ərizəsi əsassızdır. X2 xx.xx.2024-cü il tarixdə Astara rayon Notariat ofisində sənədləşdirmə aparmış, yaşadığı evi ona hədiyyə etmişdir. xx.xx.2024 tarixdə atası rəhmətə getmişdir. Hazırda həmin evdə bir örtüyün altında anası, böyük qardaşı Laçın və bacısı Gülayım olur. Onların giriş qapısı ayrıdır. Onun böyük qardaşı Cavabdeh1 09 il Rusiyada yaşayıb, onun həyat yoldaşı İddiaçı Şaid qızı onun dayısı qızı olmaqla həmçinin bibisi qızıdır. Onun qardaşı olmadığı üçün mərhum atası ona öz 2 mərtəbəli evini hədiyyə etmişdir. İddiaçı Şaid qızı onlarla birlikdə 2001-ci ildən 2023cü il avqust ayına qədər həmin evdə yaşayıb. Sonra özü könüllü olaraq öz başına avqust 2023-cü il tarixdə atasının evinə getmişdir. Aralarında heç bir dava-dalaş, mübahisə olmamışdır. Özü öz təşəbbüsü ilə nikahdan ayrılmaqdan ötrü Astara rayon Məhkəməsinə ərizə vermişdir və bütün öz əşyalarını götürüb anasının evinə aparmışdır. Onun atası dəfələrlə xəstə olub, ona müalicə və müayinələrə aparmışdır. Dəfələrlə onun müalicə dərmanlarını o almışdır. Ölümünə bir-iki il qalmış dialez xəstəsi olmuşdur. Yenə o və ailəsi ona qayğı göstərmişlər. Bütün bunlara görə atası da evi ona hədiyyə etmişdir. Bundan əlavə daima yaşadığı evin 3 otağını artırmışdır, evin bütün təmir işlərini və şifirlərini özü dəyişmişdir. Onun ailə vəziyyətini və haqlı olduğunu nəzərə alıb obyektiv qərar qəbul edib ona qarşı verilmiş iddianı əsassız olduğundan rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmədə Cavabdeh2 iddia tələbini qəbul edərək bildirdi ki, Cavabdeh4 onları evin sənədlərini düzəltmək məqsədilə notariusa aparmışdır. Onlar bağışlama müqaviləsi bağlamaq niyyəti ilə notariusa getməmişlər. Ona görə də, xx.xx.2024-cü il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsinə razıdır və iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən zaman Cavabdeh1 iddia tələbini qəbul edərək bildirdi ki, xx.xx.2024-cü il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edir və iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmədə maraqlı şəxs Astara rayon notariat ofisinin xüsusi notariusu Nümayəndə bildirdi ki, xx.xx.2024-cü il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsin bağlanarkən onlara təqdim olunmuş Astara RİHB-nın Suparibağ kənd inzibati ərazi dairəsi üzrə nümayəndiliyinin təqdim etdiyi arayışda bağışlama müqaviləsinin predmeti olan əmlak üzrində qeydiyyatda olan şəxslər arasında İddiaçı aadı olmamışdır. Ona görə həmin şəxsin iştirakı olmadan həmin bağışlama müqaviləsi bağlanmışdır. Qeyd edilən mübahisə ilə bağlı hər hansı qətnamənin qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. İş üzrə qəbul edilmiş məhkəmə aktı: a) Birinci instansiya məhkəməsində icraat. Astara Rayon Məhkəməsinin 2(018)-137/2025 saylı, 13 fevral 2025-ci il tarixli qətnaməsi ilə (sədrlik edən hakim İlqar Məmmədov) iddianın təmin edilməsi, 18 yanvar 2024-cü il tarixdə Astara rayon notariat ofisində rəsmiləşdirilmiş 4Ə-45 N ilə qeyd edilmiş ünvan 1ində yerləşən ümumi sahəsi 143,5 kv.metr yaşayış sahəsinin Cavabdeh4 bağışlanması müqaviləsinin etibarsız hesab olunması qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən Cavabdeh4 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Odur ki, Astara Rayon Məhkəməsinin 2(018)-137/2025 saylı, 13 fevral 2025-ci il tarixli qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: İddiaçı cavabdehin apelyasiya şikayətinə etiraz göndərərək, apelyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: İddiaçı apelyasiya şikayətinin dəlillərinə şifahi formada etiraz edərək, izahatında, apelyasiya şikayətinin təmin edilməməsini, Astara Rayon Məhkəməsinin 2(018)-137/2025 saylı, 13 fevral 2025-ci il tarixli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Cavabdeh4 onun vəkili X21 apelyasiya icraatı zamanı apelyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, apelyasiya şikayətinin təmin edilməsini, Astara Rayon Məhkəməsinin 2(018)-137/2025 saylı, 13 fevral 2025-ci il tarixli qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdilər. Qanunvericiliyin tələbinə uyğun olaraq digər cavabdehlər və maraqlı şəxs Astara rayon Notariat ofisinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş lakin digər cavabdehlər və maraqlı şəxsin nümayəndəsi apellyasiya icraatı zamanı iştirak etməmiş, iştirak etməmələrinin səbəblərini qabaqcadan bildirməmişdir. Odur ki, MPM-nin 376.2-ci maddəsinə əsasən apelyasiya şikayəti üzrə digər cavabdehlərin və maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılması məqsədə müvafiq hesab edilmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Odur ki, kollegiya Astara Rayon Məhkəməsinin 2(018)-137/2025 saylı, 13 fevral 2025-ci il tarixli qətnaməsinin Cavabdeh4 apellyasiya şikayətinin dəlilləri həddində, qanuniliyini yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəllənin; 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə xətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. 666.2. Bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Azərbaycan Respublikası MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsinin qətnaməsindən müəyyən edilir ki, məhkəmə iddia tələbinin təmin edilməsi ilə bağlı yekun nəticəyə gələrəkən hesab etmişdir ki, X6 tam mülkiyyət üzrə məxsus olan ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 143,6 m2 , yaşayış sahəsi 60,6 m2 yardımçı sahəsi 83 m2 03 (üç) otaqlı fərdi yaşayış evində və Cavabdeh1, Cavabdeh2, X7 və X3 birgə mülkiyyət üzrə məxsus olan 0,06 ha olan torpaq sahəsində qeydiyyatı olduğu halda bağışlama müqaviləsində onun iradə ifadəsi əks olunmamış, həmçinin Cavabdeh1 və Cavabdeh2 müqavilə bağlanan zaman yanılmanın təsiri altında hərəkət etmişlər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmamış, işin faktiki hallarını tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırmamış, tətbiq etdiyi maddi hüquq normalarını düzgün təfsir etməmiş, prosessual hüquq normaların pozulması ilə müşayiət olunan qətnamə qəbul etməklə həmin qətnamənin apellyasiya qaydasında ləğvi üçün əsaslar yaratmışdır. Odur ki, apellyasiya şikayəti təmin edilməli, Astara Rayon Məhkəməsinin 2(018)-137/2025 saylı, 13 fevral 2025-ci il tarixli qətnaməsi ləğv edilərək iddia tələbi təmin edilməməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir. Belə ki, iş materialında olan xx.xx.2024-cü il tarixli 4Ə-45 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, Cavabdeh1, Cavabdeh2, X7 və X4 birgə mülkiyyət üzrə onlara məxsus olan ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 143,6 m2 , yaşayış sahəsi 60,6 m2 yardımçı sahəsi 83 m2 03 (üç) otaqlı fərdi yaşayış evinin və 0,06 ha olan torpaq sahəsini Cavabdeh4 bağışlamışlar. İş materialında olan Astara rayon Qeydiyyat Şöbəsinin xx.xx.2024-cü il tarixli 505-05/70 saylı arayışından görünür ki, Cavabdeh1 ilə X12 arasında xx.xx.2004-cü ildə 05 saylı nikah akt qeydi aparılmışdır. İş materialında olan Astara RİHB-nın Suparibağ kənd inzibati ərazi dairəsi üzrə nümayəndiliyinin xx.xx.2024-cü il tarixli 262 saylı arayışından görünür ki, İddiaçı ünvan 1ində qayınatasının təsərrüfatında qeydiyyatdadır. İş materialında olan Astara RİHB-nın Suparibağ kənd inzibati ərazi dairəsi üzrə nümayəndiliyinin xx.xx.2024-cü il tarixli 261 saylı arayışından görünür ki, İddiaçı ünvan 1ində anasının evində yaşayır. İş materialında olan AA******* seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1984-cü ildə anadan olmuşdur. İş materialında olan xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı məhkəməyə iddia ərizəsinin verilməsi üçün 100 (yüz) manat dövlət rüsumu ödəmişdir. İş materialında olan AA******* seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1984-cü ildə anadan olmuşdur. İş materialında olan İddiaçı xx.xx.2025-ci il tarixli elektron sənəd məlumatlarından görünür ki, İddiaçı ünvan 1ində qeydiyyatdadır. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İddiaçı iddia tələbinin hüquqi əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 359 və 666-cı maddələri təşkil etdiyini göstərir. Məhkəmə kollegiyası hazırki mübahisənin spesifikasını nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsinin müəyyən etdiyi həqiqi hallar üzrə apellyasiya şikayətlərinin dəlilləri nəzərə alınmaqla işə aşağıdakı hallar üzrə hüquqi qiymət verilməlidir: İ İddiaçı ailə münasibətlərinə (ilk əvvəl faktiki daha sonra isə rəsmi nikah münasibətləri) əsaslanaraq cavabdehlər arasında bağlanmış bağışlama müqaviləsinin etibarsızlığını tələb etməkdə haqlıdırmı? İddiaçı Cavabdeh1 ilə ailə münasibətlərinə (rəsmi nikah münasibətlərinə), onların faktiki ailə münasibətlərində olan zaman yaşadıqları fərdi yaşayış evində qeydiyyatda olmalarına istinad edərək, X5 mülkiyyətində olan fərdi yaşayış evinin və Cavabdeh1, Cavabdeh2, X7 və X3 birgə mülkiyyətində olan torpaq sahəsinin Cavabdeh4 bağışlamaqla, onun həmin əmlaka olan hüquqlarının pozulması əsası ilə hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edərək, bağışlama müqaviləsinin etibarsız hesab edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutlara istinad edərək İddiaçı evdə qeydiyyatda olmasına baxmayaraq, bağışlama müqaviləsində onun iradə ifadəsi əks olunmaması, həmçinin Cavabdeh1 və Cavabdeh2 müqavilə bağlanan zaman yanılmanın təsiri altında hərəkət etmələri qənaətinə gələrək, bağışlama müqaviləsinin etibarsız hesab edilməsi qənaətinə gəlmişdir. Əvvəla qeyd edilməlidir ki, mübahisə predmeti təşkil edən fərdi yaşayış evində İddiaçı ilə Cavabdeh1 faktiki nikah münasibətində olaraq ər-arvad kimi yaşamışlar və nikah münasibətləri xx.xx.2004-cü il tarixdə rəsmiləşdirilmişdir. Beləliklə də iddiaçının həmin fərdi yaşayış evində yaşamaq hüququ yaranmışdır. Ər-arvadın hüquq və vəzifələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən nikahın bağlanmasının dövlət qeydiyyatı günündən yarandığından, dövlət də yalnız dövlət qeydiyyatına alınmış nikah münasibətlərindən irəli gələn hüquqları tanıdığından, tərəflər (arasında rəsmi nikah münasibətləri olduğundan, onlar arasında olan münasibət ailə və ərarvad münasibəti kimi dəyərləndirildiyindən, mübahisə predmeti təşkil edən fərdi yaşayış evi ilə bağlı münasibətlərə ailə hüququ kontekstindən yanaşılması istisna edilməlidir. Mülki Məcəllənin 667.1-ci maddəsinə əsasən fəaliyyət qabiliyyətli şəxs öz əmlakına dair bağışlama yolu ilə o halda sərəncam verə bilər ki, həmin əmlak ər-arvadın ümumi mülkiyyəti və ya vərəsəlik hüququ ilə məhdudlaşmış olmasın. Ailə Məcəlləsinin 2.3-cü maddəsinə əsasən nikah kişi ilə qadının ailə qurmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınan könüllü ittifaqıdır. Ailə Məcəlləsinin 9.4-cü maddəsinə əsasən ər-arvadın hüquq və vəzifələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən nikahın bağlanmasının dövlət qeydiyyatı günündən yaranır. Göründüyü kimi, hazırkı mübahisə predmeti təşkil edən fərdi yaşayış evinin Seyfulla Seyfullayev tərəfindən Cavabdeh4 bağışlanması zamanı, Seyfulla Seyfullayevin müqavilə bağlamaq hüququ iki halda məhdudlaşdırıla bilər. Birinci halda həmin əmlak ər-arvadın ümumi əmlakı kimi, ikinci halda isə vərəsəlik hüququ ilə məhdudlaşdırılmış olmalıdır. Vərəsəlik hüququ vərəsəlik hüququ münasibəti əsasında yarandığından, hazırkı halda istisna edilməlidir. İkincisi mübahisəli fərdi yaşayış evi və onun yerləşdiyi torpaq sahəsi İddiaçı ilə Cavabdeh1 birgə nikah dövründə əldə olunsun. İş materiallarından da görünür ki, DƏDRX-nin 10 saylı Lənkəran İdarəsi tərəfindən verilmiş fərdi yaşayış evinin texniki pasportunda mübahisəli evin tikildiyi tarix kimi 1969-cu il göstərilmiş və fərdi yaşayış evi xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəsi, **********33-10301 reyestr nömrəli çıxarışla X5 mülkiyyətinə, yerləşdiyi torpaq sahəsi isə cavabdehlər Cavabdeh1, Cavabdeh2, X7 və X1 mülkiyyətinə verilmişdir. Göründüyü kimi cavabdehlərin həmin fərdi yaşayış evinə və onun yerləşdiyi torpaq sahəsinə (1969-cu ildə əldə edilmişdir) gözlənilən mülkiyyət hüquqları olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısının 2-ci hissəsində qeyd edilir ki, Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 2.3. kəndlərdə, o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə 2001-ci il yanvarın 1dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış; 2.4. üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda) hüquqların qeydə alınması üçün əsasdır. Göründüyü kimi, cavabdehlərin yaşayış evinə tam mülkiyyət hüququ yaranmasa da, qeyd edilən ev onun xüsusi mülkiyyətində olan torpaq sahəsində inşa edilməklə təsərrüfatbaşına kitabda qeydiyyata alınmışdır. Dövlət isə cavabdehlərinin yaşayış sahəsi üzərində ilkin mülkiyyət hüquqlarının yaranmasını qanuni hesab edir, həmin qeydiyyatı (təsərrüfatbaşına kitabdakı qeydiyyatı) tam mülkiyyət hüququnun qeydə alınması üçün ilkin hüquqmüəyyənedici sənəd kimi tanımışdır. cavabdeh X5 İddiaçı ilə Cavabdeh1 birgə nikaha daxil olduqları dövrdə yaşayış evinə tam mülkiyyət hüququ yaranmasa da, qeyd edilən mənzil onun xüsusi mülkiyyətində olan torpaq sahəsində inşa edildiyi üçün özbaşına tikili kimi qəbul edilə bilməz. Yəni qeyd edilən tikili və onun yerləşdiyi torpaq sahəsi üzərində cavabdehlərin gözlənilən mülkiyyət hüququ mövcud olmuşdur. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının iddia etdiyi kimi (iş materillarından görünür ki, atası evində qeydiyyatdadır) mübahisəli fərdi yaşayış evində istifadə hüququnun olması cavabdeh Seyfulla Seyfullayevin həmin əmlak üzərində sərəncam vermək hüququnun məhdudlaşdırılmasına əsas ola bilməz. Bundan əlavə, mübahisə predmeti təşkil edən fərdi yaşayış evi və onun yerləşdiyi torpaq sahəsi ər-arvadın birgə nikah dövründə əldə olunan əmlakı kimi qəbul edilmədiyindən, həmçinin mübahisəli fərdi yaşayış evin üzərində Seyfulla Seyfullayevin mülkiyyət hüququnun olmasına dair çıxarış ləğv (və ya etibarsız hesab) edilmədiyindən, məhkəmə kollegiyası qeyd edir ki, həmin əmlak ümumi paylı mülkiyyətdə olan əmlak kimi qəbul edilməməklə, həmin əmlakın özgəninkiləşdirilməsi ilə bağlı hər hansı əqdin bağlanması, Seyfulla Seyfullayevin mülkiyyət hüququnun realizəsi kimi dəyərləndirilməlidir. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur (Mülki Məcəllənin 666.1ci maddəsi). “İ.K.Rəcəbovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 3 iyun 2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 22 mart 2006-cı il tarixli qərarında göstərmişdir ki, Qanunverici sahiblik, istifadə və sərəncam hüququnun mahiyyətini açıqlayaraq, MM-in 152.4-cü maddəsində qeyd etmişdir ki, sərəncam hüququ əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Beləliklə, mülki qanunvericiliyin tələblərinə görə əmlakın (əşyanın) hüquqi müqəddəratını (qanunvericilik tərəfindən müəyyən edilən istisnalar nəzərə alınmaqla) yalnız mülkiyyətçi təyin edə bilər. “M.Şahverdiyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 fevral 2012-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 23 iyul 2013-cü il tarixli qərarında qeyd etmişdir ki, mülkiyyət hüququnun tərkib hissəsi olan sərəncam hüququnun həyata keçirilməsi əmlakın mənsubluğunun, vəziyyətinin və ya təyinatının dəyişdirilməsinə yönələn hüquqi fakt kimi çıxış edir. Sərəncam vermək hüququ mülkiyyətçiyə öz əmlakı barəsində qanunvericilikdə nəzərdə tutulmuş qaydada istənilən mülki-hüquqi əqd, o cümlədən girov və ya ipoteka müqaviləsi bağlamaq imkanı verir. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 3 noyabr 2015-ci il tarixli qərarında qeyd etmişdir ki, mülkiyyətçi tərəfindən sərəncam səlahiyyətinin həyata keçirilməsinin mülkiyyətçi olmayan şəxslərin iradəsi ilə istənilən halda şərtləndirilməsi faktiki olaraq bu səlahiyyətin mülkiyyətçi olmayan şəxslərə mənsub olduğunu göstərir. Halbuki, bunun yolverilməzliyi həm Konstitusiyanın 29-cu maddəsinin İİİ hissəsində, həm də onu inkişaf etdirən Mülki Məcəllənin 152.1-ci maddəsində ifadə olunmuşdur. Həmin normaya əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Bunun əksinə olaraq, sərəncam vermək səlahiyyətinin mülkiyyətçi olmayan şəxslərə verilməsi faktiki olaraq bir əmlak üzərində eyni zamanda ikinci eyni həcmli mülkiyyət hüququnun mövcudluğu deməkdir. Bu isə yalnız həmin əmlak üzərində bir neçə şəxsin birgə mülkiyyət hüquqları olduqda mümkündür. Məhkəmə kollegiyası qeyd edilən maddi hüquq normalarını və Konstitusiya Məhkəməsi Plenumunun qərarının müqayisəli təhlilini işin faktiki halları üzrə tətbiq edərək qeyd edir ki, mübahisə predmeti təşkil edən fərdi yaşayış evi cavabdeh Seyfulla Seyfullayev tərəfindən digər Cavabdeh4 bağışlanmışdır. Sərəncam vermək hüququ mülkiyyətçiyə öz əmlakı barəsində qanunvericilikdə nəzərdə tutulmuş qaydada istənilən mülki-hüquqi əqd bağlamaq imkanı verir. İddiaçı həmin əmlakın birgə mülkiyyətçisi deyildir. Kollegiya həmçinin qeyd edir ki, hətta iddiaçının iddia etdiyi kimi mübahisəli mənzilə 2001-ci ildə cavabdehlərin ailə üzvü olan Cavabdeh1lə ailə qurduqdan sonra köçməsi və həmin mənzildə uzun müddət yaşaması, həmin mənzildə istifadə hüququ əldə etməsi belə, mülkiyyətçilər tərəfindən sərəncam səlahiyyətinin həyata keçirilməsinin mülkiyyətçi olmayan şəxsin, yəni iddiaçının iradəsi ilə istənilən halda şərtləndirilməsi faktiki olaraq bu səlahiyyətin mülkiyyətçi olmayan şəxsə mənsub olduğunu göstərir. Bu isə mülkiyyət hüququnun mahiyyətinə zidd olmaqla, mülkiyyət hüququna müdaxiləni qaçılmaz edir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 143,6 m2 , yaşayış sahəsi 60,6 m2 yardımçı sahəsi 83 m2 03 (üç) otaqlı fərdi yaşayış evinin və 0,06 ha olan torpaq sahəsinin bağışlanmasına dair Astara rayon notariat ofisində rəsmiləşdirilmiş 4Ə-45 N ilə qeyd edilmiş bağışlama müqaviləsinin etibarsız hesab edilməsi tələbi əsaslı hesab edilə bilməz. İİ Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 və X1 iddia tələbini (birinci instansiya məhkəməsində icraat zamanı) qəbul etmələrini bildirmələri, bağışlama müqaviləsinin yanılma nəticəsində bağlanmasına və tələbinin təmin edilməsinə əsas verirmi? Kollegiya bununla bağlı qeyd edir ki, aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ”L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 8 may 2008-ci il tarixli qərarında göstərilmişdir ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinin müddəası baxımından məhkəmə hər hansı bir hüquq mübahisəsinə baxarkən heç bir halda tərəflərin əvəzinə onların səlahiyyətlərini yerinə yetirməməlidir. Əks halda o, baxılan iş üzrə ədalət mühakiməsinin həyata keçirilməsi funksiyasının ziddinə hərəkət edir və eyni zamanda mülki məhkəmə icraatının prinsiplərini pozmuş olur. Kollegiya qeyd edir ki, işin faktiki hallarından göründüyü kimi iddiaçının mübahisələndirdiyi bağışlama müqaviləsi üzrə tərəflər Cavabdeh1, Cavabdeh2, X7, X4 və Cavabdeh4dur. Mülki qanunvericiliyin tələblərinə uyğun olaraq müqavilə tərəflərin iradə ifadəsini təsbit edir. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Hazırda isə müqavilənin etibarsızlığı tələbi ilə məhkəmə müqavilə üzrə tərəf olmayan şəxs müraciət etsə də, bağlanmış olan müqavilə üzrə onun hansı hüquqlarının pozulmuş olması ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Kollegiya hesab edir ki, iddiaçının mübahisəsini etdiyi yaşayış sahəsinə dair hazırda qanunla nəzərdə tutulmuş qaydada hər hansı hüququ olmadığı üçün iddiaçının sözügedən iddia tələbini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul etmək mümkün deyildir. Həmçinin, qeyd edilməlidir ki, belə halda hazırki tələbin araşdırılması, hüququ olmayan şəxsin iddiasına qiymət verilməsi mənasına gəlməklə məhkəmə müdafiəsi hüququnun ümumi prinsiplərinə zidd olardı. Bundan başqa o, da qeyd olunmalıdır ki, birinci instansiya məhkəməsində aparılan icraat zamanı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 izahatları əsasında onların müqavilə bağlanan zaman yanılma vəziyyətində hərəkət etmələrini bildirərək iddianın təmin edilməsini xahiş etməsi, bağışlama müqaviləsinin etibarsızlığının təmin edilməsi üçün əsas kimi də qəbul edilə bilməz. Çünki iddia tələbi İddiaçı tərəfindən, yəni müqavilənin etibarsızlığını tələb etməyə subyektiv hüququ olmayan şəxs tərəfindən qaldırılmış və həmin iddia tələbi üzrə də cavabdehlərin izahatı müqavilənin etibarsızlığı ilə bağlı iddianın tərkibi kimi qəbul edilə bilməz. Məhkəmə yalnız müqavilənin etibarsızlığını iddia etməyə subyektiv hüququ olan, yəni hazırki işdə cavabdehlərin belə bir iddia qaldırması halında, onların müqavilə bağlayarkən yanılma nəticəsində olub-olmamasını araşdırmaqla hüquqi qiymət verilməsi mümükün ola bilər. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Beləliklə, məhkəmə kollegiyası yekun olaraq hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsaslı olduğundan təmin edilməli, iş üzrə Astara Rayon Məhkəməsinin 2(018)-137/2025 saylı, 13 fevral 2025-ci il tarixli qətnaməsi ləğv edilməli, İddiaçı, cavabdehlər Cavabdeh1, X4, Cavabdeh2, Cavabdeh4 və maraqlı şəxs Astara rayon Notariat ofisinə qarşı “daşınmaz əmlakın bağışlama müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiasının təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 100-cü maddəsinin 3-cü bəndinə görə məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Azərbaycan Respublikası MPM-nin 385.1.1, 385.1.2, 385.1.3 və 385.1.4-cü maddələrinin mənasına görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə əsasən qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 107 və 119.1-ci maddələri). Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Astara Rayon Məhkəməsinin 2(018)-137/2025 saylı, 13 fevral 2025-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı, cavabdehlər Cavabdeh1, X4, Cavabdeh2, Cavabdeh4 və maraqlı şəxs Astara rayon Notariat ofisinə qarşı “daşınmaz əmlakın bağışlama müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar