Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-776/2023 23.05.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Allahyarov Zaur Mirzağa oğlu (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Hüseynov Elvin Nizami oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Sabirabad Rayon Məhkəməsinin 09 fevral 2023-cü il tarixli, 2(056)142/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh onun xeyrinə 2700 manat məbləğində satılmış mala görə borc məbləğinin, MPM-nin 121.1-ci maddəsinə əsasən mülki işin hazırlanması üçün ödənilmiş 60 manat hüquqi yardım haqqının və ödənilmiş dövlət rüsumu əvəzində 47 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə aralarında iki baş cins inəyin, o cümlədən biri erkək, biri dişi olmaqla erkək 1400 manata, dişi inəyi isə 1300 manata satması barədə razılıq əldə edilmişdir. Cavabdeh 2700 manat pulu xx.xx.2022-ci il tarixədək verməyi öz öhdəsinə götürmüşdür. Cavabdeh hal-hazıradək üzərində olan borcunu ödəməmiş və onu süründürməklə ona mənəvi zərər vurmuşdur. Bundan sonra o, cavabdehin qanunsuz əməlləri ilə bağlı polisə müraciət etmiş və cavabdeh polis şöbəsində verdiyi izahatında ona 2700 manat borcu olmasını etiraf etmişdir. Birinci instansiya məhkəməsində İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində Cavabdeh iddia tələbini qismən etiraf edərək cavabdehə olan borcundan 1700 manat məbləğində pul vəsaitini ödədiyini, onun cavabdehə 1000 manat məbləğində borclu olmasını bildirərək göstərdiyi həcmdə qətnamə qəbul edilməsinə etiraz etmədiyini bildirmiş və göstərmişdir ki, həqiqətən də o, iddiaçıdan cəmi məbləği 2700 manat olan 2 baş iri buynuzlu heyvanı nisiyə almışdır. Lakin sonradan maddi problemləri olduğundan aldığı heyvanların pulunu söz verdiyi vaxtda ödəyə bilməmişdir. Sonradan iddiaçı ondan dəfələrlə polis orqanlarına şikayət etmiş və o, Sabirabad RPŞ-də araşdırma aparılarkən iddiaçıya 2700 manat borcu olduğunu da etiraf etmiş, yaxın vaxtlarda ödəyəcəyini bildirmişdir. Lakin iddiaçı yenə də ondan şikayət etdiyinə görə Bakı şəhəri “Meyvəli” bazarında o, polis işçiləri tərəfindən saxlanılmış və onun sifarişinə görə yaxın qohumu Sabirabad rayonunda iddiaçının göndərdiyi və tanımadığı şəxsə 1700 manat pulu ödəmişdir. Cavabdeh məhkəmədə izahatında qeyd etdiyi həmin xüsusatı təsdiq edə bilməmiş, iddiaçı isə onun qeyd etdiyini, yəni 1700 manat pulu onun hansısa qohumuna ödəməsi barədə dediklərinin həqiqətə uyğun olmadığını bildirmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktı. Sabirabad Rayon Məhkəməsinin 09 fevral 2023-cü il tarixli, 2(056)142/2023 saylı qətnaməsi ilə (hakim Füzuli Pənahov) iddia təmin edilmiş, Cavabdeh satılmış mala görə 2700 manat, hüquqi yardım üçün ödənilmiş 60 manat və dövlət rüsumu əvəzində 47 manat olmaqla, cəmi 2807 (iki min səkkiz yüz yeddi) AZN pulun alınaraq İddiaçı verilməsi qət edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətinin dəlillərini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi həqiqətə nail olmaq üçün işin hərtərəfli ,tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamış, tərəfindən təqdim olunmuş sübutlara hüquqi qiymət verməmiş,bir tərəfli qətnamə çıxarmışdır. Belə ki, iş materiallarında olan Sabirabad RPŞ-nin TB-nin xx.xx.2022-ci il tarixli «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərarda onun iddiaçıya 2700 manat borcunun olması etiraf olunmuşdur. Lakin digər bir hüquqi əhəmiyyət kəsb edən fakt ondan ibarətdir ki, məhkəmə qətnaməsində qeyd olunan 2700 manat ümumi borcdan 1700 manat hissəsi Bakı şəhəri, Qaradağ rayon Polis şöbəsinin 10-cu Polis Bölməsinin təhqiqatçısı, polis mayoru Cəmşid Əliyevin vasitəsilə 2022-ci ilin oktyabr ayında onun tərəfindən iddiaçıya ödənilmiş və bundan sonra o, bölmədə sərbəst buraxılmışdır. Həmin 1700 manat pul qardaşı Elçin Süleymanov və yeznəsi Rail Fərzəliyevin əli ilə iddiaçıya verilmiş, ümumi borcdan onun iddiaçıya cəmi 1000 (bir min) manat borcu qalmışdır. Bu faktı təhqiqatçı da təsdiq edə bilər. Həmin 1700 manat pul iddiaçıya ödənildikdən sonra Qaradağ rayon Polis şöbəsinin 10-cu Polis Bölməsinin təhqiqatçısı, polis mayoru Cəmşid Əliyev onu sərbəst buraxmışdır. Bu barədə o, yazılı qaydada vəsatətlə məhkəməyə müraciət edərək 10-cu polis bölməsinə sorğu edilməsini və ya onlarla əlaqə saxlanılmasını xahiş etsə də məhkəmə qanuni və əsaslı xahişini təmin etməmişdir. İddiaçı da ümumi borcun 1700 manat hissəsini ondan aldığı halda bunun etiraf etməmiş, yalnız Sabirabad RPŞ-nin TB-nin qərarına istinad edərək və əsaslanaraq ondan 1000 manat əvəzinə yenidən 2700 manat pul almaq məqsədi güdmüşdür. Birinci instansiya məhkəməsi qətnamə çıxararkən qüvvədə olan mövcud qanunvericiliyin tələblərini kobudcasına pozmuş, MPM-nin 9-cu,14-cü, 47-ci maddələrinin tələblərini pozan əsassız və qanunsuz qətnamə çıxarmışdır. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsini əsassız və qanunsuz hesab edir. Tərəflərin izahatları və prosessual məsələlər Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə edərək apellyasiya şikayətinin təmin edilərək, Sabirabad Rayon Məhkəməsinin 09 fevral 2023-cü il tarixli, 2(056)142/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddianın qismən təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini qəbul etməyərək, Sabirabad Rayon Məhkəməsinin 09 fevral 2023-cü il tarixli, 2(056)142/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər : Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işdə olan və əlavə olunmuş sübutlar əsasında mahiyyəti üzrə işə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən isə apellyasiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, “Konstitusiya məhkəməsinin Plenumu bir daha onu vurğulayır ki, dispozitivlik və çəkişmə prinsiplərinə əsasən şəxsin xüsusi maraqları və hüquqları yoxlamanın predmetini və həddini müəyyən edir. Xüsusilə nəzərə alınmalıdır ki, nə qədər ki, dispozitivlik prinsipinə uyğun olaraq tərəflər prosesin taleyini həll edir, icraat işdə iştirak edən şəxslərin təşəbbüsü ilə başlanılır və dayandırılır, işə baxılmanın düzgünlüyü məsələsi yalnız maraqlı şəxslər tərəfindən verilən şikayətlərdə mübahisələndirilir və şikayət maneəsiz olaraq geri götürülə bilər, ərizəçinin maraqları ikinci plana keçirilə bilməz. Buna görə də, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına almayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Birinci instansiya məhkəməsinin qətnaməsi hissəvi mübahisələndirildiyi halda apellyasiya instansiya məhkəməsi çıxardığı qətnamədə yalnız baxılan hissəyə münasibətini bildirməyə haqlıdır”. Məhkəmə kollegiyası, Azərbaycan Respublikasının MPM-nin 372.6-cı maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığı onun düzünə və ya dolayısı ilə cavabeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq yoxlanılmalı və hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Sabirabad Rayon Məhkəməsinin 09 fevral 2023-cü il tarixli, 2(056)142/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməlidir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X2 izahatında göstərmişdir ki, qardaşı Kamranla cavabdeh Raqif arasında həqiqətən də iki baş cins inəyin alqı-satqısı barədə şifahi müqavilə mövcuddur. Həmçinin o da, dəfələrlə cavabdehə üzərində olan borcunu ödəməsini bildirsə də, sonuncu dəfə cavabdeh üzərində olan borcunu ödəməyəcəyini ona bildirmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X1 ifadəsində göstərmişdir ki, iddiaçı onun kürəkənidir. Kamran həqiqətən də cavabdehə iki baş cins inəyi nisyə olaraq satmışdır. Cavabdeh həmin inəkləri Qazel maşını ilə gəlib aparmışdır. Sonradan ona məlum olmuşdur ki, cavabdeh inəklərin dəyəri olan 2700 manat məbləğində pul vəsaitini Kamrana qaytarmaqdan boyun qaçırır. İş materiallarında olan Sabirabad rayon Polis Şöbəsinin TB-nin təhqiqatçısı polis baş leytenantı Asiman Bəkirov tərəfindən xx.xx.2022-ci il tarixdə qəbul edilmiş “cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Sabirabad RPŞ-nin İTB-nin sahə rəisi, polis kapitanı Rahim Şahkərəmovun raportu əsasında araşdırma aparılmışdır. Cavabdeh tərəfindən RPŞ-nin İTB-də verdiyi izahatında İddiaçı 2700 manat borclu olmasını etiraf etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın qismən təmin edilməsi nəticəsinə gəlmək üçün heç bir əsas yoxdur. Belə ki, iş materiallarından, eləcə də cavabdehin özünün də etirafından müəyyən olunur ki, o, iddiaçıdan cəmi məbləği 2700 manat olan 2 baş iri buynuzlu heyvanı nisiyə almışdır. Lakin sonradan maddi problemləri olduğundan aldığı heyvanların pulunu söz verdiyi vaxtda ödəyə bilməmişdir. Sonradan iddiaçı ondan dəfələrlə polis orqanlarına şikayət etmiş və o, Sabirabad RPŞ-də araşdırma aparılarkən iddiaçıya 2700 manat borcu olduğunu da etiraf etmiş, yaxın vaxtlarda ödəyəcəyini bildirmişdir. Lakin iddiaçı yenə də ondan şikayət etdiyinə görə Bakı şəhəri “Meyvəli” bazarında o, polis işçiləri tərəfindən saxlanılmış və onun sifarişinə görə yaxın qohumu Sabirabad rayonunda iddiaçının göndərdiyi və tanımadığı şəxsə 1700 manat pulu ödəmişdir. Məhkəmə kollegiyası cavabdehin borclu qaldığı puldan öz qohumu vasitəsilə iddiaçının qohumuna 1700 manat ödəməsi barədə izahatına hüquqi qiymət verərək hesab edir ki, onun bu izahatı əsassızdır və birinci instansiya məhkəməsi tərəfindən əsaslı olaraq qəbul olunmamışdır. Belə ki, Cavabdeh borclu olduğu puldan 1700 manatını İddiaçı qaytarması barədə heç bir sübut təqdim etməmişdir. Cavabdehin izahatında göstərdiyi yaxın qohumu vasitəsilə iddiaçının göndərdiyi şəxsə 1700 manat pulu qaytarması sübut kimi qəbul edilə bilməz. Cavabdeh apellyasiya şikayətində iddiaçıya borclu olduğu 2700 manat məbləğində pulun 1700 manatının Qaradağ rayon Polis Şöbəsinin 10-cu bölməsinin təhqiqatçısı Cəmşid Əliyevin vasitəsilə qaytardığını və həmin faktın C.Əliyevin təsdiq edə biləcəyini göstərmişdir. Azərbaycan Respublikası MPM-nin 361.4-cü maddəsinə əsasən apellyasiya şikayətini verən şəxsin birinci instansiya məhkəməsinə təqdim edilməyən yeni sübutlara istinad etməsinə yalnız o hallarda yol verilir ki, o, şikayətdə həmin sübutların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu əsaslandırsın. Mülki işin materiallarından görünür ki, cavabdeh birinci instansiya məhkəməsində keçirilən iclasda iştirak etmiş, lakin yuxarıda göstərilən məsələ barədə vəsatət qaldırdığını və həmin vəsatətinə Polis şöbəsindən cavab verilmədiyini (yekun qərarın,ödəniş qəbzinin və s. Sənədlərin ona təqdim edilməməsini), hal-hazırda da həmin sübutun birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olması barədə heç bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 597.1-ci maddəsinə əsasən alıcı əşyanı alğısatqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2-ci maddəsinə əsasən hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.3-cü maddəsinə əsasən satıcı əşyanı vermək vəzifəsini icra etmədikdə bu Məcəllənin 441-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində müəyyən edilmişdir ki,öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. İşin bu cür halında, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddia tələbinin təmin olunmasına dair gəldiyi nəticəni qanuni hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları arardırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlar tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İstinad edilən Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.1.4.-cü maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənləri nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Sabirabad Rayon Məhkəməsinin 09 fevral 2023-cü il tarixli, 2(056)142/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, hazırki mülki iş üzrə cavabdeh tərəfindən mübahisələndirilən məbləğ Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsində nəzərdə tutulan beş min manatdan az olduğundan qətnamədən kassasiya şikayəti verilə bilməz. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 384, 385, 392, və 402.1-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası, Q Ə T E T D İ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sabirabad Rayon Məhkəməsinin 09 fevral 2023-cü il tarixli, 2(056)142/2023 saylı qətnaməsi Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-776/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-776/2023
23.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver