Məhkəmə qərarları › İş №2(106)-777/2023

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-777/2023

26.04.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-777/2023 26.04.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Neftçala Rayon Məhkəməsinin 28 fevral 2023-cü il tarixli, 2(053)-135/2023 saylı qərardadından cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikayətə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə Neftçala Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh enerji təchizatı müəssisəsinin qanunvericilik aktlarının tələblərini pozması nəticəsində iddiaçıya dəymiş olan 159 manat məbləğində maddi ziyan, 15000 manat məbləğində mənəvi ziyan, ümumilikdə 15159 manat məbləğində pul vəsaitinin "xxxx" ASC-dən tutulması və iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini digər xüsuslarla yanaşı, onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixində saat 20:00 radələrində elektrik enerjisi nəqlinin qısa müddətdə kəsilməsi və daha sonra yüksək gərginliklə bərpası nəticəsində onun mülkiyyətində olan bir sıra elektrik əşyaları sıradan çıxmış, nəticədə ona 159 manat məbləğində maddi ziyan dəymişdir. Sonrakı gün baş vermiş halın səbəbini Bankə qəsəbəsində fəaliyyət göstərən, elektrik enerjisi ötürücüləri üzrə mütəxəssis olan Həzi adlı şəxsdən soruşduqda o, hadisənin elektrik ötürücü xətlərinin izolyasiya örtüklərinin yanaraq çılpaqlaşması və bununla da fazaların birləşməsi nəticəsində olduğunu bildirmişdir. İddiaçı MPM-in 36.9-cu maddəsinə istinad etmişdir. Neftçala Rayon Məhkəməsinin 16 yanvar 2023-cü il tarixli, 2(053)-135/2023 saylı qərardadı ilə iddia ərizəsinin məhkəmə icraatı mümkün hesab edilmişdir. Cavabdeh "xxxx" ASC Neftçala Rayon Məhkəməsinə işin aidiyyəti üzrə göndərilməsi barədə vəsatət təqdim edərək, iddia ərizəsinin baxılmasından ötrü aidiyyəti üzrə Nəsimi Rayon Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Cavabdeh vəsatətini onunla əsaslandırmışdır ki, iddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən göründüyü kimi, iddia hüquqi şəxs "xxxx" ASC-nin hüquqi ünvanı Bakı şəhərində olmasına baxmayaraq Neftçala Rayon Məhkəməsində qaldırılmaqla, iddiaçı tərəfindən MPM ilə nəzərdə tutulmuş aidiyyət qaydalarına riayət olunmamışdır. Cavabdeh hesab edir ki, mülki iş baxılmasından ötrü Nəsimi Rayon Məhkəməsinə göndərilməlidir. İddiaçının iddia tələbi dəymiş ziyanın ona "xxxx" ASC tərəfindən ödənilməsidir və sözügedən mülki mübahisə birbaşa "xxxx" ASC-nin hüquqi ünvanının yerləşdiyi yer üzrə məhkəmədə olmalıdır. Bu iddia birbaşa hüquqi şəxsə qarşı, hüquqi şəxsin ünvanının olduğu yerdə qaldırılmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 may 2015-ci il tarixli, 190 saylı qərarına əsasən "xxxx" ASC-nin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi barədə qərar qəbul edilmişdir və bu qərarda "xxxx" ASC-nin hüquqi ünvanı ünvan 2əyyən olunur ki, hüquqi şəxs, yəni cavabdeh Bakı şəhəri, Nəsimi rayonu, A.Bakıxanov küçəsi 13 ünvanında yerləşdiyi üçün iddia ərizəsinə Neftçala Rayon Məhkəməsində baxılması mümkün deyil. Bundan əlavə, iddia tələbi dəymiş ziyanla bağlı olduğundan və bu məsələlər üzrə əsas cavabdeh hüquqi şəxs statusuna malik olan "xxxx" ASC olduğundan həmin işin baxılması aidiyyəti üzrə hüquqi şəxsin ünvanının yerləşdiyi məhkəməyə göndərilməlidir. İddiaçı işin aidiyyəti üzrə göndərilməsinə dair vəsatətə yazılı qaydada etiraz etmiş, etirazda vəsatətin rədd edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İddiaçı etirazını onunla əsaslandırmışdır ki, iddia ərizəsinin ərazi aidiyyəti ilə bağlı əsaslandırmasında o, MPM-in 36.9-cu maddəsinə istinad etmişdir. Təşkilati-hüquqi formasından asılı olmayaraq, təbii inhisar fəaliyyəti subyektləri vətəndaşlarla ümumi müqavilə əsasında xidmət göstərirlər, onların həmin xidmətlərin göstərilməsi ilə əlaqədar abonentlərlə aralarında yaranan mübahisələr istehlakçı hüquqları kontekstindədir. Belə mübahisələrdə qanunvericilik iddiaçıları dövlət rüsumundan azad etməklə, eyni zamanda ərazi aidiyyətini müstəqil seçmək hüququnu iddiaçının mülahizəsinə həvalə edir. Belə olduğu təqdirdə, MPM-in 36.9-cu maddəsinə istinad edərək, ərazi aidiyyətinin iddiaçının seçiminə görə müəyyən etmək hüququndan istifadə etməsi məhkəmə aidiyyətinin pozulması hesab edilə bilməz. Həmçinin, Neftçala Rayon Məhkəməsi ərizəni məhkəmə icraatına qəbul edərkən mübahisənin məhkəmə aidiyyətinin pozulub-pozulmadığını müəyyən etmiş və icraatı mümkün saymışdır. Odur ki, iş icraata qəbul edilərkən məhkəmə aidiyyəti qaydalarına tam riayət edilmiş və mübahisə üzrə MPM-in 44-cü maddəsi ilə müəyyən edilən hallar mövcud deyil. Neftçala Rayon Məhkəməsinin 28 fevral 2023-cü il tarixli, 2(053)-135/2023 saylı qərardadı ilə (sədrlik edən hakim Ceyhun Qədimov) vəsatət rədd edilmişdir. Neftçala Rayon Məhkəməsinin 28 fevral 2023-cü il tarixli, 2(053)-135/2023 saylı qərardadından narazı qalan cavabdeh şikayət vermiş, şikayətində həmin qərardadın ləğv edilərək, işin baxılması üçün aidiyyəti üzrə Nəsimi Rayon Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Cavabdeh şikayətini işin aidiyyəti üzrə göndərilməsi barədə vəsatətin dəlilləri və onunla əsaslandırmışdır ki, hazırkı iş üzrə istehlakçı hüquqlarının pozulmasından söhbət gedə bilməz. Çünki iddiaçının istehlakçı olaraq hər hansı hüququ pozulmamış, ona verilmiş elektrik enerjisi dayandırılmamış, onun barəsində enerji təchizatının pozuntu halına görə “Elektrik enerjisindən istifadə Qaydaları”na əsasən hər hansı bir akt tərtib olunmamışdır. İddia ərizəsində yalnız ona dəymiş ziyanın "xxxx" ASC tərəfindən ödənilməsi tələbi göstərilmişdir. Bütün bunlara əsasən iddianın məhz Neftçala Rayon Məhkəməsində deyil, hüquqi şəxsinin ünvanının yerləşdiyi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində qaldırılmalı olduğu qənaətinə gəlinir. Neftçala Rayon Məhkəməsinin 27 mart 2023-cü il tarixli, 2(053)-135/2023 saylı qərardadı ilə şikayət təmin edilməmiş, şikayətin 7 gün müddətində işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını yazılı icraat qaydasında araşdıraraq belə nəticəyə gəlir ki, şikayət təmin edilməməli, Neftçala Rayon Məhkəməsinin 28 fevral 2023-cü il tarixli, 2(053)-135/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri sayır: Cavabdeh işin aidiyyəti üzrə Nəsimi Rayon Məhkəməsinə göndərilməsi barədə tələbini 2 hala istinad edərək əsaslandırmış, hazırkı mübahisənin istehlakçı hüquqlarının pozulması ilə əlaqədar olmadığını və cavabdehin hüquqi ünvanının ünvan 6i inhisarlar haqqında” Qanunun 4-cü maddəsinə əsasən, istehlakçı təbii inhisar subyektinin istehsal etdiyi (satdığı) əmtəəni əldə edən fiziki və ya hüquqi şəxsdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 iyul 2013-cü il tarixli, 189 nömrəli Qərarı ilə təsdiq olunmuş “Təbii inhisar subyektlərinin Siyahısı”nın 18-ci sırasına əsasən, "xxxx" Açıq Səhmdar Cəmiyyəti elektrik enerjisinin ötürülməsi və paylanması xidmətləri sahəsində təbii inhisar fəaliyyətini həyata keçirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 nömrəli Qərarı ilə təsdiq olunmuş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 1.1-ci bəndinə əsasən, abonent (əsas istehlakçı) elektrik qurğuları enerjitəchizatı müəssisəsinin şəbəkələrinə qoşulmuş və elektrik enerjisinin alqı-satqı müqaviləsini enerjitəchizatı müəssisəsi ilə bağlayan istehlakçıdır. Həmin Qaydaların 10.1-ci bəndinə əsasən, enerjisistemdə və ya enerjitəchizatı müəssisəsinin şəbəkəsində baş vermiş qəza nəticəsində istehlakçıya ziyan dəymişdirsə (elektrikqəbuledicilərin zədələnərək yararsız hala düşməsi, məhsulun zay olması və s.), enerjitəchizatı müəssisəsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq istehlakçı qarşısında maddi məsuliyyət daşıyır. Cavabdeh hazırkı mülki iş üzrə mübahisənin iddiaçının istehlakçı kimi hüquqlarının pozulması ilə əlaqədar yaranmadığını qeyd etsə də, məhkəmə kollegiyası bununla razılaşmır. İşin hallarından müəyyən edilir ki, iddiaçı təbii inhisar subyekti olan cavabdehin istehsal etdiyi (satdığı) əmtəəni (elektrik enerjisini) əldə edən fiziki şəxsdir. Bu baxımdan iddiaçı istehlakçı statusuna malikdir. İddiaçı iddia ərizəsində elektrik enerjisi nəqlinin qısa müddətə kəsildiyini, daha sonra yüksək gərginlik bərpası nəticəsində mülkiyyətində olan elektrik əşyalarının sıradan çıxdığını və ona ziyan vurulduğunu bildirmişdir. Göründüyü kimi, hazırkı mülki iş üzrə mübahisə iddiaçıya istehlakçı hüquqlarının pozulması ilə əlaqədar vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlıdır. Mülki Prosessual Məcəllənin 35.2-ci maddəsinə əsasən, hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Bu ümumi qayda ilə yanaşı, MPM-in 36-cı maddəsində konkret kateqoriyalardan olan işlər üzrə iddianın hansı məhkəməyə verilməli olmasını müəyyən etmək üçün iddiaçıya seçim etmək hüququ verilmişdir. Mülki Prosessual Məcəllənin 36.9-cu maddəsinə əsasən, istehlakçının hüququnun müdafiəsi haqqında iddialar iddiaçının yaşadığı yerə görə, yaxud müqavilənin bağlandığı və ya icra edildiyi yerə görə verilə bilər. Mülki Prosessual Məcəllənin 36.13-cü maddəsinə əsasən, bu Məcəllənin 39-cu maddəsində müəyyən edilmiş aidiyyət istisna olunmaqla, bu Məcəllənin 36.1-36.12-ci maddələrinə görə işin aid olduğu məhkəmələrdən birini seçmək hüququ iddiaçıya məxsusdur. İş materiallarından görünür ki, istehlakçı olan iddiaçının yaşayış yeri Neftçala rayonu, Bankə qəsəbəsi, 4 saylı hərbi şəhərcik, ev 148-dir. İddiaçı isə məhz MPM-in 36.9cu maddəsində onun üçün nəzərdə tutulmuş hüquqdan istifadə edərək, iddia ərizəsini Neftçala Rayon Məhkəməsinə vermişdir. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası bildirir ki, Neftçala Rayon Məhkəməsi hazırkı mülki işin aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməsinə dair cavabdehin vəsatətini təmin etməməkdə haqlı olmuşdur. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Neftçala Rayon Məhkəməsinin 28 fevral 2023-cü il tarixli, 2(053)-135/2023 saylı qərardadı qanuni və əsaslı olduğundan şikayət təmin edilməməli, həmin qərardad dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263-269, 398.0.1 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: Cavabdeh "xxxx" ASC tərəfindən verilmiş şikayət təmin edilməsin. Neftçala Rayon Məhkəməsinin 28 fevral 2023-cü il tarixli, 2(053)-135/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Samir Mayılov Hakimlər İlham Əsədov Tofiq Heydərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar