Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-784/2024 15.04.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Sabirabad Rayon Məhkəməsinin 2(056)-2972/2017 saylı, 29 yanvar 2024-cü il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Sabirabad Rayon Məhkəməsinin 12 sentyabr 2017-ci il tarixli, 2(056)-2972/2017 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 26 aprel 2013-cü il tarixli, 351-L/13 nömrəli müqavilənin ləğv edilməsi, Cavabdeh lizinq obyekti olan 1 ədəd “Belorus-892” markalı traktorun və 1 ədəd “AG-14-4” markalı kotonun normal köhnəlmə nəzərə alınmaqla qalıq dəyəri ilə "xxxx" ASC-yə qaytarılması, Cavabdeh 13140 manat əsas borc, 375 manat cərimə və 30 manat dövlət rüsumu, cəmi 13545 manatın tutularaq "xxxx" ASC-nin xeyrinə verilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. Sabirabad Rayon Məhkəməsinin 12 sentyabr 2017-ci il tarixli göndəriş məktubu ilə Sabirabad Rayon Məhkəməsinin 12 sentyabr 2017-ci il tarixli, 2(056)-2972/2017 saylı qətnaməsinin surəti tərəflərə göndərilmişdir. Sabirabad Rayon Məhkəməsinin 12 sentyabr 2017-ci il tarixli, 2(056)-2972/2017 saylı qətnaməsi əsasında 16 oktyabr 2017-ci ildə icra vərəqəsi verilmiş, icra olunması üçün Sabirabad rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. Bundan sonra 24 yanvar 2024-cü ildə Cavabdeh Sabirabad Rayon Məhkəməsinin 12 sentyabr 2017-ci il tarixli, 2(056)-2972/2017 saylı qətnaməsindən verdiyi apellyasiya şikayəti Sabirabad Rayon Məhkəməsinə daxil olmuş, apellyasiya şikayətində qətnamənin alınma tarixi 12 dekabr 2023-cü il olaraq göstərilmiş, apellyasiya şikayətinə buraxılmış prosessual müddətin bərpası barədə ərizə əlavə olunmuşdur. Cavabdeh ərizəsini onunla əsaslandırmışdır ki, Sabirabad Rayon Məhkəməsinin 12 sentyabr 2017-ci il tarixli, 2(056)- 2972/2017 saylı qətnaməsindən məlumatı olmamış, həmin qətnamə ona rəsmi qaydada təqdim edilməmişdir. Yalnız Sabirabad rayon İcra və Probasiya şöbəsi tərəfindən 07 sentyabr 2023-cü il tarixli xəbərdarlıq məktubu ona təqdim edildikdən sonra həmin qətnamədən məlumatı olmuşdur. Həmin qətnamənin ona rəsmi qaydada təqdim edilməsi üçün ərizə ilə Sabirabad Rayon Məhkəməsinə müraciət etmiş, həmin ərizə əsasında Sabirabad Rayon Məhkəməsi tərəfindən 12 dekabr 2023-cü il tarixli məktubla qətnamə poçt vasitəsilə ona rəsmi qaydada təqdim edilmişdir. Mübahisələndirilən qətnamədən uzun müddət xəbərsiz olduğu üçün vaxtında ondan asılı olmayan səbəblərə görə apellyasiya şikayəti verə bilməmişdir. Ona görə də MPM-in 133-cü maddəsinə əsasən, Sabirabad Rayon Məhkəməsinin 12 sentyabr 2017-ci il tarixli, 2(056)-2972/2017 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilərək iş materiallarının apellyasiya şikayətinə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Sabirabad Rayon Məhkəməsinin 29 yanvar 2024-cü il tarixli, 2(056)-2972/2017 saylı qərardadı ilə (sədrlik edən hakim Səlim Allahverdiyev) ərizə təmin edilməmişdir. Qərardaddan narazı qalan Cavabdeh şikayət vermiş, şikayətində Sabirabad Rayon Məhkəməsinin 29 yanvar 2024-cü il tarixli, 2(056)-2972/2017 saylı qərardadının ləğv edilməsini, müddətin bərpa edilərək işin baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini, əks təqdirdə şikayətə baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh şikayətini onunla əsaslandırmışdır ki, Sabirabad Rayon Məhkəməsinin 12 sentyabr 2017-ci il tarixli, 2(056)-2972/2017 saylı qətnaməsindən məlumatı olmamış, həmin qətnamə ona rəsmi qaydada təqdim edilməmişdir. Yalnız Sabirabad rayon İcra və Probasiya şöbəsi tərəfindən 07 sentyabr 2023-cü il tarixli xəbərdarlıq məktubu ona təqdim edildikdən sonra həmin qətnamədən məlumatı olmuşdur. Həmin qətnamənin ona rəsmi qaydada təqdim edilməsi üçün ərizə ilə Sabirabad Rayon Məhkəməsinə müraciət etmiş, həmin ərizə əsasında Sabirabad Rayon Məhkəməsi tərəfindən 02 noyabr 2023-cü il tarixli məktubla həmin qətnamə rəsmi qaydada göndərilmiş, lakin 12 dekabr 2023-cü ildə poçt vasitəsilə qətnamə ona rəsmi qaydada təqdim edilmişdir. Mübahisələndirilən qətnamədən uzun müddət xəbərsiz olduğu üçün vaxtında ondan asılı olmayan səbəblərə görə apellyasiya şikayəti verə bilməmişdir. İşə baxan hakim işin hallarına diqqət etmədən, mübahisələndirilən qətnamənin cavabdeh tərəfindən alınmasına dair xəbərnamədə olan imzanın ona məxsus olmasını araşdırmamışdır. İşə ədalətli baxan hakim ən azından imza ilə bağlı xəttşünaslıq ekspertizası təyin etməli idi. Lakin məhkəmə tərəfindən heç bir prosessual hərəkət edilməmişdir. Halbuki, müddətin bərpasına dair ərizəsində ətraflı olaraq bildirmişdir ki, sözügedən qətnamə ona rəsmi qaydada verilməmişdir. Qeyd edilən hallara baxmayaraq, işə baxan hakim MPM-in 133-cü maddəsinin tələblərini kobud şəkildə pozmuşdur. Sabirabad Rayon Məhkəməsinin 29 fevral 2024-cü il tarixli, 2(056)-2972/2017 saylı qərardadı ilə iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “müqavilənin ləğvi, texnikanın saz vəziyyətdə qaytarılması və pul tələbinə dair” mülki iş üzrə Sabirabad Rayon Məhkəməsinin 29 yanvar 2024-cü il tarixli, 2(056)-2972/2017 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməmiş, şikayətin mülki işlə birlikdə baxılması üçün 7 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını yazılı icraat qaydasında araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Sabirabad Rayon Məhkəməsinin 29 yanvar 2024-cü il tarixli, 2(056)-2972/2017 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası Sabirabad Rayon Məhkəməsinin 12 sentyabr 2017-ci il tarixli, 2(056)-2972/2017 saylı qətnaməsindən Cavabdeh tərəfindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizənin təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri sayır: Cavabdeh öz şikayətində Sabirabad Rayon Məhkəməsinin 12 sentyabr 2017-ci il tarixli, 2(056)-2972/2017 saylı qətnaməsindən məlumatsız olduğunu qeyd etmişdir. Sabirabad Rayon Məhkəməsinin 12 sentyabr 2017-ci il tarixli göndəriş məktubundan göründüyü kimi, Sabirabad Rayon Məhkəməsinin 12 sentyabr 2017-ci il tarixli, 2(056)- 2972/2017 saylı qətnaməsinin surəti cavabdehə təqdim edilməsi üçün Sabirabad rayonunun Şəhriyar kəndinə göndərilmişdir. İddia ərizəsində, Cavabdeh verdiyi apellyasiya şikayətində, buraxılmış prosessual müddətin bərpasına dair ərizədə və qərardaddan verilmiş şikayətdə cavabdehin ünvanı kimi məhz ünvan 1əsi ilə məhkəməyə müraciət edildiyi vaxtdan qətnamə göndərilənədək və hazırkı vaxtadək cavabdehin poçt ünvanı dəyişməmişdir. Belə olan halda Sabirabad Rayon Məhkəməsinin 12 sentyabr 2017-ci il tarixli, 2(056)-2972/2017 saylı qətnaməsinin surətinin cavabdehə təqdim edilməmiş olması inandırıcı deyil. Bundan başqa, Cavabdeh şikayətində Sabirabad Rayon Məhkəməsinin 12 sentyabr 2017-ci il tarixli, 2(056)-2972/2017 saylı qətnaməsindən yalnız Sabirabad rayon İcra və Probasiya şöbəsi tərəfindən 07 sentyabr 2023-cü il tarixli xəbərdarlıq məktubu ona təqdim edildikdən sonra məlumatlı olduğunu qeyd etsə də, icra işindən edilmiş çıxarışlarla bu hal da təkzib olunur. Belə ki, iş materiallarının 46-47-ci vərəqlərinə surəti əlavə edilmiş iltizamdan və izahatdan görünür ki, hələ 06 dekabr 2019-cu ildə cavabdeh Hüseynov X3 Rayon Məhkəməsinin 2(056)-2972/2017 saylı icra sənədindən xəbərdar olmuş, həmin icra sənədinin icrası üzrə tədbirlərin həyata keçirilməsi çərçivəsində Sabirabad rayon İcra və Probasiya şöbəsinə izahat vermiş, iltizam təqdim etmişdir. Göründüyü kimi, Cavabdeh Sabirabad Rayon Məhkəməsinin 12 sentyabr 2017-ci il tarixli, 2(056)-2972/2017 saylı qətnaməsindən hələ ən azından 06 dekabr 2019-cu ildən məlumatı olmuş olsa da, o, həmin vaxt sözügedən qətnaməni mübahisələndirməmiş, yalnız 07 sentyabr 2023-cü ildə Sabirabad rayon İcra və Probasiya şöbəsində izahatı alındıqdan sonra həmin qətnaməni mübahisələndirmək qərarına gəlmiş, bundan sonra Sabirabad Rayon Məhkəməsinə qətnamənin surətinin ona verilməsi üçün ərizə ilə müraciət etmiş, qətnamənin surəti, cavabdehin qeyd etdiyinə görə, 12 dekabr 2023-cü ildə ona təqdim olunmuşdur. Bununla belə, cavabdehin apellyasiya şikayəti 24 yanvar 2024-cü ildə Sabirabad Rayon Məhkəməsinə daxil olmuşdur. Belə olan halda isə Cavabdeh apellyasiya şikayətini hətta qətnaməni yalnız 12 dekabr 2023-cü ildə aldığı qəbul edilsə belə, yenə də prosessual müddəti ötürməklə vermişdir. MPM-in 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. MPM-in 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Hazırda müəyyən olunur ki, cavabdeh Sabirabad Rayon Məhkəməsinin 12 sentyabr 2017-ci il tarixli, 2(056)-2972/2017 saylı qətnaməsindən qanunla müəyyən edilmiş prosessual müddət ərzində apellyasiya şikayəti verməmiş, həmin qətnamədən ən azından 4 ildən artıq müddət əvvəl məlumatlı olsa da, öz hüquqlarının bərpasına laqeyd yanaşmışdır. Belə olan halda Cavabdeh qətnamədən apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş prosessual müddəti ötürməsinin üzrlü səbəbdən baş verməsi müəyyən olunmur. Cavabdeh də apellyasiya şikayətinin verilməsi üçün qanunla nəzərdə tutulmuş prosessual müddəti buraxmasının üzrlü hesab edilməsi üçün əsas ola biləcək halları təsdiq edən hər hansı mötəbər sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin X1 şikayəti ilə əlaqədar qəbul etdiyi 08 may 2008-ci il tarixli Qərarında qeyd etmişdir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Məhkəmə kollegiyası bildirir ki, Sabirabad Rayon Məhkəməsinin 12 sentyabr 2017ci il tarixli, 2(056)-2972/2017 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair cavabdehin ərizəsində Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda göstərilmiş Qərarında qeyd edilən hüquqi mövqeyinə uyğun səbəblər aşkar edilmir. Əksinə, cavabdehin üzrlü səbəb kimi istinad etdiyi halların doğruluğu da iş materialları ilə təkzib olunur. Bundan əlavə, Cavabdeh öz şikayətində buraxılmış prosessual müddətin bərpasına dair ərizəsinin təmin edilməməsi ilə bağlı Sabirabad Rayon Məhkəməsinin 29 yanvar 2024-cü il tarixli, 2(056)-2972/2017 saylı qərardadında göstərdiyi əsaslara hər hansı münasibət bildirməmiş, məhkəmənin mövqeyinin düzgün olmamasını hər hansı dəlillə əsaslandıra bilməmişdir. Əksinə, şikayətin məzmunundan görünür ki, cavabdeh şikayətində xəbərnamədəki imzanın ona məxsus olmadığını və ekspertiza təyin edilməli olduğunu qeyd etməklə, hazırkı işlə hər hansı əlaqəsi olmayan dəlillərə istinad etmişdir. Məhkəmə kollegiyası həmçinin onu da qeyd edir ki, qanunverici mülki işlər üzrə məhkəmə aktlarının ədalətli və qanuni olmasını təmin etmək məqsədilə MPM-də məhkəmənin, işdə iştirak edən şəxslərin və prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirmiş, mülki mühakimə icraatında prosessual qaydaları, o cümlədən məhkəmə aktlarından (qanuni qüvvəyə minmiş məhkəmə aktları da daxil olmaqla) müvafiq şikayətin verilməsinin prosessual müddətlərini tənzimləmişdir. Bu isə proses iştirakçılarının hüquq və vəzifələrinin həyata keçirilməsinə, son nəticədə işin ədalətli həllinə yönəlmiş bu qaydalardan irəli gələrək məhkəmə aktlarından apellyasiya və kassasiya qaydasında prosessual müddətlər çərçivəsində şikayət vermək hüququnun təmin olunmasına, çıxarılmış məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının obyektiv və hərtərəfli yoxlanılmasına xidmət edir. Bu baxımdan şəxsin apellyasiya şikayəti vermək yolu ilə məhkəmə müdafiəsi hüququndan istifadə etməsi də müəyyən edilmiş prosessual müddətlər çərçivəsində həyata keçirilməlidir, bunun əksi həmin iş üzrə digər tərəfin prosessual hüquqlarının pozulması ilə nəticələnir. Ona görə də cavabdehin şikayəti əsaslı hesab edilə bilməz. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi Sabirabad Rayon Məhkəməsinin 12 sentyabr 2017-ci il tarixli, 2(056)-2972/2017 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair cavabdehin ərizəsini təmin etməməkdə haqlı olmuşdur. Qeyd edilənlərə əsasən, yekun olaraq məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməməli, Sabirabad Rayon Məhkəməsinin 29 yanvar 2024-cü il tarixli, 2(056)-2972/2017 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 398.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda şərh edilənlərə əsasən və MPM-in 263, 264, 360, 397-400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Sabirabad Rayon Məhkəməsinin 29 yanvar 2024-cü il tarixli, 2(056)-2972/2017 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-784/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-784/2024
15.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver