Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-792/2025 23.04.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Novruzova Aytən Nazim qızı (sədrlik edən, məruzəçi hakim), Əsədli Mahir Abdulla oğlu və Sadıqov Mirlətif Süleyman oğlundan ibarət tərkibdə, İmişli Rayon Məhkəməsinin 28 fevral 2025-ci il tarixli, 2(036)-1137/2025 saylı qərardadından Ərizəçi nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayətə məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq; MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs İmişli Rayon Qeydiyyat Şöbəsinə qarşı ərizəsi ilə məhkəməyə müraciət edərək İmişli rayon Məzrəli kənd icra nümayəndəliyi tərəfindən tərtib olunmuş 38 №-li xx.xx.1979-cu il tarixli doğum haqqında aktında qeyd edilmiş Məmmədov soyadının Ərizəçi məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İmişli Rayon Məhkəməsinin 28 fevral 2025-ci il tarixli 2(036)-1137/2025 saylı qərardadı ilə Ərizəçi maraqlı şəxs İmişli Rayon Qeydiyyat Şöbəsinə qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizəsinin qəbulundan ərizənin yolverilməzliyinə görə (MPM-in 152.2.1-ci maddəsinə istinad etməklə) imtina edilmişdir. Hazırda Ərizəçi İmişli Rayon Məhkəməsinin 28 fevral 2025-ci il tarixli 2(036)-1137/2025 saylı qərardadından şikayət verərək ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, İmişli Rayon Məhkəməsinin 28 fevral 2025-ci il tarixli 2(036)-1137/2025 saylı qərardadı ilə ərizənin qəbulundan iddianın yolverilməzliyinə görə imtina edilmişdir. İmişli Rayon Məhkəməsinin 28 fevral 2025-ci il tarixli 2(036)- 1137/2025 saylı qəbul etmiş olduğu qərardadını əsassız və qanunsuz hesab edir. İmişli rayon Məhkəməsi qərardadı qəbul edərkən iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, sübutları tam və obyektiv qiymətləndirməmiş və işin faktiki hallarına düzgün hüquqi qiymət vermədən, prosessual hüquq normalarının tətbiqində səhvə yol verərək düzgün olmayan nəticəyə gəlmişdir. Belə ki, Ərizəçi xx.xx.1979-cu il tarixdə İmişli rayonunun Məzrəli kəndində doğulmuşdur. Doğumu İmişli rayon Məzrəli kənd icra nümayəndəliyi tərəfindən xx.xx.1979-cu ildə 38 №-li aktla qeydə alınıb və ona Vİ-JQ seriyalı 363035 №-li doğum haqqında şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə soyadı Soltanov, adı Qoşqar, ata - adı isə Kamil oğlu yazılmışdır. Buna baxmayaraq doğum haqqında akt qeydində onun soyadı, valideynlərinin soyadına uyğun olaraq Məmmədov yazılmışdır. Verilmiş doğum haqqında şəhadətnaməyə əsasən o, şəxsiyyət vəsiqəsi almış, hərbi qulluğa bu soyadla getmiş və hal- hazırda digər bütün sənədləri Məmmədov deyil, məhz, Soltanov soyadıdır. O, doğumu haqqında akt qeydində soyadının “Məmmədov”dan “Soltanov”a dəyişdirilməsi ilə bağlı İmişli rayon Qeydiyyat şöbəsinə müraciət etmiş, sonuncu "Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik edilməsi haqqında” xx.xx.2024-cü il tarixli Rəylə bundan imtina edərək bildirmişdir ki, İmişli rayon Məzrəli kənd icra nümayəndəliyi tərəfindən tərtib edilmiş 38 №-li, xx.xx.1979-cu il tarixli doğum haqqında akt qeydində uşağın soyadı “Məmmədov, adı “Qoşqar”,ata adı “Kamil" yazılmışdır. Yoxlama nəticəsində aşkar edilir ki, ərizəçi tərəfindən təqdim olunmuş AA******* nömrəli şəxsiyyət vəsiqəsində soyadı Soltanovdur. Soyadının dəyişilməsi haqqında heç bir rəsmi məlumat yoxdur. Q.K.Məmmədovun soyadının “Soltanov soyadına dəyişdirilməsi haqqında akt qeydinin aşkar edilməsi məqsədilə xx.xx.2024-cü ilədək “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat iformasiya sisteminə daxil olmuş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və bu barədə akt qeydi aşkar olunmamışdır. Aşkar olunmuş doğum qeydində isə soyadı “Soltanov” deyil, “Məmmədov’dur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001- ci il tarixli, 52 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən müddəalarına müvafiq olaraq ərizəçinin xahişi əsassız hesab edilərək, təmin edilməmişdir. Bundan sonra ərizəçi Şirvan İnzibati Məhkəməsinə doğum haqqında akt qeydində dəyişiklik edilməsi tələbinə dair iddia ərizəsi ilə müraciət etsə də məhkəmənin xx.xx.2024-cü il tarixli, 2-1(120)-2507/2024 saylı qərarı ilə iddiaçı Ərizəçi cavabdeh İmişli rayon qeydiyyat şöbəsinə qarşı “doğum haqqında akt qeydində dəyişiklik edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi təmin edilməməsi qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü iltarixli, 2-1(120)-2507/2024 saylı qərarından apellyasiya şikayəti verilsə də, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(106)-513/2024 saylı qərarı ilə apellyasiya şikayəti təmin edilməmişdir. Şirvan İnzibati Məhkəməsinin və Şirvan Apellyasiya Məhkəməsinin mövqeyinə əsasən doğum haqqında akt qeydində dəyişiklik edilməsi üçün hər hansı bir əsas olmadığı valideynlərinin soyadına uyğun olaraq tərtib edilyi müəyyən edilmiş və İmişli rayon Məzrəli kənd icra nümayəndəliyi tərəfindən tərtib edilmiş 38 №-li, xx.xx.1979-cu il tarixli doğum haqqında akt qeydinin Ərizəçi məxsus olması faktının müəyyən edilməsi barədə ümumi məhkəmədə iddia qaldırılması məsləhət görülmüşdür. Ərizəçinin doğum haqqında şəhadətnaməsindəki, şəxsiyyət vəsiqəsindəki və digər hüquq müəyyənedici sənədlərindəki Soltanov soyadının doğum haqqında akt qeydindəki Məmmədov soyadı ilə uyğun gəlməməsi hüquqlarını həyata keçirməyə mane olur. Həmin sənədin məhkəmədən kənar dəyişdirilməsi mümkünsüzdür. Hesab edir ki, ərizəsi xüsusi icraat qaydasında baxılmalıdır və hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə aiddir. İmişli Rayon Məhkəməsinin 01 aprel 2025-ci il tarixli 2(036)-1137/2025 saylı qərardadı ilə, İmişli Rayon Məhkəməsinin 28 fevral 2025-ci il tarixli 2(036)-1137/2025 saylı qərardadından Ərizəçi nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayətin rədd edilməsi, İmişli Rayon Məhkəməsinin 28 fevral 2025-ci il tarixli 2(036)-1137/2025 saylı qərardadının dəyişdirilmədən saxlanılması, şikayətin mülki işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını yazılı icraat qaydasında araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, İmişli Rayon Məhkəməsinin 28 fevral 2025-ci il tarixli, 2(036)-1137/2025 saylı qərardadı ləğv edilməli və mülki iş sonrakı prosessual hərəkətlərin həyata keçirilməsi üçün İmişli Rayon Məhkəməsinə göndərilməlidir. MPM-İN 153.2.-ci maddəsinə əsasən Hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir: 153.2.2. eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa. 153.5.-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Mülki işin araşdırılması zamanı müəyyən edilmişdir ki, Ərizəçi xx.xx.2024-cü il tarixində eyni tələb və eyni əsaslarla İmişli Rayon Məhkəməsinə müraciət etmiş, lakin xx.xx.2024-cü il tarixli qərardadla iddia ərizəsinin qəbulundan imtina edilmişdir. Bundan sonra həmin qərardaddan verilmiş şikayət Şirvan Apellyasiya Məhkəməsinə göndərilmiş, Şirvan Apellyasiya Məhkəməsi xx.xx.2025-ci il tarixli, 2(106)-352/2025 saylı qərardadı ilə ərizəçinin şikayəti təmin olunmamış, İmişli Rayon Məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, ərizə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərardadı mövcud olduğu halda, ərizəçi yenidən birinci instansiya məhkəməsinə eyni tələblə və eyni əsaslarla müraciət etmişdir. Bu halda ərizəçinin hazırkı müraciətinə MPM-in 153.2.2-ci maddəsinə əsasən yenidən baxılması mümkün deyildir. Lakin birinci instansiya məhkəməsi həmin halı nəzərə almamış, Ərizəçi ərizəsi üzrə artıq məhkəmənin qanuni qüvvəsini almış aktının olmasına baxmayaraq ərizənin qəbulundan MPM-in 152.2.1-ci maddəsinə əsasən, məhkəmə və ya mülki icraat qaydasında baxıla bilməyəcəyi əsası ilə imtina olunmuşudur. Qeyd olunmalıdır ki, MPM-in 152.2.1-ci maddəsi yalnız ərizənin yurisdiksiya və aidiyyəti baxımından mülki məhkəmə icraatına uyğun olub-olmaması məsələsini tənzimləyir. Halbuki konkret işdə ərizə əvvəlki məhkəmə qərarı ilə artıq həll olunmuş mübahisəyə dair olduğundan, res judicata (məsələnin artıq məhkəmə tərəfindən həll edilməsi) prinsipinə əsasən, həmin tələblə yenidən məhkəməyə müraciət etmək yolverilməzdir. “Res judicata” prinsipi hüququn ümumi prinsiplərindən biridir və onun məqsədi eyni mübahisənin təkrar müzakirəyə çıxarılmasının qarşısını almaqla hüquqi sabitliyi və qərarların dəyişdirilməzliyini təmin etməkdir. Hazırki halda bu prinsipin gözlənilməməsi ədalət mühakiməsinin effektivliyinin zəifləməsinə, eyni zamanda məhkəmələrin iş yükünün əsassız yerə artmasına səbəb ola bilər. Hüquqi müəyyənliyin bu aspekti bir qayda olaraq, məhkəmə qərarlarına münasibətdə res judicata prinsipinə riayət olunmasını tələb edir. Həmin prinsip isə, öz növbəsində məhkəmə qərarlarının qəti olmasını və proses iştirakçılarının, o cümlədən, işdə zərərçəkmiş şəxs qismində çıxış edən şəxslərin hüquqlarını təmin edərək, məhkəmə sisteminin sabitliyinə, cəmiyyətin məhkəmə hakimiyyətinə inamının artmasına şərait yaradır (Guðmundur Andri Ástráðsson İslandiyaya qarşı iş üzrə Avropa Məhkəməsinin Böyük Palatasının 2020-ci il 1 dekabr tarixli Qərarı, § 238). Beləliklə, məhkəmə Kollegiyası belə nəticəyə gəlir ki, şikayət qismən təmin edilməli, İmişli Rayon Məhkəməsinin 28 fevral 2025-ci il tarixli 2(036)-1137/2025 saylı qərardadı ləğv olunmalı və ərizənin icraata qəbulu məsələsinə yenidən baxmalı olan birinci instansiya məhkəməsi qərardadın əsaslandırıcı hissəsində göstərilən halları nəzərə alaraq, sonrakı prosessual hərəkətləri yerinə yetirməlidir. MPM-in 399-cu maddəsinə əsasən, birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Yuxarıda şərh edilənlərə əsasən və MPM-in 263, 264, 397-400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. İmişli Rayon Məhkəməsinin 28 fevral 2025-ci il tarixli, 2(036)-1137/2025 saylı qərardadı ləğv edilsin. Mülki iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün İmişli Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-792/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-792/2025
23.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver