Məhkəmə qərarları › İş №2(106)-794/2023

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-794/2023

04.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-794/2023 04.05.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X2 (sədrlik edən və məruzəçi), X3 və Kərimov Tale Suliddin oğlundan ibarət məhkəmə tərkibində, İddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun ödənilməsi tələbinə dair İmişli Rayon Məhkəməsinin 18 mart 2022-ci il tarixli 2(036)- 864/2022 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi müddətinin bərpa edilməsi barədə Cavabdeh2 ərizəsinin təmin edilməməsinə dair İmişli Rayon Məhkəməsinin 23 fevral 2023-cü il tarixli 2(036)-864/2023 saylı qərardadından Cavabdeh2 tərəfindən verilmiş şikayətə baxaraq MÜƏYYƏNETDİ: İmişli Rayon Məhkəməsinin 18 mart 2022-ci il tarixli 2(036)-864/2022 saylı qətnaməsi ilə (hakim Qurban Hacıyev) iddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun ödənilməsi tələbinə dair iddiası qismən təmin edilərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 4053 manat əsas borc, 20 manat dəbbə pulu və 63 manat məbləğində dövlət rüsumu olmaqla, ümumilikdə 4136 manat məbləğdə pul vəsaitinin alınaraq "xxxx" MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Cavabdeh2 İmişli Rayon Məhkəməsinin 18 mart 2022-ci il tarixli 2(036)-864/2022 saylı qətnaməsindən apellyasiya şikayəti vermişdir. İmişli Rayon Məhkəməsinin 23 fevral 2023-cü il tarixli 2(036)-864/2022 saylı qərardadı ilə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 363.1.3-cü maddəsinə əsasən – müddət ötürüldüyü səbəbindən apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Cavabdeh2 İmişli Rayon Məhkəməsinin 23 fevral 2023-cü il tarixli 2(036)-864/2022 saylı qərardadından şikayət vermişdir. Şikayətdə göstərilmişdir ki, İmişli Rayon Məhkəməsinin 18 mart 2022-ci il tarixli 2(036)-864/2022 saylı qətnaməsindən 19 yanvar 2023-cü il tarixdə İmişli rayon İcra və Probasiya şöbəsində xəbər tutmuşdur. Adıçəkilən qətnamə ona rəsmi qaydada yalnız 19 yanvar 2023-cü il tarixdə təqdim edilmiş, 12 gün sonra - 31 yanvar 2023-cü il tarixdə isə apellyasiya şikayəti vermişdir. Cavabdeh2 İmişli Rayon Məhkəməsinin şikayəti məhkəmənin 30 mart 2023-cü il tarixli qərardadı ilə təmin edilməmiş, şikayət baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. MPM-in 135.2-ci maddəsinə əsasən məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. MPM-in 135.5-ci maddəsinə əsasən bu Məcəllənin 135.2-ci və 135.3-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Qeyd olunan prosessual normaların tələbindən görünür ki, işdə iştirak edən şəxsin məhkəmə qətnaməsini apellyasiya qaydasında mübahisələndirməsi üçün qanunla müəyyən edilmiş müddətin axımı qətnamənin ona rəsmi qaydada verildiyi gündən başlanır. İşin müəyyən edilmiş hallarından görünür ki, Cavabdeh2 İmişli Rayon Məhkəməsinin 18 mart 2022-ci il tarixli 2(036)-864/2022 saylı qətnaməsinin surətini 09 iyul 2022-ci il tarixdə poçt göndərişlərinin verilməsi haqqında xəbərnaməni şəxsən imzalamaqla qəbul etmişdir. Cavabdeh2 İmişli Rayon Məhkəməsinin 18 mart 2022-ci il tarixli 2(036)-864/2022 saylı qətnaməsindən apellyasiya şikayətini isə məhkəməyə özünün göstərdiyi kimi qətnaməni aldıqdan 12 gün sonra - 31 yanvar 2023-cü il tarixdə deyil, xx.xx.2023-cü il tarixdə elektron məhkəmə informasiya sistemi vasitəsi ilə İmişli Rayon Məhkəməsinə göndərmişdir. Beləliklə də, Cavabdeh2 adıçəkilən qətnamədən qanunla müəyyən edilmiş müddətdə apellyasiya şikayəti verməmiş, buraxılmış prosessual müddətin bərpa edilməsi üçün hər hansı üzrlü səbəb əsası ilə müddətin bərpasına dair müraciət də daxil olmamışdır. MPM-in 128.1-ci maddəsinə əsasən prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Belə ki, MPM-in 133.1-ci maddəsinin tələbinə görə məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X1 şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 13 fevral 2007-ci il qərarında göstərilmişdir ki, ümumiyyətlə, imperativ xarakterə malik olduqlarından prosessual müddətlərlə bağlı qaydaların tələblərinə qanuni qüvvəyə minmiş məhkəmə aktlarından şikayət vermək hüququnun həyata keçirilməsi zamanı da riayət edilməsi vacib şərtlərdən biridir. Belə ki, MPM-in 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Kollegiya diqqətə çatdırır ki, İmişli Rayon Məhkəməsinin 18 mart 2022-ci il tarixli 2(036)-864/2022 saylı qətnaməsi Cavabdeh2 tərəfindən 09 iyul 2022-ci il tarixdə xəbərnaməyə şəxsən imza atılmaqla imzalanmış, habelə eyni tarixdə digər Cavabdeh1 təqdim edilmiş və qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilməsi İmişli rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. MPM-in 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin normadan da görünür ki, qanuni qüvvəyə minməmiş qətnamədən apellyasiya şikayətinin verilməsi zamanı ona apellyasiya qaydasında baxılması üçün prosessual əsaslar mövcud olmalıdır. Yəni hazırkı iş üzrə müddətin bərpası barədə müraciət təmin edilmədiyi təqdirdə, mübahisəli qətnaməyə apellyasiya instansiya məhkəməsində baxıla bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh2 Şirvan Şəhər Məhkəməsinin 18 mart 2022-ci il tarixli 2(036)-864/2022 saylı qətnaməsindən apellyasiya instansiyası məhkəməsinə şikayət etmək hüququ onun konstitusion hüququdur və o, bu hüququndan qanunvericilikdə nəzərə tutulmuş müddətdə istifadə edə bilərdi. Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında prosessual müddətlərlə bağlı göstərilmişdir ki, “Qanun və məhkəmə qarşısında bərabərlik hər bir mülki işə eyni qaydada, eyni prosessual formalarda, onlarda iştirak edən şəxslər üçün eyni təminatlarla baxılması ilə təmin edilir. Bununla işin nəticələrində maraqlı olan şəxslərin qanuni tələblərinin bərabər ödənilməsinə nail olunur, bütün vətəndaşlara məhkəmə qarşısında öz mənafelərini qorumaq üçün bərabər imkanlar yaradılır. Prosessual hüquq bərabərliyinə görə tərəflər öz hüquq və mənafelərini müdafiə etmək üçün prosessual vasitələrdən real istifadə etmək imkanına malikdirlər. Həmin imkanlar qanunla və məhkəmə ilə təmin edilir. MPM-in 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Ona görə də, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun ödənilməsi tələbinə dair İmişli Rayon Məhkəməsinin 18 mart 2022-ci il tarixli 2(036)-864/2022 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması barədə İmişli Rayon Məhkəməsinin 23 fevral 2023-cü il tarixli 2(036)-864/2023 saylı qərardadından Cavabdeh2 tərəfindən verilmiş şikayət təmin edilməməli, İmişli Rayon Məhkəməsinin 23 fevral 2023-cü il tarixli 2(036)-864/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 402.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə və bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Həmin Məcəllənin 400-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Şərh olunanlara əsasən və MPM-in 135.2, 135.5, 360, 366, 368 və 402-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: İddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun ödənilməsi tələbinə dair İmişli Rayon Məhkəməsinin 18 mart 2022-ci il tarixli 2(036)- 864/2022 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması barədə İmişli Rayon Məhkəməsinin 23 fevral 2023-cü il tarixli 2(036)- 864/2023 saylı qərardadından Cavabdeh2 tərəfindən verilmiş şikayət təmin edilməsin. İmişli Rayon Məhkəməsinin 23 fevral 2023-cü il tarixli 2(036)-864/2023 saylı qərardadı dəyişdirilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar