Məhkəmə qərarları › İş №2(106)-795/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-795/2025

15.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-795/2025 15.05.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Quliyev Orxan Nazim oğluna qarşı pul tələbinə dair kiçik iddia ərizəsi üzrə Q Ə T N A M Ə S İ Açar sözlər: subroqasiya qaydasında pul tələbi Şirvan şəhəri, 15 may 2025-ci il Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri İmanov Cahid Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Əsədli Mahir Abdulla oğlu və Əliyev Qasım Vəli oğlundan ibarət tərkibdə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair kiçik iddia ərizəsi üzrə Saatlı Rayon Məhkəməsinin 20 dekabr 2024-cü il tarixli, e-2(055)- 1448/2024 saylı qətnaməsindən (hakim Mirlətif Sadıqov) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) yazılı məhkəmə icraatı qaydasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 3001.02 manat sığorta ödənişinin və 50.02 manat ödənilmiş dövlət rüsumunun alınaraq "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi tələbinə dair məhkəmədə iddia qaldırmışdır. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" ASC ilə sığortalı X3 arasında bağlanmış 11 iyul 2019-cu il tarixli AS 404/19 nömrəli sığorta müqaviləsinə əsasən "xxxx" tərəfindən sığortalanmış “Hyundai Sonata” markalı ** HD *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi sığorta müddətində xx.xx.2019-cu il tarixdə Bakı şəhəri ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh tərəfindən idarə olunan “Suzuki VZR 1800” markalı 10 B 514 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə toqquşaraq zədələnmişdir. Sözügedən yolnəqliyyat hadisəsi nəticəsində “Hyundai Sonata” markalı ** HD *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə "xxxx" tərəfindən 8001,02 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. xx.xx.2019-cu il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan müəyyən olunur ki, baş vermiş yolnəqliyyat hadisəsinin törədilməsində “Suzuki VZR 1800” markalı 10 B 514 dövlət qeydiyyat nişanlıavtomobilin sürücüsü Cavabdeh təqsirli bilinərək Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci və 332.2-ci maddəsi ilə məsuliyyətə cəlb edilmişdir. "xxxx" MMC-in xx.xx.2019-cu il tarixli qüsur aktında, yolnəqliyyat hadisəsi nəticəsində “Hyundai Sonata” markalı ** HD *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər məbləği 10 036,80 manat müəyyən edilmişdir. “Fiziki şəxslərin sahibliyində olan minik avtomobillərinin tam sığortası üzrə sığorta qaydaları”-nın 34-cü maddəsinə əsasən dəyişdirilmiş ehtiyat hissələrinin qiymətini təşkil edən 7 906,80 məbləğinə aşağıda qeyd olunmuş düstura əsasən köhnəlmə tətbiq edilir. Köhnəlmə tətbiq edildikdən sonra 6 616,02 manat zərər məbləği, 2 130 (manat ehtiyyat hissələrinin qiyməti hesablanaraq 8 746,02 hesablanmışdır. Ümumi hesablanan məbləğdən 250 manat şərtsiz azadolma və 495 manat sığorta haqqı borcu çıxılmaraq 8001,02 manat təşkil edilmişdir. Subroqasiya tələblərinin reyestrindən çıxarışından görünür ki, “Suzuki VZR 1800” markalı 10 B 514 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin mülki məsuliyyəti, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə "xxxx" ASC tərəfindən 5000 manat məbləğində sığorta ödənişi Cəmiyyətin hesabına ödənilmişdir xx.xx.2024-cü il tarixli, 825/24 nömrəli geriyə tələb məktubundan müəyyən olunur ki, sığorta hadisəsi nəticəsində “Hyundai Sonata” markalı ** HD *** dövlət nişanlı avtonəqliyyat vasitsəinə dəymiş zərərin qalıq hissəsinə görə ödənilməli olan 3001,02 manat məbləğində pulun Cəmiyyətin hesabına ödənilməsi cavabdehdən tələb edilmişdir. Ona görə də, Cavabdeh 3001.02 manat sığorta ödənişinin və ödənilmiş dövlət rüsumunun alınaraq "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. Lakin cavabdehdən ərizəyə dair etiraz daxil olmamışdır. Saatlı Rayon Məhkəməsinin 20 dekabr 2024-cü il tarixli, e-2(055)-1448/2024 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh 3001.02 manat sığorta ödənişi, ödənilmiş 50.02 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqı, cəmi 3051(üç min əlli bir) manat 44(qırx dörd) qəpik pul alınaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, Saatlı rayon məhkəməsinin e- 2(055)-1448/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsini xahiş xahiş etmişdir. İddiaçı tərəfin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Birinci instansiya məhkəməsi sübutlara düzgün hüquqi qiymət verməmişdir. Bildiormişdir ki, iddiaçı vurulmuş zərəri ondan iddia müddəti keçdikdən sonra tələb etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. ç) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasında işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 394-1.3-cü maddəsinə əsasən yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və dinlənilmək üçün tərəflər çağırılmadan apellyasiya qaydasında baxılacağı barədə müvafiq bildiriş göndərilmiş, 15 may 2025-ci il tarixə qədər şikayətə qarşı əsaslandırılmış yazılı etiraz və vəsatətin Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına göndərmək hüququnun olduğu cavabdehə bildirilmişdir. Müəyyən edilmiş müddət ərzində şikayətə qarşı yazılı etiraz və ya vəsatət məhkəməyə daxil olmamışdır. Məhkəmə Kollegiyası, işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 394-1.3-cü maddəsinin tələblərinə əsasən yazılı məhkəmə icraatı qaydasında baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Hazırkı halda cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etməklə qətnaməni tam mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin cavabdehə münasibətdə, apellyasiya şikayətinin dəlilləri üzrə tam yoxlanılmasını düzgün hesab edir. Mülki işə tətbiq olunan hüquq. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. 1096.1 və 1096.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. "İcbari Sığortalar haqqında”Azərbaycan Respublikası Qanununun 63.2-ci maddəsinə əsasən avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, "Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iş materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. İşdə olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin A-142/19 saylı sığorta aktından görünür ki, 11 iyul 2019-cu il tarixli AS 404/19 nömrəli sığorta müqaviləsinə əsasən "xxxx" tərəfindən sığortalanmış “Hyundai Sonata” markalı ** HD *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi sığorta müddətində xx.xx.2019-cu il tarixdə Bakı şəhəri ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh tərəfindən idarə olunan “Suzuki VZR 1800” markalı 10 B 514 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə toqquşaraq zədələnmişdir. İşdə olan Bakı şəhəri Nəsimi RPİ-nin TŞ-nin xx.xx.2019-cu il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsinin törədilməsində “Suzuki VZR 1800” markalı 10 B 514 dövlət qeydiyyat nişanlıavtomobilin sürücüsü Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci və 332.2-ci maddəsi ilə təqsirli bilinmişdir. İşdə olan ödəniş sənədindən görünür ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən zərərçəkmiş şəxs X2 **********3 saylı sığorta şəhadətnaməsi əsasında 8001.02 manat pul ödənilmişdir. Göründüyü kimi Birinci instansiya məhkəməsi iddianı təmin etmiş, qətnamədən cavabdeh narazı qalaraq apellyasiya şikayəti vermişdir. Şikayətin dəlili iddiaçı tərəfindən zərərin ondan iddia müddəti keçdikdən sonra tələb edilməsindən ibartətdir. Lakin iş materialları ilə müəyyən olunur ki, cavabdehin bəhsi keçən məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumatı olmuş, (i.v səh 49. bildirişi xx.xx.2024-də almışdır), həmçinin məhkəmə qətnaməsi xx.xx.2025-ci il tarixdə cavabdehə verilməsi üçün onun dayısı X1 çatdırılmışdır. (i.v səh 78) Göründüyü kimi cavabdeh məhkəmə iclaslarından xəbərdar olmuş, lakin iddia müddətinin tətbiqi ilə bağlı birinci instansiya məhkəməsinə ərizə ilə müraciət etməmişdir. MM-nin 375.1-ci maddəsinə görə hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəlmiş olduğu nəticə ilə razılaşır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş materialları və ya digər sübutlarla təsdiq edilmir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsaslar yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Güründüyü kimi iddia tələbi 5000 manatdan yuxarı deyil. Buna görə də qətnamədən kassasiya şikayəti verilə bilməz. Apellyasiya şikayəti təmin edilmədiyindən, şikayətin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 384.0.1, 385.2, 392, 402.1-ci maddələrinin rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Saatlı Rayon Məhkəməsinin 20 dekabr 2024-cü il tarixli, e-2(055)-1448/2024 saylı qətnaməsi Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar