Məhkəmə qərarları › İş №2(106)-799/2023

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-799/2023

08.05.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-799/2023 08.05.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, X4 və X1 ibarət tərkibdə, Sabirabad Rayon Məhkəməsinin 7 mart 2023-cü il tarixli 2(056)-257/2023 saylı qərardadından (hakim S.Allahverdiyev) İddiaçı tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında tərəflərin iştirakı olmadan yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası müəyyənetdi: İddiaçı Cavabdeh İB-nə qarşı «aktın ləğv edilməsi və dəymiş ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə Sabirabad Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh İB-nin X9 İstismarı İdarəsi tərəfindən mərhum atası X3 barəsində tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında 28 noyabr 2022-ci il tarixli ******* saylı aktın ləğv edilməsi və dəymiş 4850 manat ziyanın Cavabdeh İB-nin X9 İstismarı İdarəsi tərəfindən ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sabirabad Rayon Məhkəməsinin 7 mart 2023-cü il tarixli 2(056)-257/2023 saylı qərardadı ilə icraat dayandırılmışdır. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinə istinadla hesab etmişdir ki, Sabirabad rayon Prokurorluğunun icraatında olan Cavabdeh İB Salyan RQİİ-nin rəisi Azər Musayevin ərizəsi üzrə aparılan araşdırmaya dair yekun nəticə verilənədək İddiaçı Cavabdeh İB-nə qarşı «aktın ləğv edilməsi və dəymiş ziyanın ödənilməsi» tələbinə dair iddiasına baxılması mümkün deyildir. Qərardaddan iddiaçı şikayət verərək ləğv olunmasını, mübahisənin mahiyyəti üzrə baxılıbl həll edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qərardadında istinad etdiyi hal MPM-nin 254-ci maddəsinin təsiri altına düşmür. Çıxardılan qərardadla bilavsitə konstutsiyon hüquqları pozulmuşdur. Sabirabad Rayon Məhkəməsinin 16 mart 2023-cü il tarixli 2(056)-257/2023 saylı qərardadı ilə şikayət təmin edilməyərək, iş materialları ilə birlikdə baxılmasından ötrü Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsiə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib hesab edir ki, şikayət əsaslıdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin 1-ci hissəsinə əsasən konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 5.1-ci maddəsinə əsasən hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Məhkəmə təminatı bir tərəfdən, hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini nəzərdə tutur. Konstitusiyanın qeyd edilən normaları həmçinin müxtəlif məhkəmə instansiyalarında müraciətin (şikayətin) baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını özündə ehtiva edir. Bu məqsədlə qanunverici Mülki Prosessual Məcəllədə məhkəmənin, işdə iştirak edən şəxslərin və prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirməklə, mülki mühakimə icraatında prosessual qaydaları tənzim edir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli Qərarı). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinə əsasən Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa, məhkəmə iş üzrə icraatı dayandırmalıdır. İş üzrə birinci instansiya məhkəməsinin qərardadının tədqiqindən müəyyən olunur ki, məhkəmə Cavabdeh İB Salyan RQİİ-nin rəisi Azər Musayevin ərizəsi üzrə Sabirabad rayon Prokurorluğu tərəfindən araşdırmanın aparılmasını əsas götürərək, həmin araşdırma üzrə yekun nəticəyə gəlinənədək işə baxılmasının mümkün olmaması qənaətinə gəlmiş və icraatı dayandırmışdır. Lakin prosessual qanunvericilikdə hansı hallarda icraatın dayandırılmasının məhkəmənin vəzifəsi olduğu (MPM-nin 254-cü madd), hansı hallarda isə hüququ olduğu (MPM-nin 255-ci madd.) tam və müfəssəl göstərilmişdir. Həmin halların konkret göstərilməsi icraatın dayandırılmasının əsaslarının geniş təfsir edilməsini də məhdudlaşdırmaqla, yalnız həmin əsaslardan biri olduğu halda dayandırmanın məcburi olduğunu, yaxud mümkünlüyünü təsbit etmişdir. Həmin əsaslardan hər hansı birinə deyil, digər bir əsasa görə icraatın dayandırılması yol verilməzdir. Həmin halların olmaması mübahisənin mahiyyəti üzrə baxılıb həll olunmasını qaçılmaz edir. Cavabdeh İB Salyan RQİİ-nin rəisi Azər Musayevin ərizəsi üzrə Sabirabad rayon Prokurorluğunda aparılan araşdırma Mülki Prosessual Məcəllənin 254, 255-ci maddələrinin təsiri altına düşmədiyindən, həmin əsasla icraatı dayandırmaqda birinci instansiya məhkəməsi prosessual pountuya yol vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib qərardala həll edilməli olan məsələni həll etmək səlahiyyəti vardır. Kollegiya hesab edir ki, şikayət əsaslı olduğundan təmin olunmalı, iş üzrə icraatın dayandırılmasına dair qərardad ləğv edilməli, icraatın dayandırılmasına dair cavabdehin nümayəndəsinin vəsatəti təmin edilməməli, mülki iş materialları mübahisəyə mahiyyəti üzrə baxılıb həll edilməsindən ötrü birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Bununla yanaşı iddia tələbi üzrə cavabdeh qismində Cavabdeh İB-nin X9 İstimarı İdarəsi cəlb edildiyindən, işə baxan birinci instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 54-cü maddəsində nəzərdə tutulan qaydada cavabdehin əsl cavabdeh ilə əvəz olunması məsələsini iddiaçı ilə müzakirə etməli, nəticəsindən asılı olaraq sonrakı prosessual hərəkətləri etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Göründüyü kimi hazırki qərardaddan kassasiya şikayətinin verilməsi prosessual qanunvericilikdə nəzərdə tutulmamışdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 397.2, 398.0.3, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı şikayəti təmin edilsin. Sabirabad Rayon Məhkəməsinin 7 mart 2023-cü il tarixli 2(056)-257/2023 saylı qərardadı ləğv edilsin. Cavabdehin nümayəndəsi X2 icraatın dayandırılmasına dair vəsatəti təmin edilməsin və mahiyyəti üzrə baxılıb həll edilməsindən ötrü iş materialları Sabirabad Rayon Məhkəməsinə qöndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar