Məhkəmə qərarları › İş №2(106)-8/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-8/2025

16.04.2026 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № 2(106)-8/2025 16.04.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Novruzova Aytən Nazim qızı və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Hüseynov Pünhan Sübhan oğlunun katibliyi, Cavabdeh Cavabdeh iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh (III şəxslər: Ağcabədi rayon Notariat Kontoruna və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Ərazi İdarəsinə) qarşı “daşınmaz əmlakın alqı-satqısına dair müqavilənin etibarsız hesab edilməsi və hüquqların dövlət qeydiyyatına dair daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Ağcabədi Rayon Məhkəməsinin ##.##.2020-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı İddiaçı cavabdeh Cavabdeh (III şəxslər: Ağcabədi rayon Notariat Kontoruna və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Ərazi İdarəsinə) qarşı “daşınmaz əmlakın alqı-satqısına dair müqavilənin etibarsız hesab edilməsi və hüquqların dövlət qeydiyyatına dair daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə Ağcabədi Rayon Məhkəməsinə müraciət etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, məcburi köçkündür. Ali təhsilli mühəndisdir. Özünün əldə etdiyi vəsait və qohumlarının köməkliyi ilə Ağcabədi şəhəri Cəfər Cabbarlı küçəsində torpaq sahəsi əldə edərək ümumi sahəsi 227 kv.m olan fərdi yaşayış evi tikmiş, həmin əmlaka dair ##.##.2016-cı il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Ərazi İdarəsindən öz adına mülkiyyət hüququnu təsdiq edən çıxarış almışdır. Həmin evdə yaxın qohumları ilə yaşamışlar. 2017-ci ilin avqust ayının əvvəlində arvadı X6 əməliyyat olunması və qardaşı X3 müalicəsi üçün pula ehtiyacı olmuş, tanıdığı və etibar etdiyi Ağcabədi rayonunun Avşar kənd sakini X2 ona illik 7 faiz ödəmək şərti ilə 15000 manat borc verəcəyini və buna görə Ağcabədi NK-da bir illik borc müqaviləsi bağlamağı təklif etmişdir. Borc müqaviləsi bağlamaq üçün 2017-ci ilin avqust ayının 8-də NK-na getmişlər. Müqavilə bağlamazdan əvvəl Elyaz Qədimov ondan girov qoymaq üçün qızıl-zinət əşyaları və yaxud hər hansı əmlak qoymağını təklif etmişdir. Mülkiyyət hüququ ilə ona məxsus olan Ağcabədi şəhəri Cəfər Cabbarlı küçəsində yerləşən ümumi sahəsi 227 kv.m olan fərdi yaşayış evini qarşı tərəfin təklifi ilə Cavabdeh adına alqısatqı etmişlər. Məqsəd alqı-satqı deyil, borc müqaviləsi bağlamaq olmuşdur. Borc kimi aldığı pul və faizini tam ödədikdən sonra evi qaytarmış Novruza demiş, lakin Novruz ondan əlavə 35000 manat pul tələb etmiş, əks halda evi 50000 manata satacağını demişdir. Təkcə onun hamam-tualeti 10-12 min manatdır. Ümumilikdə isə evin bazar qiyməti 100000 manatdır. Bu işdə notarius da öz vəzifəsini yerinə yetirməmiş, qaydalara əməl etməmiş, borc müqaviləsi əvəzinə onlara alqı-satqı müqaviləsi imzalatmışdır. Hazırda mübahisəli mənzilə dair Cavabdeh adına Çıxarış almışdır. Göründüyü kimi alqı-satqı müqaviləsi formal xarakter daşımış və reallıqda adına olan fərdi yaşayış evini girov qoymuşdur. Ona görə də ##.##.2017ci il tarixdə Ağcabədi rayon Notariat Kontorunda onunla cavabdeh Cavabdeh arasında ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə və həmin evə dair reyestr xidmətindən Cavabdeh adına verilmiş Çıxarışın ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat Ağcabədi Rayon Məhkəməsinin ##.##.2020-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsi ilə (hakim Etibar Quliyev) iddia təmin edilməmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; İş materiallarında olan: RX seriyalı, ******* nömrəli Çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 227 kv.m olan fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə İddiaçı, 0,0501 ha torpaq sahəsi isə ümumi birgə mülkiyyət hüququ ilə İddiaçı, X6 və X4 xüsusi mülkiyyətində olmuşdur. Qeydiyyat tarixi ##.##.2016-cı ildir. ## ###### 2017-ci il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqısı barədə müqavilədən görünür ki, satıcılar: İddiaçı, X6 və X4 mülkiyyətlərində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 227 kv.m olan fərdi yaşayış evini və 0,0501 ha torpaq sahəsini alıcı Cavabdeh 15000 manata satmışlar. Qeydiyyat tarixi ##.##.2019-cu il, qeydiyyat nömrəsi 1719006920 olan Çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 227 kv.m olan fərdi yaşayış evi və 0,050190 ha torpaq sahəsi tam mülkiyyət hüququ ilə Cavabdeh xüsusi mülkiyyətindədir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mübahisəli fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə İddiaçı, 0,0501 ha torpaq sahəsi isə ümumi birgə mülkiyyət hüququ ilə İddiaçı, X7 və X11 xüsusi mülkiyyətində olmuşdur. Ağcabədi rayon Notariat Kontorunda satıcılar: İddiaçı, X7 və X11 (nümayəndəsi vasitəsilə) mülkiyyətlərində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 227 kv.m olan fərdi yaşayış evini və 0,0501 ha torpaq sahəsini alıcı Cavabdeh 15000 manata satmışlar. Hazırda ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 227 kv.m olan fərdi yaşayış evi və 0,050190 ha torpaq sahəsi tam mülkiyyət hüququ ilə Cavabdeh xüsusi mülkiyyətindədir. Tərəflər arasında bağlanmış alqısatqı müqaviləsi qanunvericiliyin tələblərinə tam uyğun olaraq bağlanmışdır. Onun etibarsız hesab edilməsi üçün qanuni əsaslar yoxdur. Hazırkı mübahisə üzrə tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsinin etibarlılığını şübhə altına alan hallar müəyyən edilməmişdir. Həmçinin, iddiaçı tərəf bağlanmış əqdin yalan əqd olması və başqa bir əqdi pərdələmək üçün bağlandığını qeyd etsə də, bununla bağlı məhkəməyə hər-hansı bir tutarlı sübut təqdim etməmişdir. Belə ki, iddia edən şəxsin tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alındığında isə, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələri, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 425.1, 442, 324.1, 324.6, 337.1, 340.2-ci maddələri, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.4-cü maddəsi, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın * saylı Protokolunun 1-ci maddəsi, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «T.Mansurovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının # ####### 2010-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanmasına dair» ## ###### 2011-ci il tarixli qərarı, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Qətnamədən narazı qalan iddiaçı İddiaçı apellyasiya şikayəti verərək Ağcabədi Rayon Məhkəməsinin ## #### 2020-cu il tarixli, *(***)-***/**** saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qarşı tərəflə aralarında müqavilə bağlanan zaman niyyəti mülkiyyətində olan əmlakı girov qoymaq olsada onun hüquqi savadsızlığından və etibarından sui-istifadə edərək aralarında borc müqaviləsi adı altında alqısatqı müqaviləsi bağlamaqla, niyyəti onu aldatmaq və onun əmlakını ələ keçirmək olmuşdur. Bundan başqa Ağcabədi rayon notariat ofisində ona hüquq və vəzifələri barədə izah verilməmiş və qarşı tərəfin məkrli siyasəti nəticəsində Cavabdeh ilə aralarında borc müqaviləsi adı altında alqı-satqı müqaviləsi bağlanmışdır. Onu da qeyd edir ki, müqaviləyə nəzər yetirilən zaman müqavilə qiymətinin əmlakın faktiki dəyərindən dəfələrlə az olduğu açıqaşkar nəzərə çarpır. Qeyd edir ki, sözügedən əmlakın faktiki dəyəri 100.000 manata yaxındır. Məhkəmənin diqqətinə çatdırır ki, X2 rayonunda başqa insanları da bu cür aldatmışdır. Ağcabədi Rayon Məhkəməsi ## #### 2020-cu il tarixli, *(***)-***/**** saylı qətnaməsində Cavabdeh və 3-cü şəxs Ağcabədi rayon ofisinin notariusu tərəfindən işin faktiki hallarına uyğun olmayan izahatlar vermişlər. Ağcabədi Rayon Məhkəməsində iş üzrə mötəbər halları bilən onun tanışları X3 və Kərimov İlkin Adil oğlu şahid kimi dindirilməlidir. Lakin məhkəmə onları şahid kimi ifadələrini almadan işi yekunlaşdırmışdır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən cavabdeh Cavabdeh apellyasiya şikayətinin təmin edilməməsini, Ağcabədi Rayon Məhkəməsinin ##.##.2020-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. İddiaçıya məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkməmə iclasında iştirak etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə tərkibi işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 337.1-ci maddəsinə əsasən Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator Ağcabədi Rayon Məhkəməsinin ## #### 2020-cu il tarixli, *(***)-***/**** saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarındakı hüquqi mövqeyinə və formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də məhkəmə tərkibi Ağcabədi Rayon Məhkəməsinin ##.##.2020-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsini apellyasiya şikayətinə münasibətdə apellyasiya şikayətinin dəlilləri həcmində-iddia tələbinin təmin edilməmiş daşınmaz əmlakın alqı-satqısına dair müqavilənin etibarsız hesab edilməsi və hüquqların dövlət qeydiyyatına dair daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın ləğv edilməsi hissəsində tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq rədd etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ###### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İddiaçı İddiaçı cavabdeh Cavabdeh, III şəxslər: Ağcabədi rayon Notariat Kontoruna və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Ərazi İdarəsinə qarşı “daşınmaz əmlakın alqı-satqısına dair müqavilənin etibarsız hesab edilməsi və hüquqların dövlət qeydiyyatına dair daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə Ağcabədi Rayon Məhkəməsinə müraciət etmişdir. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi qanunvericiliyin tələblərinə tam uyğun olaraq bağlanmışdır. Onun etibarsız hesab edilməsi üçün qanuni əsaslar yoxdur. Hazırkı mübahisə üzrə tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsinin etibarlılığını şübhə altına alan hallar müəyyən edilməmişdir. Həmçinin, iddiaçı tərəf bağlanmış əqdin yalan əqd olması və başqa bir əqdi pərdələmək üçün bağlandığını qeyd etsə də, bununla bağlı məhkəməyə hər-hansı bir tutarlı sübut təqdim etməmişdir. Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmişdir. Hazırkı iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2021ci il tarixli, *(***)-****/**** saylı qərardadı ilə iddiaçı İddiaçı cavabdeh Cavabdeh (III şəxslər: Ağcabədi rayon Notariat Kontoruna və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Ərazi İdarəsinə) qarşı “daşınmaz əmlakın alqı-satqısına dair müqavilənin etibarsız hesab edilməsi və hüquqların dövlət qeydiyyatına dair daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Ağcabədi Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## #### 2020-ci il tarixli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti ilə əlaqədar mülki iş üzrə icraatın X2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə Ağcabədi RPŞ-nin icraatında olan cinayət işi üzrə məhkəmə hökmü qüvvəyə minənə qədər dayandırılması qərara alınmışdır. Həmin cinayət işi üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2024-cü il tarixli, *(***)-***/**** nömrəli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 178.3.2, 182.2.2, 182.2.4, 188.1 və 188.2-ci maddələri ilə təqsirli bilinib qəti olaraq 9 il 2 ay 8 gün müddətə azadlıqdan məhrumetmə cəzasında məhkum edilmişdir. X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 182.2.2, 182.2.4 və 188.2ci maddələri ilə məhkum edilməsinə dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2024-cü il tarixli, *(***)-***/**** nömrəli hökmündən təqsirləndirilən şəxs E.Qədimovun müdafiəçiləri X8 və X9 tərəfindən ayrı-ayrılıda verilmiş apellyasiya şikayətləri verilmişdir. Həmin apellyasiya şikayətləri əsasında çıxarılmış Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı hökmü ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2024-cü il tarixli, *(***)-***/**** nömrəli hökmünün X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinməsinə aid hissədə ləğv edilmiş, X2 Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.2-ci maddəsinə əsasən əməlində cinayət tərkibi olmadığına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə bəraət verilmişdir. Yuxarıda qeyd edilmiş hökm çıxarıldıqdan sonra iş üzrə icraat təzələnmiş, məhkəmə baxışı təyin edilmişdir. İş materiallarında olan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı hökmü ilə müəyyən edilmişdir ki, zərərçəkmiş şəxs İddiaçı məxsus mənzilin təqsirləndirilən şəxs X2 tərəfindən ələ keçirilməsi bağlı məhkəmə çəkişməsi vardır, həmin epizod üzrə münasibətlər mülki xarakteri olduğundan X2 əməllərində Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsinin tərkib əlamətləri müəyyən edilmir. Bununla yanaşı, verilmiş ittihamda zərərçəkmiş şəxs İddiaçı evinin dəyəri 100.000 manat göstərilməklə ona həmin məbləğdə maddi ziyan vurulması qeyd edilmişdir. Lakin iş materiallarında qeyd olunan fərdi yaşayış evinin dəyərinin həqiqətən də 100.000 manat olmasına dair heç bir rəsmi sənədə rast gəlinmir. Şahid Cavabdeh ifadələrində Natiqin 2017-ci ildə evi ona 40.000 manata satdığını, lakin 35.000 manata razılaşdıqlarını bildirmişdir. Lakin alqı-atqı zamanı dövlət rüsumu üçün xeyli pul tutulacağından alqı-satqı müqaviləsində evin dəyəri 17.000 manat göstərilmişdir. X5 ifadəsində qeyd olunan evi 2020-ci ildə Novruzdan 40.000 manata aldığını bildirmişdir. Təqsirləndirilən şəxs E.Qədimov isə ifadəsində evi qardaşı Novruzun 2017-ci ildə Natiqdən 35.000 manata aldığını və 2020-ci ildə 38.000 manata satdığını bildirmişdir. İstintaq orqanı qeyd olunan evin dəyərinin 100.000 manat olması barədə zərərçəkmiş şəxs İddiaçı dediklərini əsas götürərək CM-in 178.3.2-ci maddəsi ilə verilmiş ittihamda həmin məbləğdə ziyan dəydiyini qeyd etmişdir. Belə ki, İddiaçı ifadələrində bildirmişdir ki, evi 2003-cü ildə 12.500 ABŞ dollarına almış və alandan sonra 40.000 ABŞ dolları məbləğində xərc çəkmişdir. Hazırda, yəni ifadə alınan ##.##.2021-ci il tarixdə evin dəyəri 70.000 manat, Elyaz evi 2017-ci ildə alanda isə 100.000 manat olmuşdur. Lakin məhkəmə kollegiyası hesab edir ki, zərərçəkmiş şəxs İddiaçı evin dəyəri ilə bağlı göstərdiyi hallar ağlabatan və real olmamaqla əsl həqiqəti əks etdirmir və təkcə bu ifadəyə əsaslanmaqla ittihamda vurulmuş ziyanın 100.000 manat qeyd olunması əsassızdır. İttihama görə CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə törədilmiş digər əməllər CM-in 178.3.2-ci maddəsi ilə əhatələndiyinədn sonda E.Qədimova ittiham elə CM in 178.3.2-ci maddəsi ilə verilmişdir. Zərərçəkmiş şəxs İddiaçı evin dəyəri ilə bağlı ifadələri mütləq obyektiv sübut qüvvəsinə malik deyil və digər sübutlarla təsdiqlənmədiyindən tənqidi qiymətləndirilməlidir. Nəticə etibarilə zərərçəkmiş şəxs İddiaçı ona məxsus evin dəyəri barədə verdiyi ifadələr ehtimal olunan cinayət hadisəsi baş verən (2017-ci ildə) vaxtda əmlakın faktiki və hüquqi vəziyyəti, habelə müstəqil ekspertiza rəyləri ilə təsdiqlənmədiyindən ağlabatan hesab edilə bilməz. Belə ifadələr subyektiv mülahizə xarakteri daşıyır və zərərin real məbləğinin müəyyən edilməsi üçün yetərli sübut kimi qəbul edilə bilməz. Məhkəmə tərkibi yuxarıda qeyd edilən sübutlarla işin faktiki hallarını qarşılıqlı tədqiq edərək qeyd edir ki, yalan əqd dedikdə tərəflərin zahirən bir əqd bağladığı, lakin həmin əqdin arxasında real hüquqi nəticə yaratmaq niyyətinin olmadığı, yəni tərəflərin həqiqi iradəsinin bəyan edilən iradədən fərqli olduğu hal başa düşülür. Belə əqdlərdə əsas məqsəd üçüncü şəxsləri aldatmaq və ya hüquqi nəticələri gizlətmək olur. İddiaçı mübahisəli daşınmaz əmlakın özgəninkiləşdirilməsinin formal xarakter daşıdığını, əslində isə tərəflər arasında borc münasibətlərinin mövcud olduğunu və həmin müqavilənin təminat məqsədilə bağlandığını iddia etsə də, bu halı təsdiq edən mötəbər və kifayət qədər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Mülki hüquq nəzəriyyəsinə və qanunvericiliyin tələblərinə əsasən, əqdin yalan və ya başqa əqdi pərdələyən əqd kimi qiymətləndirilməsi üçün tərəflərin həqiqi iradəsinin zahiri ifadədən fərqli olması və bu halın sübut olunması zəruridir. Sübutetmə yükü isə bu halı iddia edən tərəfin, yəni iddiaçının üzərinə düşür. İş materiallarından, o cümlədən cinayət işinə dair qüvvəyə minmiş məhkəmə hökmündən görünür ki, iddiaçının istinad etdiyi hallarla bağlı cavabdehin və ya üçüncü şəxsin əməllərində dələduzluq və ya digər cinayət tərkibi müəyyən edilməmiş, əksinə həmin münasibətlərin mülki-hüquqi xarakter daşıdığı təsbit olunmuşdur. Bu isə onu göstərir ki, iddiaçının iradəsi əqd bağlanarkən sərbəst olmuş, o, müqaviləni öz istəyi ilə bağlamış və müqavilə üzrə qarşılıqlı öhdəliklər icra edilmişdir. Bundan əlavə, tərəflər arasında mübahisəli daşınmaz əmlak üzrə bağlanmış alqı-satqı müqaviləsi notariat qaydasında rəsmiləşdirilərkən qanunvericiliyin tələblərinə riayət edilmiş, müqavilənin bağlanması zamanı tərəflərin iradə ifadəsinə təsir göstərə biləcək hər hansı təzyiq, aldadılma və ya iradə qüsuru halları aşkar olunmamışdır. Əksinə, müəyyən edilmişdir ki, iddiaçı əmlakın müqabilində pul vəsaiti almışdır ki, bu da əqdin real və hüquqi nəticə doğurmaq niyyəti ilə bağlandığını təsdiq etmişdir. Eyni zamanda, əmlakın guya 100.000 manat dəyərində olması və müqavilə qiymətinin bazar dəyərindən kəskin aşağı göstərilməsi barədə dəlillər də rəsmi qiymətləndirmə rəyi və ya digər mötəbər sübutlarla təsdiq edilmir. Yalnız subyektiv qiymətləndirmələrə əsaslanan bu iddialar hüquqi nəticə üçün əsas kimi qəbul oluna bilməz. Yəni iddiaçı evin qiymətinin daha yüksək olmasına istinad etməklə həmin alqı-satqı müqaviləsinin etibarsız olduğunu sübut edə bilməz. Çünki mülki hüququn əsas prinsiplərinə uyğun olaraq, müqavilə bağlanarkən qiymət də daxil olmaqla bütün şərtlər tərəflərin sərbəst və qarşılıqlı razılığı əsasında müəyyən edilir və bu razılaşma qanunvericiliyə zidd olmadığı müddətdə qanuni qüvvəyə malik olur. Bu baxımdan, qiymətin iddia edilən bazar dəyərindən fərqli olması müqavilənin etibarsız sayılması üçün müstəqil əsas kimi çıxış edə bilməz. Həmçinin iddiaçının istinad etdiyi şəxslərin şahid qismində dindirilməməsi barədə dəlil də işin düzgün həllinə təsir edən prosessual pozuntu kimi qiymətləndirilə bilməz, çünki məhkəmə iş üzrə mövcud olan sübutları kifayət hesab edərək əlavə şahidlərin dindirilməsinə ehtiyac görməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə, qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə nəticəyə gələrkən mübahisəyə qanunvericiliyin tələbləri baxımından düzgün hüquqi qiymət vermiş, mübahisənin maddi və prosessual hüquqi əsaslarını düzgün müəyyən edilmiş, gəldiyi nəticəni iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırmış, təqdim edilmiş sübutlara sübutetmənin əsaslarını müəyyən edən qanunvericiliyin tələbləri baxımından qiymətləndirmiş və həqiqəti müəyyən etmək vəzifəsini yerinə yetirmişdir. Ona görə də iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Ağcabədi Rayon Məhkəməsinin ##.##.2020-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsi iddiaçı İddiaçı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə tərkibi Qət etdi: İddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Ağcabədi Rayon Məhkəməsinin ##.##.2020-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsi iddiaçı İddiaçı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar