Məhkəmə qərarları › İş №2(106)-800/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-800/2023

12.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-800/2023 12.07.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Əhmədov Pərviz Tərlan oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər İmanov Cahid Fehruz oğlu və İsmayılov Orxan Nadir oğlundan ibarət məhkəmə tərkibində, Məmmədov Samir Valeh oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (ASC) nümayəndəsi Kərimov Tale Zakir oğlunun iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh Müşviq oğluna qarşı pul tələbinə dair mülki iş üzrə Sabirabad Rayon Məhkəməsinin 12 yanvar 2023-cü il tarixli 2(056)-58/2023 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Sabirabad Rayon Məhkəməsinin 12 yanvar 2023-cü il tarixli 2(056)-58/2023 saylı qətnaməsi ilə (hakim Səlim Allahverdiyev) İddiaçı ASC-nin Cavabdeh Müşviq oğluna qarşı pul tələbinə dair iddiası təmin edilməmişdir. İddiaçı ASC Sabirabad Rayon Məhkəməsinin 12 yanvar 2023-cü il tarixli 2(056)- 58/2023 saylı qətnaməsindən apellyasiya şikayəti vermiş, qətnamənin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul olunması xahiş edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı ASC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2019-cu il 1 iyun tarixli 09/00024308 nömrəli operativ lizinq müqaviləsinə əsasən 6000 manat borcun və 80 manat dövlət rüsumunun, cəmi 6080 manat pul vəsaitinin Cavabdeh tutularaq “Aqroservis" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC (keçmiş "xxxx" ASC) ilə Cavabdeh arasında bağlanmış 2019-cu il 1 iyun tarixli 9/00024308 nömrəli operativ lizinq müqaviləsinə əsasən 1 ədəd Sampo Rosenlew SR-2045 markalı taxılyığan kombayn ona istifadəyə verilmişdir. “Aqroservis" ASC ilə cavabdeh arasında bağlanmış müqaviləyə əsasən 6000 manat öhdəlikdən heç bir ödəniş edilməmişdir. Cavabdeh iddiaçıya halhazırda 6000 manat borcu vardır. Lakin cavabdeh vaxtında iddiaçıya olan borcunu qaytarmadığından iddiaçı dəfələrlə ondan yaranmış borcun ödənilməsini tələb etsə də, cavabdeh bu günə kimi müxtəlif bəhanələrlə kreditora olan borcunu ödəməkdən yayınmışdır. Buna görə də, iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh öhdəliyi vaxtında icra etməməklə müqavilə şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşdur. Belə ki, bağlanmış müqavilənin 2.2.2-ci bəndinə əsasən cavabdeh lizinq ödənişlərini müqavilə (istifadə) müddəti ərzində bu müqavilənin 1.1-ci bəndinə uyğun olaraq ödəməyi öhdəsinə götürmüşdür. Bununla da, cavabdeh “Aqroservis" ASC ilə bağladığı müqavilənin həmin bəndi ilə nəzərdə tutulmuş lizinq ödənişlərinin vaxtında və tam ödənilməsinə dair üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: İddiaçı ASC-nin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddiaçı tərəfindən təqdim olunmuş sübutları hərtərəfli araşdırmamış və düzgün qiymət verməmişdir. Habelə, iddiaçı tərəfindən cavabdehə pretenziya məktubu göndərilməsinə rəğmən, həmin pretenziya məktubu və borc üzrə heç bir ödənişin ödənilməməsi nəzərə alınmamışdır. İddiaçı ASC-nin nümayəndəsi Rəhmanov Elmin Əlisa oğlu məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək qətnamənin ləğv edilməsini xahiş etmişdir. Cavabdeh Müşviq oğluna məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçının namyəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini işin halları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmadan, mülki iş üzrə Sabirabad Rayon Məhkəməsinin 12 yanvar 2023-cü il tarixli 2(056)-58/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİMƏSƏLƏLƏR: MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İşdə olan İddiaçı ASC və Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 09/0024308 nömrəli lizinq müqaviləsindən görünür ki, 1 ədəd “Sampo Rosenlew SR-2045” markalı taxılyığan kombaynı Cavabdeh müvəqqəti sahiblik və istifadəsinə verilmiş, lizinq müddəti xx.xx.2019-cu il tarixədək müəyyən edilmişdir. İşdə olan 01 iyun 2019-cu il tarixli AKT 1 NoF00024308 saylı aktdan görünür ki, 1 ədəd “Sampo Rosenlew SR-2045” markalı taxılyığan kombaynı Cavabdeh işlək vəziyyətdə təhvil verilmişdir. Aktı iddiaçının Sabirabad Regional Nümayəndəliyinin baş mühəndisi Ağayev Mirnamiq Mirəziz oğlu və Cavabdeh imza etmişlər. İşdə olan 14 avqust 2019-cu il tarixli AKT 2 No9532 saylı aktdan görünür ki, 1 ədəd “Sampo Rosenlew SR-2045” markalı taxılyığan kombaynı Cavabdeh moto-saat göstəricisi 0, ramasında çat, şinləri aşılanmış vəziyyətdə ölmənin rəhbəri Yunusov Məqatil Ədalət oğluna təhvil vermişdir. Aktın “təhvil aldı” hissəsində iddiaçının Sabirabad Regional Nümayəndəliyinin baş mühəndisi Ağayev Mirnamiq Mirəziz oğlu və “təhvil verdi” hissəsində isə Cavabdeh imza etmişlər. İşdə olan 14 iyun 2019-cu il tarixli aktdan görünür ki, Sabirabad RN-nin istifadəsində olan, 02 may 2019-cu il tarixli 34 nömrəli Akt əsasında Həsənov Şamil Ədilağa oğluna təmir üçün verilmişdir. Təmir edə bilməmiş və Sabirabad RN-nin avto parkına gətirilmiş, Həsənov Şamil Ədilağa oğlu Neftçala RB-dən taxıl yığan kombaynla təmin edilmişdir. 09/00024308 nömrəli xx.xx.2019-cu il tarixli müqavilə ilə 561496 şassi nömrəli “Sampo SR-2045” taxılyığan kombayn Cavabdeh təhvil verilmişdir. Cavabdeh kombaynın ramasında titrəmə olduğundan bir neçə dəfə təmir etdirmiş və sonra sınaq üçün işə buraxılmasına baxmayaraq, rama deformasiyaya uğradığından nizamlanması mümkün olmamışdır. Təmirə tam yararsız olduğu aşkarlanmışdır. Taxıl yığan kombayn Sabirabad RN-nin avtoparkına gətirilmişdir. Akta Sabirabad Regional Nümayəndəliyinin baş mühəndisi Ağayev Mirnamiq Mirəziz oğlu, mühəndisi-mexaniki Ziyadzadə Cabir Zaman oğlu və Cavabdeh imza etmişlər. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli 09/0024308 nömrəli lizinq müqaviləsinə əsasən 1 ədəd “Sampo Rosenlew SR-2045” markalı taxılyığan kombaynı Cavabdeh müvəqqəti sahiblik və istifadəsinə verilmiş, lizinq müddəti xx.xx.2019-cu il tarixədək müəyyən edilmişdir. Əlavə saziş hər iki tərəfin imzası ilə təsdiq edilmiş, müqavilənin etibarlılığı məhkəmə iclasında mübahisələndirilməmiş, müqavilənin etibarsızlığına dəlalət edəcək hər hansı hal məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. Məhkəmə ilk öncə cavabdehin hazırda tələbin əsasını təşkil etmiş lizinq obyektinin - “Sampo Rosenlew SR-2045” markalı taxılyığan kombaynın yararsız vəziyyətdə iddiaçıya təhvil verilməsi, bu xüsusda iddiaçı qarşısında öhdəliyinin mövcud olmaması barədə dəlili üzrə qeyd edir ki, məhkəmə iddiaçının məhkəməyə təqdim etmiş olduğu sübutlarla cavabdehin məhkəməyə təqdim etmiş olduğu aktı qarşılıqlı tədqiq edərkən müəyyən etmişdir ki, həqiqətən də 561496 şassi nömrəli “Sampo SR-2045” taxılyığan kombayn Cavabdeh müqavilə bağlandığı tarixdə, yəni xx.xx.2019-cu il tarixdə təhvil verilmiş, 14 iyun 2019-cu il tarixdə isə iddiaçının Sabirabad Regional Nümayəndəliyinə tam yararsız vəziyyətdə təhvil verilmiş və texnika Nümayəndəliyin avtoparkına yerləşdirilmişdir. 14 avqust 2019-cu il tarixində tərtib edilmiş akt isə formal tərtib edilmişdir. Belə ki, həmin akta görə cavabdeh tərəfindən texnika iddiaçıya təhvil verilərkən ramasında çat, şinlərində aşılanma aşkar edilmiş, texnika göstərilən vəziyyətdə təhvil verilmişdir. Bundan başqa, məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsindən 3 aktın müqayisəli tədqiqi ilə bağlı əgər texnika cavabdehdən xx.xx.2019-cu il tarixdə tam yararsız halda təhvil alınmışdırsa, bundan sonra hansı sənəd əsasında və yararlı vəziyyətə gətirilərək cavabdehə texnikanın yenidən təhvil verilmiş olması barədə sübut tələb edildikdə, iddiaçının nümayəndəsi məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir. Göstərilən sübutun tələb edilmə səbəbinin əsasını isə o təşkil etmişdir ki, əgər cavabdeh iddiaçıdan xx.xx.2019-cu il tarixdə tam yararlı texnika təhvil alıb, xx.xx.2019-cu il tarixdə tam yararsız vəziyyətdə iddiaçıya təhvil verib texnika iddiaçının avtoparkına yerləşdirilmişdirsə, deməli texnika iddiaçının sahibliyinə qaytarılmışdır ki, bundan sonra hadisələrin məntiqi ardıcıllığı olaraq iddiaçının məhkəməyə təqdim etdiyi 14 avqust 2019-cu il tarixli aktın mötəbərliyi təsdiq edə biləcək texnikanın xx.xx.2019-cu il tarixindən sonra xx.xx.2019-cu il tarixinədək olan dövr aralığında cavabdehə yenidən təhvil verilməsi müvafiq sənədləşmə aparılmalı idi ki, hər hansı sənədləşmə mövcud olmadığından iddiaçının nümayəndəsi tələb edilən sübutu məhkəməyə təqdim edə bilməmişdir. Belə olan halda məhkəmə hesab etmişdir ki, iddiaçının idida ərizəsinə əlavə etdiyi və sonradan yenidən bir daha məhkəməyə təqdim etdiyi xx.xx.2019-cu il tarixli akt mötəbər sübut kimi qiymətləndirilə bilməz. 14 avqust 2019cu il tarixli aktın qeyri-mötəbərliyini o hal da təsdiq edir ki, əgər texnika 01 iyun 2019-cu il tarixli aktda göstərildiyi kimi cavabdehə işlək vəziyyətdə verilmişdirsə, 14 avqust 2019-cu il tarixində də təhvil alınmışdırsa, o zaman texnikanın moto-saat göstəricisində cüzi olsa belə müəyyən dəyişiklik baş verilməli idi (texnika idarə edilən olmuşdursa, yəni hərəkət etmişdirsə, moto-saat göstəricisi rəqəm artımına uyğun dəyişməli idi) ki, belə bir dəyişikliyin olması xx.xx.2019-cu il tarixli aktda öz əksini tapmamış, moto-saat göstəricisi yenidən “0” kimi göstərilmişdir. Belə olan halda, iddiaçı lizinq müqaviləsinin şərtlərini pozmuş, cavabdehə aktda göstərildiyi kimi işlək vəziyyətdə texnika təhvil verməmişdir. Ona görə də, iddiaçının tələbi əsaslı hesab edilə və təmin edilə bilməz. xx.xx.2019-cu il tarixli 09/00024308 nömrəli lizinq müqaviləsinin 2.1.1-ci bəndinə görə istifadəyə verən bu müqavilədə göstərilən texnikanı tam komplektləşdirilmiş və saz vəziyyətdə bütün sənədlərlə birlikdə istifadəçiyə verilməsini təmin edir. Beləliklə, məhkəmə iddianın əsassızlığı qənaətinə gəlmişdir. Bundan əlavə, məhkəmə hesab etmişdir ki, cavabdehin iddia müddətinin ötürülmüş hesab edilməsi və müddətin tətbiqi barədə ərizəsinə münasibətdə məhkəmə qeyd edir ki, cavabdehin məhkəməyə təqdim etmiş olduğu göstərilən ərizəsi üzrə də araşdırma aparılarkən müəyyən edilmişdir ki, 01 iyun 2019-cu il tarixli lizinq müqaviləsi üzrə 561496 şassi nömrəli “Sampo SR-2045” taxılyığan kombayn Cavabdeh 2 ay müddətinə lizinqə verilmiş, müqavilənin müddəti 01 avqust 2019-cu il tarixində başa çatmış, iddiaçı iddia ərizəsini 15 sentyabr 2022-ci il tarixində tərtib etmiş və iddia ərizəsi 22 sentyabr 2022-ci il tarixində poçt xidmətinə təhvil verilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Buna görə də, İddiaçı ASC tərəfindən iddia müddəti də ötürülmüşdür. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Habelə, 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. MM-in 747-1.1-ci maddəsinə görə lizinq müqaviləsinin subyektləri lizinq verən, lizinq alan və satıcıdır. MM-in 747-5.1-ci maddəsinə əsasən lizinq əməliyyatlarının hüquqi forması ya lizinq verənlə lizinq alan arasında bağlanmış lizinq müqaviləsi və lizinq verənlə satıcı arasında bağlanılmış alqı-satqı müqaviləsidir, ya da həmin şəxslər arasında bu Məcəllənin 747-5.2ci maddəsinə və lizinqlə bağlı digər maddələrinə müvafiq surətdə bağlanılmış üçtərəfli müqavilədir. MM-in 748.1-ci maddəsinə görə lizinq müqaviləsi yazılı formada bağlanılır. MM-in 748-1.12.4-cü maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə. MM-in 748-10.1, 748-10.2 və 748-10.4-cü maddələrinin tələbinə görə lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. Lizinq ödənişlərinin məbləği həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq bu Məcəllənin müddəaları nəzərə alınmaqla həyata keçirilir. Lizinq alanın lizinq ödənişlərinin verilməsi ilə bağlı öhdəlikləri, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektindən istifadəyə başladığı vaxtdan qüvvəyə minir. Habelə, MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Hazırkı halda apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edilməklə qətnamə tam olaraq mübahisələndirilmişdir. Ona görə də, məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq birinci instansiya məhkəməsinin qətnaməsini apellyasiya şikayətinin dəlilləri üzrə tam yoxlanılmasını düzgün hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin İ hissəsinə müvafiq olaraq, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan Respublikası Konstitusiyasının 15-ci maddəsində qeyd edilmişdir ki, Azərbaycan Respublikasında iqtisadiyyatın inkişafı müxtəlif mülkiyyət növlərinə əsaslanaraq xalqın rifahının yüksəldilməsinə xidmət edir. Göründüyü kimi, Azərbaycan dövləti bazar münasibətləri əsasında sosial yönümlü iqtisadiyyatın inkişafına şərait yaradır, azad sahibkarlığa təminat verir, iqtisadi münasibətlərdə inhisarçılığa və haqsız rəqabətə yol vermir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 140.6-cı maddəsinin həmin Məcəllənin 13.2.14.1, 140.2, 164.1.2-ci maddələri və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747-1 və 747-5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 12 yanvar 2017-ci il tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1, 747-1.3 və 747-2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 28 dekabr 2020-ci il tarixli qərarlarında göstərilmişdir ki, Konstitusiyanın bu prinsiplərini əsas götürərək dövlət, iqtisadiyyatın inkişafı, xalqın rifahının yüksəldilməsi məqsədilə müəyyən güzəştlər tətbiq edərək lizinq bazarının inkişaf etdirilməsinə şərait yaratmışdır. Azərbaycan Respublikasında lizinq münasibətlərinin inkişaf etdirilməsinin əsas məqsədi lizinq alanın maliyyə durumunun yaxşılaşdırılması, sahibkarlığın təşviq edilməsi, kənd təsərrüfatı mallarının istehsalçılarının maddi və texniki bazasının möhkəmləndirilməsi və yenilənməsi, sahibkarlığı maliyyələşdirmə vasitəsi kimi lizinqdən geniş istifadə edilməsinin həvəsləndirilməsi, ümumilikdə ölkədə rifahın yaxşılaşdırılması və sairdir. Beləliklə də, lizinq beynəlxalq təcrübədə geniş tətbiq olunan maliyyələşdirmə alətidir. Bu alətin unikallığı ondan ibarətdir ki, o özündə icarə, kredit və alqı-satqı müqavilələrinin elementlərini birləşdirərək bazar və mülki dövriyyənin çevikliyini yüksək dərəcədə artırır. Bu müqavilə konstruksiyasının hər üç tərəfi onun faydalarından mikrosəviyyədə, dövlət və iqtisadiyyat isə makrosəviyyədə yararlanırlar. Belə ki, lizinq alan maliyyələşmə alətindən istifadə etməklə, bu və ya digər əmlakı daha sürətlə ödəmə qabiliyyətinin daha az maliyyə analizinə cəlb etməklə nisyə satın alır, lizinq verən lizinq obyektinin lizinq müddətində onun mülkiyyətində qalmaqla daha təminatlı şəkildə maliyyələşməsini həyata keçirir, satıcı isə bu üsulla daha məhsuldar satışlar həyata keçirir. Mülki Məcəllədə mülki-hüquqi müqavilələrin bir növü kimi nəzərdə tutulmuş lizinq, əsasən iqtisadi dövriyyənin müqavilə növlərindən biridir. İştirak edən subyektlərin risklilik dərəcəsini balanslaşdırmaq məqsədi ilə mülki qanunvericilikdə müəyyən mülki-hüquqi müqavilələrin subyekt tərkibinə dair xüsusi tələblər ola bilər. Lakin hazırda qüvvədə olan mülki qanunvericilikdə lizinq müqaviləsinin tərəflərinə dair hər hansı bir xüsusi tələb müəyyən olunmur. Beləlikə, kollegiya diqqətə çatdırır ki, öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları - fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər. Hər bir öhdəlikdə borclu pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsində təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Bu mənada, öhdəliyin pozulması - öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş “vicdanlılıq” anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə, öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi düzgün olaraq bu qənaətə gəlmişdir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmamışdır. Buna görə də, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normalarının tələbləri baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilə bilməz. Çünki, o, lizinq müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyin icrası üçün əsas meydana gəlməmiş və lizinq obyekti təmin edilərək ona saz vəziyyətdə təhvil verilməsi təsdiqini tapmamışdır. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən apellyasiya şikayətinin göstərilən, heç bir sübuta əsaslanmayan və formal xarakter daşıyan – sübutların hərtərəfli araşdırılmaması və onlara düzgün qiymət verilməməsi, pretenziya məktubunun və heç bir ödənişin ödənilməməsinin nəzərə alınmaması barədə dəllilərini əsassız hesab edir. Habelə, MPM-in 76-cı maddəsinin tələblərinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur; Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir; Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. MPM-in 77-ci maddısinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 89.1-ci maddəsinin tələbinə görə yazılı sübutlar – iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli qərarına görə mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır; Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Beləliklə, iş üzrə tərəflər arasında lizinq öhdəliyinin yaranması və mövcudluğu heç bir mötəbər sübutla təsdiq edilmir. İddia tələbi və apellyasiya şikayəti göründüyü kimi yalnız mülahizə və ehtimallarla əsaslandırılmışdır. Bundan əlavə, kollegiya diqqətə çatdırır ki, hazırkı iddia tələbi üzrə iddia müddətinin keçməsi barədə birinci instansiya məhkəməsinin mövqeyi ilə razıdır. Ancaq bu hala hüquqi qiymət verməzdən öncə iddianın əsaslı olub-olmaması yoxlanılmalıdır ki, iş materiallarına əsasən onun təmin edilməsi üçün əsasların olmadığı aşkar olur. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 03 iyun 2013-cü il tarixli və “L.İ.Binnətovanın şikayəti üzrə” 08 may 2008-ci il tarixli qərarlarının tələblərinə əsasən iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, kollegiya hesab edir ki, apellyasiya şikayətində göstərilən və heç bir mötəbər sübuta söykənməyən formal dəlillər hazırkı qətnamənin ləğvi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi iddiaya münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası mülki prosessual qanunvericiliyə müvafiq olaraq ədalət mühakiməsini tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, iş materiallarını araşdıraraq, toplanmış bütün sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddiaçının apellyasiya şikayətinin təmin edilməsi üçün hər hansı əsas müəyyən edilməmişdir. MPM-in 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə, qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir”. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.2-ci bəndinə əsasən məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Beləliklə, qeyd edilənlərə əsasən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin apellyasiya şikayəti təmin edilməməli, Sabirabad Rayon Məhkəməsinin 12 yanvar 2023-cü il tarixli 2(056)-58/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 402.1-ci maddəsinə görə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sabirabad Rayon Məhkəməsinin 12 yanvar 2023-cü il tarixli 2(056)-58/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar