Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-802/2023 19.04.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “pul tələbi barədə” kiçik iddiasına dair sadələşdirilmiş icraat qaydasında baxılmış mülki iş üzrə Şirvan Şəhər Məhkəməsinin 2(032)-1942/2022 saylı, 26 dekabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü məsələsinə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Şirvan Şəhər Məhkəməsinin 26 dekabr 2022-ci il tarixli, 2(032)-1942/2022 saylı qətnaməsi ilə (sədrlik edən hakim Səidə Məmmədova) iddia təmin edilmiş, Cavabdeh 810 manat məbləğində pulun, həmçinin dövlət rüsumu üçün ödənilmiş 30 manat məbləğində pulun alınaraq İddiaçı MMC-yə verilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində Şirvan Şəhər Məhkəməsinin 26 dekabr 2022-ci il tarixli, 2(032)-1942/2022 saylı qətnaməsinin ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti qeyrimümkün hesab edilməli və onun qəbulundan imtina edilməlidir. Belə ki, apellyasiya şikayətinin “Apellyasiya şikayəti verən şəxsin tələbi” hissəsində apellyasiya şikayəti verən şəxs özünün tələblərini aydın göstərməli, yəni, məhkəmə aktının tam və ya qismən ləğv edilməsinə və yaxud dəyişdirilməsinə və mübahisənin həlli ilə bağlı nə barədə qərarın qəbul edilməsinə dair tələblərini dəqiq bildirməlidir. Lakin cavabdeh öz tələbini dəqiq göstərməmiş, yalnız qətnamənin ləğv edilməsini xahiş etməklə, mübahisənin həlli ilə bağlı nə barədə qərarın qəbul edilməsini tələb etdiyini dəqiq qeyd etməmişdir. Hazırkı apellyasiya şikayətinin dəlillərindən də cavabdehin iddia tələbinin tamamilə və ya qismən rədd edilməsi barədə mövqeyini dəqiq müəyyən etmək mümkün olmur. Mülki Prosessual Məcəllənin 361.1.4-cü maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində şikayət verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi göstərilməlidir. Mülki Prosessual Məcəllənin 363.1.1-1-ci maddəsinə əsasən, apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Bundan əlavə, iş materiallarından görünür ki, Şirvan Şəhər Məhkəməsinin 26 dekabr 2022-ci il tarixli qətnaməsi həmin tarixli məktubla cavabdehə göndərilmiş, bununla bağlı siyahı iş materiallarına əlavə edilmişdir. İş materiallarının 30-cu vərəqinə isə cavabdehin adına olan zərf əlavə edilmiş, lakin həmin zərfin üzərində qətnamənin surətinin cavabdehə çatdırılıb-çatdırılmaması, əgər çatdırılmamışdırsa, hansı səbəbdən bunun baş tutmamasına dair qeyd icra edilməmişdir. Sonradan cavabdehə 03 aprel 2023-cü il tarixli məhkəmə qəbzinə imza etdirməklə Şirvan Şəhər Məhkəməsinin 2(032)-1942/2022 qətnaməsinin surəti təqdim edilmişdir. Bundan sonra, cavabdeh 07 aprel 2023-cü il tarixində apellyasiya şikayəti vermişdir. Lakin birinci instansiya məhkəməsi apellyasiya şikayətinin qanunla nəzərdə tutulmuş prosessual müddət ərzində verilib-verilməməsi, prosessual müddətin ötürülüb-ötürülməməsi məsələsini müzakirə etmədən və buna hüquqi qiymət vermədən, apellyasiya şikayətini mülki işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərmişdir. Mülki Prosessual Məcəllənin 363.1.3-cü maddəsinə əsasən, apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Mülki Prosessual Məcəllənin 364.1-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Lakin hazırkı iş üzrə birinci instansiya məhkəməsi apellyasiya şikayətinin MPM-in tələblərinə uyğunluğunu yoxlamadan apellyasiya şikayətini əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərmiş, bununla da mülkiprosessual qanunvericiliyin tələblərini pozmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli, apellyasiya şikayətinin MPM-in 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması məqsədilə mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 366.3-cü maddəsinə əsasən, apellyasiyanın mümkünlüyü üzrə məhkəmə qərardad çıxarır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 361, 363, 364 və 366-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: Şirvan Şəhər Məhkəməsinin 2(032)-1942/2022 saylı, 26 dekabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Mülki iş apellyasiya şikayətinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün Şirvan Şəhər Məhkəməsinə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qanunla müəyyən edilmiş qaydada kassasiya şikayəti verilə bilər. Sədrlik edən Samir Mayılov Hakimlər İlham Əsədov Tofiq Heydərov
Məhkəmə qərarları › İş №2(106)-802/2023
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-802/2023
19.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver