Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-802/2024 04.04.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən, məruzəçi), Mayılov Samir İlham oğlu və Əsədov İlham Qoşunəli oğlundan ibarət tərkibdə, Əbilov Əbil Mahmud oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Ağcabədi Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinə, Cavabdeh2 və Cavabdeh3 qarşı miras əmlak üzərində payların müəyyən edilməklə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi tələbinə dair 2(017)-633/2024 saylı mülki iş üzrə Ağcabədi Rayon Məhkəməsinin sədri X2 və bütün məhkəmə tərkibinə Cavabdeh2 tərəfindən verilmiş etiraza Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Ağcabədi Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinə, Cavabdeh2 və Cavabdeh3 qarşı miras əmlak üzərində payların müəyyən edilməklə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi tələbinə dair 2(017)-633/2024 saylı mülki iş üzrə Ağcabədi Rayon Məhkəməsinin sədri X2 və bütün məhkəmə tərkibinə Cavabdeh2 tərəfindən etiraz verilmişdir. Ağcabədi Rayon Məhkəməsinin 2(017)-633/2024 saylı protokol qərardadına əsasən, etirazın baxılmaq üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Cavabdeh2 etirazı onunla əsaslandırmışdır ki, İddiaçı cavabdehlər Ağcabədi Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinə, Cavabdeh2 və Cavabdeh3 qarşı miras əmlak üzərində payların müəyyən edilməklə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi tələbinə dair mülki iş Ağcabədi Rayon Məhkəməsinin sədri X1 icraatındadır. X3 tərəfindən bu işdən əvvəl 2023-cü ildə cavabdeh İddiaçı məlumatı olmadan iddiaçının müddətin uzadılmasına dair ərizəsinə baxılmış, miras əmlakın qəbulu müddəti uzadılmışdır. Lakin məhkəmə qətnaməsi bu günə kimi cavabdehə göndərilməmişdir. Cavabdeh hesab edir ki, hakimin iddiaçı ilə əlaqələri və münasibəti vardır. Bu isə işin obyektiv baxılmasına xələl gətirir. Məhkəmə kollegiyası qeyd edilən halla bağlı aşağıdakıları qeyd edir: “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən ədalət mühakiməsi hakimlərin müstəqilliyi təmin edilməklə, heç bir məhdudiyyət qoyulmadan, faktlara əsasən, qərəzsiz, ədalətlə və qanunlara müvafiq həyata keçirilir. Həmin qanunun 18-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri ədalət mühakiməsinin məhkəmə hakimiyyətinin yüksək statusuna uyğun olan, bütün prosessual tələblərin yerinə yetirilməsinə imkan verən, hakimlərin öz iradəsini ifadə etmək azadlığına təsiri istisna edən şəraitdə həyata keçirirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 19.1-ci maddəsinə əsasən hakimin işə baxılmasına aşağıdakı hallarda yol verilmir: - O, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada hakim vəzifəsinə təyin edilməmişsə; - O, Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq işin baxılması üçün nəzərdə tutulmuş hakim deyildirsə; - O, əvvəllər hakim kimi, birinci instansiya məhkəməsində, apellyasiya və kassasiya instansiyalarında, həmçinin yeni açılmış hallar üzrə işin baxılmasında iştirak etmişsə. 19.2-ci maddəsinə əsasən aşağıdakı hallarda hakim işə baxılmasında iştirak edə bilməz və ona etiraz edilə bilər: - O, əvvəllər tərəflərdən birinin nümayəndəsi təyin edilmişsə və ya işdə şahid, ekspert, mütəxəssis, tərcüməçi, məhkəmə iclasının katibi kimi iştirak etmişsə; - O, tərəflərdən biridirsə və ya tərəflərdən birinin və yaxud onun nümayəndəsinin qohumudursa və ya qohumu olmuşsa; - O, şəxsən, bilavasitə və ya dolayı yolla işin nəticəsində maraqlıdırsa, ya da onun obyektivliyinə və qərəzsizliyinə şübhə doğuran kifayət qədər əsas varsa. - Bir-biri ilə qohum olan şəxslərin işə baxan məhkəmə tərkibində iştirakına yol verilmir. 21.1-ci maddəsinə əsasən bu Məcəllənin 19 və 20-ci maddələrində göstərilən hallar olduqda hakim, ekspert, mütəxəssis, tərcüməçi, məhkəmə iclasının katibi özü-özünə etiraz etməyə borcludur. İşdə iştirak edən şəxslər də həmin əsaslar üzrə etiraz edə bilərlər. 21.3. Məhkəməyə etiraz edən tərəf etirazın əsaslarını sübut etməlidir. Məhkəmə kollegiyası qeyd olunan hüquq normalarına əsaslanaraq qeyd edir ki, Ağcabədi Rayon Məhkəməsində mülki işin baxılmasına mane olan hallar müəyyən edilməmişdir. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin şikayətində göstərdiyi hallar hakimə etiraz üçün əsas deyildir. Belə ki, hakim tərəfindən miras əmlakın qəbulu müddətinin uzadılması barədə iddiaya baxılması, sonradan həmin hakim tərəfindən miras əmlakın bölgüsü barədə iddiaya baxılmasını istisna etmir. Hakimin miras əmlakın qəbulu müddətinin uzadılması barədə iddiaya baxması həmin hakimin artıq işə maraqlı olması kimi cavabdeh tərəfindən qəbul edilsə də, kollegiya bu fikirlə razılaşmır. Belə ki, miras əmlakın qəbulu müddətinin uzadılması barədə iddialarda əmlakın bölgüsü məsələsi həll edilmir. Ona görə də hakimin işin nəticəsinə maraqlı olması barədə cavabdehin irəli sürdüyü dəlillər əsassızdır. Həmçinin məhkəmədə ədalətli qərarın qəbul edilməsi cavabdeh tərəfin mənafeyinə uyğun olması mənasına gəlməməlidir. Mülki iş üzrə mübahisə zamanı sübutların təqdim edilməsi mülki iş üzrə tərəflərin vəzifəsidir. Məhkəmələr isə yalnız təqdim edilmiş sübutlar əsasında yekun məhkəmə aktı qəbul edir. Bu baxımdan məhkəmə kollegiyası qeyd edilən etirazın əsassız olduğundan təmin edilməməsi qənaətindədir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 19- 22, 263 və 264-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı cavabdehlər Ağcabədi Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinə, Cavabdeh2 və Cavabdeh3 qarşı miras əmlak üzərində payların müəyyən edilməklə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi tələbinə dair 2(017)-633/2024 saylı mülki iş üzrə Ağcabədi Rayon Məhkəməsinin sədri X2 və bütün məhkəmə tərkibinə Cavabdeh2 tərəfindən verilmiş etiraz təmin edilməsin. Mülki iş baxılması üçün Ağcabədi Rayon Məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-802/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-802/2024
04.04.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver