Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-806/2024 08.08.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı 3.61 ha torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin təsdiq edilməsi və ya pul tələbinə dair mülki iş üzrə Açar sözlər: alqı-satqı müqaviləsinin təsdiqi və ya pul və vurulmuş ziyan tələbi. X4 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Hüseynov Fikrət Cilingir oğlu və Kərimov Tale Suliddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi, İddiaçı, Cavabdeh3 nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı 3.61 ha torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin təsdiq edilməsi və ya pul tələbinə dair mülki iş üzrə Beyləqan Rayon Məhkəməsinin 2(020)-47/2023 saylı, 25 aprel 2023-cü il tarixli (hakim Ramiz Nurullayev) qətnaməsindən cavabdeh X2 və Cavabdeh3 nümayəndəsi və vəkili Nümayəndə tərəfindən birgə verilmiş apellyasiya şikayətinə Şirvan apellyasiya məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 (Bəhri) oğlu arasında xx.xx.2003-cü il tarixdə bağlanılmış 3.61 ha torpaq sahəsinin alqı-satqısına dair müqavilənin təsdiq edilməsi və ya 3.61 ha torpaq sahəsini almaq üçün cavabdehlərə köhnə pulla ödədiyi 10.830,000 (on milyon səkkiz yüz otuz min) manat pulun indiki iddia ekvivalentinin yəni 10.263,87 (on min iki yüz altmış üç manat səksən yeddi qəpik) manat məbləğində pulun, mütəxəssis rəyi üçün ödədiyi 225 (iki yüz iyirmi beş) manat pulun və ödədiyi 122 (bir yüz iyirmi iki) manat dövlət rüsumu məbləğinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Bəhri oğlundan alınıb ona verilməsi tələbinə dair məhkəmədə iddia qaldırmışdır. Birinci instansiyha məhkəməsində İddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddia tələbinin həcminin dəyişdirilməsi barədə ərizə verərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 arasında xx.xx.2003-cü il tarixdə bağlanılmış 3.61 ha torpaq sahəsinin alqı-satqısına dair müqavilənin təsdiq edilməsi və ya 3.61 ha torpaq sahəsini almaq üçün cavabdehlərə əvvəlki pulla ödədiyi 10.830,000 (on milyon səkkiz yüz otuz min) manat pulun indiki ekvivalentinin və 2,5 ha torpaq sahəsində əkdiyi yonca sahəsinə vurulmuş ziyana görə cəmi 10200 manat pulun, mütəxəssis rəyi üçün ödədiyi 225 (iki yüz iyirmi beş) manat pulun və ödədiyi 122 (bir yüz iyirmi iki) manat dövlət rüsumun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin dəyişdirilməsi birinci instansiya məhkəməsində qəbul edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Beyləqan rayon Aqrar İslahat Komissiyasının “Torpağın mülkiyyətə verilməsinə dair” JN 117 saylı, KOD 60714038 seriyalı Dövlət aktına əsasən həmkəndlisi Beyləqan rayonunun Türklər qəsəbə sakini Cavabdeh1 və onun ailə üzvlərinin mülkiyyətinə verilən ümumi torpaq sahəsindən 3.61 hektar pay topraq sahəsini xx.xx.2003-cü il tarixdə Cavabdeh1 və ailə üzvlərinə əvvəlki pulla hər hektarının qiyməti 3.000000 (üç milyon) manat olmaqla cəmi 10.830,000 (on milyon səkkiz yüz otuz min) manat nağd pul verməklə birdəfəlik almışdır. Həmin torpaq sahəsini alarkən cavabdehlərlə aralarında yüksək səviyyədə inam və etibar olduğundan və Cavabdeh1 təcili olaraq Türkiyə Respublikasına getdiyindən alqı-satqını notarial qaydada sənədləşdirə bilməmişlər. Lakin həmin vaxt hər ehtimala qarşı onun və cavabdehlərin iştirakı ilə öz aralarında yazılı qaydada alqı-satqı müqaviləsi tərtib etmişlər. Həmin alqısatqı müqaviləsi onun, cavabdehlərin imzaları ilə imzalandıqdan sonra Türklər Bələdiyyəsinin sədrinin möhürü ilə təsdiq edilmişdir. Həmin torpaq sahəsini alarkən cavabdehin və onun ailə üzvlərinin hər birinin razılığı və xeyir duası ilə alqı-satqı etmişdir. Həmçinin torpaq sahəsini alarkən bütün Türklər qəsəbi sakinləri bu alqı-satqıdan xəbərdar olmuşlar. Həmin torpaq sahəsini aldığı gündən etibarən son zamanlara kimi istifadə etməklə həmin torpaq sahəsinə külli miqdarda xərc qoyaraq abadlaşdırma və yaxşılaşdırma işləri apararaq tam yararlı vəziyyətə gətirmişdir. Belə ki, aldığı torpaq sahəsində hamarlanma işlərinin aparılmasına, arxların çəkilməsinə xeyli miqdarda vəsait xərcləmişdir. Lakin son zamanlar cavabdeh ona hazırda kənddə torpaq sahəsinin bahalaşdığını və həmin torpağı başqa şəxslərə satacağını bildirmişdir. Ona torpağı 2003cü ildə 10.830,000 (on milyon səkkiz yüz otuz min) manat pula satdığını bildirsə də Cavabdeh3 aralarında olan alqı-satqı müqaviləsinin şərtlərini pozaraq onlardan aldığı 3.61 ha torpaq sahəsini özbaşına şumlatdırmışdır. Həmin torpaq sahəsində yonca və lobya əkmişdir. Cavabdeh3 həmin torpaq sahəsini qanunsuz olaraq şumladaraq ona külli miqdarda ziyan vurmuşdur. Yaxın qohum olduqlarına görə həmin ziyanın çox hissəsini onlardan tələb etmir. Hələ də, hesab edir ki, cavabdehlər tutduqları əməllərindən peşman olacaq və həmin torpaq sahəsini onun mülkiyyətinə keçirəcəklər. Hazırda həmin ərazidə torpağın bir hektarının dəyəri təxminən 7000 manat təşkil edir. Bununla da, həmin ərazidə 3,61 ha torpaq sahəsi almaq üçün təxminən 25000 manat məbləğində pul lazım olacaqdır. Odur ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 arasında xx.xx.2003-cü il tarixdə bağlanılmış 3.61 ha torpaq sahəsinin alqı-satqısına dair müqavilənin təsdiq edilməsi və ya 3.61 ha torpaq sahəsini almaq üçün cavabdehlərə əvvəlki pulla ödədiyi 10.830,000 (on milyon səkkiz yüz otuz min) manat pulun indiki ekvivalentinin və 2.5 ha torpaq sahəsində əkdiyi yonca sahəsinə vurulmuş ziyana görə 10200 manat pulun, mütəxəssis rəyi üçün ödədiyi 225 (iki yüz iyirmi beş) manat pulun və ödədiyi 122 (bir yüz iyirmi iki) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində Cavabdeh3 iddianı qəbul etməmiş və izahatında göstərmişdir ki, Beyləqan rayon Aqrar İslahat Komissiyasının 02 iyun 1998-ci il tarixli qərarına əsasən qayınanası Cavabdeh1 və arvadı Təranə Mudrabovanın mülkiyyətinə 3.61 hektar pay topraq sahəsi verilmişdir. Onlar həmin torpaq sahəsindən birlikdə istifadə etmişlər. Həmin torpaq sahəsini 30 avqust 2003-cü ildə iddiaçıya icarəyə vermişlər. İdddiaçıya torpağı icarəyə verməsi barəsində aralarında sənəd tərtib edilmiş, həmin sənədə imza etmişlər. Sənədi imzaladıqdan sonra icarə pulunu qayınanası almışdır. İddiaçı ilə aralarında alqı-satqı müqaviləsi bağlanmamışdır. Azərbaycandan kənarda yaşadığından torpaq üçün verilən subsidiyanı iddiaçı almışdır. Hər il Azərbaycana gəlmiş, lakin onu notariusa dəvət etməmişlər. İddiaçının torpağa əkdiyi məhsulu götürməsini gözləmiş, sonra isə yeri şumlamışdır. Torpağı birdəfəlik iddiaçıya satsaydı notariusda alqısatqı müqaviləsi bağlayardılar. Ona görə də iddianın rədd edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birinci instansiya məhkəməsində iştirak etmədiyindən onların mövqeyi bəlli olmamışdır. Beyləqan Rayon Məhkəməsinin 2(020)47/2023 saylı, 25 aprel 2023-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh1 torpaq alqı-satqısına görə 2166 (iki min yüz altmış altı) manat, dəymiş ziyana görə Cavabdeh3 (Bəhri) oğlundan 4985 (dörd min doqquz yüz səksən beş) manatın alınıb İddiaçı verilməsi, iddiaçı tərəfindən mütəxəssis rəyi üçün ödənilmiş 150 (yüz əlli) manatın Cavabdeh3, dövlət rüsumuna görə ödənilmiş 90 (doxsan) manatın cavabdehlər Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada alınıb İddiaçı İsbəndi oğluna verilməsi, iddianın torpaq alqı-satqı müqaviləsinin təsdiq edilməsinə dair hissədə və Cavabdeh2 qarşı rədd edilməsi, dövlət rüsumuna görə ödənilmiş 32 (otuz iki) manatın və qiymətləndirmə rəyi üçün ödənilmiş 75 (yetmiş beş) manat pulun iddiaçıya aid edilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən cavabdeh X2 və Cavabdeh3 nümayəndəsi və vəkili Nümayəndə birgə apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, məhkəmə iddia tələbinin əsassız olmasına dair kifayət qədər sübutlar olmasını, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş saxta və hansı şəraitdə tərtib edilməsi bəlli olmayan və biri digərinə uyğun gəlməyən imzaların edildiyi alqı-alqı müqaviləsini əsas götürmüş, əslində iddiaçı ilə aralarında torpaq icarə müqaviləsi bağlanmasını nəzərə almamış və onlar tərəfindən irəli sürülən dəlilləri araşdırmamış, şahidlərimizin dindirilməsini təmin etmədən ədalətli araşdırma aparılması hüquqlarını pozmuşdur. Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin maddənin tələblərindən çıxış edərək bildirir ki, mübahisəli torpaq sahəsi Beyləqan rayon Aqrar İslahat Komissiyasının 02 iyun 1998-ci il tarixli qərarı ilə verilmiş JN 117 KOD 60714038 saylı Dövlət Aktına əsasən onların ümumi mülkiyyətində olan torpaq sahəsidir. İddiaçı həmin torpaq sahəsinə heç bir hüququ olmayan şəxs olduğundan onun yəni Cavabdeh3 özlərinə məxsus torpaqdan istifadə etməyi iddiaçıya hər hansı zərər vurma kimi dəyərləndirilə bilməz. Bununla belə bildirir ki, iddiaçı torpaq sahəsini 2022-ci ilin ayında ona təhvil vermiş və həmin tarixə kimi o, torpaqda əkdiyi yoncanı biçmiş və lobya məhsulunu da yığıb götürməsinə icazə vermişdir. Torpaq sahəsi boş olduqdan sonra o, həmin torpaqda əkin işlərinə başlamışdır. Bu barədə o, telefonla videoçəkiliş də aparmışdır. Həmin diski şikayətinə əlavə edir. Lakim məhkəmə iddiaçının həmin torpaqdan nə zaman çıxmasını və torpağı hansı şəkildə ona təhvil verməsini, torpaqda olan məhsulu götürüb-götürmədiyini araşdırmamış, beləliklə də iddiaçıya dəymiş zərərin nədə əks olunmasını əsaslandırmadan onun iddiaçıya zərər vurmağına dair səhv qənaətə gəlmişdir. Yəni məhkəmə iddia tələbinə Mülki Məcəllənin 21-ci maddəsni tətbiq etməkdə haqsız olmuşdur. Məhkəmə torpaq sahəsinin icarəyə verilib-verilmədiyini, iddiaçının 19 ilərzində torpaqdan istifadə müddətində nə qədər gəlir əldə etməsini, müqavilədə göstərilmiş məbləğin iddiaçının əldə etdiyi gəlirlə müqayisədə az və ya çox olmasını, iddiaçıya dəymiş zərərin real olub-olmamasını, iddiaçının torpaqdan çıxması üçün ona hansı vaxtdan xəbərdarlıq edilməsini və onun hansı tarixdə torpaqdan çıxmasını və həmin zaman torpaqda onun tərəfindən becərilmiş hansı məhsulun olmasını və ümumiyyətlə orada hər hansı məhsulun olub-olmamasını, zərərin hansı şəraitdə və nə zaman dəydiyini, iddiaçının iddia tələbində qeyd etdiklərinin həqiqət olmaması kimi mühüm halları aydınlaşdırmamışdır. Məhkəmə dəymiş maddi ziyanla baglı özəl ekspert rəyinə əsaslansa da, həmin ekspert rəyinin hansı şəraitdə yazılması, ekspert rəyində yazılmış iddiaçıya dəymiş maddi ziyanın hansı sübutlara əsasən tərtib edildiyi, ekspertin torpaq sahəsinə baxış keçiribkeçirməməsini, torpaq sahəsinin hansı hissəsinə hansı növ bitki əkilib-əkilmədiyini ,torpaq sahəsi şumlanarkən əkinin olub-olmamasını araşdırmamış, özəl ekspert rəyində qeyd edilmiş maddi ziyanın məbləğinin hansı əsasla, sübutla, hansı meyarla hesablanması qaydasına aydınlıq gətirmədən qəbuledilməz ekspert rəyini sübut kimi qəbul edərək həmin ziddiyyətli, qərəzli, qeyri-mötəbər sübut əsasında qətnamə qəbul etmişdir. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. ç) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmə prosesində iştirak edən Cavabdeh3 nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Əlavə olaraq göstərmişdir ki, iddiaçının məhkəməyə təqdim etdiyi qiymətləndirmə rəyini əsaslı hesab etmir. Belə ki, həmin rəydə qeyd edilmişdir ki, hazırkı rəy başqa bir iş üzrə təqdim edilmiş rəy əsasında verilmişdir. Həmçinin göstərmişdir ki, iddiaçı polis şöbəsində verdiyi izahatında göstərmişdir ki, mübahisəli torpaq sahəsinə əkmiş olduğu yonca, lobya və süpürgə bitkisinin məhsullarını biçərək götürmüşdür. Belə olan halda hansı vurulmuş maddi zərərdən söhbət gedə bilər. Bundan başqa iddiaçı qeyd edilən torpaq sahəsinə əkdiyi yoncanı artıq 2 dəfə biçmiş olmuşdur. Buna qədər cavabdehlər iddiaçıdan məhsulunu götürdükdən sonra torpaq sahəsinin boşaldılması ilə bağlı ona xəbərdarlıq etmişlər. İddiaçı apellyasiya şikayətinin dəlillərinə qarşı etirazlarını bildirərək, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Əlavə olaraq göstərmişdir ki, qeyd edilən torpaq sahəsini cavabdehlərdən öz aralarında bağlanmış yazılı müqavilə ilə almışdır. Bildirmişdir ki, həmin torpaq sahəsinin 2.5 ha hissəsinə yonca, sonuncu 2022-ci ildə qalan hissəsinə isə süpürgə və lobya əkmişdir. Bildirmişdir ki, yonca bitkisini 2-3 il əvvəl əkmiş və sonuncu 2022-ci ildə yoncanı iki dəfə biçməklə məhsulunu götürmüşdür. Qeyd etmişdir ki, yoncanı ildə 4-5 dəfə, elə ərazilər olur ki, ildə 6 dəfə biçilir. Cavabdehlərin apellyasiya şikayətini əsassız hesab etmişdir. Digər cavabdehlər apellyasiya baxışında iştirak etməmişdir. Müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, digər cavabdehlər apellyasiya baxışında iştirak etməmişlər. Məhkəmə Kollegiyası işə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, məhkəmə kollegiyası cavabdehlər tərəfindən birgə verilmiş apellyasiya şikayətinin dəlilləri həddində, birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Hamin Məcəllənin 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binam, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istfadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi G etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Birinci instansiya məhkəməsinin qətnaməsindən müəyyən edilir ki, məhkəmə iddia tələbinin təmin edilməsini tələbin əsaslı və sübut olunması ilə əlaqələndirmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan cavabdehlər apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə ilə razılaşmadığını, Beyləqan Rayon Məhkəməsinin 2(020)-47/2023 saylı, 25 aprel 2023-cü il tarixli qətnaməsi ilə razılaşmadıqlarını qətnamənin ləğv edilərək, iddia tələbinin rədd edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbindən görünür ki, iddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ilə aralarında xx.xx.2003-cü il tarixdə bağlanılmış 3.61 ha torpaq sahəsinin alqı-satqısına dair müqavilənin təsdiq edilməsi və ya 3.61 ha torpaq sahəsini almaq üçün cavabdehlərə əvvəlki pulla ödədiyi 10.830,000 (on milyon səkkiz yüz otuz min) manat pulun indiki ekvivalentinin və 2,5 ha torpaq sahəsində əkdiyi yonca sahəsinə vurulmuş ziyana görə cəmi 10200 manat pulun, mütəxəssis rəyi üçün ödədiyi 225 (iki yüz iyirmi beş) manat pulun və ödədiyi 122 (bir yüz iyirmi iki) manat dövlət rüsumun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh1 torpaq alqı-satqısına görə 2166 (iki min yüz altmış altı) manat, dəymiş ziyana görə isə Cavabdeh3 (Bəhri) oğlundan 4985 (dörd min doqquz yüz səksən beş) manatın alınıb İddiaçı verilməsi və s. qət edilmişdir. Göründüyü kimi torpaq alqı-satqısına görə 2166 manat pul Cavabdeh1, 2.5 ha torpaq sahəsinə dəymiş ziyana görə isə Cavabdeh3 (Bəhri) oğlundan 4985 (dörd min doqquz yüz səksən beş) manatın alınıb İddiaçı verilməsi qət edilmişdir. Cavabdeh1 ondan tutulmalı olan 2166 manat hissədən, Cavabdeh3 (Bəhri) oğlu isə 4985 manat pulun ondan tutulması hissəsindən narazı qalaraq apellyasiya şikayəti vermişlər. Qətnamədən iddiaçı apellyasiya şikayəti verməmişdir. Məhkəmə kollegiyası Cavabdeh1 apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, onun apellyasiya şikayəti əsassızdır. Məhkəmə kollegiyası Cavabdeh3 (Bəhri) oğlunun apellyasiya şikayətinin dəlilləri ilə qismən razılaşaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilməlidir. Belə ki, cavabdehin nümayəndəsi kollegiyanın iclasında bildirmişdir ki, iddiaçı Polis Şöbəsində vermiş olduğu izahatında 2.5 ha torpaq sahəsinə əkmiş olduğu yonca sahəsini biçərək götürmüşdür. İddiaçı kollegiyanın iclasında bildirmişdir ki, həmin torpaq sahəsinin 2.5 ha hissəsinə yonca, sonuncu 2022-ci ildə qalan hissəsinə isə süpürgə və lobya əkmişdir. Yonca bitkisini 2-3 il əvvəl əkmiş və sonuncu 2022-ci ildə yoncanı 2 dəfə biçməklə məhsulunu (otunu) götürmüşdür. Qeyd etmişdir ki, yoncanı ildə 4-5 dəfə, elə ərazilər olur ki, ildə 6 dəfə biçilir. Göründüyü kimi iddiaçı yonca sahəsində olan yonca məhsulunu 2 dəfə biçərək götürdüyünü etiraf edir. Hamıya bəlli olan hal ondan ibarətdir ki, yonca sahəsi ildə orta hesabla 4 dəfə biçilir. Cavabdeh 2022-ci ildə iddiaçının yoncanı ən azından 4 dəfə biçərək otunu götürməsi ilə bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Belə olan halda kollegiya iddiaçının yonca sahəsindən iki dəfə məhsul (ot) götürməsini ilə bağlı etirafını nəzərə alaraq hesab edir ki, 4985 manat pulun yarı hissəsi Cavabdeh3 (Bəhri) oğlundan alınaraq iddiaçıya verilməklə qətnamə dəyişdirilməlidir. Belə ki, qeyd edilən hallar işin konkret hallarına və təqdim edilmiş məlumatlara uyğun və real olmaqla ağlabatandır. MPM-in 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Qətnamədən görünür ki, cavabdehlərdən ayrı-ayrılıqda tutulmalı olan məbləğlər (2166 və 2492.5 manat) 5000 manatdan yuxarı deyildir. Buna görə də qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və MPM-in 372, 384, 385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh X1 apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh3 (Bəhri) oğlunun nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Beyləqan Rayon Məhkəməsinin 2(020)-47/2023 saylı, 25 aprel 2023-cü il tarixli qətnaməsi- Cavabdeh3 (Bəhri) oğlundan 4985 manat pul vəsaitinin tutulmasına dair hissədə dəyişdirilsin. Cavabdeh3 (Bəhri) oğlundan tutulmalı olan məbləğ 2492.5 (iki min dörd yüz doxsan iki manat, əlli qəpik) manat müəyyən edilsin. Qətnamə qalan mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-806/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-806/2024
08.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver