Məhkəmə qərarları › İş №2(106)-810/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-810/2023

08.05.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-810/2023 08.05.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 Əsədov (sədrlik edən və məruzəçi), Samir İlham oğlu Mayılov və Tofiq Xudayar oğlu Heydərovdan ibarət tərkibdə, Füzuli Rayon Məhkəməsinin 03 fevral 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə (“Azəriqaz” İB-yə) qarşı qanunsuz hesablanmış borcun silinməsi tələbinə dair mülki açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı cavabdeh «Azəriqaz» İB-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, «Azəriqaz» İB-nin əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli, ******* nömrəli akta əsasən əsassız hesablanmış 1036.80 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini əsaslandırarkən göstərmişdir ki, daimi yaşadığı Füzuli rayonu, Alxanlı kəndindəki evində qazdan istifadəyə görə qaz sərfiyyatını hesablamaq üçün «Azəriqaz» İB-nin mütəxəssisləri tərəfindən “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” akt tərtib edilmiş, həmin aktda sayğacda olan qaynaq və yivli birləşmələr təzyiq altında sabun köpüyü ilə yoxlanılıb heç bir sızma aşkar edilməmişdir. Qaz sayğacı texniki qaydalara cavab verdiyinə görə ona təhvil verilmişdir. Həmin vaxtdan qaz sayğacına daim nəzarət edərək, sayğaca hər hansı müdaxilənin edilməsinə yol verməmişdir. Abonent kimi həmişə işlətdiyi təbii qaza görə vaxtlı-vaxtında ödəniş etmişdir. Lakin sonradan qaz sayğacının hesablama mexanizminin plastmas qapağının alt hissəsinin deşici alətlə deşilməsi səbəbindən guya qaz itkisi olmuş və bu barədə xx.xx.2022-ci il tarixdə, ******* nömrəli akt tərtib edilərək, 8640 m3 qaz itkisinin dəyərini təşkil edən 1036.80 manat pulun ondan əsassız olaraq ödənilməsi tələb olunur. Əslində isə sayğac ona təhvil verilmiş vəziyyətdə olmaqla heç bir qaz itkisi olmamış, sayğaca daim nəzarət etmişdir. Qaz sayğacına heç bir müdaxilə edilmədiyi halda, daxilində baş vermiş texniki nasazlığa görə ondan 1036.80 manat pulun tələb olunması qanunsuz və əsassızdır. Bu barədə sayğaca baxış keçirən mütəxəssislərə bildirmişdir. Buna baxmayaraq ondan 1036.80 manat dəymiş ziyanın ödənilməsi əsassız olaraq hazırda tələb olunur. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (Azərbaycan Respublikasının MPM-nin və ya MPM-in) 284-1-ci maddəsinə tələblərinə əsasən iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq, mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Cavabdeh tərəfin iddiaya qarşı müvafiq etirazı və ya münasibəti məktubu daxil olmamışdır. Füzuli Rayon Məhkəməsinin (hakim Y.Həşimov) 03 fevral 2023-cü il tarixli qətnaməsi ilə İddiaçı iddiası təmin olunmuş, İddiaçı (abonent kodu **********00030) itirilmiş qaz sərfinə görə cavabdeh «Azəriqaz» X2 X4 İdarəsi tərəfindən tərtib edilmiş 26 dekabr 2022-ci il tarixli, ******* saylı akta əsasən hesablanmış 1036.80 manat (8640 m3 qaz sərfinə görə) məbləğində borcun silinməsi qət edilmişdir. Qətnamədən cavabdeh “Azəriqaz” İstehsalat Birliyi apellyasiya şikayəti vermişdir. Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuşdur. Şikayətə görə, birinci instansiya məhkəməsi işi düzgün araşdırmamışdır. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasında sadələşdirilmiş icraat qaydasında baxılmış iş üzrə qətnamədən verilmiş apellyasiya şikayətinə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 394-1.1-ci maddəsinə əsasən yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və dinlənilmək üçün tərəflər çağırılmadan apellyasiya qaydasında baxılacağı barədə tərəflərə müvafiq bildiriş göndərilmiş, müəyyən edilmiş müddətə qədər şikayətə qarşı əsaslandırılmış yazılı etiraz və ya vəsatətin Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına göndərmək hüququnun olduğu tərəflərə bildirilmişdir. İddiaçı Əyyub oğlu məhkəməyə teleqram göndərərək, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə Kollegiyası, Azərbaycan Respublikasının MPM-nin 394-1.3-cü maddəsinə əsasən işə işdə olan sənədlər əsasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə Kollegiyası məruzəni dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. İşin hallarından görünür ki, iddiaçının yaşadığı evə gedən təbii qaz borusu üzərində quraşdırılmış qaz sayğacı “Azəriqaz” İB-nin nümayəndələri tərəfindən xx.xx.2022-ci il tarixli aktla çıxarılmışdır. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında 26 dekabr 2022-ci il tarixli akt tərtib edilmişdir. Həmin akta görə, sayğacın hesablama mexanizminin plastmas qapağının alt hissəsi deşici alətlə deşilmiş, çıxış birləşmədən stusser açılmamışdır, sayğac istismara yararsızdır, sayğacın dəyəri və itirilmiş təbii qaza görə hesablacaq məbləğ abonent tərəfindən tam ödənilməlidir. Akt üzrə xx.xx.2022-ci il tarixli qərarla 90 gün müddət üzrə İddiaçı 1036,80 hesablanmışdır. İddia tələbi ilə bağlı Kollegiya aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kollegiya qeyd edir ki, cavabdeh Şirkətə ziyanın vurulmasını, vurulmuş ziyanın miqdarını, ziyanın abonent (iddiaçı) tərəfindən vurulduğunu, onun qanunazidd hərəkətlərinin olmasını və bu hərəkətlərlə ziyan arasında səbəbli əlaqənin olmasını sübuta yetirmək cavabdeh şirkətin üzərindədir. «Qaz təchizatı» haqqında Azərbaycan Respublikasının 30 iyun 1998-ci il tarixli Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. «Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli, 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, sayğac iddiaçının yaşadığı evin daxilində deyil, çöldə, ümumi istifadə edilən yolda quraşdırılmışdır və bu səbəbdən onun sayğaca kənar müdaxiləyə nəzarət etməsi qeyri-mümkündür. Belə olan halda iddiaçı haqlı olaraq əsassız yazılmış borcun silinməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Kollegiya qeyd edir ki, təqdim edilmiş sübutlar, sayğacın abonentin iştirakı və məlumatı olmadan ekspertizaya göndərildiyini və aktın onun iştirakı və məlumatı olmadan tərtib olunduğunu təsdiq edir. Kollegiya hesab edir ki, abonent tərəfindən sayğaca müdaxilə edilməsi sübuta yetirilmədiyindən istehlakçı məsuliyyət daşımamalıdır. Bundan başqa, müəyyən edilir ki, 90 günlük müddət üzrə borc hesablanmışdır. Bu hissədə də hesablanmış borc qanuni hesab edilə bilməz. Belə ki, “Qazdan istifadə Qaydaları”nın 4.9-cu maddəsinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Qaydaların 5.4-cü bəndinə əsasən qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. Qaydalarda başqa hesablama üsulu yoxdur. Hazırkı halda sayğacın nasazlığı barədə aktın və borcun hesablanması üzrə qərarın qanuniliyini sübuta yetirmək cavabdehin üzərindədir. Cavabdeh bu halları sübuta yetirə bilməmişdir. Kollegiya hesab edir ki, iddiaçının tələbi əsaslıdır. Cavabdeh tərəf öz etirazını əsaslandıra bilməmişdir. Kollegiya iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və hesab edir ki, məhkəmə iddianı təmin edərkən doğru qənaətə gəlmişdir. Beləliklə, Kollegiya apellyasiya şikayətinin dəlillərini əsassız sayır və hesab edir ki, şikayətdə göstərilənlər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Apellyasiya şikayəti təmin edilmədiyindən, şikayətin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehə aid edilir. Azərbaycan Respublikasının MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı halda mübahisələndirilən hissədə iddianın qiyməti (azaldılması tələb edilən məbləğ) Qanunla müəyyən edilmiş həddən az olduğu üçün qətnamədən kassasiya qaydasında şikayət verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 382, 384.0.1, 392 və 393-cü maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qətetdi: Cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin apellyasiya şikayəti təmin edilməsin. Füzuli Rayon Məhkəməsinin 03 fevral 2023-cü il tarixli, 2(064)-279/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya qaydasında şikayət verilə bilməz. Sədrlik edən İlham Əsədov Hakimlər Samir Mayılov Tofiq Heydərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar