Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-810/2024 15.04.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Səfərov Rəşad Ramazan oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “əsassız hesablanmış borcun silinməsi tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Hacıqabul Rayon Məhkəməsinin 2(071)-231/2024 saylı, 22 fevral 2024-cü il tarixli qətnaməsindən Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə baxaraq, MÜƏYYƏN ETDİ: Hacıqabul Rayon Məhkəməsinin 22 fevral 2024-cü il tarixli, 2(071)-231/2024 saylı qətnaməsi ilə (sədrlik edən hakim Orxan Bayramov) iddia təmin edilərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə (abonent kodu **********000) Cavabdeh ASC tərəfindən hesablanmış 275,40 manat borcun silinməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh ASC apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində Hacıqabul Rayon Məhkəməsinin 22 fevral 2024-cü il tarixli, 2(007)-231/2024 saylı qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsini və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15 manat dövlət rüsumunun iddiaçıdan cavabdehin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehin apellyasiya şikayətinin mümkünlüyünü yoxlayan məhkəmə kollegiyası hesab edir ki, aşağıdakılara əsasən cavabdehin apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və onların qəbulundan imtina edilməlidir. Apellyasiya şikayətinin “Apellyasiya şikayəti verən şəxsin tələbi” hissəsində apellyasiya şikayəti verən şəxs özünün tələblərini aydın göstərməli, yəni, məhkəmə aktının tam və ya qismən ləğv edilməsinə və yaxud dəyişdirilməsinə və mübahisənin həlli ilə bağlı nə barədə qərarın qəbul edilməsinə dair tələblərini dəqiq bildirməlidir. Lakin cavabdeh öz tələbini dəqiq göstərməmiş, hazırda ləğv olunmasını tələb etdiyi qətnamənin nömrəsi 2(071)-231/2024 olsa da, o, öz tələbində yanlış olaraq qətnamənin nömrəsini 2(007)-231/2024 şəklində qeyd etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361.1.4-cü maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi göstərilməlidir. Bundan başqa, cavabdehin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə elektron sənəd şəklində verdiyi apellyasiya şikayətinin məzmunundan görünür ki, cavabdeh apellyasiya şikayətinin məzmununa 2 fərqli iş üzrə apellyasiya şikayətini əlavə etmişdir. Belə ki, eyni elektron sənəddə “Elektron məhkəmə” informasiya sisteminə yerləşdirilmiş apellyasiya şikayətinin məzmununda həm Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına, həm də Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına ünvanlanmış (ünvan 3 tarixli qətnaməsindən verilmiş) apellyasiya şikayətləri mövcuddur. Qeyd edilən hal isə cavabdehin hazırkı apellyasiya şikayətinin qeyrimümkün hesab edilməsi üçün əsasların olduğunu göstərir. Cavabdehə yenidən apellyasiya şikayəti vermək istədikdə apellyasiya şikayətini MPM-in 361-ci maddəsinin tələblərinə uyğun olaraq MPM-in 2 saylı Əlavəsində göstərilmiş formada tərtib etməsi tövsiyə olunur. MPM-in 363.1.1-1-ci maddəsinə əsasən, apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. MPM-in 364.1-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Lakin hazırkı iş üzrə birinci instansiya məhkəməsi apellyasiya şikayətinin MPM-in tələblərinə uyğunluğunu yoxlamadan onları əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərmiş, bununla da mülki-prosessual qanunvericiliyin tələblərini pozmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli, onun MPM-in 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması məqsədilə mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. MPM-in 366.3-cü maddəsinə əsasən, apellyasiyanın mümkünlüyü üzrə məhkəmə qərardad çıxarır. Şərh edilənlərə əsasən və MPM-in 263, 264, 361, 363, 364 və 366-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: Hacıqabul Rayon Məhkəməsinin 2(071)-231/2024 saylı, 22 fevral 2024-cü il tarixli qətnaməsindən Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Mülki iş apellyasiya şikayətinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün Hacıqabul Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə qanunla müəyyən edilmiş qaydada kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(106)-810/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-810/2024
15.04.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver