Məhkəmə qərarları › İş №2(106)-810/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-810/2025

08.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-810/2025 08.07.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Əhmədov Pərviz Tərlan oğlunun sədrliyi ilə, hakimlər Əsədov İlham Qoşunəli oğlu və Əliyev Qasım Vəli oğlundan ibarət məhkəmə tərkibində, Rüstəmov Cavid Emin oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2, Cavabdehin nümayəndəsi Nümayəndə3 Lənkəran oğlunun iştirakları ilə, "xxxx" MMC-nin Cavabdeh qarşı borc tələbi barədə mülki iş üzrə Laçın Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(047)-673/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə baxıb MÜƏYYƏNETDİ: Laçın Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim Rəşad Nuriyev) iddia qismən təmin edilmiş, Cavabdeh hər iki müqavilə üzrə cəmi 2986,59 manat əsas, 50 manat cərimə, ümumilikdə 3036,59 manat borc pul və ödənilmiş dövlət rüsumunun 51 manatı tutulub "xxxx" MMC-nin xeyrinə ödənilməsi, ödənilmiş dövlət rüsumunun 1,85 manatı iddiaçının hesabına aid edilməsi və iddia tələbinin qalan hissədə isə rədd edilməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir. İŞİNHALLARİ: "xxxx" Cavabdeh qarşı borc tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. "xxxx" MMC-nin nümayəndəsi ərizəni onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli müqavilələrə əsasən cavabdeh iddiaçıdan 2 ədəd mobil telefon, 2 ədəd adapter almış və nəticədə 3285 manat borc yaranmışdır. Cavabdeh müqavilələrin şərtlərini pozmuş və nəticədə xx.xx.2023-cü il tarixli müqaviləyə və əlavəyə əsasən alqı-satqı qiyməti 2374,92 manat olan 1 ədəd mobil telefon, 1 ədəd adapter üçün cəmi 2612 manat olmaqla, ondan 2374,92 manat ödənilməmiş hissə, 237,08 manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləyə və əlavəyə əsasən alqı-satqı qiyməti 1302,12 manat olan 1 ədəd mobil telefon, 1 ədəd adapter üçün cəmi 673 manat olmaqla, ondan 611,67 manat ödənilməmiş hissə, 61,33 manat cərimə pulu borcu hesablanmışdır. Cavabdehin ödədiyi məbləğ cəmi 690,45 manat məbləğ təşkil edir. Odur ki, 2 ədəd mobil telefon və 2 ədəd adapter üçün cəmi 2986,59 manat ödənilməmiş hissə, 298,41 manat dəbbə pulu, ümumilikdə 3285 manat pulun və 52,85 manat dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" MMC-nin xeyrinə tutulmasını xahiş etmişdir. İşdə olan: xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli müqavilələrdən və əlavələrdən görünür ki, cavabdeh iddiaçıdan 2 ədəd mobil telefon və 2 ədəd adapter almışdır. Maliyyə arayışdan görünür ki, cavabdehin hər iki müqavilə üzrə cəmi 2986,59 manat əsas, 298,41 manat cərimə məbləği, ümumilikdə 3285 manat borcu qalmışdır. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddianın məhkəmə tərəfindən təmin edilməsi tam qanunsuz və əsassızdır. Belə ki, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən telefon əldə etdikdən sonra evdə hesab apararaq telefonun qiymətnin deyildiyindən çox baha olduğunu bilmişdir. Bundan sonra dərhal "xxxx" MMC-nə gedərək bu barədə məlumat vermişdir. Bu barədə araşdırılma aparılacağını bildirərək telefonu ondan təhvil aldılar. O, telefonun ondan təhvil alındığına görə həmin telefona görə ödəniş tələb olunmayacağını düşünərək ödəniş etməmişdir. "xxxx" MMC tərəfindən ona heç bir xəbərdarlıq edilməmişdir. "xxxx" MMC tərəfindən onun hüquqları pozulmaqla yanaşı yuxarıda qeyd edilmiş müqavilə üzrə iddiaçı öz öhdəliyini yerinə yetirməmişdir. Apellyasiya baxışında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə3 Lənkəran oğlu apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Apellyasiya baxışında iştirak edən İddiaçının nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə tərkibi tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini, habelə iş materiallarını və sübutları araşdırıb, həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, iddia qisməm təmin edilməlidir. HÜQUQİMƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Ona görə də, məhkəmə tərkibi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq birinci instansiya məhkəməsinin qətnaməsini apellyasiya şikayətinin dəlilləri üzrə mübahisələndirilən hissədə yoxlanılmasını düzgün hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin : 581.1.-ci maddəsinə əsasən satıcı alıcıya keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. 587.2.-ci maddəsinə əsasən əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə: 587.2.1. alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin; 587.2.2. lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin. Məhkəmə tərkibi aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Apellyasiya instansiyası məhkəməsi iş üzrə mövcud sübutları və tərəflərin təqdim etdiyi izahatları hərtərəfli araşdıraraq belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunvericiliyin tələblərinə və işin real hallarına uyğun şəkildə qəbul edilməmiş, nəticə etibarilə ədalətli qərar qəbul olunmamışdır. Belə ki, birinci instansiya məhkəməsi iddiaçı ilə cavabdeh arasında xx.xx.2023-cü il tarixində bağlanmış müqaviləni qiymətləndirərkən müqavilənin bağlanması, icrası və ləğv olunması ilə bağlı baş vermiş ayrı-ayrı hüquqi situasiyaları bir-birindən fərqləndirmədən, onları vahid hüquqi münasibət kimi dəyərləndirmiş və nəticədə işə hüquqi cəhətdən qeyridəqiq qiymət vermişdir. İş materiallarından və apellyasiya şikayətindən göründüyü kimi, cavabdeh xx.xx.2023-cü il tarixli müqavilə üzrə telefonun alışından sonra onun qiymətinin razılaşdırılandan daha yüksək olduğunu müəyyən etdikdən dərhal sonra "xxxx" MMC-yə müraciət etmiş və bu məsələ ilə bağlı araşdırma aparılacağı bildirilmişdir. Həmin görüş zamanı cavabdeh həmin müqavilə əsasında alınmış telefon təhvil alınmış, lakin nə yazılı akt tərtib edilmiş, nə də cavabdehə ödənişin davam etdirilməsi barədə aydın hüquqi mövqe təqdim olunmuşdur. Əldə olan sübutlardan görünür ki, cavabdeh telefonu təhvil verdikdən sonra onun geri qaytarılmaması və heç bir izahat verilməməsi, bu öhdəliklə bağlı qeyri-müəyyən vəziyyət yaratmış və ödənişin dayandırılmasına səbəb olmuşdur. Bu halda, iddiaçının adıçəkilən xx.xx.2023-cü il tarixli müqavilə üzrə cavabdehdən ödəniş tələb etməsi, tərəflər arasında yaranmış hüquqi qeyri-müəyyənlik və cavabdehin razılaşdırılmış əmlaka faktiki malik olmaması fonunda qanuna uyğun və ədalətli hesab edilə bilməz. Bundan əlavə, birinci instansiya məhkəməsi tərəfindən işin dəlil və sübutlar əsasında hərtərəfli araşdırılmaması, telefonların hər ikisinin cavabdehdə olubolmamasının dəqiq müəyyən edilməməsi, həmçinin tərəflər arasında sonrakı hüquqi yazışma və münasibətlərin təhlil edilməməsi nəticəsində, yalnız formal müqavilə şərtlərinə əsaslanaraq qərar verilməsi qanunvericiliyin maddi və prosessual normalarına zidd olmuşdur. Habelə qeyd edilməlidir ki, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən İMEİ kodu **********63974 olan “Samsung Galaxy A53” markalı mobil telefon və “Samsung 25W Charger” cihazına görə ödənilməmiş borc hissədə tələb qismən əsaslıdır. Odur ki, məhkəmə tərkibi işin yuxarıda qeyd edilən hallarını nəzərə alaraq belə qənaətə gəlir ki, cavabdeh tərəfin apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə tamamilə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi qismən təmin edilməlidir. Hüquq və vəzifələr hüquq münasibətlərində iştirak edən subyektləri qarşılıqlı surətdə bir-biri ilə bağlayır və əlaqələndirir. Hüquq elmi onlan subyektiv hüquq və subyektiv vəzifə adlandırır. Bu hüquq və vəzifələrin vasitəsi ilə hüquq münasibəti iştirakçıları arasında həmişə ikitərəfli əlaqə yaranır. Bu əlaqənin özü elə hüquq münasibəti deməkdir. Elə bir münasibət ki, bu münasibətdə iştirak edən tərəflərdən birinin malik olduğu hüquq digər tərəfin daşıdığı vəzifəyə uyğun gəlir və ya əksinə, əgər tərəflərdən biri hər hansı müəyyən hüquqa malik olarsa, onda hökmən və mütləq digər tərəfin üzərinə bu hüquqa uyğun gələn vəzifə həvalə edilir və qoyulur. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). MPM-in 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə tərkibi hesab edir ki, dövlət rüsumunun bir hissəsinin əvəzi olaraq 30 (otuz) manat məbləğində pul vəsaiti tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilməli, qalan məhkəmə xərcləri isə tərəflərin özünə aid edilməlidir. Məhkəmə tərkibi şərh olunanlara əsasən və MPM-in 382, 384.0.2, və 392-ci maddələrini rəhbər tutub qətetdi: Apellyasiya şikayəti təmin edilsin. Laçın Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(047)-673/2024 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-ci il tarixli müqavilə üzrə (İMEİ kodu **********63974 olan “Samsung Galaxy A53” markalı mobil telefon və “Samsung 25W Charger”) cəmi 611 (altı yüz on bir) 67 (altmış yeddi) manat əsas, 05 (beş) manat cərimə və dövlət rüsumunun bir hissəsinin əvəzi olaraq 30 (otuz) manat məbləğində pul vəsaiti tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə isə rədd edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar