Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-812/2025 03.06.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Pərviz Tərlan oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əliyev Qasım Vəli oğlu və X1 ibarət məhkəmə tərkibində, Əliyev Kamran Sabir oğlunun katibliyi ilə, Cavabdeh nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə, İddiaçı Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və inkişaf Agentliyinin Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Füzuli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(064)-171/2025 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və inkişaf Agentliyi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2017-ci il tarixli 1431-L/17 nömrəli müqavilə üzrə 2427 manat gecikdirilmiş borcu və hesablanmış 3950,06 manat cərimə məbləğini, eləcə də xx.xx.2017-ci il tarixli 1581-L/17 nömrəli müqavilə üzrə 4828 manat gecikdirilmiş borcu və hesablanmış 6753,51 manat cərimə məbləğini, eləcə də xx.xx.2018ci il tarixli 923-L/18 nömrəli müqavilə üzrə yaranmış 3408 manat gecikdirilmiş borcu və hesablanmış 1008,64 manat cərimə borcunun, hüquqi yardımla bağlı ödənilmiş 500 manat məbləğdə pul vəsaitinin əvəzinin iddiaçının xeyrinə cavabdehdən tutulmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ("xxxx" ASC) ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2017-ci il tarixli 1431-L/17 nömrəli və xx.xx.2017-ci il tarixli 1581-L/17 nömrəli müqavilələrə əsasən Cavabdeh dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsini isə müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun olaraq ödəmək şərti ilə kənd təsərrüfatı texnikaları lizinqə götürmüşdür. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin maliyyə arayışının tərtib edildiyi xx.xx.2024-cü il tarixə xx.xx.2017-ci il tarixli 1431-L/17 nömrəli müqavilə üzrə 2427,00 manat gecikdirilmiş borcu və hesablanmış 3950,06 manat cərimə məbləğini, eləcə də xx.xx.2017-ci il tarixli 1581-L/17 nömrəli müqavilə üzrə 4828,00 manat gecikdirilmiş borcu və hesablanmış 6753,51 manat cərimə borcu yaranmışdır. Cavabdeh öhdəliyinin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir. Cavabdeh öhdəliyi vaxtında icra etməməklə Mülki Məcəllənin 427.3-cü və 445.2.1-ci maddələrinin tələblərini pozmuşdur. Belə ki, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Digər tərəfdən borclu öhdəliyi müəyyənləşdirilmiş müddətdə icra etmədikdə kreditor qarşısında məsuliyyət daşıyır. Füzuli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(064)-171/2025 saylı qətnaməsi ilə (hakim E.İsmayılov) iddianın təmin edilməməsi qət edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın tam təmin olunmasını xahiş etmişdir. İŞİNHALLARİ: xx.xx.2017-ci il tarixli 1431-L/17 nömrəli lizinq müqaviləsinə edilmiş 2 saylı Əlavə (ödəniş qrafiki) əsasında müəyyən olunur ki, xx.xx.2017-ci il tarixli 1431-L/17 nömrəli lizinq müqaviləsi üzrə son ödəniş tarixi xx.xx.2020-ci il tarixə təyin edilmişdir; xx.xx.2017-ci il tarixli 1581-L/17 nömrəli lizinq müqaviləsinə edilmiş 2 saylı Əlavə (ödəniş qrafiki) əsasında müəyyən olunur ki, xx.xx.2017-ci il tarixli 1431-L/17 nömrəli lizinq müqaviləsi üzrə son ödəniş tarixi xx.xx.2021-ci il tarixə təyin edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hüquqi yanaşma baxımından, məhkəmənin yalnız iddia müddətinin keçməsinə əsaslanaraq qərar verməsi düzgün deyildir. İddia müddəti hüququn müdafiəsinin vaxt çərçivəsini müəyyən etsə də, bu müddətin keçməsi avtomatik olaraq borcun ödənilməli olmadığını təsdiq etmir. Xüsusilə də, cavabdehin iddia müddətinin tətbiq olunmasını tələb etməsi borcun hüquqi aspektdən tanındığı ehtimalını doğurur. Məhkəmə bu faktı nəzərə almalı və işin hallarını bütövlükdə qiymətləndirməlidir. Əks halda, yalnız formal müddəalara istinad edilərək iddianın rədd edilməsi, hüququn məqsəd və prinsipləri baxımından qeyri-adekvat nəticəyə gətirib çıxara bilər. Dövlət büdcəsindən ayrılmış vəsaitlərin geri qaytarılması məsələsinin xüsusi ictimai əhəmiyyət daşıması da nəzərə alınmalıdır. Belə hallarda, məhkəmənin işə yanaşması fərqli olmalı, iddia müddətinin tətbiqi mexaniki olaraq deyil, işin konkret halları və ədalət prinsipi çərçivəsində həyata keçirilməlidir. Dövlətin maliyyə maraqlarının qorunması hüquq siyasətinin əsas istiqamətlərindən biri olduğuna görə, cavabdehin iddia müddətinin tətbiqini tələb etməsi, lakin borcu açıq şəkildə inkar etməməsi şəraitində məhkəmənin iddianı tam araşdırmadan rədd etməsi hüquqi baxımdan əsassız hesab edilməlidir. Məhkəmə qətnaməsində qeyd edir ki iddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Stanyo Belçikaya qarşı” iş üzrə 07 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Məhkəmənin iddia müddətini tətbiq etməsi, mülki dövriyyənin və hüquq münasibətlərinin müəyyənliyini təmin etmək məqsədini güdür. Lakin müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi və ödənişlərin edilməməsi hallarında, dövlət büdcəsinin vəsaitlərinin qorunması və geri alınması məqsədilə iddia müddətinin tətbiqi məsələsi hüquqi cəhətdən mübahisəlidir. Bu səbəbdən, məhkəmənin iddia müddətinə əsaslanaraq iddianı rədd etməsi, xüsusilə dövlətin hüquqlarının müdafiəsi baxımından, müvafiq hüquqi əsaslara dayanmalıdır. Beləliklə, məhkəmənin gəldiyi nəticə, dövlət büdcəsinin vəsaitlərinin qorunması baxımından yenidən qiymətləndirilməlidir. Cavabdeh lizinq müqaviləsi çərçivəsində üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş, lakin borclu olduğunu da inkar etməmişdir. Məhz bu amil göstərir ki, cavabdeh borcu ödəmək vəzifəsini daşıyır və bu öhdəliyin yerinə yetirilməsi hüquqi baxımdan tələb oluna bilər. Bu arqumentlərə əsasən məhkəmə borclunun borcunu qəbul etdiyini, dövlət vəsaitlərinin qaytarılmasının ictimai əhəmiyyətini, iddia müddətinin tətbiqinə daha çevik yanaşılmasını və hüquqdan sui-istifadənin qarşısının alınmasını nəzərə alaraq iddianın təmin edilməsinə qərar verməlidir. Hüquq ədalət və məntiqə əsaslanmalı, formal müddəaların arxasında ədalətsiz nəticələrin yaranmasına yol verilməməlidir. Qətnamə işin faktiki hallarına əsaslanmadığından və hüquqi əsaslandırma baxımından ciddi qüsurlar daşıdığından, həmin qərarın ləğv edilməsi və işə yenidən mahiyyəti üzrə baxılması zəruridir. Dövlət büdcəsinin vəsaitlərinin geri qaytarılması ilə bağlı məsələlər ümumi mülki hüquqi tələblərdən fərqlənir və bu xüsus nəzərə alınmadan qəbul edilən qərar hüququn təməl prinsipləri ilə uzlaşmır. Cavabdeh nümayəndəsi Qanuni nümayəndə məhkəmədə izahat verərək apellyasiya şikayətini qəbul etmədiyini bildirmişdir. İddia tərəfi məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə tərkibi Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (MPM) 376.2-ci maddəsinə əsasən iddiaçı tərəfin iştirakı olmadan apellyasiya şikayətinə əsasən mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərkibi apellyasiya şikayətinin dəlillərini işin halları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmadan, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Hazırkı halda, iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etməklə qətnaməni tam mübahisələndirmişdir. Ona görə də, məhkəmə tərkibi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq, qətnamənin apellyasiya şikayətinin dəlilləri üzrə tam yoxlanılmasını düzgün hesab edir. Birinci instansiya məhkəməsi iş üzrə mövqeyini onunla əsaslandırmışdır ki, xx.xx.2017-ci il tarixli 1431-L/17 nömrəli lizinq müqaviləsi üzrə iddia müddətinin axımı xx.xx.2020-ci il tarixdən başlamış və xx.xx.2023-cü il tarixdə başa çatmış, xx.xx.2017-ci il tarixli 1581-L/17 nömrəli lizinq müqaviləsi üzrə iddia müddətinin axımı xx.xx.2021-ci il tarixdən başlamış və xx.xx.2024-cü il tarixdə başa çatmışdır. Lakin iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə xx.xx.2024-cü il tarixdə müraciət etmişdir ki, iddia müddəti keçmişdir. Məhkəmə tərkibi bildirir ki, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ bəndinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə tərkibi diqqətə çatdırmağı zəruri hesab edir ki, Konstitusiyanın yuxarıda sadalanan normaları hər kəsin hüquq və azadlıqlarına təminat verməklə bərabər, müxtəlif məhkəmə instansiyalarında işlərə baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını da özündə ehtiva edir. Bu məqsədlə qanunverici mülki işlər üzrə məhkəmə aktlarının ədalətli və qanuni olmasını təmin etmək üçün Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində məhkəmənin, işdə iştirak edən şəxslərin və mülki prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirir, mülki mühakimə icraatında prosessual qaydaları tənzim edir. Habelə, məhkəmə aktlarından şikayətin qanunvericilikdə nəzərdə tutulan qaydada verilməsi və onun əsasında işə yuxarı məhkəmə instansiyasında baxılması məhkəmə müdafiəsi hüququnun ayrılmaz elementi kimi Konstitusiyanın 60-cı maddəsinin mənasından irəli gəlir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin tələblərinə görə Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. Diqqətə çatdırılmalıdır ki, istənilən iddia tələbi üzrə hüquqi qiymətləndirmə tələbin qanuni əsasının tapılmasından və işin faktiki hallarının həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia əsaslı, uzlaşmırsa həmin iddia tələbi əsassız hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn: pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 427.3 maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Məhkəmə tərkibi apellyasiya şikayətinin dəlilləri baxımından diqqətə çatdırır ki, hazırkı iddianın əsaslı olduğu iş materialları ilə təsdiqini tapsa da, iddia müddətinin tətbiq edilməsi qanunidir. MM-in 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. MM-in 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. MM-in 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında prosessual müddətlərlə bağlı hüquqi mövqeyini açıqlayaraq göstərmişdir ki, “Qanun və məhkəmə qarşısında bərabərlik hər bir mülki işə eyni qaydada, eyni prosessual formalarda, onlarda iştirak edən şəxslər üçün eyni təminatlarla baxılması ilə təmin edilir. Bununla işin nəticələrində maraqlı olan şəxslərin qanuni tələblərinin bərabər ödənilməsinə nail olunur, bütün vətəndaşlara məhkəmə qarşısında öz mənafelərini qorumaq üçün bərabər imkanlar yaradılır. Prosessual hüquq bərabərliyinə görə tərəflər öz hüquq və mənafelərini müdafiə etmək üçün prosessual vasitələrdən real istifadə etmək imkanına malikdirlər. Həmin imkanlar qanunla və məhkəmə ilə təmin edilir. Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsinin qeyd edilən qərarında həmçinin göstərilmişdir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının möhkəmlənməsinə kömək edir, ikincisi, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncüsü iddia müddətləri tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisəni obyektiv əsaslarla həll etmək imkanı yaradır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 03 iyun 2013-cü il tarixli qərarında müəyyən etmişdir ki, müqavilələrdən irəli gələn öhdəliklərlə bağlı iddia müddətinin axımı, kreditorun borcludan borcun icrasını tələb edə biləcəyi günün ertəsi günündən etibarən başlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 03 iyun 2013-cü il tarixli və “L.İ.Binnətovanın şikayəti üzrə” 08 may 2008-ci il tarixli qərarlarının tələblərinə əsasən iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Məhkəmə tərkibi qeyd olunanlara əsasən apellyasiya şikayətinin heç bir sübuta əsaslanmayan və formal xarakter daşıyan bütün dəllilərini əsassız hesab edir. MPM-in 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə tərkibi hesab edir ki, apellyasiya şikayətində göstərilən və heç bir mötəbər sübuta söykənməyən formal dəlillər hazırkı qətnamənin ləğvi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi iddiaya münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Məhkəmə tərkibi mülki prosessual qanunvericiliyə müvafiq olaraq ədalət mühakiməsini tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, iş materiallarını araşdıraraq, toplanmış bütün sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddiaçı apellyasiya şikayətinin təmin edilməsi üçün hər hansı əsas müəyyən edilməmişdir. MPM-in 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə, qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir”. Beləliklə, məhkəmə tərkibi yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 402.1-ci maddəsinə görə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə tərkibi şərh olunanlara əsasən və MPM-in 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: İddiaçı Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və inkişaf Agentliyinin apellyasiya şikayəti təmin edilməsin. Füzuli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(064)-171/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddət ərzində şikayət verilməzsə, qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-812/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-812/2025
03.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver