Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-827/2025 17.02.2026 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 Əsədov (sədrlik edən və məruzəçi), Aytən Nazim qızı Novruzova və Tofiq Xudayar oğlu Heydərovdan ibarət tərkibdə, məhkəmə katibi X2, Cavabdeh iştirakı ilə, Saatlı Rayon Məhkəməsinin 28 fevral 2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC-nin) Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 29 oktyabr 2021-ci il tarixli nisyə alqısatqı müqaviləsinə və ona əlavəyə görə Cavabdeh, "xxxx" MMC-dən ilkin ödəniş 306,50 manat və hər ay 409,02 manat olmaqla, 18 ay əzində hissə-hissə ödəmək şərtilə ümumi dəyəri 7668,86 manat olan «İphone 12 Pro Max» markalı mobil telefon və «Asus» markalı kompüter 8504,99 manata almışdır. "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 29 oktyabr 2021-ci il tarixli müqavilə üzrə ödənilməmiş 6542,30 manat əsas borcun, 1962,69 manat cərimənin, cəmi 8504,99 manat borcun və 105,05 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin cavabdehdən alınıb iddiaçının xeyrinə ödənilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh 29 oktyabr 2021-ci il tarixli müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirməmiş və o, ödənilməmiş qalan 6542,30 manat borcu ödəməkdən yayınmışdır. Dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən ona müqavilə üzrə 1962,69 manat cərimə hesablanmışdır. Birinci instansiya məhkəməsində Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, onunla iddiaçı "xxxx" MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqaviləyə görə, ona İPHONE 12 PRO MAX markalı telefon və ASUS kompüter verilmişdir. Lakin o, aldadılmışdır. Belə ki, onun "xxxx" MMC-dən telefon və komputer götürmək niyyəti olmamışdır. Təxminən 2021-ci ilin oktyabr ayında Nurlan adlı dostunun ad günündə X5 ilə tanış olmuş, sonra Nurlanın təklifinə əsasən Həmidlə görüşmüşdür. Həmid ona “KONTAKT” mağazasının Sahil filialının müdir müavini Quliyev Emin Adil oğlu ilə yaxın münasibətlərinin olduğunu, sonuncu ilə birlikdə iş qurduqlarını bildirmiş və ondan mağazadan mal götürməyi, buna görə hər hansı ödəniş edilməyəcəyi, bütün ödənişlərin vaxtında olunacağını demiş, o da Həmidə inanıb razılaşmış və birlikdə Eminin yanına getmişlər. Eminin yanına çıxıb onu Həmidin göndərdiyini dedikdə, Emin hansı malları seçmək istədiyini soruşmuş, o da hər hansı mala ehtiyacının olmadığını, Həmid göndərdiyi üçün gəldiyini demişdir. Emin ona malı seçəndən sonra gəlməyi demiş, o da yenidən Həmidin yanına qayıtmışdır. Bundan sonra Həmid mağazadan İPHONE 12 PRO MAX markalı telefon və ASUS kompyuteri götürmüş, o da sənədə imza etmişdir. Həmçinin sənədə imza edərkən sənədi oxumamışdır. Götürdüyü mallar da ona verilməmiş, Həmid özü ilə götürmüşdür. Mal götürüləndən qısa müddət sonra Həmid ona 400 manat pul vermiş, o da Həmidin qanuni iş gördüyünü düşünmüşdür. Bir müddət sonra Həmid ona Eminin onunla görüşmək istədiyini bildirmiş, o da yenidən Eminin yanına getmişdir. Emin ona yenidən mal götürmək lazım olduğunu bildirmiş, o da inandığına görə etiraz etməmiş, İPHONE 13 PRO MAX markalı telefon götürülmüşdür. Mağazadan çıxandan sonra Emin ona 200 manat pul vermişdir. Daha sonra “KONTAKT” mağazasından ona zənglər gələndə Emin və Həmidin onun aldatdığını, guya xx.xx.2021-cü il tarixli müqavilə əsasında ilkin ödəniş 306,50 manat olmaqla 18 ay müddətinə hər ay 409,02 manat ödəməklə ona İPHONE 12 PRO MAX markalı telefon və ASUS kompüter, 30 noyabr 2021-ci il tarixli müqavilə əsasında isə İPHONE 13 PRO MAX markalı telefon verildiyini öyrənmişdir. O, ümumiyyətlə, götürülən malların ilkin ödəniş və əlavə olaraq 18 ay müddətinə hər ay kreditlə götürülməsini bilməmiş, həmin mallar da ona verilməmişdir. Ona gələn zənglərdən sonra imza etdiyi sənədlərin iddiaçı təşkilatla bağlanmış nisyə alqı-satqı müqaviləsi olduğunu bilmişdir. Daha sonra Səbail rayon prokurorluğunda 21 oktyabr 2023-cü il tarixində Quliyev Emin Adil oğlu barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci və 313-cü, X6 barəsində isə Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə cinayət işi başlandıqdan sonra ona bəlli olmuşdur ki, Emin və Həmid qabaqcadan əlbir olub o da daxil olmaqla xeyli sayda şəxsi aldadıb saxta müqavilələrə imza etdirməklə telefon, komputer və digər əşyalar götürüb pul qazanmışlar. Həmin cinayət işi üzrə də "xxxx" MMC zərərçəkmiş şəxs kimi tanınmışdır. Saatlı Rayon Məhkəməsinin (hakim M.Sadıqov) 28 fevral 2025-ci il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" MC-nin Cavabdeh qarşı 6542,30 manat əsas borc, 1962,69 manat cərimə, cəmi 8504,99 manat borc və 105,05 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınıb ona verilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Qətnamədən iddiaçı "xxxx" MMC apellyasiya şikayəti vermişdir. Apellyasiyaşikayətinindəlilləri İddiaçı "xxxx" MMC apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini, həmçinin, Cavabdeh dələduzluq cinayətində iştirakçılığına görə cinayət məsuliyyətinə cəlb edilməsindən ötrü onun barəsində xüsusi qərardad qəbul edilməklə prokurorluğa məlumat verilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Şikayətə görə, iş üzrə Cavabdeh müqavilələri imzalayarkən fəaliyyət qabiliyyətli olmuş və imzaladığı müqavilə üzrə öhdəliklərini tam dərk etmişdir. Şikayətdə qeyd edilir ki, iş üzrə hər-hansı bir şəxsin təqsirli bilinib məhkum edilməsinə dair ittham hökmü çıxarılmamışdır. Cavabdehin izahatında iddia etdiyi “cinayət faktı, onun aldadılması” faktiki olaraq məhkəmə hökmü ilə öz təsdiqini tapmamışdır. Sözügedən cinayət işinə hələ baxılmamışdır. Apellyasiya şikayətində qeyd edilir ki, müqavilələr aldadılma, yanılma və s. əsasında bağlanılmışsa belə həmin faktlar müvafiq qaydada araşdırması gedən iş üzrə məhkəmənin yekun qərarı ilə (hazırki halda Bakı Ağır Cinayətlər Məhkəməsi) təsdiq edilməlidir. Hazırki iş üzrə isə çıxarılan qətnamədə Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırma mərhələsində olan məhkəmə prosesinə istinad edilmiş, digər məhkəmə tərəfindən yekun məhkəmə aktı ilə təsdiqlənməmiş hallara uyğun əsassız qətnamə çıxarılmışdır. Halbuki, cinayət işi üzrə araşdırma davam edir, müqavilələrin aldadılma ilə bağlanması müəyyən edilməmişdir, aldadan şəxs kimi təqsirləndirilən şəxslərə ittiham hökmü çıxarılmamışdır. Belə olan halda, hazırki iş üzrə qanuni qüvvəyə minməmiş və məhkəmə qərarı ilə təsdiqlənməmiş “preyudisial” hallara istinad edilə bilməz. Bundan başqa, cavabdeh təqsirləndirilən şəxslər tərəfindən aldadıldığını qeyd etsə də izahatında bildirmişdir ki, “müqavilə üzrə ödənişlər Emin və Həmid tərəfindən ödəniləcəkdir.” Əgər belə bir razılaşma onlar arasında mövcud olmuşsa bu razılaşmanı təsdiq edən onlar arasında olan hər hansı bir razılaşmanın (şifahi və ya yazılı) mövcudluğu faktı məhkəmə tərəfindən araşdırılmamışdır. Belə ki, yazılı olaraq nisyə alğı-satqı müqaviləsinə imza atan Cavabdeh həmin müqaviləni imzalamamışdan əvvəl yazılı bağlayacağı müqavilə üzrə öhdəliklərini qabaqcadan yazılı və ya şifahi əqd əsasında başqa şəxslərə ötürmüşdür. Bu fakt da özlüyündə cinayət faktı, dələduzluq əməli hesab edilməlidir. İzahatlar Prosessualməsələlər Apellyasiya baxışında iştirak edən Cavabdeh apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsi qətnaməsinin dəyişdirilmədən saxlanılmasını, iddianın rədd edilməsini xahiş etmiş, izahatında bildirmişdir ki, iş üzrə müvafiq hökm çıxarılmışdır. Şirkətin işçiləri 17-18 nəfəri aldadıb boş kağıza qol çəkdiriblər. Səbail Rayon Prokurorluğu "xxxx" MMC-nin keçmiş işçiləri Emin Quliyev və Həmid Əliyev barəsində cinayət işi açılmış və toplanmış materiallar Bakı Ağır Cinayətlər Məhkəmsinə göndərilərək hər ikisi həbs olunmuşdur. İbtidai İstintaq zamanı və Bakı Ağır Cinayətlər Məhkəməsində üzləşmə zamanı Emin Quliyev və Həmid Əliyev törətdiyi əməli etiraf etmiş və bildirmişdir ki, onun bu işdən xəbəri yoxdur. Emin Quliyevlə qiyabi tanış idi, bilirdi ki, o, “Kontakt Home” mağazasında işləyirdi. “Bəhrə biskvit” şirkətində işləyəndə onu oradan tanıyırdı. Müqaviləni onları aldadaraq imzalatmışdılar, guya gələcəkdə onları “Kontakt Home”da hansısa bir işlə təmin edəcəklər. Ona kreditin gecikməsi barədə bildiriş gələndən sonra məlum olmuşdur ki, Şirkət ondan borc tələb edir. O, Həmidə bildirəndə ki, ona borc bildirişi gəlib, Həmid ona- “narahat olma həll edəcəyəm” demişdir. Ödənişlərin heç-birindən xəbəri olmamışdır, həmin ödənişləri Həmid onun adından ödəmişdir. İddiaçının təmsilçisi apellyasiya baxışında iştirak etməmişdir. Müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi apellyasiya baxışına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Kollegiya işə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə Kollegiyası işin hallarına dair məruzəni və izahatı dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. İşin halları İddiaçı ilə cavabdeh arasında bağlanmış 29 oktyabr 2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə və ona əlavəyə görə Cavabdeh, MMC-dən ilkin ödəniş 306,50 manat və hər ay 409,02 manat olmaqla, 18 ay əzində hissə-hissə ödəmək şərtilə ümumi dəyəri 7668,86 manat olan «İphone 12 Pro Max» markalı mobil telefon və «Asus» markalı kompüter 8504,99 manata almış və ödəniş qrafikinə uyğun ödənişləri ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" MMC-nin təqdim etdiyi 06 yanvar 2025-ci il tarixli maliyyə arayışına və ödəniş cədvəlinə görə, Cavabdeh 29 oktyabr 2021-ci il tarixli müqavilə üzrə 6542,30 manat əsas borcu, 1962,69 manat cərimə olmaqla, ümumilikdə ödənilməmiş 8504,99 manat borcu qalmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 may 2025-ci il tarixli qərardadı ilə hazırki mülki iş üzrə icraat Quliyev Emin Adil oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 313-cü, X3 isə Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatında olan cinayət işinə baxılıb yekun qərar qəbul edilənədək dayandırılmışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin sədr müavini Şəlalə Həsənovanın xx.xx.2026-cı il tarixli sorğuya cavab məktubundan qeyd edilmişdir ki, X6 barəsində olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1059/2025 nömrəli, xx.xx.2025-ci il tarixli hökmü xx.xx.2025-ci il tarixdə qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. Həmçinin, Quliyev Emin Adil oğlu barəsində olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-119/2025 nömrəli, xx.xx.2025-ci il tarixli hökmü xx.xx.2025-ci il tarixdə qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. İş üzrə icraat təzələnmiş və apellyasiya baxışına təyin edilmişdir. Apellyasiya məhkəməsinin mövqeyi Hazırki tələbində iddiaçı nisyə alqı-satqı müqaviləsi üzrə borcludan kredit borcunu tələb etmişdir. İddiaçının tələbinə görə tərəflər arasında nisyə alqı-satqı müqaviləsi bağlanmış, müqavilə üzrə cavabdehin borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600-cü maddəsinə əsasən: 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Mülki Məcəllənin 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2-ci maddəsinə əsasən, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Cavabdeh etirazında iddianı qəbul etməmiş, onun "xxxx" MMC-dən telefon və komputer götürmək niyyəti olmadığını, müqavilənin formal bağlandığını, malların ona verilmədiyini, aldadıldığını, malları Həmidin mənimsədiyini, Həmidin MMC-nin işçisi Emin adlı şəxslə dələduzluq etdiyini, onların cinayət məsuliyyətinə cəlb edildiyini bildirmişdir. Kollegiya hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməməlidir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən, həmin Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Mülki Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. (MM maddə 337.4). Həmin Məcəllənin 340.1-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. MPM-in 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM-nin) 65.1 və 65.4-cü maddələrinə əsasən, cinayət prosesini həyata keçirən orqanın ləğv edilməmiş qərarı həmin məsələ üzrə yeni qərar çıxarılmasına yol vermir. Cinayət prosesini həyata keçirən orqanın qərarı, şəxsin cinayət təqibini istisna edən qərarlardan başqa, hökmün və ya məhkəmənin digər yekun qərarının çıxarılması ilə əlaqədar məcburi qüvvəyə malik deyildir. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə, kommersiya və ya inzibati mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olubolmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Kollegiya qeyd edir ki, məhkəmənin qanuni qüvvəyə minmiş qərarları (aktları) preyudisial əhəmiyyətə malikdir. Preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 2015-ci il 15 iyul tarixli və “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarları). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun G.Əhmədovanın şikayəti üzrə 2019-cu il 24 iyul tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyünü ehtiva edir. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin "xxxx" Mənzil- Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 10 iyun 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 17 fevral 2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsinə müvafiq olaraq, məhkəmənin qanuni qüvvəyə minmiş hökmünün, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarın mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün preyudisiallığı işdə iştirak edən şəxslərin dairəsi ilə məhdudlaşır və yalnız hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Yəni məhkəmənin qanuni qüvvəyə minmiş hökmünün, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarın preyudisial əhəmiyyəti prosessual qanunvericiliklə müəyyən edilmiş subyektiv və obyektiv hədlərdə mümkündür. Preyudisiallığın subyektiv həddi şəxslərin dairəsi ilə, obyektiv həddi isə hadisənin olubolmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsi ilə müəyyən edilir. Konstitusiya Məhkəməsinin Plenumu həmin qərarında əqdlərin etibarsızlığına dair normaları nəzərdən keçirərək bir daha qeyd etməyi vacib bilmişdir ki, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar). Bakı Ağır Cinayətlər Məhkəməsinin yuxarıda qeyd edilən xx.xx.2025-ci il tarixli hökmü ilə müəyyən edilmişdir ki, X6 etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə İddiaçı MMC-nin nəznində fəaliyyət göstərən və ünvan 1 ünvanında yerləşən “Kontakt Home 39” mağazasında kreditor vəzifəsində işləyən tanışı Quliyev Emin Adil oğlu ilə qabaqcadan əlbir olaraq, həmin MMC-yə məxsus mobil telefon, noutbuk və planşetləri həm öz, həm də ayrı-ayrı digər şəxslərin adlarına kredit müqaviləsi ilə rəsmiləşdirərək, həmin müqavilələrlə dələduzluq niyyətini pərdələməklə, ələ keçirilmiş əmlakın satışından əldə edilən gəliri əvəzsiz olaraq ələ keçirtmək niyyəti ilə ... 29 oktyabr 2021-ci il tarixdə həmin mağazada tanışı Cavabdeh imzalayaraq bağladığı ******* nömrəli müqavilə üzrə 01 ədəd, faktura dəyəri 3.229,99 (üç min iki yüz iyirmi doqquz manat doxsan doqquz qəpik) manat təşkil edən “Apple” markalı, “iPhone 12 Pro Max 256GB Graphite” modelli mobil telefonu və 01 ədəd, faktura dəyəri 2.899,99 (iki min səkkiz yüz doxsan doqquz manat doxsan doqquz qəpik) manat təşkil edən “Asus” markalı, “Rog Strix G15 G513QC-HN024 (90NR0511-M01430)” modelli noutbuku ələ keçirərək, qeyd edilən kredit müqaviləsi üzrə dələduzluq niyyətini pərdələyib, zərərçəkmiş şəxs "xxxx" MMC-ni aldatmaqla ona külli miqdarda, cəmi 7.668,86 manat məbləğdə pul maddi ziyan vuraraq dələduzluq etmişdir. Həmin hökmdən aydın olur ki, "xxxx" MMC ilə bağladığı 29 oktyabr 2021-ci il tarixli ******* saylı nisyə alqı-satqı müqaviləsinə imza etməsinə baxmayaraq, Cavabdeh həmin müqavilənin məzmunundan məlumatsız olduğu, əqd bağlanması məqsədilə aldadıldığı, yəni əqd iştirakçısına yalan, saxta məlumatların verilməsi ilə həqiqətə uyğun olmayan qənaət nəticəsində əqdin bağlanmış olması müəyyən edilmişdir. Bu hal Quliyev Emin Adil oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 313-cü, X3 isə Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə sözügedən şəxslərin ifadələri ilə təsdiq olunur. Məhkəmədə təqsirləndirilən şəxs X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, hadisələr 2021-ci ilin iyul ayında baş vermişdir. O, İddiaçı MMC-nin nəznində fəaliyyət göstərən “Kontakt Home 39” mağazasında kreditor vəzifəsində işləyən Quliyev Emin Adil oğlunu kredit götürmək üçün oraya gedəndə tanımışdır. Emin Quliyev tanışlarının adına kreditlə məhsullar götürürdü və o da həmin məhsulları satırdı. Adlarına kredit götürülən şəxsləri tanımırdı. Emin Quliyev ona adam tapmağı və özünün tanışlarına görə yükləndiyini, krediti özünə götürəcəyini bildirdi. Belə olduğu halda X8 adlı şəxs və digərlərinin adına kreditlər götürüldü. Daha sonra Emin Quliyev həmin şəxslərə adlarına kredit götürdüyünü və özünün ödəyəcəyini bildirmişdir. Emin Quliyev kredit götürəcək şəxslərin əmək haqqını yüksək qeyd edib onlara artıq məbləğdə kredit verirdi. O, vurulmuş ziyanın qalıq hissəsinə aid hər hansı ödəniş etməmişdir. Alınan məhsul üçün ona az miqdarda məbləğ çatırdı. Məhkəmədən qaçıb gizləndiyi müddət ərzində vurulmuş ziyana görə hər hansı ödəniş etməmişdir. Kreditlə götürülən malları satmaqda özünü təqsirli bilir. O, ibtidai istintaq dövründə vurulmuş ziyanın 30 min manata yaxın məbləğində ödəniş etmişdi. O, kredit götürəcək şəxslərə X7 Home mağazasında müdir müavini olduğunu bildirirdi. Ona bu işi Emin Quliyev təklif etmişdi. Hazırki cinayət işi üzrə vurulmuş ziyanın ödənilməmiş hissəsi 38877 manat təşkil edir. Onun həmin məbləği ödəmək imkanı yoxdur. Təqsirləndirilən şəxs X6 məhkəmə iclasının sonrakı mərhələlərində ittiham tərəfinin irəli sürdüyü sübutları qəbul etdiyini, həmin sübutların məhkəmə iclasında tədqiqinə lüzum olmadığını və onları mübahisələndirmədən qəbul etdiyini bildirmişdir. Hökmlə müəyyən edilir ki, Quliyev Emin Adil oğlu və X6 ifadələrində qabaqcadan əlbir olaraq "xxxx" MMC-yə məxsus mobil telefon, noutbuk və planşetləri özlərinin və digər şəxslərin adlarına kredit müqaviləsi ilə rəsmiləşdirməklə, o cümlədən Cavabdeh və digər müştəriləri aldadaraq nisyə alqı-satqı müqavilələri imzalatdırmaqla müxtəlif növ adlarda olan elektron əşyaları əldə edib özlərinin mənfəəti üçün mənimsəyərək "xxxx" MMC-yə ziyan vurduqlarını etiraf etmişlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 aprel 2021-ci il tarixli Qərarında nümayiş etdirdiyi hüquqi mövqeyə əsasən, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. Göründüyü kimi bu xarakterli mübahisələrə baxılarkən tərəflərin söykəndikləri əqdin hüquqi nəticə yaradıb-yaratmaması müəyyən edilməlidir. Əqdin hüquqi nəticə doğurması onun etibarlı olmasından asılıdır. Əqd etibarsız olduqda isə tərəflər üçün hüquq və öhdəlik əmələ gətirmir (Mülki Məcəllə, maddə 337.4). Nəzərə alınmalıdır ki, qanunvericilikdə birbaşa nəzərdə tutulmuş hallar istisna olmaqla əqdin etibarlılığı və ya etibarsızlığı məsələləri iddia tələbindən və məhkəmədən kənarda mövcud olan hüquqi hadisələrdir. Etibarsızlıq, əqdin etibarlılıq şərtləri ilə bağlı bir anlayışdır. Yəni əqd bağlanarkən qanunla müəyyən edilmiş etibarlılıq şərtlərinə uyğun olduqda etibarlı sayılır, uyğun olmadıqda isə etibarsız hesab edilir. Məhkəmə, əqdə əsaslanan mübahisəyə baxdıqda həmin əqdin etibarlı olub-olmamasını hər hansı tələbdən və etibarsızlığın növündən asılı olmadan müəyyən etməlidir. Hakimin bu xüsusatlar üzrə qiymətləndirmə aparması ilə əqdin etibarsız sayılması (nəticəsinə gəlməsi) birbirindən fərqləndirilməlidir. Sözügedən qiymətləndirmə əqdin etibarlı olub-olmaması ilə bağlı hüquqi vəziyyətin nədən ibarət olduğunun təsbit edilməsidir. Başqa sözlə, bu fəaliyyət etibarsızlığın növündən asılı olmayaraq işin hallarına görə əqdin hüquqi nəticə yaradıbyaratmaması barədə dəyərləndirmədir. ... Odur ki, ayrıca iddia tələbinin irəli sürülməsindən asılı olmayaraq, məhkəmə işin halları və tərəflərin dəlilləri əsasında əqdin etibarlı olduğunu və ya etibarsızlığını müəyyən etdikdə həmin halı nəzərə almalıdır. Bu məsələdə etibarsızlığın hansı növdə (o cümlədən mübahisə edilən əqd) olmasının fərqi yoxdur. (“Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 02/2022 nömrəli 14 iyun 2022-ci il tarixli birgə qərardadı). Kollegiya hesab edir ki, hazırki halda, iddiaçının istinad etdiyi nisyə alqı-satqı müqaviləsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.1-ci madəsinə əsasən əhəmiyyətsiz əqd hesab olunur. Bu müqavilə, etibarsızlığı ilə bağlı iddia verilibverilməməsindən asılı olmayaraq bağlandığı andan etibarsızdır, heç bir hüquqi nəticəyə səbəb olmur. Müqavilə etibarsız olduğundan həmin müqvilə üzrə borc tələbinə dair iddia da təmin edilməməlidir. Beləliklə, Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 382, 384.0.1, 392, 393 və 404-1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qətetdi: "xxxx" MMC apellyasiya şikayəti təmin edilməsin. Saatlı Rayon Məhkəməsinin 28 fevral 2025-ci il tarixli, 2(055)-250/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(106)-827/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-827/2025
17.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver