Məhkəmə qərarları › İş №2(106)-836/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-836/2023

31.05.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-836/2023 31.05.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Gülüşov İsmayıl Cəbrayıl oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “Azəriqaz” X2 RQİİ-yə qarşı “təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın və debitor borcun ləğv edilməsi tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Xocavənd Rayon Məhkəməsinin 2(069)-10/2023 saylı, 01 mart 2023-cü il tarixli qətnaməsindən “Azəriqaz” İstehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Azəriqaz” X1 X3 İdarəsinin Beyləqan Xidmət Sahəsinin təbii qazdan istifadə qaydalarının pozulması haqqında 28 iyul 2022ci il tarixli, ******* saylı aktının və 1036,80 manat cərimənin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Xocavənd rayonunun Tuğ kəndində ailəsi ilə birlikdə yaşayır. Evdə qazdan istifadə edir və daim istifadə etdikləri qazın pulunu vaxtında ödəyirlər. 29 iyun 2022-ci il tarixdə “Azəriqaz” X1 RQİİ-nin Beyləqan Xidmət Sahəsinin nümayəndələri iddiaçıya qaz sayğacına hansısa müdaxilə edildiyini bildirmişlər. Həmin vaxt qaz idarəsinin işçiləri iddiaçının iştirakı ilə onun evinin həyətindən çöl hissədə yerləşən qaz sayğacını heç bir ödəniş edilmədən dəyişdirmişlər. Bundan sonra, 28 iyul 2022-ci il tarixində “Azəriqaz” X1 RQİİ-nin Beyləqan Xidmət Sahəsinin nümayəndələri iddiaçının evinə gələrək bildirmişlər ki, 29 iyun 2022-ci il tarixində onlar tərəfindən sökülərək apardıqları iddiaçıya məxsus qaz sayğacına baxış keçirilərkən sayğacın çıxış plastmas borusunun deşilməsi və qaz itkisinin normadan artıq olması müəyyən edilmişdir. Bu barədə qaz idarəsinin nümayəndələri tərəfindən 28 iyul 2022-ci il tarixli, ******* nömrəli akt tərtib edilmişdir. İddiaçı gələn nümayəndələrə sayğaca və onun borusuna özü və ailə üzvləri tərəfindən müdaxilə olunmadığını bildirmişdir. Aktda sayğacın çıxış hissəsində boruda deşik olması qeyd edilmişdir. Sayğacın plombu zədələnsəydi, həmin aktda öz əksini tapardı. Tərtər RQİİ-nin Beyləqan Xidmət Sahəsinin əməkdaşları 28 iyul 2022-ci il tarixli, ******* saylı akt tərtib edərək guya qaz sayğacının çıxış hissəsində plastmas boruda deşik olmasını qeyd etmişlər. Bu səbəbdən ona əsassız olaraq 1036,80 manat cərimə yazılmışdır. İddiaçı qaz sayğacının çıxış hissəsində boruya müdaxilə etməmişdir. Qaz sayğacı yaşadıqları evin darvazasının çöl tərəfində divara yerləşdirilmişdir. Həmin sayğacın təhlükəsizliyinə iddiaçı cavabdeh deyil, çünki sayğac yaşadıqları kəndin gediş-gəliş yolunun üstündə yerləşir. İddiaçıya verilmiş **********00170 saylı abonentin saldosundan görünür ki, iddiaçının əvvəlki illərdə eyni limit üzrə qaz sərfiyyatı sabit olmuş və heç bir dəyişiklik olmamışdır. Lakin cavabdehin əməkdaşları qeyri-qanuni olaraq ona cərimə yazmışlar. Xocavənd Rayon Məhkəməsinin 2(069)-10/2023 saylı, 01 mart 2023-cü il tarixli qətnaməsi ilə (sədrlik edən hakim İlqar Əliyev) iddia təmin edilmiş, Azərbaycan Respublikası ARDNŞ “Azəriqaz” X1 RQİİ-nin Beyləqan Xidmət Sahəsinin təbii qazdan istifadə qaydalarının pozulması haqqında 28 iyul 2022-ci il tarixli, ******* nömrəli aktının ləğv edilməsi, cavabdeh Azərbaycan Respublikası ARDNŞ “Azəriqaz” X1 RQİİ-nin Beyləqan rayon üzrə TQQ və SX-i tərəfindən Xocavənd rayonunun Yeni Tuğ qəsəbəsində yerləşən fərdi yaşayış evində qaz sərfiyyatına dair İddiaçı adına əsassız olaraq hesablanmış 1036,80 manat cərimə borcunun silinməsi qət edilmişdir. Qətnamədən narazı qalan “Azəriqaz” İstehsalat Birliyi apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində Xocavənd Rayon Məhkəməsinin 2(069)-10/2023 saylı, 01 mart 2023-cü il tarixli qətnaməsinin təmin edilmiş hissədə ləğv edilərək, iddia tələbinin tam rədd olunması barədə yeni qətnamə qəbul edilməsini, “Azəriqaz” İstehsalat Birliyinin xeyrinə borcun və dövlət rüsumunun ödənilməsinə dair apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. “Azəriqaz” İB apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi əsassızdır. İş materiallarına əlavə edilmiş abonent saldosundan da göründüyü kimi, iddiaçının qaz hesabına hər hansı əlavə hesabat yüklənməmiş, mübahisələndirilən dövrlə digər illərin müvafiq dövrlərini müqayisə etdikdə ay ərzindəki istehlak həcmlərində kəskin dəyişikliyin olmadığını görmək olar. İddiaçının mənzilinə gedən qaz xəttinin üzərində quraşdırılmış ******* nömrəli qaz sayğacına baxış keçirilərkən sayğacın düzgün işləmədiyi aşkarlanmışdır. Bu səbəbdən “G-4” markalı, ******* nömrəli sayğac açılaraq dövlət yoxlamasına göndərilmişdir. Sənaye və məişət qaz sayğaclarını kalibrləmə laboratoriyasının qaz sayğacının yoxlanılması barədə 29/1710-02637-1 saylı aktına əsasən “G-4” markalı, ******* nömrəli sayğacın çıxış plastmas borusunun deşildiyi aşkar olunmuşdur. Bu səbəbdən də iddiaçıya 1036,80 manat itirilmiş qaz hesablanmışdır. Məhkəmə isə qətnamədə həmin borcun silinməsini qət etmişdir. Məhkəmə tam araşdırma aparmamışdır. İddiaçı məqsədli şəkildə qaz sayğacının çıxış plastmas borusunu deşərək sayğacın hərəkət mexanizminin fasilələrlə işləməsinə şərait yaratmışdır. Bu da sayğacdan keçən qazın sərfinin tam qeyd edilməsinə mane olmuşdur. Apellyasiya məhkəməsinin iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini xahiş etdi. Həmçinin qeyd etdi ki, sayğacın möhürünü zədələmədən sayğacın çıxış plastmas borusuna müdaxilə etmək mümkün deyil. Sayğac çıxarılarkən onun möhürü də zədələnməmiş vəziyyətdə idi. Belə olan halda qüsurlu sayğaca görə “Azəriqaz” İB-nin əməkdaşları tərəfindən ona cərimə yazılması qanunsuz olmuşdur. O bildirdi ki, ******* nömrəli, 28 iyul 2022-ci il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktı imzalamasının səbəbi o olmuşdur ki, cavabdehin əməkdaşları sayğacın çıxış plastmas borusunun qüsurlu olduğunu və buna görə də sayğacın dəyişdirildiyini bildirməklə, aktı imzalamalı olduğunu qeyd etmişlər. O bilməmişdir ki, aktın tərtib edilməsi və imzalanması ilə sayğacda yaranmış qüsura görə məsuliyyəti onun üzərinə qoyacaqlar, bu barədə cavabdehin əməkdaşları da ona hər hansı məlumat verməmişlər. Əgər o, belə olacağını bilsəydi, aktı imzalamaqdan imtina edərdi. Məhkəmə iclasının vaxtı və yeri barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh məhkəmə iclasında nümayəndə ilə təmsil olunmamışdır. Məhkəmə kollegiyası işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda cavabdeh verdiyi apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etməklə, onu tam mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası qətnamənin tam yoxlanılmasını düzgün hesab edir. Məhkəmə kollegiyası iddiaçını dinləyib, apellyasiya şikayətinin dəlillərini, habelə iş materiallarını araşdırıb, sübutlara obyektiv hüquqi qiymət verərək hesab etdi ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İşdəki qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* nömrəli aktın surətindən görünür ki, istehlakçı İddiaçı evində quraşdırılmış “G-4” markalı, ******* nömrəli qaz sayğacı 29 iyun 2022-ci il tarixində yenisi ilə - “G-4” markalı, **********159 nömrəli sayğacla əvəzlənmişdir. Həmin aktda sayğacın çıxarılma səbəbi kimi onun çıxış borusunun deşilməsi qeyd edilmişdir. İşdəki “Azəriqaz” İB-nin Tərtər RQİİ-nin Beyləqan Xidmət sahəsinin nümayəndələri tərəfindən tərtib edilmiş ******* nömrəli, 28 iyul 2022-ci il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktdan görünür ki, həmin tarixdə istehlakçı İddiaçı evində quraşdırılmış “G- 4” markalı, ******* nömrəli sayğaca baxış keçirilən zaman sayğacın çıxış plastmas borusunun deşilməsi, xətaların normadan artıq olduğu, sayğacın minimal sərfiyyatda 100 faiz nisbi xəta ilə işləməsi, hesablama mexanizminin minimal sərfiyyatda keçən qazın həcmini qeyd etməməsi, sayğacın istismara yararsız olması müəyyən edilmişdir. İşdəki **********00170 nömrəli abonentin saldosundan görünür ki, 2022-ci ilin iyul ayında abonentin hesabına akt əsasında 1036,80 manat cərimə hesablanmışdır. İddiaçı ərizəsində cavabdeh tərəfindən onun barəsində tərtib edilmiş 28 iyul 2022-ci il tarixli, ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın və 1036,80 manat cərimənin ləğv edilməsini tələb etmişdir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13.8-ci maddəsinə əsasən, bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli, 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Məhkəmə kollegiyası bildirir ki, sayğaca baxış keçirilən zaman və akt tərtib edilib imzalanarkən cavabdehin nümayəndələri tərəfindən qanun pozuntusuna yol verilmişdir və həmin pozuntular aktın ləğv edilməsi üçün əsasdır. Belə ki, iş materiallarına əlavə edilmiş və iddiaçı tərəfindən mübahisələndirilən ******* nömrəli aktda 28 iyul 2022-ci il tarixdə abonentin, yəni hazırkı iş üzrə iddiaçının iştirakı ilə onun evində quraşdırılmış “G-4” markalı, ******* nömrəli qaz sayğacına baxış keçirildiyi, baxış nəticəsində sayğacın çıxış plastmas borusunun deşildiyi, xətaların normadan artıq olduğu, sayğacın minimal sərfiyyatda 100 faiz nisbi xəta ilə işlədiyi, hesablama mexanizminin minimal sərfiyyatda keçən qazın həcmini qeyd etmədiyi, sayğacın istismara yararsız olduğunun müəyyən edildiyi göstərilir. Lakin həmin halları və həmin halların abonent İddiaçı təqsiri ucbatından baş verdiyini təsdiq edən əsaslı dəlillər, mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Bundan əlavə, apellyasiya şikayətində Sənaye və məişət qaz sayğaclarını kalibrləmə laboratoriyasının qaz sayğacının yoxlanılması barədə 29/1710-02637-1 saylı aktına istinad olunsa da, cavabdeh tərəfindən həmin akt da məhkəməyə təqdim edilməmişdir. Qeyd edilənlərlə yanaşı, məhkəmə kollegiyası bildirir ki, “Qazdan istifadə Qaydaları”nın 4.8-ci bəndinə uyğun olaraq, hazırkı iş üzrə istehlakçı fiziki şəxs olduğundan qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi o deyil, qaz paylayıcısı daşıyır. Göründüyü kimi, mövcud qanunvericilik, fiziki şəxs olan istehlakçıya münasibətdə bütün hallarda, o cümlədən qaz sayğacının cavabdehliyini birmənalı şəkildə qaz paylayıcısının üzərinə qoymuşdur. Məhkəmə kollegiyası hesab edir ki, abonent tərəfindən sayğaca müdaxilə edilməsi sübuta yetirilmədiyindən “Qazdan istifadə Qaydaları”nın 4.8-ci bəndinə əsasən istehlakçı məsuliyyət daşımamalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı halda aktın qanuniliyini sübuta yetirmək cavabdehin üzərindədir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbi əsaslıdır. Cavabdeh tərəf isə öz etirazını əsaslandıra bilməmişdir. Məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, 2022-ci ilin iyul ayında iddiaçıya akt əsasında 1036,80 manat cərimə hesablanmışdır. Məhkəmə isə həmin akta əsasən hesablanmış borcun silinməsini qət etmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və hesab edir ki, hesablanması üçün əsas olmuş akt ləğv edildiyindən, hesablanmış cərimənin də hər hansı əsası yoxdur. Məhkəmə kollegiyası qeyd edilən hüquq normalarının müqayisəli təhlilini işin faktiki halları üzrə tətbiq edərək birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını, eləcə də maddi və prosessual hüquq normalarına riayət edilməsini yoxlayaraq belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmamış, düzgün tətbiq etmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmış, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilmiş, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun olmuşdur. Beləliklə, məhkəmə kollegiyası yekun olaraq hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslandığından, iş üzrə qətnamənin dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsas ola bilməz. Buna görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, məhkəmə kollegiyası bildirir ki, cavabdeh apellyasiya şikayətində “Azəriqaz” İstehsalat Birliyinin xeyrinə borcun tutulmasını xahiş etsə də, həmin tələb hazırkı məhkəmə baxışının predmetini təşkil etmir. MPM-in 107-ci, 119.1-ci və 119.4-cü maddələrinin tələblərini nəzərə alan məhkəmə kollegiyası bildirir ki, apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsinə görə cavabdeh tərəfindən ödənilmiş 16 manat məbləğində dövlət rüsumu da onun özünə aid edilməlidir. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. MPM-in 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olduğundan qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və MPM-in 382, 384.0.1, 385.2, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Q Ə T E T D İ: “Azəriqaz” İstehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Xocavənd Rayon Məhkəməsinin 2(069)-10/2023 saylı, 01 mart 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Samir Mayılov Hakimlər: İlham Əsədov Tofiq Heydərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar