Məhkəmə qərarları › İş №2(106)-845/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-845/2023

11.07.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-845/2023 11.07.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Pərviz Tərlan oğlu (sədrlik edən və məruzəçi), İmanov Cahid Fehruz oğlu və İsmayılov Orxan Nadir oğlundan ibarət məhkəmə tərkibində, Məmmədov Samir Valeh oğlunun katibliyi ilə, İddiaçı və onun nümayəndəsi Vəkil, Cavabdeh1, Cavabdeh2 nümayəndəsi Mecidova Təranə Sabir qızının iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı bağışlama müqaviləsinin və çıxarışın etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Salyan Rayon Məhkəməsinin 03 mart 2023-cü il tarixli 2(057)-242/2023 saylı qətnaməsindən İddiaçı və onun nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Salyan Rayon Məhkəməsinin 03 mart 2023-cü il tarixli 2(057)-242/2023 saylı qətnaməsi ilə (hakim Ağarza Səmədov) İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 arasında Salyan şəhəri Yunis Zərgərli küçəsi ev 12 (yeni qaydalarla ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 153,2 kv.m olan fərdi yaşayış evinə və ümumi sahəsi 0,04085 ha olan həyətyanı torpaq sahəsinə dair Salyan rayon 2 saylı notariat ofisində bağlanmış 28 dekabr 2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin və onun əsasında Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestri xidməti tərəfindən verilmiş çıxarışın etibarsız hesab edilməsi barədə iddia tələbinin əsassız olduğundan rədd edilməsi qət edilmişdir. İddiaçı və onun nümayəndəsi Vəkil Salyan Rayon Məhkəməsinin 03 mart 2023-cü il tarixli 2(057)-242/2023 saylı qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. İŞİNHALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 arasında Salyan şəhəri Yunis Zərgərli küçəsi ev 12 (yeni qaydalarla ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 153,2 kv.m olan fərdi yaşayış evinə və ümumi sahəsi 0,04085 ha olan həyətyanı torpaq sahəsinə dair Salyan rayon 2 saylı notariat ofisində bağlanmış 28 dekabr 2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin və onun əsasında Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestri xidməti tərəfindən verilmiş çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Salyan şəhəri Yunis Zərgərli küçəsi ev 12 (yeni qaydalarla ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 153,2 kv.m olan fərdi yaşayış evi və ümumi sahəsi 0,04085 ha olan həyətyanı torpaq sahəsi nənəsi Cavabdeh2 mülkiyyətində olmuşdur. Mübahisə edilən fərdi yaşayış evində ailəsi ilə birlikdə 2021-ci ilin sonunadək yaşamışdır. Hal-hazırda ailəsinə məxsus əmlakı da həmin evdə qalmaqdadır. Nənəsi Cavabdeh2 hər zaman qulluğunda durmuşdur. Atası vəfat etdikdən sonra bibisi, hazırkı iş üzrə digər Cavabdeh1 nənəsinə baxmaq adı ilə yaşadıqları Salyan şəhəri Yunis Zərfərli küçəsi ev 12-yə gəlməyə başladı. Həmin vaxta qədər bibisi yalnız bayramlarda anası ilə maraqlanırdı. Bibisilə ailəsi arasında söz-söhbət başladı. Cavabdeh ailəsini hər zaman “Sənin evin var, nə tutmusan burdan, yapışmısan”- deyərək ailəsini incidir və onların zorla oradan çıxarılmasına nail olmağa çalışırdı. O evə gələndə bibisinə anasının indi yadına düşdüyünü, illərdin onun nənəsinə baxdığını desə də, bibisi məhəl qoymayaraq, öz hərəkətlərindən geri qalmırdı və o evdən çıxmamışdır. Sonradan hazırkı iş üzrə cavabdeh ona qarşı 2022-ci ilin iyun ayında Salyan Rayon Məhkəməsində evdən çıxarılma haqqında iddia ərizəsi verdi. O, həmin vaxta qədər bilmirdi ki, mübahisələndirilən ev nənəsi tərəfindən bibisinə bağışlanılıb. Məhkəmədə iştirak edən zaman ona məlum olmuşdur ki, 28 dekabr 2021-ci il tarixdə bağışlanma müqaviləsi bağlanılmışdır. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ : İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, hazırkı iş üzrə Cavabdeh1 ona qarşı Salyan Rayon Məhkəməsinə verdiyi iddia ərizəsində özü də etiraf edir ki, o mübahisələndirilən mənzildə yaşamış və həmin mənzili heç vaxt tərk etməmişdir. Atası vəfat edənədək – 21 avqust 2020-ci il tarixədək Salyan şəhəri Yunis Zərgərli küçəsi ev 12 (yeni qaydalarla ünvan 2 ünvanında onunla, ailəsilə və nənəsilə birlikdə yaşamışdır. Həmin tarixədək bibisi yaşadıqları evə yalnız bayramdan bayrama gəlirdi. Nənəsi həmişə deyirdi ki, “Bu ev-eşik sənin və övladın Rəxşanındır. Nə vaxt istəyirsən adınıza keçirim”. Atası da hər zaman deyirdi: “Ay ana sən sağlam ol, Allah sənə can sağlığı versin.” Lakin atası daha əvvəl vəfat etmişdir. Hazırkı iş üzrə cavabdeh bundan sonra yaşadıqları evə gələrək sanki anasının qulluğunda durmaq adı ilə sonradan nənəsinin etibarından sui-istifadə edərək evi və torpaq sahəsini öz adına keçirmişdir. Daşınmaz əmlakın bağışlanması müqaviləsi 28 dekabr 2021-ci il tarixdə bağlanmışdır. Müqaviləyə fikir verilsə, aydın olar ki, müqavilə hazırki iş üzrə Cavabdeh1 ilə digər bibisi Məcidova Təranə Sabir qızı arasında bağlanılmışdır. Digər cavabdeh olan nənəsi Cavabdeh2 tərəfindən Məcidova Təranə Sabir qızına etibarnamə verilmiş və etibarnamə əsasında da müqavilə bağlanılmışdır. Heç bir vaxt nənəsinə baxmayan cavabdeh evi və torpağı ələ keçirməyin başqa yolu olmadığını düşünərək asan yola əl atmış, nənəsini aldadaraq etibarnamə almış, bu yolla digər bibisilə birləşərək öz adına çıxarış əldə etmişdir. Əgər nənəsi həqiqətən də iradə ifadəsini tam şəkildə bildirməyə qadir idisə, özü də notariusa gedər əmlakını bağışlayardı. Notarius tərəfindən nənəsinin fəaliyyət qabiliyyəti yoxlanılmamış və əmlaka sərəncam verə bilməsi imkanı, yəni iradə ifadəsi aydınlaşdırılmamışdır. Atası Qəniyev Ələkbər Sabir oğlu 21 avqust 2020-ci il tarixdə vəfat etmişdir. Atası sağ olsaydı, bağışlanan əmlaka dair atasının razılığı nəzərə alınmalı idi. Notarius atası vəfat etdiyindən onu vərəsə olaraq çağırmamış və bununla da, Mülki Məcəllənin tələbini pozmuşdur. İşin faktiki hallarına görə Cavabdeh2 həm evi, həm də torpağı Cavabdeh1 bağışlayarkən digər bibisi Məcidova Təranə Sabir qızına etibarnamə vermişdir. Etibarnamə 17 dekabr 2021-ci il tarixdə verilmiş və bunun əsasında digər Cavabdeh2 adından Məcidova Təranə Sabir qızı tərəfindən Cavabdeh1 torpaq sahəsi bağışlanmışdır. Torpaq sahəsi isə Cavabdeh2 adına isə 25 dekabr 2021-ci il tarixdə keçmişdir, yəni sahəsinə dair etibarnamə verilən vaxt (17 dekabr 2021) torpaq sahəsi sonuncunun mülkiyyəti olmamışdır. Göründüyü kimi, Məcidova Təranə Sabir qızına etibarnamə verilən vaxt (17 dekabr 2021) torpaq etibar edənin (Cavabdeh2 Məmmədli qızının) mülkiyyətində olmamış və 25 dekabr 2021-ci il tarixdə mülkiyyətə keçmiş torpaq sahəsi barəsində əvvəldən verilmiş etibarnamə əsasında bağlanmış daşınmaz əmlakın bağışlanması müqaviləsi etibarsızdır. Məhkəmə hesab etmişdir ki, Bağırova Gülbacı Fətalı qızından miras qalmış ünvan 3 ünvan ünvan 4n üzrə birinci növbəli vərəsə Cavabdeh2 tam hissədə almışdır. İddiaçı və onun atası Qəniyev Ələkbər Sabir oğlu Bağırova Gülbacı Fətalı qızının birinci növbə vərəsəsi olmamışlar. Bağırova Gülbacı Fətalı qızı 13 dekabr 1966-cı il tarixdə ölmüş və miras həmin vaxt açılmışdır. İddiaçının atası həmin vaxt 8 yaşında olmuş, iddiaçı özü isə ümumiyyətlə, dünyaya gəlməmişdir. Göründüyü kimi, mirasın açıldığı vaxt miras qoyanın birinci növbəli vərəsəsi Cavabdeh2 sağ olmuş və miras əmlakda haqlı olaraq ona qanun üzrə vərəsəlik şəhadətnaməsi əsasında verilmişdir. O, iddia tələblərində, iddia ərizəsində və birinci instansiya məhkəməsinin iclasları zamanı heç bir yerdə Cavabdeh2 miras qalmış əmlakı mübahisələndirməmişdir. İddiaçı olaraq miras əmlaka sahib olmuş Cavabdeh2 tərəfindən bağışlanmış əmlakı mübahisələndirməmişdir, lakin birinci instansiya məhkəməsi qətnamədə iddia tələbini əsassız rədd etmişdir. İddiaçı nümayəndəsi Vəkil məhkəmə iclasında izahat verərək, bu mübahisənin həlli Konstitusiya Məhkəməsinin 08 yanvar 2001-ci il tarixli qərarında daha ətraflı təsvir olunduğunu, birinci instansiya məhkəməsi bu qərara istinad etməmiş və əsassız qərar qəbul etmişdir. Cavabdeh1 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, anası Rəfiqə ilə birlikdə sonuncuya məxsus olan evdə Təranə ilə birlikdə yaşayır. Qardaşı Ələkbər də həmin evdə 21 avqust 2020-ci ilə qədər yaşamışdır. İddiaçının qardaşı vəfat etdikdən sonra mübahisəli evə gəlibgetmiş, lakin Rəfiqəyə baxmamışdır. Anası ona baxmadıqları üçün evi ona bağışlamasını demişdir. Ona görə də, bacısına etibarnamə vermiş və sonuncu da evi onun adından ona bağışlamışdır. İddiaçının apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. Cavabdeh2 nümayəndəsi Mecidova Təranə Sabir qızı Cavabdeh1 ilə eyni məzmunda izahat vermiş və iddiaçının apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Salyan Rayon Məhkəməsinin 03 mart 2023-cü il tarixli 2(057)-242/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan Salyan Rayon Məhkəməsinin 04 noyabr 2022-ci il tarixli 2(057)-1578/2022 saylı qətnaməsi ilə Qəniyev Rəxşən Ələkbər oğlu Salyan şəhəri Y.Zərgərli küçəsi ev 10-da (köhnə qaydalarla Salyan şəhəri Y.Zərgərli küçəsi ev 12) yerləşən Cavabdeh1 xüsusi mülkiyyətində olan fərdi yaşayış evindən çıxarılmışdır. İşdə olan Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Qəniyev Ələkbər Sabir oğlu 25 avqust 2020-ci ildə vəfat etmişdir. İşdə olan 28 dekabr 2021-ci il tarixli Daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, Cavabdeh2 ünvan 3 qaydalarla Salyan şəhəri Y.Zərgərli küçəsi ev 10) ünvanda yerləşən, ümumi sahəsi 153,2 kvm olan fərdi yaşayış evinə və ümumi sahəsi 0,04085 ha olan həyətyanı torpaq sahəsini qızı olan hədiyyə alan Cavabdeh1n mülkiyyətinə vermişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 16 avqust 2021-ci ildə ********* nömrə ilə qeydə alınmış çıxarışın surətindən görünür ki, ünvan 3 qaydalarla Salyan şəhəri Y.Zərgərli küçəsi ev 10) ünvanda yerləşən, ümumi sahəsi 153,2 kvm olan fərdi yaşayış evi Cavabdeh2 və ümumi sahəsi 0,04085 ha olan həyətyanı torpaq sahəsi isə Bağırova Gülbacı Fətalı qızının adına qeydə alınmışdır. İşdə olan Cavabdeh2 17 dekabr 2021-ci il tarixli ərizəsinin surətindən görünür ki, o, notariat ofisinə Salyan şəhəri Y.Zərgərli küçəsi ev 12-də yaşamış Bəşirova Gülbacı Fətalı qızının 13 dekabr 1966-cı ildə vəfat etdiyini, ondan sonra həmin evin ümumi sahəsi 0,04085 ha olan həyətyanı torpaq sahəsinin miras qaldığını, başqa vərəsəsi olmadığını, həmin mirasa ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. İşdə olan Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşmasına dair dövlət reyestrindən verilmiş 17 dekabr 2021-ci il tarixli arayışdan görünür ki, 16 avqust 2021-ci ildə ********** nömrə ilə Bağırova Gülbacı Fətalı qızının adına qeydə alınmış 0,04085 ha torpaq sahəsinin üzərində məhdudiyyət və yüklülük yoxdur. İşdə olan Salyan RİH Başçısının Salyan şəhər İnzibati ərazi dairəsi üzrə nümayəndənin vermiş olduğu 26 sentyabr 2021-ci il tarixli 2785 saylı arayışın surətindən görünür ki, 13 dekabr 1966-cı ildə vəfat etmiş Bəşirova Gülbacı Fətalı qızının vərəsəsi Cavabdeh2dır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 25 dekabr 2021-ci ildə ********** nömrə ilə qeydə alınmış çıxarışın surətindən görünür ki, ünvan 3 qaydalarla Salyan şəhəri Y.Zərgərli küçəsi ev 10) ünvanda yerləşən, ümumi sahəsi 153,2 kvm olan fərdi yaşayış evi və ümumi sahəsi 0,04085 ha olan həyətyanı torpaq sahəsi Cavabdeh2 adına qeydə alınmışdır. İşdə olan Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşmasına dair dövlət reyestrindən verilmiş 25 dekabr 2021-ci il tarixli arayışdan görünür ki, 25 dekabr 2021-ci ildə ********** nömrə ilə qeydə alınmış mülkün üzərində məhdudiyyət yoxdur. İşdə olan Ölüm haqında şəhadətnamənin surətindən görünür ki, xx xxxxxx 1961-ci ildə anadan olmuş Qəniyeva Rəna Sabir qızının atası Qəniyev Sabir Ələkbər oğlu, anası Qəniyeva Rəfiqə Məmmədəli qızıdır. İşdə olan Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 13 dekabr 1966-cı ildə vəfat etmiş Bağırova Gülbacı Fətalı qızının vərəsəsi Salyan şəhəri Y.Zərgərli küçəsi ev 12-də qeydiyyatda olan Cavabdeh2 miras əmlakdan tam hissədə pay almışdır. Miras əmlak Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Şirvan Ərazi İdarəsi tərəfindən 16 avqust 2021-ci il tarixdə Bağırova Gülbacı Fətalı qızına verilmiş **********33- 10301 reyestr nömrəli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Salyan şəhəri Y.Zərgərli küçəsi ev 12, yeni qaydalara Salyan şəhəri Y.Zərgərli küçəsi ev 10-da yerləşən Cavabdeh2 Məmmədalı qızına məxsus olan fərdi yaşayış evinin mərhumə Bağırova Gülbacı Fətalı qızına məxsus olmuş, ümumi sahəsi 0,04085 ha olan həyətyanı torpaq sahəsindən ibarət olmuşdur. İşdə olan AR-İİ-No538449 nömrəli etibarnamənin surətindən görünür ki, Cavabdeh2 17 dekabr 2021-ci ildə bir il müddətinə ümumi Mecidova Təranə Sabir qızına etibarnamə vermişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Cavabdeh2 və Cavabdeh1 arasında Salyan şəhəri Yunis Zərgərli küçəsi ev 12 (yeni qaydalarla ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 153,2 kv.m olan fərdi yaşayış evinə və ümumi sahəsi 0,04085 ha olan həyətyanı torpaq sahəsinə dair Salyan rayon 2 saylı notariat ofisində bağlanmış 28 dekabr 2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsızlığı üçün hər hansı əsas aşkar olunmamışdır. Belə ki, adıçəkilən müqavilə qanunla müəyyən olunmuş qaydada bağlanmış, onun ləğvi və ya etibarsızlığı üçün hər hansı hal müəyyən olunmamışdır. Çünki Bağırova Gülbacı Fətalı qızından miras qalmış ünvan 5 ünvan ünvan 4n üzrə birinci növbəli vərəsə Cavabdeh2 tam hissədə almışdır. İddiaçı Qəniyev Rəxan Ələkbər oğlu və onun atası Qəniyev Ələkbər Sabir oğlu Bağırova Gülbacı Fətalının qızının birinci növbəli vərəsəsi olmamışlar. Bağırova Gülbacı Fətalı qızı 13 dekabr 1966-cı ildə ölmüş və miras həmin vaxt açılmışdır. İddiaçının atası həmin vaxt 8 yaşında olmuş, iddiaçı özü isə ümumiyyətlə dünyaya gəlməmişdir. Göründüyü kimi, mirasın açıldığı vaxt miras qoyanın birinci növbəli vərəsəsi Cavabdeh2 sağ olmuş və miras əmlak da haqlı olaraq ona qanun üzrə vərəsəlik şəhadətnaməsi əsasında verilmişdir. İddiaçının nümayəndəsi Vəkil torpaq sahəsinin Cavabdeh2 adına 25 dekabr 2021-ci ildə keçməsi, etibarnamənin isə 17 dekabr 2021-ci ildə verilməsi və həmin vaxt torpaq sahəsinin Rəfiqənin adında olmaması ilə bağlı dəlili ilə əlaqədar məhkəmə qeyd etmişdir ki, etibarnamə bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalətdir. Etibarnamə verilərkən torpaq sahəsinin etibarnamə verənin mülkiyyətində olması məcburi hal deyil və həmçinin etibarnamədə torpaq sahəsinin etibar edənin mülkiyyətində olması qeyd olunmamışdır. Etibarnamədə etibar edən harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq özünün bütün əmlakını idarə etməyi və onun üzərində sərəcam verməyi və sair hüquqları etibar etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 666.1-ci maddəsinə görə bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. MM-in 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. MM-in 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsinə əsasən hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşnalıqla məhrum edilməməlidir. İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Məhkəmə yuxarıda qeyd olunanlarla bağlı həmçinin Avropa Məhkəməsinin “İnsan Hüquqlarının və Əsas Azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinin mənası baxımından “mülkiyyət” və “əmlak” anlayışının tətbiqi təcrübəsi ilə bağlı presedentlərinə istinadən etməyi zəruri hesab edir. Konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsində deyilir ki, hər kəs öz əmlakına mülkiyyət hüququnu maneəsiz həyata keçirmək hüququna malikdir. Həmin maddənin mənası baxımından “mülkiyyət” və “əmlak” anlayışı kifayət qədər genişdir. İqtisadi maraqların geniş spektri, o cümlədən daşınar və daşınmaz əmlak, maddi və qeyri-maddi maraqlar mülkiyyət hüququnun təsir dairəsinə düşür. Mövcud məhkəmə presedentinə əsasən mülkiyyət hüququ təkcə dövlət qeydiyyatına alınmış hüquqların deyil, eyni zamanda əmlaka faktiki mülkiyyət hüququnu, torpağa icarə, istifadə hüququnu da mülkiyyət kimi qəbul edir. Beləliklə, qeyd olunan maddi hüquq normalarının müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə kollegiyası diqqətə çatdırmağı zəruri hesab edir ki, Azərbaycan Respublikası “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi Konvensiyanın və ona əlavə Protokolların tətbiqi və təfsiri məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanımışdır. Buna görə də, məhkəmənin presedent hüququ Konvensiyanın tərkib hissəsi kimi qəbul edilir və hüquq tətbiqetmə təcrübəsində rəhbər tutulur. Nəzərə alınmalıdır k, “Azərbaycan Respublikası Prezidentinin məhkəmə sisteminin müasirləşdirilməsi ilə bağlı tədbirlərə dair” 19 yanvar 2006-cı il tarixli Fərmanında Azərbaycan Respublikasının Ali Məhkəməsinə və digər yuxarı instansiya məhkəmələrinə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun öyrənilməsi işini təşkil etmələri və onu məhkəmə təcrübəsində nəzərə almaları tövsiyə edilmişdir. Habelə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı Avropa Konvensiyasının müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarında göstərilir ki, insan və vətəndaş hüquq və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Beləliklə, məhkəmə kollegiyası mülki prosessual qanunvericiliyə müvafiq olaraq ədalət mühakiməsini tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, iş materiallarını araşdıraraq, toplanmış bütün sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, Salyan Rayon Məhkəməsinin 03 mart 2023-cü il tarixli 2(057)- 242/2023 saylı qətnaməsinin ləğvi və ya dəyişdirilməsi üçün İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillləri yetərli deyildir və həmin dəlillər əsaslı sayıla bilməz. Belə ki, apellyasiya şikayətində İddiaçı 2021-ci ilin sonuna kimi yaşaması və əşyalarının hazırda orada qalması, nənəsi Cavabdeh2 qulluğunda durması, bibiləri ilə münasibətlərinin pozulması barədə göstərilmiş dəlillər iş üzrə hər hansı hüquqi əhəmiyyət kəsb etmir. Bunda əlavə, şəxsə etibarnamə veriləndə, yəni 17 dekabr 2021-ci il tarixdə mübahisəli əmlakın Cavabdeh2 Məmmədli qızının mülkiyyətində olmaması və sonradan onun mülkiyyətinə keçməsi müqavilənin etibarsızlığı üçün əsas ola bilməz. Bundan başqa, apellyasiya şikayətində İddiaçı atası Qəniyev Ələkbər Sabir oğlunun sağ olduğu təqdirdə bağışlanan mübahisəli əmlaka dair atasının razılığının mütləq nəzərə alınmasına dair qeyd edilməlidir ki, həmin dəlilin də hüquqi əsası yoxdur və birinci instansiya məhkəməsinin qətnaməsində bu hala düzgün şəkildə aydınlıq gətirilmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, insan hüquq və azadlıqlarının konstitusiya təminatına əsasən hər kəsin məhkəmə müdafiəsi hüququnu qanunvericiliklə müəyyən edilmiş prinsiplər və prosedurlar üzrə müvafiq mübahisələrin və münaqişələrin həlli yolu ilə yalnız məhkəmələr təmin edirlər. Məhkəmələr üçün qanunun aliliyi və ədalətlilik kimi ümumbəşəri dəyərlər, ölkədə xalqın iradə ifadəsi kimi çıxış edən milli hüquq, habelə müasir demokratik cəmiyyətdə qəbul edilən beynəlxalq hüququn və məhkəmə icraatının prinsipləri mühüm əhəmiyyət kəsb edir. Kollegiya əlavə olaraq, qeyd edir ki, iş materiallarına əsasən Cavabdeh2 17 dekabr 2021-ci il tarixdə notariat ofisinə müraciət edərək, Salyan şəhəri Y.Zərgərli küçəsi ev 12-də yaşamış anası Bəşirova Gülbacı Fətalı qızı 13 dekabr 1966-cı ildə vəfat etdiyindən evin ümumi sahəsi 0,04085 ha olan həyətyanı torpaq sahəsinin miras qaldığını və başqa vərəsəsi olmadığını, həmin mirasa ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmiş və işdən də görünür ki, Bəşirova Gülbacı Fətalı qızının yeganə vərəsəsi Cavabdeh2dır. Bu baxımdan, 1964-cü il tarixdən 01 sentyabr 2000-ci il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 528-ci maddəsinə əsasən vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. 532-ci maddəsinə görə isə qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbəvərəsələr hesab olunurlar. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticələr işin həqiqi hallarına uyğun gəlir, işin bütün faktiki halları tam araşdırılmış və təqdim olunmuş sübutlara obyektiv qiymət verilmişdir. MPM-in 76.1 və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin tələbinə görə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli qərarına görə mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır; Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. MPM-in 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir”. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.2-ci bəndinə əsasən məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakterli dəlillər olmaqla birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. MPM-in 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Göstərilənlərə əsasən və MPM-in 14.2, 77.1, 217.2, 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq Q Ə T E T D İ: İddiaçı və onun nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Salyan Rayon Məhkəməsinin 03 mart 2023-cü il tarixli 2(057)-242/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar