Məhkəmə qərarları › İş №2(106)-848/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-848/2025

25.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-848/2025 25.06.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Sadıqov Mirlətif Süleyman oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Sultanov Cavid Rizvan oğlundan ibarət tərkibdə, X2 oğlunun katibliyi, İddiaçı1 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı “alqı-satqı müqaviləsinin və çıxarışların ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(073)-110/2025 saylı qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq məhkəmə tərkibi müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı alqı-satqı müqaviləsinin və çıxarışların ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onlara (iddiaçılara) məxsus olmaqla istifadələrində olan torpaq sahəsindən 0,12 ha sahəsinin Cəlilabad rayonunun Sabirabad bələdiyyəsinin mülkiyyəti kimi qeydiyyata alınması barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 16 noyabr 2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarış, Sabirabad bələdiyyəsi tərəfindən həmin 0,12 ha torpaq sahəsinin Cəlilabad rayonunun Sabirabad kənd sakini Cavabdeh2 satılması barədə olan 11 iyul 2021-ci il tarixli alqı-satqı müqaviləsi və qeyd olunan 0,12 hektar torpaq sahəsinin Cavabdeh2 xüsusi mülkiyyəti kimi dövlət qeydiyyatına alınması barədə Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 02 avqust 2021-ci il tarixli **********27 reyestr nömrəli çıxarışın qanunsuz və əsassız olduğundan ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(073)-110/2025 saylı qətnaməsi ilə (hakim O.Vəliyev) iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı “Sabirabad bələdiyyəsi ilə Cavabdeh2 arasında bağlanmış 11 iyul 2021-ci il tarixli alqısatqı müqaviləsinin və 02 avqust 2021-ci il tarixli çıxarışın ləğv edilməsi” tələbi rədd edilmiş, iş üzrə icraata qalan hissədə xitam verildiyinin nəzərə alınması qət edilmişdir. İddiaçı Cəfərov X1 Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(073)-110/2025 saylı qətnaməsindən apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı1 apellyasiya şikayətinin təmin edilməsini, Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(073)-110/2025 saylı qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Digər iddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı4, Cavabdeh2 və Cavabdeh1 nümayəndəsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar olunmalarına baxmayaraq, keçirilən məhkəmə iclasında iştirak etməmişlər, iştirak etməmələrinin səbəbləri barədə bildirməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə tərkibi onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərkibi iş materiallarını nəzərdən keçirib belə nəticəyə gəlir ki, İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(073)-110/2025 saylı qətnaməsi ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir. Qeyd edilməlidir ki, digər iddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı4 birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmış, qətnamədən apellyasiya şikayəti verməmişlər. Ona görə də məhkəmə tərkibi Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(073)-110/2025 saylı qətnaməsini İddiaçı1 apellyasiya şikayətinə münasibətdə yoxlayır. Məhkəmə tərkibi qeyd etməyi lazım bilir ki, Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(073)-110/2025 saylı qərardadı ilə (hakim O.Vəliyev) iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı “alqı-satqı müqaviləsinin və çıxarışların ləğv edilməsi” tələblərinə dair iş üzrə icraata “16 noyabr 2020-ci il tarixli çıxarışın ləğv edilməsi” hissəsində xitam verilmişdir. Birinci instansiya məhkəməsi hissəvi xitam hissəsində gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddia tələbinin “16 noyabr 2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi” hissəsində iş üzrə icraata işə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə xitam verilməlidir, çünki həmin qeydin aparılmasına əsas hər hansı mülki-hüquqi əqd deyil, inzibati akt və ya inzibati orqanın faktiki fəaliyyəti olmuşdur. İddiaçılar birinci instansiya məhkəməsinin “alqı-satqı müqaviləsinin və çıxarışların ləğv edilməsi” tələblərinə dair iş üzrə icraata “16 noyabr 2020-ci il tarixli çıxarışın ləğv edilməsi” hissəsində xitam verilməsi hissəsində gəldiyi nəticə ilə razılaşmış, həmin qərardaddan şikayət verməmişlər. Birinci instansiya məhkəməsi hazırki mübahisələndirilən qətnamə üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, alqı-satqı müqaviləsinin qanuni əsaslarla bağlanıldığı məhkəmə tərəfindən müəyyən edilmiş, müqavilənin bağlanılmasına əsas olmuş bələdiyyənin torpaq sahəsinin Cavabdeh2 satılması barədə müvafiq qərarı isə iddiaçılar tərəfindən mübahisələndirilməmişdir. İddiaçılar həmin müqavilənin etibarsızlığına və ya ləğvinə əsas olacaq hər hansı halla bağlı sübutlarını isə məhkəməyə təqdim edə bilməmişdirlər. Ona görə də iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı “Sabirabad bələdiyyəsi ilə Cavabdeh2 arasında bağlanmış 11 iyul 2021-ci il tarixli alqı-satqı müqaviləsinin və 02 avqust 2021-ci il tarixli çıxarışın ləğv edilməsi” tələbi rədd edilməlidir. Məhkəmə tərkibi qeyd edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Belə ki, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 04 nömrəli Qərarının 6.1-ci bəndinə əsasən, torpaq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən nəzərə alınmalıdır ki, dövlətin və bələdiyyələrin mülkiyyətində olan torpaqların fiziki və hüquqi şəxslərin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməsi dövlət orqanının və ya bələdiyyənin qərarı ilə həyata keçirildiyindən fiziki və hüquqi şəxslərlə hakimiyyət səlahiyyətlərinin subyektləri olan həmin orqanlar arasında onların torpaqla bağlı qərarlarından, hərəkətlərindən (hərəkətsizliklərindən) verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin qərarın 6.2-ci bəndinə əsasən, eyni faktiki və hüquqi hallara əsaslanmaqla torpağın ayrılmasına dair inzibati akt və müqavilə bir iddiada mübahisələndirildikdə, həm inzibati aktın, həm də müqavilənin ləğvinə və ya etibarsızlığına dair işə bir icraat daxilində inzibati məhkəmələrdə baxılmalıdır. Bundan fərqli olaraq torpağın ayrılmasına dair inzibati akt deyil, inzibati aktın özünün qanuniliyi ilə bağlı olmayan əsaslarla yalnız müqavilə mübahisələndirildikdə işə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Məhkəmələr icraatlarında olan işlərə baxarkən inzibati aktın və onunla əlaqəli olan müqavilənin birlikdə və ya ayrılıqda mübahisələndirilməsi məsələsini irəli sürülən dəlilləri nəzərə almaqla tərəflərlə müzakirə etməli və prosessual qənaətə nail olmaq üçün müvafiq hüquqi yardım göstərməlidirlər. İş materialları ilə müəyyən edilir ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı alqı-satqı müqaviləsinin və çıxarışların ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onlara (iddiaçılara) məxsus olmaqla istifadələrində olan torpaq sahəsindən 0,12 ha sahəsinin Cəlilabad rayonunun Sabirabad bələdiyyəsinin mülkiyyəti kimi qeydiyyata alınması barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 16 noyabr 2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarış, Sabirabad bələdiyyəsi tərəfindən həmin 0,12 ha torpaq sahəsinin Cəlilabad rayonunun Sabirabad kənd sakini Cavabdeh2 satılması barədə olan 11 iyul 2021ci il tarixli alqı-satqı müqaviləsi və qeyd olunan 0,12 hektar torpaq sahəsinin Cavabdeh2 xüsusi mülkiyyəti kimi dövlət qeydiyyatına alınması barədə Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 02 avqust 2021-ci il tarixli **********27 reyestr nömrəli çıxarışın qanunsuz və əsassız olduğundan ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərkibi qeyd edir ki, hazırki mübahisə, ilk növbədə, 0,12 ha sahəsinin Cəlilabad rayonunun Sabirabad bələdiyyəsinin mülkiyyəti kimi qeydiyyata alınması və bu barədə bələdiyyə adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 16 noyabr 2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilməsi ilə yaranmışdır. Sabirabad bələdiyyəsi ilə Cavabdeh2 arasında alqı-satqı müqaviləsinin bağlanması və sonuncunun torpaq sahəsinə dair çıxarış alması isə sonrakı hüquqi nəticələrdir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 04 nömrəli Qərarının 17-ci bəndinə əsasən “... Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Konkret mübahisənin hallarından asılı olaraq bəzən inzibati aktın və mülkihüquqi əqdin hər ikisi reyestrdəki qeydiyyatın aparılması üçün birgə hüquqi əsas təşkil edirlər. Bu kimi hallarda iddiaçının hüquqi marağı və iddia tələblərinin hüquqi təbiəti nəzərə alınmaqla inzibati aktın mübahisələndirilməsinə inzibati məhkəmə icraatı qaydasında, mülki-hüquqi əqdin mübahisələndirilməsinə isə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır...”. İşin hallarından göründüyü kimi, iddiaçıların iddia tələbi, ilk növbədə, 0,12 ha sahəsinin Cəlilabad rayonunun Sabirabad bələdiyyəsinin mülkiyyəti kimi qeydiyyata alınması və bu barədə bələdiyyə adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 16 noyabr 2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilməsi ilə yarandığından, Sabirabad bələdiyyəsinin həmin torpaq sahəsinə dair mülkiyyət hüququnun qeydə alınması, eləcə də mülkiyyət hüququ qeydə alındıqdan sonra torpaq sahəsinin Cavabdeh2 satılması ilə əlaqədar müvafiq prosedur başlanması inzibati orqanın publik səlahiyyətlərindən irəli gəldiyindən iddia tələbi inzibati mübahisədir. İddiaçılar həm inzibati aktı, həm də bu akta əsaslanan mülki-hüquqi müqaviləni eyni iddia çərçivəsində mübahisələndirmişdirlər. Birinci instansiya məhkəməsi yalnız xx.xx.2020-ci il tarixli çıxarışla bağlı hissəyə mülki icraatla baxılmalı olmadığını qeyd edərək icraata xitam vermişdir. Lakin həmin akt əsasında bağlanmış alqı-satqı müqaviləsi və sonrakı çıxarış üzrə isə işi mülki icraat qaydasında araşdıraraq iddianı rədd etmişdir. Bu isə faktiki və hüquqi cəhətdən əlaqəli olan tələb hissələrinin süni surətdə parçalanmasıdır və qanunvericiliyin tələblərinə ziddir. Çünki Plenum qərarına görə bu cür iddialar ayrılmaz şəkildə birlikdə araşdırılmalıdır. Ona görə də bütün tələblər üzrə mübahisə inzibati icraat qaydasında baxılmalı olduğundan, birinci instansiya məhkəməsinin işin yalnız bir hissəsinə xitam verib qalan hissəsini mülki icraatla araşdırması hüquqi baxımdan əsassızdır. Göründüyü kimi, birinci instansiya məhkəməsi hazırki işə baxarkən tələbin ümumilikdə inzibati məhkəmə icraatının predmeti olmasına əhəmiyyət verməmiş, iş üzrə icraata tamamilə xitam vermək əvəzinə, iddiaya mahiyyəti üzrə baxıb həmin tələbi təmin etməməklə məhkəmə aidiyyəti ilə bağlı prosessual hüquq normalarını pozmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 5.1-ci maddəsində təsbit edilmişdir ki, hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Həmin Məcəllənin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədəvə ya mülki məhkəmə icraatı qaydasındabaxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.3-cü maddəsinə görə işin məhkəmə orqanlarına aid olmaması nəticəsində və ya bu Məcəllənin 261.0.8-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Göstərilən müddəaların mənasından göründüyü kimi iş məhkəmədə baxılmalı olmadıqda iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında yuxarıda göstərilən məsləyə münasibət bildirərək göstərmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsi apellyasiya şikayəti əsasında qətnamənin əsaslılığının yoxlanılması ilə bağlı apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini müəyyən etmişdir. Bu hədlər isə apellyasiya şikayətinin dəlillərindən asılı olaraq müəyyən edilir. Məhkəmə tərkibi apellyasiya şikayətinin dəlillərinə münasibət bildirərək qeyd edir ki, əgər birinci instansiya məhkəməsi işə mülki icraatla baxmışsa, lakin işin inzibati icraata aid olduğu aşkar edilərsə, apellyasiya instansiyası maddi hüquq üzrə iddianın əsaslı olubolmamasını yoxlamır. Apellyasiya instansiyası yalnız aidiyyət məsələsinə görə qətnaməni ləğv edib, işin icraatına xitam verməlidir. Məhkəmə aidiyyəti düzgün müəyyən edilmədiyindən və nəticədə qətnamənin ləğvi zərurəti yarandığından, apellyasiya şikayətində iddiaçı tərəfindən irəli sürülmüş digər dəlillərin araşdırılmasına və onlara münasibət bildirilməsinə ehtiyac yoxdur, çünki bu dəlillər mübahisənin aidiyyəti və icraat forması baxımından hüquqi nəticəyə təsir etməyəcəkdir. Ona görə də apellyatora müvafiq qaydada inzibati məhkəmələrə müraciət etmək hüququnun olması izah edilməlidir. Apellyasiya instansiyası məhkəməsi qanunçuluğun maraqlarına uyğun olaraq şikayətin dəlillərindən kənara çıxa bilər. Qanunçuluğun maraqları dedikdə baxılan iş üzrə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunması başa düşülməlidir. MPM-in 2.2-ci maddəsinə görə mülki mühakimə icraatının əsas vəzifələrindən biri qanunçuluğun bərqərar edilməsidir. Baxılan iş üzrə Azərbaycan Respublikası Konstitusiyasının müddəalarının, qanunlarının və digər normativ-hüquqi aktlarının düzgün tətbiqinin təmin olunması məhkəmənin vəzifəsidir (MPM-in 2.1-ci maddəsi). Bu vəzifənin məhkəmə tərəfindən yerinə yetirilməsi işdə iştirak edən şəxsin apellyasiya şikayətində əks olunan mövqeyindən asılı ola bilməz. Hüququn tətbiqinə məhkəmə bilavasitə cavabdehlik daşıdığından tərəflərin hüquqi mövqeyi hakim üçün heç bir halda məcburi deyil. Məhz buna görə də qanunverici MPM-in 372.7-ci maddəsində müəyyən etmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385-387-ci maddələrində birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsaslar nəzərdə tutulmuş və bu əsaslar sırasında maddi və ya prosessual hüquq normalarının pozulması və yaxud düzgün tətbiq edilməməsi də təsbit olunmuşdur. Həmin Məcəllənin 387-ci maddəsində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinin prosessual əsasları göstərilmişdir. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Beləliklə, məhkəmə tərkibi hesab edir ki, İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(073)- 110/2025 saylı qətnaməsi ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 32, 263, 264-cü maddələrini rəhbər tutaraq Məhkəmə tərkibi qərara aldı: İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(073)-110/2025 saylı qətnaməsi ləğv edilsin. İş üzrə icraata xitam verilsin. Qərаrdаd işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qаnuni qüvvəyə minir. Qərаrdаddаn, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar