Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-853/2025 22.05.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC və Cavabdeh oğluna qarşı «pul» tələbinə dair mülki iş üzrə Q Ə T N A M Ə S İ Açar sözlər: müqavilələrdən əmələ gələn öhdəliklər Şirvan şəhəri, 22 may 2025-ci il X4 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, X2 və Əliyev Qasım Vəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1 və Cavabdeh iştirakı ilə, İddiaçı və Cavabdeh qarşı «pul» tələbinə dair mülki iş üzrə Yardımlı Rayon Məhkəməsinin 04 mart 2025-ci il tarixli, e-2(038)-107/2025 saylı qətnaməsindən İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən LENOVO TB-7305F kompüter üçün ondan 180 manat ödənilməmiş hissə və 54 manat cərimə olmaqla, 234 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məhsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, LENOVO TB-7305F kompüter almış və nəticədə 234 (iki yüz otuz dörd) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 270 (iki yüz yetmiş) manat (yəni 18 ay x 15 manat + 0 manat ilkin ödəniş) olan LENOVO TB-7305F kompüter üçün ümumilikdə, 234 (iki yüz otuz dörd) manat olmaqla ondan 180 (yüz səksən) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 54 (əlli dörd) manat cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 90 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aramızda bağlanılmış xx.xx.2023-cü il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aramızda olan telefon danışığı, həmçinin göndərdiyimiz xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a)Birinci instansiya məhkəməsində icraat. Cavabdeh iddiaya qarşı yazılı etirazla məhkəməyə müraciət edərək, işin ətraflı araşdırılması məqsədilə mülki işə iddia icraatı qaydasında baxılmasını xahiş etmişdir. Yardımlı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə, mülki işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyib, ona qarşı irəli sürülmüş iddianın rədd edilməsini xahiş etmiş və əlavə olaraq bildirmişdir ki, "xxxx" MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, LENOVO TB-7305F markalı planşet almış, lakin qısa müddət sonra planşet xarab olmuşdur. Planşeti düzəltmələri üçün geri qaytarmışdır, geri çağırıb planşetin təmir olunduğunu demiş, cavabdeh də öz növbəsində planşeti götürmüş, amma planşet yenə də işləməmişdir, həmin vaxtdan planşet iddiaçıda qalmışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə ilə müraciət edərək, işə onun iştirakı olmadan baxılmasını və qətnamə qəbul edilməsini xahiş etmişdir. Yardımlı Rayon Məhkəməsinin 04 mart 2025-ci il tarixli, e-2(038)-107/2025 saylı qətnaməsi ilə İddiaçı MMC-nin Cavabdeh qarşı «xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən LENOVO TB-7305F kompüter üçün 180 manat ödənilməmiş hissə və 54 manat cərimə olmaqla, 234 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məhsuliyyətli Cəmiyyətinə ödənilməsi» barədə iddiası rədd edilməsi və iddianın verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul vəsaiti iddiaçıya aid edilməsini qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən İddiaçı MMC apellyasiya şikayəti verərək, Yardımlı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(038)-107/2025saylı iş üzrə qətnaməsinin tam ləğv edilməsini, iddia tələbinin təmin edilməsini, Cavabdeh xx.xx.2023-cü il tarixli müqavilə üzrə LENOVO TB-7305F markalı planşet üçün 180 (yüz səksən) manat ödənilməmiş hissə, 54 (əlli dörd) manat cərimə olmaqla, ümumilikdə 234 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq "xxxx" MMC-yə ödənilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnamənin əsaslandırma hissəsində əsasız şəkildə qeyd etmişdir ki, malın qüsursuz qaytarılması sonradan "xxxx" MMC-nin mütəxəsisləri tərəfindən tərtib olunan xx.xx.2025-ci il tarixli texniki vəziyyət barədə aktla təsdiqini tapır. Lakin sözügedən malın qüsursuz qayatrılması barədə xx.xx.2025-ci il tarixdə "xxxx" MMC-nin mütəxəsisləri tərəfindən texniki vəziyyət barədə akt tərtib edilməmişdir və e-2(038)-107/2025 saylı iş materiallarında öz əksini tapmır. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli təhviltəslimdən görünür ki, əmtəə görünüşü xanasında qeyd olunmuşdur ki, sözügedən cihazın korpusda yuxarı sağ hissədə əzik, batıq var, korpusda və ekranda cızığlar var, eyni zamanda bildirmişlər ki, cavabdeh həmin təhvil-təslim aktında öz imzası ilə bunu təsdiq etmişdir. Qeyd etmişlər ki, təxniki vəziyyət barədə aktan görünür ki, sözügedən LENOVO TB - 7305F 1/16GB-B LA CK markpalalınşeti Rəsmi Servisdə baxış keçirilmiş və müəyyən edilmişdir ki, cihaza mexaniki təsir nəticəsində ekran sıradan çıxıb və müştəriyə ödənişli xidmət təklif olunmuşdur, lakin müştəri ödənişli təmirdən imtina etmiş və ödənişsiz təmir istəmişdir. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. ç) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Kollegiyanın iclasında iştirak edən iddiaçının nümayəndəsi X1 vermiş olduqları apellyasiya şikayətini müdafiə etmiş, onun məzmununa uyğun izahat vermiş, qətnamənin ləğv edilərək iddianın təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq göstərmişdir ki, planşetə görə 1 illik zəmanət verilmiş, cavabdeh planşetdən 6 ay istifadə etmiş və sonradan həmin planşeti təmir edilməsi üçün servisə təqdim etmişdir. Qeyd etmişdir ki, hazırda planşet onlardadır. Planşeti cavabdehə qaytarmamışlar. Kollegiyanın iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini əsassız hesab etmiş və onun təmin edilməməsini xahiş etmişdir. Göstərmişdir ki, planşetin 1 illik zəmanəti olmuş, planşetin korpusu gövdəsindən qopmuş və təmir edilməsi üçün iddiaçının servisinə təqdim etmişdir. Bir dəfə ona gəlib planşetini götürməsini bildirmişlər. Gedib götürmək istəyərkən planşetinin təmir edilmədiyini görmüşdür. Ona görə də planşeti servisdən götürməmişdir. Bundan sonra planşet ona qaytarılmamışdır. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırkı halda iddiaçı birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək təmin edilməsini xahiş etməklə qətnaməni tam mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin iddiaçıya münasibətdə, apellyasiya şikayətlərinin dəlilləri üzrə tam yoxlanılmasını düzgün hesab edir. Müki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinin tələblərinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci və 425.2-ci maddələrinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. 448.4-ci maddəsinə əsasən borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır. 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.1-ci maddəsində qeyri-qanuni və ya müqavilənin ziddinə əldə edilmiş hüquqların həyata keçirilməsi hüquqdan sui-istifadə kimi müəyyən edilmişdir. 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. MPM-nin: 14.2 - Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1 - Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1 - Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88 - Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1 - Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin təmin olunması üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Belə ki, "xxxx" MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqavilədən görünür ki, "xxxx" MMC mülkiyyətində olan LENOVO TB-7305F planşeti dəyəri olan 270 manatı hissə-hissə ödəmək şərtilə Cavabdeh satmağı, cavabdeh isə həmin əmlakın dəyərini hissə-hissə ödəməyi öz öhdəsinə götürmüşdür. Müqavilənin 2.4-cü bəndinə əsasən müştəri malı qəbul edir və yalnız maldan istifadə etmək hüququ ona keçir. Müqavilənin 2.5-ci bəndinə əsasən müqavilənin bütün şərtləri tam yerinə yetirilənə qədər mal "xxxx" MMC-nin əmlakı hesab olunur və müştəri tərəfindən satıla, bağışlana və hər hansı bir formada üçüncü şəxsə verilə bilməz. Müqavilənin bütün şərtləri tam yerinə yetirildiyi təqdirdə mala mülkiyyət hüququ müştəriyə keçir. Müqavilənin 2.7-ci bəndinə əsasən "xxxx" MMC-nin sərəncamı ilə mala mülkiyyət hüququ müştəriyə keçir. Müqavilənin 2.8-ci bəndinə əsasən müqavilənin əlavəsinə əsasən bütün ödəmələr mal müştərinin mülkiyyətinə keçənədək avans kimi qəbul olunur. Müqavilənin 3.1-ci bəndinə əsasən müştəri bu müqavilənin şərtlərini pozduğu halda, malı "xxxx" MMC-nin tələbi ilə geri qaytarmalıdır. Müqavilənin 3.2-ci bəndinə əsasən "xxxx" MMC müqavilənin 3.1-ci bəndində müəyyən edilmiş qaydada qaytarılmış malın (ödənişsiz təqdim edilmiş mal istisna olmaqla), həmçinin 2.9-cu və 3.15-ci bəndlərdəki hala aid olan malın qalıq dəyərini birtərəfli aktla qiymətləndirib, müştərinin "xxxx" MMC-nə olan borcunun bağlanmasına yönəltmək hüququna malikdir. Müqavilənin 3.3-cü bəndinə əsasən müştəri qiymətləndirmə aktı ilə razılaşmadığı halda, o, borcu bağlamaq şərtilə 3.2-ci bənddəki qaydada qiymətləndirilmiş malı geri ala bilər. xx.xx.2023-cü il tarixli müqaviləyə əlavədən görünür ki, Cavabdeh "xxxx" MMC mülkiyyətində olan LENOVO TB-7305F planşetin dəyəri olan 270 manatı xx.xx.2023-cü il tarixdən başlayaraq 18 ay ərzində hər ay 15 manat olmaqla ödəməyi öz öhdəsinə götürmüşdür. Maliyyə Arayışından görünür ki, xx.xx.2023-cü il tarixli müqavilə üzrə Cavabdeh LENOVO TB-7305F planşetin dəyəri olan 270 manatdan 90 manat ödəniş etmiş, ödənilməmiş 180 manat ödənilməmiş qalmış, gecikdirilmiş 180 manata məbləğə görə 54 manat cərimə hesablanmışdır. xx.xx.2023-cü il tarixli təhvil-təslim, həmçinin texniki vəziyyət barədə Aktdan görünür ki, Cavabdeh tərəfindən LENOVO TB-7305F planşet tam komplektasiyada qaytarılmışdır. Cihazın korpusunda yuxarı sağ hissədə əzik, batıq olduğu, korpusda və ekranda cızıqlar olduğu müəyyən olunur. LENOVO TB-7305F planşetin vəziyyətindən görünür ki, cihaz qoşulmur, ekran korpusdan aralıdır. Görüntü yoxdur və müştəri bildirir ki, ekran birdən birə qalardı. Ödəniş qəbzindən görünür ki, iddianın verilməsi üçün "xxxx" MMC tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Müəyyən olunmuşdur ki, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə görə müştəri bu müqavilənin şərtlərini pozduğu halda malı "xxxx" MMC-nin tələbi ilə geri qaytarmalıdır. İşin müəyyən olunan hallarına əsasən müştəri mala görə 6 ay ərzində müqavilədə şərtləşdirilmiş qaydada ödənişlər etmiş, sonra malı tam komplektasiyada iddiaçıya qaytarmışdır. Bu barədə tərəflər arasında xx.xx.2023-cü il tarixli təhvil-təslim aktı tərtib edilmişdir. Malın qüsursuz qaytarılması sonradan "xxxx" MMC-nin mütəxəsisləri tərəfindən tərtib olunan xx.xx.2025 tarixli texniki vəziyyət barədə aktla təsdiqini tapır. Müqavilənin 3.2ci bəndinə əsasən "xxxx" MMC qaytarılmış malın qalıq dəyərini birtərəfli aktla qiymətləndirib, müştərinin "xxxx" MMC-nə olan borcunun bağlanmasına yönəltmək hüququna malikdir. Göründüyü kimi mübahisə predmeti olan planşet iddiaçıda qalmış, eyni zamanda malın ödənilməmiş məbləğini iddiaçı tərəf tələb etmişdir. Yəni işin bu halı tərəflər arasında bağlanmış müqavilənin və Mülki Məcəllənin tələblərinə zidd olmuşdur. Göründüyü kimi birinci instansiya məhkəməsi iddianı təmin etməmiş, qətnamədən iddiaçı narazı qalaraq apellyasiya şikayəti vermişdir. Şikayətin əsas dəlili ondan ibarətdir ki, cavabdeh planşetə görə ödənilməmiş qalan əsas və cərimə məbləğini ödəməlidir. Kollegiya qeyd edir ki, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli təhvil-təslim aktına əsasən LENOVO TB-7305F planşeti iddiaçıya təhvil verilmiş və hazırda da iddiaçıdadır. Belə olduğu halda iddiaçının ödənilməyən məbləğin hələ də cavabdehdən tələb etməsi qanunvericiliyə və tərəflər arasında bağlanmış müqaviləyə ziddir. Kollegiya birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir. Kollegiya hesab etmişdir ki, apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş materialları və ya digər sübutlarla təsdiq edilmir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsaslar yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehə münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə, dəyişdirilə bilməz. Yuxarıda şərh olunanlara əsasən İddiaçı MMC-nin apellyasiya şikayəti təmin edilməməməli, Yardımlı Rayon Məhkəməsinin 04 mart 2025-ci il tarixli, e-2(038)-107/2025 saylı qətnaməsi İddiaçı MMC-nin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Göründüyü kimi iddianın mübahisələndirilən hissəsinin dəyəri 5000 manatdan yuxarı deyil, buna görə də qətnamədən kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Yardımlı Rayon Məhkəməsinin 04 mart 2025-ci il tarixli, e-2(038)-107/2025 saylı qətnaməsi İddiaçı MMC-nin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya baxışı üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-853/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-853/2025
22.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver