Məhkəmə qərarları › İş №2(106)-859/2023

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-859/2023

12.05.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-859/2023 12.05.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Lənkəran Rayon Məhkəməsinin 04 aprel 2023-cü il tarixli, 2(049)-1307/2023 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Şirvan Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq; MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli, 255523 saylı aktın etibarsız hesab edilməsi və həmin akt əsasında hesablanmış 673,62 manat həcmində cərimənin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, yaşadığı Lənkəran rayonunun Seydəkəran kəndində özünə məxsus fərdi yaşayış evi var və fərdi yaşayış evi sayğac vasitəsilə dəyəri hesablanmaqla elektrik enerjisi ilə təmin olunmuşdur. İddiaçı da fiziki şəxs kimi hər ay sayğac vasitəsilə hesablanmış elektrik enerjisinin dəyərini tarif planına uyğun dəyər ilə ödəmiş, heç vaxt abonent kimi öhdəliklərinin icrasından yayınmamışdır. "xxxx" ASC-nin Masallı EŞ-nin əməkdaşları gəlib yaşadığı evə quraşdırılmış sayğaca baxış keçirmiş, xx.xx.2022-ci il tarixli, 255523 saylı akt tərtib etmişlər. Həmin akta görə abonent sayğacdan kənar elektrik enerjisindən istifadə edir. Buna görə iddiaçını 673,62 manat həcmində cərimələmişlər. "xxxx" ASC-nin X1 Təchizatı və Satışı İdarəsinin əməkdaşlarının apardıqları araşdırmalar düzgün deyil. Belə ki, həmin idarə tərəfindən iddiaçıya 673,62 manat cərimə yazılmışdır. İddiaçının yaşadığı evdə elektrik enerjisi ilə işləyən heç bir vasitə yoxdur. Yəni, nə televizor, nə soyuducu, nə kondisioner, nə ütü, nə paltaryuyan, nə qabyuyan, nə də ki elektrik enerjisi ilə işləyən hər hansı vasitələr yoxdur. Evin bir otağında yaşayış var və həmin otaqda sadəcə olaraq bir ədəd ampul (lampuçka) var. İddiaçının evi kart sayğacı ilə təmin edilib və hər ay o, 1-2 manatlıq işıq istifadə edir. O, işıq idarəsinin əməkdaşlarına evə baxmalarını və evdə heç bir məişət texnikasının olmadığını bildirsə də, onlar buna əhəmiyyət vermədən cərimə tətbiq etmişlər. Bir ampulun (lampuçkanın) 673,62 manatlıq işıq yandırması üçün onun bir neçə gün yox, bir neçə il yanılı qalması lazımdır. Həmin ampul (lampuçka) cəmi 20 vattlıqdır. İddiaçı əvvəllər borcun silinməsi ilə bağlı məhkəməyə müraciət etmiş, lakin Şirvan Apellyasiya Məhkəməsinin qətnaməsində aktın mübahisələndirilməsi ilə bağlı məhkəmədə iddia qaldırmaq barədə hüquqları izah edilmişdir. Ona görə də hazırda həmin aktın etibarsız hesab olunması və cərimənin silinməsi barədə məhkəməyə müraciət etməli olmuşdur. Lənkəran Rayon Məhkəməsinin 03 mart 2023-cü il tarixli, 2(049)-1307/2023 saylı qərardadı ilə iddia ərizəsinin məhkəmə icraatı mümkün hesab edilmişdir. Cavabdeh "xxxx" ASC iş üzrə icraata xitam verilməsi barədə vəsatətlə məhkəməyə müraciət edərək, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında eyni predmet barəsində və eyni əsasla mülki işə Lənkəran Rayon Məhkəməsində baxılmış və iddia tələbinin rədd edilməsinə dair xx.xx.2022-ci il tarixli, 2(049)-1948/2022 saylı qətnamə çıxarılmışdır. Daha sonra, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında həmin mülki işə Şirvan Apellyasiya Məhkəməsində baxılaraq, apellyasiya şikayətinin təmin edilməməsi və Lənkəran Rayon Məhkəməsinin 2(049)-1948/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasına dair 2(106)-143/2023 saylı qətnamə qəbul edilmişdir. Lənkəran Rayon Məhkəməsinin 04 aprel 2023-cü il tarixli, 2(049)-1307/2023 saylı qərardadı ilə (sədrlik edən hakim Anar Pənahov) İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilmişdir. Qərardad onunla əsaslandırılmışdır ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair Lənkəran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(049)-1948/2022 saylı qanuni qüvvəyə minmiş qətnaməsi mövcud olduğundan, hazırkı mülki iş üzrə icraata xitam verilməlidir. Qərardaddan narazı qalan İddiaçı şikayət vermiş, şikayətində Lənkəran Rayon Məhkəməsinin 04 aprel 2023-cü il tarixli, 2(049)-1307/2023 saylı qərardadının ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İddiaçı şikayətini onunla əsaslandırmışdır ki, onun iddiası eyni tərəflər arasında olsa da, eyni predmet barəsində və eyni əsaslarla verilən iddia deyil. O, əvvəlki iş üzrə aktın etibarsız sayılması tələbini irəli sürməmişdir. Lənkəran Rayon Məhkəməsi 06 sentyabr 2022-ci il tarixli qətnamə ilə onun iddiasını ona görə rədd etmişdir ki, iddiaçı birinci aktın etibarsızlığını mübahisələndirməlidir. Bundan əlavə, Şirvan Apellyasiya Məhkəməsinin 18 yanvar 2023-cü il tarixli qətnaməsində də onun apellyasiya şikayəti sırf aktı mübahisələndirmədiyi üçün təmin edilməmişdir. Odur ki, Lənkəran Rayon Məhkəməsinin 04 aprel 2023-cü il tarixli, 2(049)-1307/2023 saylı qərardadı ləğv edilməli və onun iddia ərizəsinə baxılmalıdır. Lənkəran Rayon Məhkəməsinin 19 aprel 2023-cü il tarixli, 2(049)-1307/2023 saylı qərardadı ilə Lənkəran Rayon Məhkəməsinin 04 aprel 2023-cü il tarixli, 2(049)-1307/2023 saylı qərardadının ləğvi barədə mülki iş üzrə İddiaçı şikayəti təmin edilməmiş, işin şikayətlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını yazılı icraat qaydasında araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Lənkəran Rayon Məhkəməsinin 04 aprel 2023-cü il tarixli, 2(049)-1307/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdə surəti olan Lənkəran Rayon Məhkəməsinin 2(049)-1948/2022 saylı, 06 sentyabr 2022-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı 673,62 manat borcun silinməsi barədə iddiasına baxılmış və iddia tələbi rədd edilmişdir. Lənkəran Rayon Məhkəməsinin 2(049)-1948/2022 saylı, 06 sentyabr 2022-ci il tarixli qətnaməsinin 3-cü səhifəsində göstərilmişdir ki, məhkəmə araşdırması zamanı iddiaçının Lənkəran rayonunun Seydəkəran kəndində atasına məxsus evdə sayğacdan kənar xətt vasitəsilə elektrik enerjisindən istifadə etməsi, bununla əlaqədar olaraq, "xxxx" ASC-nin əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixli, 255523 nömrəli aktın tərtib edilməsi və tərtib edilmiş akt əsasında 673,62 manat ziyanın hesablanması, həmin məbləğin iddiaçının törətdiyi pozuntuya görə hesablanması müəyyən edilmişdir. Digər tərəfdən, iddiaçı hesablanmış borcun silinməsini tələb etsə də, borcun yaranmasına səbəb olan aktı mübahisələndirməmişdir. Həmin iş üzrə İddiaçı öz tələbini belə əsaslandırmışdır ki, o, Rusiya Federasiyasının vətəndaşı olsa da, Lənkəran rayonunun Seydəkəran kəndində mərhum atasına məxsus evdə tək yaşayır. "xxxx" ASC-nin X1 Təchizatı və Satışı İdarəsinin əməkdaşlarının apardıqları araşdırmalar düzgün deyil. Belə ki, həmin idarə tərəfindən iddiaçıya 673,62 manat cərimə yazılmışdır. İddiaçının yaşadığı evdə elektrik enerjisi ilə işləyən heç bir vasitə - nə televizor, nə soyuducu, nə kondisioner, nə gidrafon, nə ütü, nə paltaryuyan, nə qabyuyan, nə də ki elektriklə işləyən hər hansı başqa vasitə yoxdur. İddiaçının evinin bir otağında yaşayış vardır və həmin otaqda sadəcə olaraq bir ədəd ampul (lampuçka) vardır. İddiaçının evi kart sayğacı ilə təmin olunmuşdur və hər ay o, 1-2 manatlıq işıq istifadə edir. Lakin həmin ay kartında problem olduğuna görə karta pul yükləyə bilməmişdir. Qaranlıqda qalmamaq üçün cəmi bir dəfə kənar qoşulma etmiş, elə həmin gün də işıq idarəsinin əməkdaşları gəlib akt yazaraq onu 673,72 manat məbləğində cərimə etmişlər. İddiaçı işıq idarəsinin işçilərinə evində elektrik enerjisi ilə işləyən heç bir məişət texnikasının olmadığını bildirsə də, onlar iddiaçıya əhəmiyyət vermədən barəsində cərimə tətbiq etmişlər. Bir ədəd ampul (lampuçka) üçün 673,72 manat cərimənin yazılması isə əsassızdır. Həmin ampul (lampuçka) cəmi 20 vattlıqdır. Ona görə də borcun silinməsi barədə məhkəməyə müraciət etməli olmuşdur. İşdə surəti olan Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 yanvar 2023-cü il tarixli, 2(106)-143/2023 saylı qətnaməsindən görünür ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Lənkəran Rayon Məhkəməsinin 2(049)-1948/2022 saylı, 06 sentyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Əvvəlki məhkəmə mübahisəsi üzrə qəbul edilmiş Lənkəran Rayon Məhkəməsinin 2(049)-1948/2022 saylı, 06 sentyabr 2022-ci il tarixli qətnaməsindən, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 yanvar 2023-cü il tarixli, 2(106)-143/2023 saylı qətnaməsindən, həmin iş üzrə iddiaçının iddia ərizəsinin məzmunundan və apellyasiya məhkəməsinin iclasındakı izahatından, həmçinin hazırkı iş üzrə iddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı sayğacdan kənar qoşulma edərək elektrik enerjisindən istifadə etdiyini etiraf etmişdir. "xxxx" ASC-nin Cənub RETSİ tərəfindən tərtib edilmiş 26 mart 2022-ci il tarixli, 255523 nömrəli aktda isə abonentin sayğacdan kənar elektrik enerjisindən istifadə etməsi göstərilmiş, həmin aktda hər hansı borc məbləği qeyd edilməmişdir. Əvvəlki iş üzrə iddiaçı hesablanmış 673,62 manat məbləğində borcun silinməsini tələb etmiş, həmin borcun yazılmasının əsassız olmasını özünün sadəcə 1 ampul (lampuçka) yandırması ilə izah etmiş, Lənkəran Rayon Məhkəməsinin 06 sentyabr 2022-ci il tarixli və Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 yanvar 2023-cü il tarixli qətnamələri isə həmin tələbə baxılmış, borcun əsassız hesablanıb-hesablanmaması məsələsinə hüquqi qiymət verilərək iddia tələbi rədd edilmişdir. Buna baxmayaraq, iddiaçı hazırkı iş üzrə sözügedən aktın etibarsız hesab edilməsini və hesablanmış 673,62 manat məbləğində cərimənin silinməsini tələb etsə də, öz tələbinin əsası kimi yenə də yalnız 1 ampul (lampuçka) yandıraraq elektrik enerjisindən istifadə etməsini göstərmiş, iddia ərizəsini əvvəlki iş üzrə iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmışdır. Göründüyü kimi, iddiaçı hazırkı iş üzrə 673,62 manat məbləğində borcun silinməsi ilə yanaşı, aktın etibarsız hesab edilməsini tələb etsə də, onun məqsədi həmin borcun silinməsinə nail olmaq olmuşdur. Hər iki iş üzrə iddianın İddiaçı tərəfindən eyni məzmunda əsaslandırılması iddiaçının maraqları və bütövlükdə hüquq münasibətləri baxımından qiymətləndirildikdə belə nəticəyə gəlmək mümkündür ki, iddiaların predmetləri və əsasları da eynidir. Mülki Prosessual Məcəllənin 261.0.2-ci maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsi tərəfindən qərardad qəbul edilərkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilmişdir, bu səbəbdən də Lənkəran Rayon Məhkəməsinin 04 aprel 2023-cü il tarixli, 2(049)-1307/2023 saylı qərardadı qanuni və əsaslıdır. Bu baxımdan iddiaçı tərəfindən verilmiş şikayət əsassız olduğu üçün təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessal Məcəlləsinin 264, 398.0.1, 400, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Lənkəran Rayon Məhkəməsinin 04 aprel 2023-cü il tarixli, 2(049)-1307/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Samir Mayılov Hakimlər İlham Əsədov Tofiq Heydərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar