Məhkəmə qərarları › İş №2(106)-861/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-861/2023

20.06.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-861/2023 20.06.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Pərviz Tərlan oğlu (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və İsmayılov Orxan Nadir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Məmmədov Samir Valeh oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Ağayeva Həyat Mahmud qızının iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı aktın etibarsız hesab edilərək ləğv edilməsi və qanunsuz hesablanmış cərimənin silinməsi tələbinə dair mülki iş üzrə Nefçala Rayon Məhkəməsinin 23 yanvar 2023-cü il tarixli 2(053)-53/2023 saylı qətnaməsindən cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Nefçala Rayon Məhkəməsinin 23 yanvar 2023-cü il tarixli 2(053)-53/2023 saylı qətnaməsi ilə (hakim Ceyhun Qədimov) iddianın təmin edilməsi, İddiaçı (abonent №**********00193, Neftçala rayonu Şorkənd kəndi) itirilmiş elektrik enerjisinə görə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən hesablanmış 1685,91 (min altı yüz səksən beş) manat 91 (doxsan bir) qəpik məbləğində borcun silinməsi qət edilmişdir. Cavabdeh "xxxx" ASC Nefçala Rayon Məhkəməsinin 23 yanvar 2023-cü il tarixli 2(053)-53/2023 saylı qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməklə iddia tələbinin tamamilə rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Neftçala rayonu Şorkənd kəndində fərdi yaşayış evi vardır. Evinə cavabdeh tərəfindən elektrik xətti çəkilmiş və sayğac quraşdırılmışdır. Həmin sayğac evinin həyət darvazasının sol tərəfində, darvazadan təxminən 15 metr kənarda həyət hasarının çöl hissəsinə quraşdırılmışdır. 12 oktyabr 2022ci il tarixdə "xxxx" ASC-nin Şirvan RETSİ-nin əməkdaşları tərəfindən məlumatı olmadan, hal şahidlərinin iştirakı təmin edilmədən əsassız olaraq 267018 saylı akt yazılmış və buna görə də 1685,91 manat məbləğdə borc yaranmışdır. Aktda qeyd olunmuşdur ki, “sayğacın alt qapaq möhürünü qıraraq çıxış xətlərini giriş yuvasında giriş xətləri ilə üst-üstə bərkitməklə sayğacı sxemdən kənarlaşdırmış, elektrik enerjisindən birbaşa istifadə edir”. Həmin akt tərtib edilərkən onun iştirakı təmin edilməyib və ona rəsmi məlumat verilməyib. Ona görə də, cərimə olunması barədə tərtib edilmiş aktı qanunsuz hesab edir. Belə ki, evinin yerləşdiyi ərazinin elektrik sayğaclarına nəzarət edən məsul şəxs - nəzarətçi vardır. Həmin nəzarətçi tərəfindən hər ay iki dəfə olmaqla müntəzəm şəkildə elektrik sayğaclarına baxış keçirilməklə sayğacın işlək vəziyyətdə olub-olmaması yoxlanılır və sərfiyyatı qeyd edilərək bu barədə istehlakçılara sərfiyyat aktı-bildiriş təqdim edilir. Bir qayda olaraq, verilmiş bildiriş əsasında da istifadə edilmiş elektrik enerjisinin pulu ödənilir. Əgər bu müddət ərzində ona məxsus sayğacda hər hansı bir müdaxilə halı olsaydı, nəzarətçi onu aşkar edərək bu barədə məlumat verərdi. Deməli belə bir hal mövcud olmamışdır. Cavabdeh qurum tərəfindən elektrik sayğacına baxış keçirilməsi barədə 12 oktyabr 2022ci il tarixli aktın surəti də ona təqdim edilməmişdir. Qeyd etdiklərini nəzərə alaraq hesab edir ki, mübahisələndirilən akt "xxxx" ASC-nin Şirvan RETSİ-nin əməkdaşları tərəfindən “Elektrik enerjisindən istifadə Qaydaları”nın tələbləri pozulmaqla tərtib edimişdir. Ona görə də, həmin akt mülki hüquq məsuliyyətinin yaranmasına əsas olan halı təsdiq edən sübut kimi qiymətləndirilə bilməz. Yuxarıda sadalananlardan da bəlli olur ki, onun tərəfindən istifadəsində olan sayğaca müdaxilə edilməmiş, cavabdeh qurumun əməkdaşları tərəfindən tərtib olunmuş rəy və akt ehtimallara əsasən tərtib edilmiş, real fakta əsaslanmamış, bununla da, onun hüquqları pozulmuş və cavabdeh tərəfindən ona heç bir real əsas olmadan borc hesablanmışdır. Elektrik enerjisindən istifadəyə görə borcunu təqdim edilmiş bildiriş əsasında hər ay vaxtında ödəmiş, borclu qalmamışdır. Bir daha qeyd edir ki, sayğaca heç vaxt tərəfindən hər hansı bir müdaxilə edilməmişdir. Sayğac daim tam saz vəziyyətdə olmuşdur. Cavabdeh aktda qeyd olunan həmin müdaxilənin onun tərəfindən edilməsini təsdiq edə biləcək heç bir sübut təqdim edə bilməmiş, sadəcə ehtimallara əsaslanmışdır. Bu halda əgər sayğaca hər hansı müdaxilə olmuş olsa belə, bunun cavabdehin əməkdaşları tərəfindən törədilməsi halı istisna edilmir. Beləliklə, elektrik enerjisindən istifadə qaydalarının pozulması haqqında tərtib edilmiş 12 oktyabr 2022-ci il tarixli 267018 nömrəli akt əsassızdır, həmin akt əsasında hesablanmış 1685,91 manat məbləğ əsassız hesablanmışdır. Ona görə də akt etibarsız hesab edilməli və əsassız hesablanmış məbləğ silinməlidir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh "xxxx" ASC apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Məhkəmənin gəldiyi nəticəyə dair onlar tərəfindən mühüm əhəmiyyəti olan bütün sübutlar təqdim edilmiş, lakin onlara hüquqi qiymət verilməmiş, faktiki hallar aydınlaşdırılmamışdır. Təqdim olunmuş vidoçəkilişdən də məlum olur ki, həqiqətən abonent sayğacdan birbaşa kənar xətt vasitəsi ilə istifadə edir və bu fakt öz təsdiqini tapır. Beləliklə də, həmin mülki iş tam, hərtərəfli araşdırılmamış, sübutlar düzgün tədqiq edilməmiş, maddi və prosessual normalar pozulmaqla qətnamə qəbul edilmişdir. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Ağayeva Həyat Mahmud qızı məhkəmədə izahat verərək bildirmişdir ki, məhkəmə "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli 267018 saylı aktın ləğv edilməsi akt üzrə hesablanmış məbləğin silinməsi qənaətinə gələrkən aktın özündə də göstərildiyi kimi, abonent tərəfindən elektrik enerjisindən kənar xətdən istifadə etməsinin təsdiqlənməsinə baxmayaraq, məhkəmə qətnaməsində aktin tərtibatına dair heç bir sübutun olmadığını qeyd edərək və yalnız bunu əsas götürərək həmin itirilmiş elektrik enerjisinin bərpasına dair hesablanmış məbləği silmişdir. Onlar tərəfindən sənədlər və iddiaçının iştirakı ilə "xxxx" ASC-nin əməkdaşları tərəfindən sayğacdan kənar xəttin aşkar edilməsinin video çəkilişi məhkəmənin elektron poçt ünvanına göndərilsə də, məhkəmə buna hüquqi qiymət verməmişdir. Həmin videoda iddiaçının sayğacdan kənar evinə xətt çəkməsi açıq-aşkar öz əksini tapmışdır. Lakin məhkəmə bu halı sübut kimi qiymətləndirməmişdir. İddiaçı məhkəmədə izahat verərək bildirmişdir ki, məhkəməyə təqdim edilmiş videoçəkilişdə küçədə quraşdırılmış ona məxsus elektrik sayğacına onun iştirakı ilə "xxxx" ASC-nin əməkdaşlarının baxış keçirməsi və sayğacdankənar xəttin aşkar edilməsi öz əksini tapmışdır. O, evinə sayğacdan kənar xətt çəkərək ondan həyətində şəxsi avtomobilini yumaq üçün istifadə etmişdir. İddiaçı əlavə olaraq bildirmişdir ki, küçədə kabelləşmə gedən zaman ona məxsus elektik sayğacında olan plomb 2022-ci ilin sentyabr ayında açılmışdır. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Nefçala Rayon Məhkəməsinin 23 yanvar 2023-cü il tarixli 2(053)-53/2023 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi təmin edilməməlidir. HÜQUQİ MƏSƏLƏLƏR MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan 27 yanvar 2022-ci il tarixli ******* nömrəli akta göstərilir ki, “sayğacdan kənar qeyri-qanuni qazdan istifadə edilir. Qeyri-qanuni xətt ləğv edilsin, itirilmiş təbii qazın dəyəri hesablansın və ödənilsin.” İş materiallarına əlavə edilmiş 12 oktyabr 2022-ci il tarixdə tərtib olunmuş “Elektrik enerjisindən istifadə qaydalarının pozulması” haqqında 267018 nömrəli aktın surətindən görünür ki, EEİQ-nin tələblərinə əsasən baxış keçirilən zaman məlum olmuşdur ki, yuxarıda göstərilən abonent “sayğacın alt qapaq möhürünü qıraraq çıxış xətlərini giriş yuvasında giriş xətləri ilə üst-üstə bərkitməklə sayğacı sxemdən kənarlaşdırmış, elektrik enerjisindən birbaşa istifadə edir. İ1=14,4 A,İ2=14,4A,İ3=0A təşkil edir. Tələb: Sayğac sxemi bərpa olunub möhürlənsin”. İş materiallarına əlavə edilmiş "xxxx" ASC-nin **********00193 nömrəli kod üzrə elektrik enerji hesabatı haqqında abunə vərəqi təhlil olunarkən məlum olmuşdur ki, akta görə təqdim edilmiş ödəniş sənədi, tarif fərqi nəzərə alınmaqla, "Elektrik enerjisindən istifadə Qaydaları"na uyğun olaraq aparılmış, hazırda 1.685,91 manat məbləğində borc yaranmışdır. Məhkəmə qeyd edir ki, MPM-in 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmamış, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmiş və iş üzrə qanuni və əsaslı olmayan qətnamə qəbul olunmuşdur. Belə ki, birinci instansiya məhkəməsi iddianın təmin edilməsi barədə yekun qənaətə gələrkən qeyd etmişdir ki, 12 oktyabr 2022-ci il tarixli 267018 nömrəli akt iddiaçı tərəfindən sayğaca müdaxilə edilməsini təsdiq edən sübut hesab edilə bilməz. Ona görə də, aktda qeyd edilən həmin müdaxilənin məhz iddiaçı tərəfindən edilməsini təsdiq edə biləcək heç bir sübut cavabdeh tərəfindən təqdim edilməmişdir. Beləliklə, müdaxilənin məhz iddiaçı tərəfindən edilməsi işin məhkəmə baxışı zamanı sübuta yetirilmir. Bununla bərabər cavabdeh üzərinə düşən sübutetmə vəzifəsini yerinə yetirə bilməmişdir. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinə əsasən diqqətə çatdırır ki, birinci instansiya məhkəməsi tərəfindən işin mübahisəsiz hallarına əsasən İddiaçı tərəfindən sayğacdan kənar xətt vasitəsi ilə elekrtik enerjisindən birbaşa istifadə edilməsi faktı öz təsdiqini tapmışdır. Bu hal cavabdehin izahatında da bildirilir. Kollegiya diqqətə çatdırmağı zəruri hesab edir ki, MPM-in qüvvədə olan 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı iş üzrə İddiaçı öz tələbinin əsasını sübut edə bilməmişdir. Əksinə, o, şəbəkəyə qanunsuz qoşulma faktını məhkəmədə etiraf etmişdir. İşə əlavə edilmiş videogörüntüdən isə həmin qoşulmanın gizli deyil və hər kəsin görə biləcəyi açıq yerdə olması müəyyən edilir. MPM-in 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə qaydaları”nın 8.17-1-ci maddəsinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. Məhkəmə kollegiyası mülki prosessual qanunvericiliyə müvafiq olaraq ədalət mühakiməsini tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, iş materiallarını araşdıraraq, toplanmış bütün sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, hazırkı iddianın təmin edilməsi üzrə məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin tələbinə görə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli qərarına görə mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır; Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Beləliklə, kollegiya hesab edir ki, cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Nefçala Rayon Məhkəməsinin 23 yanvar 2023-cü il tarixli 2(053)-53/2023 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı 12 oktyabr 2022-ci il tarixli 267018 saylı aktın ləğv edilməsi və qanunsuz hesablanmış cərimənin silinməsi tələbinə dair iddiası təmin edilməməlidir. Habelə, MPM-in 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 382, 384.0.2, 385.1 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Nefçala Rayon Məhkəməsinin 23 yanvar 2023-cü il tarixli 2(053)-53/2023 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı aktın ləğv edilməsi və qanunsuz hesablanmış cərimənin silinməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar