Məhkəmə qərarları › İş №2(106)-863/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-863/2024

14.05.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-863/2024 14.05.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X3 Əsədov (sədrlik edən və məruzəçi), X4 və Tofiq Xudayar oğlu Heydərovdan ibarət tərkibdə, katib X1 iştirakı ilə, Şirvan Şəhər Məhkəməsinin 26 fevral 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı Cavabdehnə (İB) qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh Salyan X7 İdarəsi tərəfindən hesablanmış borcun silinməsini xahiş etmişdir. İddia tələbini əsaslandırarkən göstərmişdir ki, yaşadığı ünvan 1 ünvanda mətbəx ümumi istifadə edilməklə G-4 markalı ******* nömrəli qaz sayğacı quraşdırılmışdır. Qaz sayğacı ilə yalnız PQ-4 qaz avadanlığına (4 göz plitə) xidmət göstərilir. Qaz sayğacı mətbəxdə qaz plitəsinin üzərində quraşdırılmışdır. Cari ilin əvvəllərində qaz sayğacının nasaz olması barədə müraciəti əsasında xx.xx.2023-cü il tarixdə cavabdeh təşkilatın nümayəndələri tərəfindən iştirakı ilə sayğaca baxış keçirilmiş, ******* nömrəli akt tərtib edilmiş, G4 markalı, ******* nömrəli qaz sayğacı dəyişdirilmiş, zavod nömrəsi 5309617, plomb nömrəsi 12684963 olan qaz sayğacı quraşdırılmışdır. Cavabdeh Salyan X7 İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli XS-43-01220/23 nömrəli Qaz paylayıcı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısına dair müqavilə yenilənmişdir. Sonradan xx.xx.2023-cü il tarixli ******* nömrəli akt tərtib edilmişdir. Aktı qanunsuz və əsassız olaraq tərtib etmişlər. Aktda qaz sayğacının hesablama mexanizminin əriyib, sərfiyyatı qeyd etməməsi qeyd edilmişdir. Əlavə olaraq, istehlakçının iştirakı təmin edilmədən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdeh Qaz sayğacının yoxlanılması barədə MSK 14-2-2/3-5- 4151-1 nömrəli aktına əsasən, hesablama mexanizminin əriyərək, sərfiyyatı qeyd etməməsi qeyd edilmişdir. Qaz sayğacının nasaz işləməsi barədə özü müraciət etmişdir. Əlavə olaraq sayğacın çıxarılması zamanı plomblar yerində olmaqla müdaxilə aşkar edilməmişdir. Bundan əlavə, hər ay cavabdeh təşkilatın nümayəndələri tərəfindən qaz sərfiyyatı üzrə sayğac üzərindən oxunma aparılır. Bu səbəbdən ötən dövr ərzində qaz sərfiyyatının hesablanmasında və ödənişlərin həyata keçirilməsində dəyişiklik olmuşdur. Nəticə etibarı ilə qaz sayğacının hesablama mexanizmi əriyib, sərfiyyat qeyd edilməməsi səbəbindən əsassız olaraq 1555.20 manat məbləğində borc hesablanmışdır. İddiaçı tələbini dəqiqləşdirmiş, cavabdeh qismində Cavabdeh İB-nin tanınmasını və əsassız hesablanmış qalıq məbləğin onun hesabından silinməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində Cavabdeh nümayəndəsi iştirak etmədiyindən iddiaya dair mövqeyi bəlli olmamışdır. Şirvan Şəhər Məhkəməsinin (S.Məmmədova) 26 fevral 2024-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh İB tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, ******* nömrəli akta əsasən ziyan kimi hesablanmış 1382 manat 40 qəpik qalıq məbləğin iddiaçıya məxsus **********01170 hesabdan silinməsi qət edilmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti vermişdir. İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Şikayətə görə, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 3-16-16/2- 10/8544-9/8783 saylı rəyindən görünür ki, qərardadın birinci və ikinci sualları üzrə mərkəzdə müvafiq ixtisaslaşmış laboratoriya /stend və avadanlıq/ olmadığına görə G-4 markalı, ******* nömrəli qaz sayğacının yararsız hala düşüb-düşməməsi sualları üzrə tədqiqat aparılması mümkün deyildir. Qərardadın üçüncü və dördüncü sualları üzrə qaz sərfiyyatı G-4 markalı, ******* nömrəli qaz sayğacının saatlıq qaz keçiriciliyi ilə deyil, sayğaca qoşulu olan qaz işlədicilərin sayına, gücünə və iş rejiminə uyğun hesablanmalıdır. Qaz işlədicilərinin günlük 24 saat işlədiyini nəzərə aldıqda 30 günlük cəmi qaz sərfiyyatı 864 m3/saat (864 m3/saat x 0.2= 172,8 manat) təşkil edir. Heç bir abonent 24 saat 30 gün ərzində istehlakçı kimi qazdan istifadə etmir. Hesab edir ki, bu yanaşma yanlışdır. İddiaçının istinad edərək iddia tələbində göstərilənlərə dair heç bir mötəbər sübut mövcud deyil. İddiaçı şikayətində göstərmişdir ki, Şirvan şəhər Məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, sübutlar tam və obyektiv qiymətləndirilməmiş, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verilmişdir. Qaz sayğacının nasaz işləməsi barədə özü müraciət etmişdir. Əlavə olaraq sayğacın çıxarılması zamanı plomblar yerində olmaqla müdaxilə aşkar edilməmişdir. Bundan əlavə, hər ay cavabdeh təşkilatın nümayəndələri tərəfindən qaz sərfiyyatı üzrə sayğac üzərindən oxunma aparılır. Bu səbəbdən ötən dövr ərzində qaz sərfiyyatının hesablanmasında və ödənişlərin həyata keçirilməsində dəyişiklik olmuşdur. (abonent saldosu) Nəticə etibarı ilə qaz sayğacının hesablama mexanizmi əriyib, sərfiyyat qeyd edilməməsi səbəbindən barəmdə 1555.20 manat məbləğində borc hesablanmışdır. İddiaçı və cavabdehin nümayəndəsi apellyasiya baxışında iştirak etməmişlər. Kollegiya işə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (Azərbaycan Respublikasının MPM-nin və ya MPM-in) 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə Kollegiyası məruzəni dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. İşin hallarından görünür ki, xx.xx.2023-cü il tarixdə cavabdeh təşkilatın nümayəndələrinin iştirakı ilə sayğaca baxış keçirilmiş, ******* nömrəli akt tərtib edilməklə G4 markalı, ******* nömrəli qaz sayğacı, sayğacın hesablama mexanizmini əriyib, sərfiyyatı qeyd etməməsi səbəbindən dəyişdirilmiş, zavod nömrəsi 5309617, plomb nömrəsi 12684963 olan yeni qaz sayğacı quraşdırılmış, Cavabdeh Salyan X7 İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli XS-43- 01220/23 nömrəli Qaz paylayıcı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısına dair müqavilə yenilənmiş və xx.xx.2023-cü il tarixdə ******* saylı akt tərtib edilmişdir. xx.xx.2023-cü il tarixli akta (qərara) görə, qeyd edilən qaz sayğacının hesablama mexanizmi əriyib, sərfiyyatı qeyd etmir. Qaz sayğacının hesablama mexanizminin əriyib, sərfiyyatı qeyd edilməməsi səbəbindən 1555.20 manat məbləğində borc hesablanmışdır. İddia tələbi ilə bağlı Kollegiya aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kollegiya qeyd edir ki, cavabdeh Şirkətə ziyanın vurulmasını, vurulmuş ziyanın miqdarını, ziyanın abonent (iddiaçı) tərəfindən vurulduğunu, onun qanunazidd hərəkətlərinin olmasını və bu hərəkətlərlə ziyan arasında səbəbli əlaqənin olmasını sübuta yetirmək cavabdeh şirkətin üzərindədir. «Qaz təchizatı» haqqında Azərbaycan Respublikasının 30 iyun 1998-ci il tarixli Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən həmin Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir. Həmin maddənin 8-1-ci bəndinə əsasən, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, İddiaçı yaşadığı ünvan 2 ünvanda qaz paylayıcısının evdə istifadə olunan qaz pilitəsinin üzərində quraşdırılması, sayğacın hesablama mexanizminin istilik nəticəsində əriməsi öz təsdiqini tapır. Bu faktın əsasında da cavabdeh qurum müvafiq akt tərtib edərək vurulmuş ziyanı hesablamışdır. Lakin ziyan kimi hesablanmış məbləğ əsassız olaraq artıq müəyyən edilmişdir. Belə ki, qaz paylayıcısı kimi cavabdeh qurum, istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya hesab təqdim etməli olduğu kimi, qaz sayğacının texniki cəhətdən nazaslığının yoxlanılmasına, texniki baxış keçirməsinə və bu kimi halların vaxtında aşkar edilməsinə cavabdehlik daşıyır. Birinci instansiya məhkəməsi dəymiş ziyanın 30 günlük qaz sərfiyyatına uyğun hesablanmasını daha məqsədəmüvafiq hesab etmişdir: yəni tədqiq edilmiş ekspert rəyində göstərildiyi kimi qaz işlədicilərinin günlük 24 saat işlədiyini nəzərə aldıqda 30 günlük cəmi qaz sərfiyyatı 864 m3/saat x 0.2= 172,8 manat təşkil edilməklə. Kollegiya qeyd edir ki, təqdim edilmiş sübutlar, sayğacın abonentin iştirakı və məlumatı olmadan ekspertizaya göndərildiyini və aktın onun iştirakı və məlumatı olmadan tərtib olunduğunu təsdiq edir. Əvvəla, sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları ilə bağlı materialların inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), yaxud cinayət tərkibinin əlamətləri olduğu halda cinayət təqibi orqanına təqdim edilməsi müəyyən edilmir. Yəni delikt müəyyən edilmir. “Qazdan istifadə Qaydaları”nın 4.9-cu maddəsinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaydaların 5.4-cü bəndinə əsasən qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. Qaydalarda başqa hesablama üsulu yoxdur. İddiaçı məxsus (abonentin kodu **********01170) abonentin saldosunda ******* nömrəli sayğacdan istifadə edilən qaz həcmi, dəyəri və qazdan istifadə ilə bağlı ödənişlərin miqdarı əks etdirən cədvələ görə 2023-cü il ərzində qalıq borc 1555 manat 20 qəpik müəyyən olunur. İş üzrə keçirilmiş mühəndis texniki ekspertizasının xx.xx.2023-cü il tarixli 3-16-16/2- 10/8544-9/8783 saylı rəyindən görünür ki, qərardadın birinci və ikinci sualları üzrə mərkəzdə müvafiq ixtisaslaşmış laboratoriya /stend və avadanlıq/ olmadığına görə G-4 markalı, ******* nömrəli qaz sayğacının yararsız hala düşüb-düşməməsi sualları üzrə tədqiqat aparılması mümkün deyildir. Qərardadın üçüncü və dördüncü sualları üzrə qaz sərfiyyatı G-4 markalı, ******* nömrəli qaz sayğacının saatlıq qaz keçiriciliyi ilə deyil, sayğaca qoşulu olan qaz işlədicilərin sayına, gücünə və iş rejiminə uyğun hesablanmalıdır. Qaz işlədicilərinin günlük 24 saat işlədiyini nəzərə aldıqda 30 günlük cəmi qaz sərfiyyatı 864 m3/saat (864 m3/saat x 0.2= 172,8 manat ) təşkil edir. Birinci instansiya məhkəməsi iddiaçıdan (abonentdən) tələb edilən borcun ekspert rəyinə uyğun olaraq, 30 günlük qaz sərfiyyatına uyğun hesablanmasını ağlabatan hesab etmişdir. Kollegiya birinci instansiya məhkəməsinin müəyyən etdiyi sərfiyyat məbləğinin tam ləğv edilməsi üçün əsas tapmır. Beləliklə, Kollegiya apellyasiya şikayətinin dəlillərini əsassız sayır və hesab edir ki, şikayətdə göstərilənlər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas deyil. Azərbaycan Respublikasının MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı halda mübahisələndirilən hissədə iddianın qiyməti (azaldılması tələb edilən məbləğ) Qanunla müəyyən edilmiş həddən az olduğu üçün qətnamədən kassasiya qaydasında şikayət verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 382, 384.0.1, 392 və 393-cü maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qətetdi: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Şirvan Şəhər Məhkəməsinin 26 fevral 2024-cü il tarixli, 2(032)-28/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya qaydasında şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar