Məhkəmə qərarları › İş №2(106)-867/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-867/2024

15.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-867/2024 15.05.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X2 Əsədov (sədrlik edən və məruzəçi), Fikrət Cilingir oğlu Hüseynov və Tofiq Xudayar oğlu Heydərovdan ibarət tərkibdə, Sabirabad Rayon Məhkəməsinin 22 yanvar 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair kiçik iddia ərizəsi üzrə sadələşdirilmiş işə yazılı icraat qaydasında baxaraq müəyyənetdi: "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1500 manat məbləğində vurulmuş zərər və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 35 manat pulun alınaraq iddiaçı "xxxx" ASC-nin hesabına köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini aşağıdakı kimi əsaslandırmışdır: “Mercedes Benz 250D” markalı, 36- BK- 790 dövlət nömrə nişanlı avtomobil xx.xx.2021-ci ildən xx.xx.2022-ci ilədək "xxxx" ASC-də icbari sığorta növündə sığortalanmışdır. Sığortalı ilə xx.xx.2021-ci il tarixli PXA ********** nömrəli sığorta müqaviləsi bağlanılmışdır. 2021-ci ilin iyulun 9-da Cavabdeh etibarnamə olmadan idarə etdiyi “Mercedes Benz 250D” markalı **-BK-*** dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri, Binəqədi yolunda yeni Bulvar küçəsində “Mercedes Benz C220” markalı **-NE-*** dövlət nömrə nişanlı avtomobillə toqquşmuşdur. Binəqədi DYPŞ-nin xx.xx.2021-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoluna əsasən Cavabdeh Azərbaycan Respublikası İXM-nın 332.1-ci (nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə) və 327.1-ci maddələri ilə məsuliyyətə cəlb edilmişdir. Binəqədi DYPŞ-nin xx.xx.2021-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən cavabeh Cavabdeh Azərbaycan Respublikası İXM-nın 332.1-ci (nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə) və 327.1-ci maddələri ilə təqsirli bilinmişdir. Avtomobillərin Texniki Xidmət Mərkəzi tərəfindən xx.xx.2021-ci il tarixində verilmiş qüsur aktına əsasən hadisə nəticəsində “Mercedes Benz C220” markalı **-NE-*** dövlət nömrə nişanlı avtomobillə 1500 manat məbləğində ziyan dəymişdir. İddiaçı xx.xx.2021-ci il tarixində 1500 manat məbləği zərərçəkmiş şəxs X3 ödəmişdir. Birinci instansiya məhkəməsində cavabdeh məhkəməyə etirazını təqdim etmədiyindən, onun mövqeyi bəlli olmamışdır. Mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmışdır. Birinci instansiya məhkəməsi “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1, 25.1.3-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.2ci maddəsinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM-in) müvafiq maddələrinə istinad edərək iddianı təmin etməmişdir. Sabirabad Rayon Məhkəməsinin (hakim N.Bağırov) 22 yanvar 2024-cü il tarixli qətnaməsi ilə "xxxx" ASC-nin iddia tələbi təmin edilməmişdir. Qətnamədən iddiaçı "xxxx" ASC apellyasiya şikayəti vermişdir. Apellyasiyaşikayətinindəlilləri İddiaçı "xxxx" ASC apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi və məhkəmə xərclərinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarını pozmuşdur. Belə ki, Sabirabad Rayon Məhkəməsi iddianı rədd edərkən ona əsaslanmışdır ki, cavabdeh yol nəqliyyat hadisəsi törədərkən avtomobili idarə etməsinə dair sürücülük vəsiqəsi olduğundan, onun həmin avtomobilə dair etibarnaməsinin olmaması halı, “İcbari sığortalar haqqında” Qanunun 25.1 və 25.1.3-cü maddəsinə əsasən subroqasiya qaydasında sığorta ödənişinin əvəzinin ondan tutulmasına əsas ola bilməz. Halbuki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə görə yalnız əmlakı idarə etmək deyil, həm də istifadə edilməsi və istismar edilməsi nəzərdə tutulmuşdur. İstifadə edilməsi dedikdə isə nəqliyyat vasitəsini idarə etmək hüququ olan yəni sürücülük vəsiqəsi olan lakin etibarnamə olmadan avtomobilin idarə olunması kimi başa düşülür. Bundan başqa, qeyd olunan maddənin dispozitiv şərtində həmçinin icbari sığorta şəhadətnaməsində göstərilən əmlakdan istifadə edilməsi, bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır müddəası da, yer almışdır ki, bu halın sübut olunması isə əmlakı istifadə etməyə hüququ olmayan şəxsin üzərinə düşür. Apellyasiya şikayətinə görə, cavabdehin avtomobili idarə etməyə hüququ olmamışdır. Ona görə də ona qarşı subroqasiya hüququ yaranmışdır. Prosessualməsələlər Mülki Kollegiyası işə Azərbaycan Respublikasının MPM-nin 394-1.3-cü maddəsinə əsasən yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və dinlənilmək üçün tərəflər çağırılmadan apellyasiya qaydasında baxılacağı barədə müvafiq bildiriş göndərilmişdir. Müəyyən edilmiş müddət ərzində şikayətə qarşı yazılı etiraz və ya vəsatət məhkəməyə daxil olmamışdır. Əsaslandırma Azərbaycan Respublikasının MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. İşin hallarından görünür ki, xx.xx.2021-ci il tarixli PXA ********** nömrəli sığorta müqaviləsinə əsasən “Mercedes Benz 250D” markalı, **-BK-*** dövlət nömrə nişanlı avtomobil xx.xx.2021-ci ildən xx.xx.2022-ci ilədək "xxxx" ASC-də icbari sığorta növündə sığortalanmışdır. Yol nəqliyyat hadisəsi baş vermiş, 2021-ci il iyulun 9-da Cavabdeh etibarnamə olmadan idarə etdiyi “Mercedes Benz 250D” markalı, **-BK-*** dövlət nömrə nişanlı avtomobil, Bakı şəhəri, Binəqədi yolunda yeni Bulvar küçəsində başqa bir avtomobillə- “Mercedes Benz C220” markalı, **-NE-*** dövlət nömrə nişanlı avtomobillə toqquşmuş, sonuncu avtomobilə zərər vurulmuşdur. Binəqədi DYPŞ-nin xx.xx.2021-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoluna əsasən Cavabdeh Azərbaycan Respublikası İXM-nin 332.1-ci və 327.1-ci maddələri ilə məsuliyyətə cəlb edilmişdir. Binəqədi DYPŞ-nin xx.xx.2021-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə Cavabdeh Azərbaycan Respublikası İXM-nin 332.1-ci (nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə) və 327.1-ci maddələri ilə təqsirli bilinmişdir Sığorta Aktından görünür ki, “Mercedes Benz C220” markalı, 99- NE-387 dövlət nömrə nişanlı avtomobilə 1500 manat məbləğində zərər dəymişdir. Sığorta ödənişi həyata keçirilmiş, "xxxx" ASC (sığortaçı) tərəfindən həmin məbləğ zərərçəkənə ödənilmişdir. Bu barədə mübahisə yoxdur. İddiaçı hazırda ödənilən sığorta məbləğini (zərəin məbləğini) subroqasiya qaydasında cavabdehdən tələb etmiş, tələbini onunla əsaslandırmışdır ki, cavabdeh YNH zamanı nəqliyyat vasitəsini sürücülük hüququ olmadan idarə etmişdir. İddiaçının tələbinin qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.2, 1096.2, 1097.1 və 1108.1-ci, «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 25-ci maddələri təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Qanunun tələbinə görə, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir (maddə 936.2). Mülki Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsinə uyğun olaraq mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Mübahisəli hal «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinin tətbiqi, yəni cavabdehə qarşı subroqasiya hüququnun yaranıb-yaranmaması ilə bağlıdır. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinin tələbinə görə, icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən gəldiyi nəticəni belə əsaslandırmışdır ki, Cavabdeh xx.xx.2021-ci il tarixdə sığorta hadisəsi zamanı “Mercedes Benz 250D” markalı **-BK-*** dövlət nömrə nişanlı avtomobili idarə edərkən, avtomobilə dair etibarnaməsi olmasa da, avtomobil baş etibarnamə əsasında sahiblik hüququ ilə onun arvadı X1 məxsus olmuşdur. Məhkəmə hesab etmişdir ki, Cavabdeh xx.xx.2021-ci il tarixdə “Mercedes Benz 250D” markalı **-BK-*** dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri, Binəqədi yolunda yeni Bulvar küçəsində “Mercedes Benz C220” markalı **-NE-*** dövlət nömrə nişanlı avtomobillə yol nəqliyyat hadisəsi törədərkən avtomobilin idarə etməsinə dair sürücülük vəsiqəsi olduğundan, onun həmin avtomobilə dair etibarnaməsinin olmaması halı, “İcbari sığortalar haqqında” Qanunun 25.1 və 25.1.3-cü maddəsinə əsasən subroqasiya qaydasında sığorta ödənişinin əvəzinin ondan tutulmasına əsas ola bilməz. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və qeyd edir ki, cavabdehin sürücülük vəsiqəsinin olması mübahisələndirilməmişdir. İş materiallarından da görünür ki, onun sürücülük vəsiqəsi vardır. Ona görə onun hərəkətinin “İcbari sığortalar haqqında” Qanunun 25-ci maddəsinin təsiri altına düşməsi (...hüququ olmayan şəxs tərəfindən istismar edilməsi) haqqında qənaətə gəlmək mümkün deyil. Kollegiya hesab edir ki, hazırki halda cavabdehin davranışı “İcbari sığortalar haqqında” Qanunun 25-ci maddəsinin ikinci cümləsindəki istisna (hipotez) şərtinin təsir dairəsinə düşür (Cavabdeh tərəfindən avtomobilin idarə edilməsi barədə sığotalının və ya sığorta olunanın məlumatlı olmağa borclu olduğu hal). Beləliklə, Kollegiyanın qənaətinə görə, apellyasiya şikayətini təmin etmək üçün əsas yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən şikayətin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu şikayətçiyə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 384.0.1, 392 və 405.0.1-ci maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası, qətetdi: İddiaçı "xxxx" ASC-nin apellyasiya şikayəti təmin edilməsin. Sabirabad Rayon Məhkəməsinin 22 yanvar 2024-cü il tarixli, e-2(056)-303/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar