Məhkəmə qərarları › İş №2(106)-879/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-879/2025

29.05.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-879/2025 29.05.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Hacıqabul Su X1 İdarəsinə qarşı “borcun silinməsi tələbi” barədə iddiasına dair mülki iş üzrə Q Ə T N A M Ə S İ Açar sözlər: aktı əsasında yazılmış su borcunun silinməsi Şirvan şəhəri, 29 may 2025-ci il Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X4 (sədrlik edən, məruzəçi), X2 və Əliyev Qasım Vəli oğlundan ibarət tərkibdə, Əliyev Həsən Əhliman oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Hacıqabul Su X1 İdarəsinə qarşı “borcun silinməsi tələbi” barədə iddiasına dair mülki iş üzrə Hacıqabul Rayon Məhkəməsinin 12 fevral 2025-cü il tarixli, 2(071)-51/2025 saylı qətnaməsindən (hakim O.Bayramov) cavabdeh Hacıqabul Su X1 İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı cavabdeh Hacıqabul Su X1 İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Hacıqabul Su X1 İdarəsi tərəfindən onun abonent hesabına əlavə edilmiş 534 manat əsassız borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanında yaşayır. Həmişə olduğu kimi mənzilə su xətti üzərində quraşdırılmış su ölçən cihaza istifadəsinə uyğun ödənişlər edərək sudan istifadə etmişdir. 2023-cü il noyabr tarixdə su idarəsinin işçiləri evinə gələrək su təminatı məqsədilə su təchizatı və su sayğacı qovşağının vəziyyətini yoxlamaq üçün baxış keçirmişlər. Həmin gün onun su idarəsinə 534 manat məbləğində borcu olduğu bildirilmiş, həmin borcun vaxtı vaxtında ödənişlərinin edilməsinə baxmayaraq hansı əsasla yarandığını soruşduğu zaman sayğacın hesablama mexanizmində problem olduğu onun nəzərinə çatdırılmışdır. Onun tərəfindən sayğaca heç bir müdaxilə olunmamış, həmçinin sudan istifadə qaydalarının pozulmasına dair heç bir cərimə və akt da tərtib edilməmişdir. "xxxx" ASC-yə (hazırda Azərbaycan Dövlət Su Ehtiyatlari Agentliyi kimi fəaliyyət göstərirlər) ünvanladığı müraciətlər əsasında da hər hansı bir cərimənin tətbiq edilməsi və vurulmuş ziyana dair aktın mövcud olmadığı bildirilərək sayğacda mövcud olmuş nasazlıq səbəbindən qeyd edilən borc məbləğinin hesablanması qeyd edilmişdir. Lakin yaranmış problem əsasında mövcud borcun hansı əsasla yarandığı müəyyən edilməmişdir. Cavabdeh tərəfindən əldə etdiyi abonent saldosundan da, göründüyü kimi tək fərq olaraq aylıq istifadəsi aşkar göstərilmiş, bir ay ərzində sudan istifadə üzrə sərfiyyat fərqinin olmamasına baxmayaraq 534 manat borcun əsassız şəkildə yazılmışdır. O, həmin məbləğin tamamilə əsassız olduğunu düşünür və buna görə də həmin borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a)Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən İddiaçı izahatında bildirmişdir ki, o, cavabdeh tərəfindən 534 manat məbləğində cərimə edilib. Cərimənin hansı əsasla yazılması barədə akt tərtib edilməmişdir. Cavabdeh tərəf köhnə sayğacı yenisi ilə əvəz etmişdir. Cavabdeh Hacıqabul Su X1 İdarəsi birinci instansiya məhkəməsində iştirak etmədiyindən onların mövqeyini öyrənmək mümkün olmamışdır. Hacıqabul Rayon Məhkəməsinin 12 fevral 2025-cü il tarixli, 2(071)-51/2025 saylı qətnaməsi ilə iddia təmin edilmiş və ünvan 1 ünvanında yerləşən və İddiaçı məxsus fərdi yaşayış evinə (abonent kodu: **********000) hesablanmış 534 (beş yüz otuz dörd) manat su borcunun silinməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayəti verərək, Hacıqabul Rayon Məhkəməsinin 12 fevral 2025-ci iltarixli, 2(071)-51/2025 №-li qətnaməsi ləğv edilərək, iddia ərizəsinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi yaranmış qeyri-dəqiqliyin aydınlaşdırılması üçün işin hallarını ətraflı təhlil etməmiş, bu səbəbdən məhkəmə borcun hansı əsasla yarandığının müəyyən edilməməsini əsas gətirərək iddianı təmin etmişdir. Aşağıdakılara əsasən məhkəmə iş üzrə faktiki halları aydınlaşdırmamışdır: Belə ki, xx.xx.2022-ci il tarixli smart kart tipli su sayğacının dəyişdirilməsi barədə 27№li əmrdən görünür ki, sayğac nömrəsi 49895118 Alfasu smart su sayğacının istismar müddəti bitdiyi üçün dəyişdirilmişdir. Belə ki, xx.xx.2023-cü il tarixli X5 İdarəsinin laboratoriya yoxlamasının nəticəsinə dair sənədə əsasən 49895118 №-li su ölçən cihazın yoxlanması nəticəsində kipliyinin pozulması, platform hissəsinin çatlaması və cihazın hesablama mexanizminə su yığılması aşkar olunmuşdur. Həmçinin cihaz nisbi xətanın təyini və avadanlıqlar üzrə yoxlamaya yararsız olması, suölçən cihazın elektron platasının işləməməsi müəyyən olunmuşdur. Nəticə etibarilə isə - 890 kub metr itən sərfiyyat abonentin koduna əlavə edilmişdir. xx.xx.2024-cü il tarixli su sayğacının təmiri və ya dəyişdirilməsinə dair iş əmrindən görünür ki, abonentin su xəttində olan mexaniki tipli su sayğacına baxış keçirilmiş, sayğacın işləməməsi səbəbindən sayğac yeni mexaniki tipli su sayğacı ilə dəyişdirilmiş və plomblanmışdır. “Sudan istifadə qaydaları”na görə fərdi yaşayış evlərində su ölçən cihazların işlək vəziyyətdə saxlanılmasına və üzərindəki plombların toxunulmazlığına dair istehlakçı cavabdehlik daşıyır. Lakin məhkəmə tərəfindən göstərilən hal nəzərə alınmamışdır. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Kollegiyanın iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini əsassız hesab etmiş və onun təmin edilməməsini xahiş etmişdir. Əlavə olaraq göstərmişdir ki, evdə tək yaşayır. Çox vaxt da Rusiyada və ya Türkiyədə olur. İstehlak etdiyi suyun dəyərini mütamadi olaraq ödəyir. Sayğacın işləməməsini özü aşkar etmiş və bu barədə cavabdeh təşkilata məlumat vermişdir. Cavabdeh təşkilat su sayğacını onun evində demək olar ki, 10 il bundan əvvəl quraşdırmışdır. Sayğacın işləməsinə nəzarəti cavabdeh etməlidir. Belə ki, cavabdehin səlahiyyətli nümayəndəsi demək olar ki, hər ay sayğaca baxış keçirir. Sayğacda qüsur yaranması onun günahı ucbatından baş verməyib. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmədə iştirak etməmiş və ya nümayəndəsi vasitəsi ilə təmsil olunmamışdır. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən mülki iş üzrə cavabdehin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Hazırkı halda cavabdehin nümayəndəsi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etməklə qətnaməni tam mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin cavabdehə münasibətdə, apellyasiya şikayətinin dəlilləri üzrə tam yoxlanılmasını düzgün hesab edir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 19-cu maddəsində əsasən dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. Həmin Qanunun 17-ci maddəsinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Həmin Qanunun 18-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədi ilə özündə istehlak bazarında satılan malların (xidmətlərin, işlərin) texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına uyğun olmasına dövlət nəzarətini ehtiva edir. Həmin Qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 529.5-ci maddəsinə əsasən borc vaxtaşırı, hissə-hissə ödənilərkən onun sonuncu hissəsinin ödənilməsi barədə sənəd, nə qədər ki ayrı hal müəyyənləşdirilməyib, ondan əvvəlki hissənin də ödənildiyini ehtimal etməyə əsas verir. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Su Məcəlləsinin 98-ci maddəsinə əsasən xüsusi mülkiyyətdə olan su obyektlərinə sudan istifadə haqqı mülkiyyətçilərlə su istehlakçıları arasında bağlanmış müqavilə əsasında müəyyən olunur. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 22.2ci maddəsinə əsasən su təchizatı və kanalizasiya müəssisələri öz hüquqlarını, səlahiyyətlərini və vəzifələrini qanunvericiliyə və bu maddənin 1-ci bəndinin “a” yarımbəndində nəzərdə tutulan xidmətlərin göstərilməsi haqqında istehlakçılar və ya müvafiq icra hakimiyyəti orqanı (bələdiyyə) ilə bağladıqları müqavilə şərtlərinə riayət etməklə həyata keçirirlər. Həmin Qanunun 3-cü maddəsinə əsasən su təchizatı müəssisəsi ilə istehlakçı arasında suyun alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Həmin Qanunun 30-cu maddəsinin 1-ci bəndinə əsasən su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qanunun 31-ci maddəsinin 1-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların suölçən cihazlarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi su təchizatı müəssisəsinin hesabına həyata keçirilir. Həmin Qanunun 61-ci maddəsinin 1-ci bəndinə əsasən, su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır. Həmin Qanunun 59.3-cü maddəsinə əsasən su təchizatı və kanalizasiya müəssisələrinin xidmətlərinə görə ödəmələrin məbləği suölçən cihazların göstəricilərinə görə verilən suyun həcminin və ya obyektlərdən axıdılan tullantı sularının miqdarının uçotuna və müvafiq normativ hüquqi aktlarla müəyyənləşdirilmiş qaydalara əsasən hesablanır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 262 saylı, xx.xx.2014-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın 1.6-cı bəndinə görə STKM tərəfindən göstərilən su təchizatı və tullantı sularının axıdılması xidmətləri üçün istehlakçı ilə STKM arasında bağlanılmış alğı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin Qaydaların 4.1.1-ci bəndinə görə isə su təchizatı və kanalizasiya xidmətlərindən və sudan istifadə etmək üçün STKM ilə müqavilə bağlamaq istehlakçının vəzifəsidir, 5.1.2-ci bəndə görə müqavilənin bağlanmasını tələb etmək isə onun hüququdur. Həmin Qaydaların 2.1.6-cı bəndinə əsasən verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq hər ay istehlakçıya ödəməli olduğu vəsaitin həcmini əks etdirən hesabı təqdim etmək (göndərmək) su təchizatı və kanalizasiya müəssisəsinin vəzifəsidir. Həmin Qaydaların 2.1.9-cu bəndinə görə aşağıdakı hallarda suyun verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş təqdim etmək (göndərmək): 2.1.9.1. quraşdırılmış suölçən cihaz dövlət standartlarının tələblərinə cavab vermədikdə; 2.1.9.2. verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq tərtib edilmiş hesab istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra müvafiq vəsait 1 (bir) ay müddətində tam ödənilmədikdə su təchizatı və kanalizasiya müəssisəsinin vəzifəsidir. Həmin Qaydaların 5.1.5-ci bəndinə əsasən verilən suyun və axıdılan tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesabın təqdim edilməsini, dəqiqləşdirilməsini, yol verilmiş qeyri-dəqiqliyin aradan qaldırılmasını və ya yenidən hesablama aparılmasını tələb etmək istehlakçıların hüquqlarındandır. Həmin Qaydaların 4.1.3. bəndinə əsasən, verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişi həyata keçirilməsini istehlakçı təmin etməlidir. Həmin Qaydaların 6.4-cu bəndinə əsasən yaşayış binalarının girişində və pilləkən qəfəslərində quraşdırılmış suölçən cihazların işlək vəziyyətdə saxlanılmasına, o cümlədən üzərindəki plombların toxunulmazlığına STKM, mənzillərdə, fərdi yaşayış evlərində və həyətyanı sahələrdə quraşdırılmış suölçən cihazların işlək vəziyyətdə saxlanılmasına, o cümlədən üzərindəki plombların toxunulmazlığına isə istehlakçı cavabdehlik daşıyır. Həmin Qaydaların 7.5-ci bəndinə görə suölçən cihazlar olmadıqda, fərdi yaşayış və bağ evlərinin həyətyanı torpaq sahələrində təsərrüfat məqsədləri üçün istifadə edilən suyun həcmi mövcud texniki qaydalara uyğun olaraq hesablanır. Digər istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının həcmi və buna görə ödənilməli vəsaitin həcmi Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının qərarında nəzərdə tutulmuş qaydada müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. İş materiallarında olan "xxxx" ASC Hacıqabul rayon sukanal idarəsinin hesab fakturasından müəyyən edilir ki, İddiaçı 534 manat məbləğində borcu vardır. İşdən də göründüyü kimi iddia təmin edilmiş, qətnamədən cavabdeh narazı qalaraq apellyasiya şikayəti vermişdir. Şikayətin əsas dəlili abonentin evinə quraşdırılmış su sayğacının istismar müddəti bitdiyindən onun yenisi ilə əvəzlənməsi və sayğacın kipliliyinin pozulması və hesablama mexanizminə su dolması səbəbi ilə sayğacın qaydalara uyğun işləməməsi ilə bağlıdır. Kollegiya şikayətin qeyd edilən dəlilləri ilə bağlı qeyd edir ki, birincisi, cavabdeh təşkilat mütamadı olaraq hər ay sayğaca baxış keçirir. Buna görə də cavabdeh sayğacın istismar müddətinin başa çatmasını özü aşkar etməli və sayğacı vaxtında yenisi ilə əvəz etməli idi. İkincisi, cavabdeh sayğacın istismar müddətinin başa çatmasını və sayğacın kipliliyinin pozulması və hesablama mexanizminə su dolması səbəbi ilə sayğacın qaydalara uyğun işləməməsini qeyd etsə də məhz hansı qayda və təlimata uyğun iddiaçıya itirilmiş su sərfiyyatı üçün hesablama aparılmasını əsaslandırmamışdır. Sayğacın istismar müddətinin nəzarətdə saxlanılması bilavasitə cavabdeh təşkilatın nəzarətində olan məsələdir. Həmçinin cavabdeh təşkilat mütamadı olaraq hər ay sayğaca baxış keçirir və bu zaman da o sayğacdakı qüsuru aşkar etməli idi ki, cavabdeh təşkilatın məsul şəxsləri də bunu etməmişdir. Müəyyən edilir ki, qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mübahisəli borc Hacıqabul Su X1 İdarəsi tərəfindən hesablanıldığından göstərilən halların həqiqətə uyğun olmasının sübut etmə vəzifəsi cavabdehin üzərinə düşür. Lakin cavabdeh tərəfindən ünvan 1 ünvanında yerləşən və İddiaçı məxsus fərdi yaşayış evinə (abonent kodu: **********000) hesablanmış 534 (beş yüz otuz dörd) manat borcun qanuni əsaslarla hesablanmasına dair məhkəməyə hər hansı bir mötəbər sübut təqdim edilməmişdir. Kollegiya birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir. Kollegiya hesab etmişdir ki, apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş materialları və ya digər sübutlarla təsdiq edilmir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsaslar yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə yekun nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi təqdim olunmuş sübutları işin halları üzrə düzgün qiymətləndirmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməklə qanuni və əsaslı nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Göründüyü kimi iddianın dəyəri 534 manatdır. Buna görə də çıxarılmış qətnamədən kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 385.2, 386, 392, 393 və 402.2-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh Hacıqabul Su X1 İdarəsinin nümayəndəsi Nümayəndə apellyasiya şikayəti təmin edilməsin. Hacıqabul Rayon Məhkəməsinin 12 fevral 2025-cü il tarixli, 2(071)-51/2025 saylı qətnaməsi cavabdeh “Azəriqaz” İB-nin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar