Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-882/2023 30.08.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, X7 və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi Umudov Əliheydər Zeynal oğlunun katibliyi, iddiaçının nümayəndəsi X2, cavabdehlərdən X5 iştirakları ilə, iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "kredit müqaviləsi üzrə borcun tutulması" tələbinə dair iddiası üzrə Şirvan Şəhər Məhkəməsinin 13 iyul 2016-cı il tarixli 2(032)-2647/2016 saylı qətnaməsindən (hakim E.Qurbanov) cavabdehlərdən X8 tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "kredit müqaviləsi üzrə borcun tutulması" tələbinə dair iddia ərizəsi ilə Şirvan Şəhər Məhkəməsinə müraciət edərək, 05 iyun 2014-cü il tarixli 346-14 ABFŞ nömrəli kredit müqaviləsi üzrə 4750 manat əsas borc, 2061 manat faiz borcu, 550 manat gecikdirməyə görə hesablanmış faiz borcu olmaqla ümumilikdə cəmi 7361 manat məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehlərdən tutularaq xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırmışdır ki, Cavabdeh1 ilə arasında 05 iyun 2014-cü ildə bağlanmış 346-14 ABFŞ nömrəli kredit müqaviləsinə əsasən sonuncuya 36 ay müddətinə illik faiz dərəcəsi 24% təyin olunmaqla 4750 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi ilə yaranmış öhdəliyin icrasının təmin edilməsi üçün digər Cavabdeh2 ilə bağlanmış 05 iyun 2014-cü ildə 329-14 ABFŞ saylı zaminlik müqaviləsinə görə Cavabdeh2 Cavabdeh1 bank qarşısında öhdəliklərinin yerinə yetirilməsinə görə cavabdehlik daşımağı üzərinə götürmüşdür. Cavabdeh1 müqavilə üzrə şərtləri pozaraq ödəniş cədvəli üzrə dövri olaraq ödəməli olduğu kreditin və kredit faizin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Şirvan Şəhər Məhkəməsinin 13 iyul 2016-cı il tarixli 2(032)-2647/2016 saylı qətnaməsi ilə iddia qismən təmin olunaraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 4750 manat əsas borc, 2061 manat faiz borcu, 275 manat gecikdirməyə görə hesablanmış faiz borcu olmaqla ümumilikdə 7086 manat məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq İddiaçı ASC-nə ödənilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən cavabdeh X8 apellyasya şikayəti verərək qətnamənin ona aid hissədə ləğv olunaraq, iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması səbəbindən ona aid hissədə ləğv edilməli və yeni qətnamə qəbul edilməlidir. Qeyd etmək istəyir ki, İddiaçı ASC-nin “Şirvan" filialı ilə Cavabdeh1 arasında bağlanmış 05 iyun 2014-cü il tarixli 346-14 ABFŞ nömrəli kredit müqaviləsindən ümumiyyətlə məlumatı olmayıb və həmin kredit müqaviləsinin təminatı olan 05 iyun 2014-cü il tarixli 329-14 ABFŞ nömrəli zaminlik müqaviləsini imzalamamışdır. Şirvan Şəhər Məhkəməsinin 2(032)-2647/2016 nömrəli 13 iyul 2016-cı il tarixli qətnaməsindən təsadüfən məlumatı olmuşdur. Belə ki, Şirvan şəhər üzrə İcra və Probasiya şöbəsində başqa bir işlə bağlı getmişdi, orada yuxarı qeyd etdiyi qətnamə üzrə İddiaçıa borcunun olduğu bildirilmişdir. ) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmədə cavabdeh X8 apellyasiya şikayətini müdafiə edib təmin olunmasını xahiş etdi, izahatında göstərdi ki, məhkəmə xətşünaslıq ekspertizasının rəyi ilə tanış olmuşdur. Ola bilsin ki, borc alanla birlikdə bankda olarkən ona hansısa sənədlərə imza atdırsınlar. Lakin ona bankda həmin zaman hansı sənədi imzaladığı və bunun hansı nəticələrə gətirib çıxara biləcəyi izah olunmamışdır. Bundan başqa borc alan həmin borcu ödəmək istəyir və xahiş edir ki, borcun ödənilməsi üçün bank yeni qrafik açsın. Məhkəmədə iddiaçının nümayəndəsi X6 apellyasiya şikayətinin əsassız olduğunu bildirib təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə məlumatlandırılmış digər Cavabdeh1 iştirak etməmişdir və bunun üzürlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən mülki iş üzrə apellyasiya şikayətinə həmin cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırki halda Cavabdeh2 zaminlik müqaviləsindəki imzanın ona məxsus olmadığını bildirib qətnamənin zamin olaraq ona aid hissədə ləğv olunmasını xahiş etməklə, qətnaməni qismən mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya şikayətinin dəlilləri üzrə mübahisələndirilən hissədə yохlanılmasını düzgün hеsab еdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək hesab edir ki, apelyasiya şikayətinin dəlilləri mübahisələndirilən hissədə qətnamənin ləğvinin əsasını təşkil edə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallarına əlavə edilmiş sənədlərdən aşakğıdakılar müəyyən olunur: Kreditor İddiaçı ASC-nin Şirvan filialı ilə borc alan Cavabdeh1 arasında 5 iyun 2014-cü il tarixində bağlanmış 346-14 ABFŞ nömrəli kredit müqaviləsindən görünür ki, kreditor tərəfindən borc alana şəxsi ehtiyaclarının qarşılanması məqsədilə 36 ay müddətinə illik faiz dərəcəsi 24% müəyyən olunmaqla 4750 manat məbləğində kreditin verilməsi, borc alan tərəfindən isə kreditin müqavilədə nəzərdə tutulan şərtlər daxilində və müddətdə qaytarılması müqavilənin predmetini və əsas şərtlərini təşkil etmişdir; Kreditor İddiaçı ASC-nin Şirvan filialı ilə zamin Cavabdeh2 arasında 5 iyun 2014-cü ildə bağlanmış 329-14 ABFŞ nömrəli zaminlik müqaviləsindən görünür ki, zamin kreditorla borc alan Cavabdeh1 arasında 5 iyun 2014-ü il tarixdə bağlanmış 346-14 ABFŞ nömrəli kredit müqaviləsindən irəli gələn öhdəliklərin lazımi icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür; 5 iyun 2014-cü il tarixli məxaric qəbzindən görünür ki, bank kredit müqaviləsi üzrə üzərinə götürmüş olduğu öhdəliyini yerinə yetirərək, həmin tarixdə borc alan Cavabdeh1 4631 manat nəğd kredit vermişdir; Kredit müqaviləi üzrə tərtib olunan ödəniş cədvəlinə əsasən borc alan almış olduğu krediti 5 iyul 2014-cü il tarixindən başlayaraq hər ay 186.36 manat məbləğində ödənişlər etməklə 5 iyun 2017-ci il tarixinədək qaytarmalı idi; 18 may 2016-cı il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 18 may 2016-cı il tarixinə 4750 manat əsas borc, 2061 manat faiz borcu, 550 manat gecikdirməyə görə hesablanmış faiz borcu, cəmi 7361 manat məbləğində borcu vardır; Apellyasiya şikayətinin dəlilləri üzrə aparılan araşdırma çərçivəsində təyin olunmuş məhkəmə xətşünaslıq ekspertizasının 17 iyul 2023-cü il tarixli 4/1057 nömrəli rəyinə əsasən müəyyən edilmişdir ki, İddiaçı ASC-nin Şirvan filialı ilə Cavabdeh2 arasında 5 iyun 2014-cü ildə bağlanmış 329-14 ABFŞ nömrəli zaminlik müqaviləsinin arxa tərəfində “zamin” qrafasındakı imza Cavabdeh2 tərəfindən icra olunmuşdur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 125 manat təşkil etmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsində göstərilir ki,Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 14.1. və 14.2.1.-ci maddələrinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən borclu kreditorun xeyrinə müəyyən hərəkətlər etməli, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmət göstərməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digar əsaslar əmələ gəlməsi halları istisna olmaqla, öhdəlyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair 14 may 2015-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, kredit müqaviləsi pul öhdəliyinin əmələ gəlməsinin əsaslarından biridir. Pul öhdəliyi alqı-satqı, icarə, podrat, xidmət və digər müqavilələr əsasında da əmələ gələ bilər. Həmin müqavilələr üzrə pul ödəniş vasitəsi kimi çıxış edir və onları tənzimləyən Mülki Məcəllənin normalarında söhbət pulun məhz ödənilməsindən gedir. Alqı-satqı, icarə, podrat və s. pul öhdəliklərindən fərqli olaraq, kredit və ya əmanət müqavilələri üzrə təqdim edilmiş pul (manat və ya xarici valyuta) ödəniş vasitəsi kimi deyil, qaytarılmalı olan mülkiyyət kimi çıxış edir. Başqa sözlə kredit müqaviləsində pul nə verildiyi, nə də qaytarıldığı zaman ödəniş vasitəsi funksiyasını yerinə yetirmir, mülkiyyət kimi verilir və mülkiyyət kimi geri qaytarılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür (m. 470.1). Zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər (m. 470.2.). Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar (m. 472.1.). İş materialları ilə müəyyən olunur ki, kredit müqaviləsi və zaminlik müqaviləsi eyni gündə, 5 iyun 2014-cü ildə bağlanmışdır. Zamin Cavabdeh2 apellyasiya şikayətində zaminlik müqaviləsindəki imzanın ona məxsus olmadığını bildirsə də, təyin olunmuş məhkəmə xətşünaslıq ekspekrtizasının rəyi ilə apellyasiya şikayətinin dəlili öz təsdiqini tapmamış, zaminlik müqaviləsindəki imzanın Cavabdeh2 tərəfindən icra olunduğu müəyyən edilmişdir. Kollegiya hesab edir ki, zamin olaraq Cavabdeh2 borc alan Cavabdeh1 kredit müqaviləsindən irəli gələn öhdəliklərinin icrası üçün məsuliyyəti öz üzərinə götürdüyündən, zaminliyə xitam verilməsi üçün əsaslar iş materialları ilə müəyyən olunmadığından, iddianı zaminə münasibətdə təmin etməkdə birinci instansiya məhkəməsi haqlı olmuş, maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinin tələbinə görə işə baxılması ilə əlaqədar şahidlərə, ekspertlərə, mütəxəsislərə, tərcüməçilərə verilməli olan məbləğlər məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya həmçinin hesab edir ki, mülki işin apellyasiya baxışı zamanı təyin olunmuş məhkəmə xətşünaslıq ekspertizası tədqiqatının dəyərini təşkil edən 125 manat Cavabdeh2 tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh2 apellyasiya şikayəti təmin edilməsin. Şirvan Şəhər Məhkəməsinin 13 iyul 2016-cı il tarixli 2(032)-2647/2016 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş məhkəmə xətşünaslıq ekspertizası tədqiqatının dəyərini təşkil edən 125 manat ekspertiza xərci Cavabdeh2 tutularaq dövlət büdcəsinə Az.MEM, VÖEN **********, X1, Kod 210005, VÖEN**********, Müxbir hesab AZ 41NABZ********************, SWİFT BİK CTREAZ 22 hesablaşma hesabına keçirilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tale Kərimov Hakimlər: Samir Həsənov Cahid İmanov
Məhkəmə qərarları › İş №2(106)-882/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-882/2023
30.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kirayə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver